Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DSX 2025-2026-cı tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə şagirdlərin qəbulunu elan edir

Veteran.gov.az xəbər verir ki, DSX 2025-2026-cı tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə şagirdlərin qəbulunu elan edir. 

ÜMUMİ MÜDDƏALAR:

Tədris dili: Azərbaycan dili

QƏBUL ŞƏRTLƏRİ:

Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2025-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan fiziki cəhətdən sağlam olan, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

SƏNƏDLƏRİN QƏBULU:

İmtahanda iştirak etmək istəyən namizədlər 2025-ci ilin 27 mart tarixinədək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilmiş keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

DİM-in saytında "Şəxsi kabinet" yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.

İMTAHANLARIN KEÇİRİLMƏ QAYDALARI:

Qəbul imtahanı DİM tərəfindən test üsulu ilə keçiriləcəkdir. İmtahan 13 aprel 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək. İmtahanın keçirilmə yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaqdır. Namizədlər “imtahana buraxılış vərəqəsi”nı imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə bilərlər.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

Azərbaycan dili;

Riyaziyyat.

Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcəkdir.

İmtahanın müddəti 90 dəqiqədir.

İmtahana gələrkən namizədlər:

-şəxsiyyət vəsiqəsi;

-imtahana buraxılış vərəqəsi gətirməlidirlər.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə fotoşəkilli arayış (fotoşəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanın nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər.

Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5.

Əlaqə telefonu: 012-554-92-44

 

2025-03-12 13:26:18
4720 baxış

Digər xəbərlər

İsmayıl Əli oğlu İbrahimov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor İsmayıl Əli oğlu İbrahimov 2016-cı il iyulun 16-da ömrünün 101-ci ilində vəfat etmişdir.  İsmayıl İbrahimov 1915-ci il dekabr ayının 31-də Azərbaycanın Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1930–1935-ci illərdə Bakı şəhərində Sənaye Politexnik Texnikumunun mexanika fakültəsində oxumuş, 1935–1941-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində ali təhsil almışdır. 1941-ci ildə Azərbaycan Baş Energetika İdarəsində əmək fəaliyyətinə böyük mühəndis olaraq başlayan İsmayıl İbrahimov elə həmin il ordu sıralarına çağırılaraq 1942-ci ilədək Budyonnı adına Hərbi-Elektrotexniki Rabitə Akademiyasında təhsil almışdır. O, döyüşən ordu sıralarına göndərilmiş və cəbhədə bacarıqlı hərbi mütəxəssis kimi fərqlənərək batalyon komandirliyinə qədər yüksəlmişdir. İsmayıl İbrahimov İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra 1946–1988-ci illərdə Azərbaycan Sənaye İnstitutunda baş laborant, assistent, baş müəllim, dosent, professor və kafedra müdiri işləmişdir. O, 1960–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun rektoru vəzifəsini tutmuşdur. 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən İsmayıl İbrahimov 1978-ci ildə yenidən Azərbaycan Neft və Kimya İnstitutunun rektoru təyin olunmuş və 1988-ci ilədək həmin vəzifədə çalışmışdır. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. İsmayıl İbrahimov 1952-ci ildə texniki elmlər üzrə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-ci ildə isə professor adını almışdır. O, elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik İsmayıl İbrahimov uzun illər ərzində səmərəli elmi fəaliyyəti sayəsində Azərbaycanda kibernetika, idarəetmə sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının inkişafında mühüm xidmətlər göstərmişdir. Alim özünün çoxillik elmi yaradıcılığı ilə ölkədə neftayırma, neft-kimya emal qurğu və proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənib hazırlanaraq sənayedə tətbiqi işinə töhfələr vermişdir. Bu tədqiqatlar istehsalatın səmərəliliyinin yüksəldilməsi üçün lazımi zəmin yaratmışdır. İsmayıl İbrahimov 140-dan artıq elmi əsərin, o cümlədən 20-dək monoqrafiyanın, elmi-metodiki vəsait və dərsliklərin müəllifi idi. Alimin rəhbərliyi altında 40-dan çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə ölkə elmini layiqincə təmsil etmişdir. İsmayıl İbrahimov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə əlaqələndirmişdir. Alim respublikada və onun hüdudlarından kənarda tanınan mötəbər bir ali təhsil ocağına rəhbərlik etdiyi illər ərzində neftçi kadrların yetişdirilməsi və Azərbaycanın “neft akademiyası” kimi şöhrətinin artırılmasında böyük xidmətlər göstərmişdir. İsmayıl İbrahimovun ictimai fəaliyyəti də zəngin və təqdirə layiqdir. O, bir neçə çağırış Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş, uzun müddət Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri olmuşdur. Alimin fədakar əməyi yüksək qiymətləndirilmişdir. O, müxtəlif orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şərəf” ordeninə layiq görülmüşdür. Tanınmış ictimai xadim, alim və pedaqoq İsmayıl Əli oğlu İbrahimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!   İlham Əliyev Artur Rasizadə Oqtay Əsədov Ramiz Mehdiyev Elçin Əfəndiyev Hacıbala Abutalıbov Fatma Abdullazadə Akif Əlizadə Mikayıl Cabbarov Arif Mehdiyev Arif Paşayev İsa Həbibbəyli Tofiq Nağıyev İbrahim Quliyev Rasim Əliquliyev Telman Əliyev Maqsud Əliyev Çingiz Qacar Mustafa Babanlı

Hamısını oxu
Hədəf İlham Əliyev deyil: Hədəf Azərbaycandır!

Məlum olduğu kimi, Vaşinqtonda bir qrup radikal şəxs təxribat xarakterli hərəkətlərə yol verib. Anti-milli radikal qrupun nümayəndələri  təxribat törətməyə cəhd edərək Azərbaycan dövlətinin rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, həmçinin, mühafizə olunan əraziyə daxil olmağa çalışıblar. Radikal qrupun təxibatlarının qarşısı Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi tərəfindən uğurla alınıb, radikal şəxslər ərazidən uzaqlaşdırılıb. Dostunu mənə göstər, kim olduğunu deyim! Vaşinqtondakı təxribatın qarşısnın alınmasından dərhal sonra ermənipərəst qüvvələr radikalların müdafiəsinə qalxıblar. İlk reaksuya isə ermənilərin ANCA təşkilatından gəlib. Mühafizə olunan əraziyə daxil olmağa çalışan, qeyri-etik ifadələr səsləndirən radikalların məhz ermənilər tərəfindən müdafiə edilməsi məlum olaylarda kimin maraqlı olduğunu göstərir. ANCA-nın radikallarla bağlı verdiyi bəyanat sübut edir ki, anti-milli qüvvələrin bu davranışı yalnız və yalnız ermənilərin dəyirmanına su tökür. Elə bu səbəbdən də məhz onlar ABŞ qanunlarına meydan oxuyan, mənəviyyat tanımayan dağıdıcı davranışları müdafiə edir, bu təxribatda maraqlı olduqlarını əsla gizlətmirlər. ANCA-nın ardınca Xocalı soyqırımını inkar edən, ölkəmizə qarşı 907-ci düzəlişin müəlifi olan Frenk Pallone də radikalların müdafiəsinə qalxıb ki, bu da məlum təxribatlarla ermənipərəst cəbhə arasındakı əlaqədən xəbər verir. “Dostunu mənə göstər, kim olduğunu deyim” məsəlində olduğu kimi, təxribatçıların ermənilər tərəfindən müdafiə edilməsi, onların xalqımızın tarixi düşmənləri ilə eyni maraqlara xidmət etdiyini göstərir. Bu, yalnız Prezidentə deyil, bütün Azərbaycana edilən hücumdur! Qeyd edək ki, təxribatçıların Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəmələri, habelə, dövlət rəhbərliyinin ünvanına səsləndirilən təhqirlər yalnız Müzəffər Ali baş Komandana edilən hücum deyil. Bu, bütün Azərbaycana, onun hər bir vətəndaşına edilən hücumdur. Çünki İlham Əliyevi prezident edən Azərbaycan xalqının verdiyi səs olub. O, bütün Azərbaycan xalqını, onun hər bir fərdini təmsil edir. Belə olan halda dövlət rəhbərliyinin ünvanına səsləndirilən hər bir həqarət, həm də xalqın ünvanına səsləndirilən təhqir deməkdir. Nə qanun, nə də əxlaq xalqı təhqir etməyə icazə vermir. Çünki xalq müqəddəsdir və o, hər zaman hər cür təhqirin, hər cür həqarətin fövqündədir. Vaşinqton təxribatı ayıq və güclü olmağımızın zəruriliyinə sübutdur Vaşinqtonda yaşanan təxribat və bu təxribatın qarşısının Prezidentin təhlükəsizlik xidməti tərəfindən qətiyyətlə alınması, ayıq və güclü olmağımızn nə qədər vacib, nə qədər həyati əhəmiyyət kəsb etdiyini sübut edir. Baş verən olay göstərir ki, anti-Azərbaycan qüvvələri hələ də öz məkirli niyyətlərində qərarlı, hələ də fəaldırlar. Buna görə də xalqımız hər zamankı kimi bu gün də təxribatçı qüvvələrdən özünü, dövlətini və Prezidentini qorumaq üçün həmrəy olmalı, birlik və bərabərlik sərgiləməlidir. Dövlət və xalq olaraq tərəqqi və təhlükəsizliyimizin başqa yolu yoxdur. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının əməkdaşları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, dekabrın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər. Veteranlar  Ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əkil və gül dəstələri qoyublar. Veteranlar qarşısında çıxış edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin əvəzedilməz olduğunu vurğulayıb. Daha sonra veteranlar görkəmli akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, böyük elm xadiminin məzarı önünə gül dəstələri qoyublar.

Hamısını oxu
Prezident İlham Əliyev böyük güclərin Azərbaycana təzyiq vasitələrini necə ortadan qaldırıb?

44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixində yeni bir səhifə açdığı, bu müharibə nəticəsində əldə edilən 8 Noyabr zəfərinin dünyanın ölkəmizə olan münasibətini əsaslı şəkildə dəyişdiyi birmənalıdır. Bu gün Azərbaycan öz müstəqil siyasəti, güclü iqtisadiyyatı, milli həmrəyliyi, həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələri ilə hər cür təsir və təzyiqin fövqündə duran qüdrətli bir dövlət, demokratik bir respublikadır. Halbuki, işğal dönəmində, eləcə də 44 günlük Vətən müharibəsi dövründə bir sıra güclər Azərbaycana təzyiq göstərməyə çalışır, onun daim zəif, “sözəbaxan”, müstəqil iradədən malik dövlət olmasını arzulayırdı. Bu səbəbdən də onlar mütəmadi şəkildə respublikamıza təzyiqlər göstərir, ölkəmizin qarşılaşdığı problemlərin həllinə yox, bu problemlərin daha da mürəkkəbləşməsinə çalışırdı. Lakin 44 günlük Vətən müharibəsindən sonra hər şey tamamilə dəyişdi və ortaya heç bir təzyiqə boyun əyməyən, ən böyük güclərə belə açıq meydan oxuyan Azərbaycan meydana çıxdı.  Bəs bu proses necə reallaşdı? Bunu anlamaq üçün öncə anti-Azərbaycan güclərinin ölkəmizə qarşı istifadə etdiyi əsas təzyiq vasitələrinə nəzər salmaq lazımdır. Azərbaycanın faciəsində səadət axtaran “sülhpərvər qüvvələr” Müşahidələr göstərir ki, məkirli qüvvələrin, beynəlxalq güclərin, erməni havadarlarının dövlətimizə qarşı istifadə etdiyi əsas təzyiq vasitəsi işğal faktoru olub. Bu amildən istifadə edən dövlətlər, eləcə də keçmiş Minsk qrupunun həmsədr ölkələri erməni təcavüzünə son qoymaq əvəzinə ona dəstək verir, süni şəkildə problemin həllini yubadırdı. Onlar Azərbaycanı inandırmağa çalışırdı ki, problemin hərbi yolla həlli perspektivi yoxdur və buna görə də hər şey yalnız sülh yolu ilə həll edilməlidir. Bunun üçün isə hər hansı konkret müddət nəzərdə tutulmur, mənasız danışıqlar qeyri-müəyyən müddətə qədər uzadılır, dalana dirənir, sonra yenidən heç bir irəliləyiş olmadan davam etdirilirdi. Bu müddət ərzində isə “vasitəçilər”, eləcə də digər “sülhpərvər” güclər Azərbaycandan ən müxtəlif məsələlərlə bağlı güzəştər qoparmağa çalışır, öz maraqlarını işğal probleminin uzanması hesabına təmin etməyə cəhd edirdi. Məhz bu səbəbdən də Prezident İlham Əliyev Azərbaycanın inkişafına mane olan, insanlarımızda yarımçıqlıq kompleksi yaradan, kənar güclər üçün göydəndüşmə təzyiq vasitəsi olan bu problemi ortadan qaldırmağa qərar verdi. 2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabr tarixndə başa çatan 44 günlük Vətən müharibəsi ilə erməni işğalına son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi ki, bu da avtomatik olaraq anti-Azərbaycan qüvvələrinin əsas təzyiq vasitəsini ortadan qaldırmış oldu. 8 Noyabr qələbəsi işğal probemini hərbi yolla həll etməklə yanaşı, Minsk qrupunu da gərəksiz bir quruma çevirdi. Vasitəçi dövlətlərin sülh adı ilə Azərbaycandan faydalanmaq cəhdlərinə qəti şəkildə son qoyuldu. Qələbə Azərbaycana Qarabağ və Şərqi Zəngəzuru dirçəltmək, bu regiondakı zəngin təbii ehtiyatlardan istifadə etmək, milli iqtisadiyyatı inkişaf etdirmək imkanı yaratdı ki, Azərbaycan bu imkandan elə ilk gündən maksimum istifadə etməyə başladı. Ermənipərəst güclərin boşa çıxan ümidləri və bu ümidsizlikdən qaynaqlanan qəzəb Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti işğal faktorundan yararlanan, yaxud yararlanmaq istəyən bütün beynəlxalq güclərin ciddi qəzəbinə səbəb oldu. Hər zaman ermənilərə dəstəyi ilə diqqət çəkən Fransa, 44 günlük müharibədən sonra açıq anti-Azərbaycan mövqeyi sərgiləməyə, ölkəmizlə bağlı yalan və böhtan kampaniyası aparmağa başladı. Bir tərəfdən Azərbaycanın ünvanına hədyanlar yağdıran rəsmi Paris, digər tərəfədn Ermənistanın müasir hərbi texnika ilə silahlandırılması, erməni ordusunun yenidən təşkili və s. istiqamətində addımlar atmağa başladı. Lakin nə Fransanın yalanları, nə də onun Ermənistana verdiyi silahlar Azərbaycanın qalib mövqeyində hər hansı dəyişikliyə səbəb olmadı. Əksinə, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanının timsalında bütün hədə-qorxulara, təhdid və təzyiqlərə açıq meydan oxudu, heç bir dövlətin təzyiqnə boyun əyməyəcəyini vurğuladı. Nəhayətdə, bütün dünya Azərbaycanın Vətən müharibəsindəki qələbəsini tanımaq, rəsmi Bakının azad, müstəqil mövqeyi ilə hesablaşmaq məcburiyyəti qarşısında qaldı. Azərbaycan gücünü müharibə yolu ilə, yenilməzliyini iradəsi və cəsarəti hesabına bütün dünyaya bəyan etdi. “Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur” 31 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində dövlətimizin beynəlxalq aləmdəki hazırkı statusu haqqında demişdir: “Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın. Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz”. Prezidentin məlum sitatı Azərbaycanın hazırkı mövqeyini izah etməklə yanaşı, böyük güclərin digər təzyiq vasitələrini necə sıradan çıxarıldığına da aydınlıq gətirir. Xalq-iqtidar birliyinin təmini, güclü siyasi iradə, nəhəng iqtisadi potensial, dünyanı heyrətləndirən enerji siyasəti və s. anti-Azərbaycan güclərinin ölkəmizə qarşı təzyiq vasitələrinin ortadan qaldırılmasını təmin etdi. Bütün bunlar Prezident İlham Əliyevin bilavasitə liderliyi altında gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti bununla sübut etdi ki, o, sadəcə hərb meydanında deyil, həm də diplomatiya meydanında yenilməzdir və nəyin bahasına olursa-olsun öz məqsədinə nail olmağı bacarır. Bu gün Azərbaycan heç bir təzyiqə boyun əyməyən qalib bir dövlətdir. Bu gün ölkəmizdəki firavanlıq, sülh və təhlükəsizlik, sürətli iqtisadi artım tempi beynəlxalq ictimaiyyət tərəfindən heyrət və həsədlə izlənməkdədir. Lakin bu uğurun davamlı olması üçün bizi biz edən dəyərləri qoruyub saxlamağımız – milli birliyimizin, həmrəyliyimizin keşiyində dayanmağımız, dövlətimizin hər bir çağırışına anındaca cavab verməyimiz, Prezidentimizin ətrafında yumruq kimi birləşməyimiz zəruridir. Belə olarsa, bundan sonra da bədxah qüvvələrin ölkəmizlə bağlı məkirli niyyətləri sadəcə niyyət olaraq qalacaq və heç zaman reallaşmayacaq. Seymur ƏLİYEV    

Hamısını oxu