Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Amma yenə də işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın. Yoxsa, Ermənistanın baş naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? Biz indi onun yerini göstərdik. “Qarabağ Ermənistandır” deməklə Qarabağ Ermənistan heç vaxt olmayacaq. İndi görüm necə deyir “Qarabağ Ermənistandır”. Səsini belə çıxara bilmir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri xalqa müraciətində səsləndirib. “İndi məcbur olub onların xarici işlər naziri Moskvaya danışıqlara gəlib. Gəlsin orada desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə heç bir danışıqlardan söhbət gedə bilməz. Mən də bunu demişəm. Heç kim də bizi məcbur edə bilməz. Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Heç vaxt biz buna razı ola bilmərik və heç vaxt bu, olmayacaq. Ona görə, dünən və sırağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o, ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın”, - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan. Gedin öz ölkənizdə yaşayın. Amma bizim torpağımızı biz geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”.

 
 

2020-10-09 00:00:00
3291 baxış

Digər xəbərlər

Polkovnikdən Türkiyə ictimaiyyətinə çağırış: Azərbaycanla münasibətləri gərginləşdirməyin!

"İki qardaş ölkə arasında nifaq salmaq istəyənlər var. Amma nə Türkiyə xalqı, nə də Azərbaycan xalqı bu nifaqa uymamalıdır. Xalqlar arasında olan dostluq və qardaşlıq missiyası davam etdirilməlidir. Çünki Türkiyə ilə Azərbaycan arasında həm güclü iqtisadi, hərbi, həm də mədəni əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək lazımdır. Münasibətlərdə gərginlik yaradılmasına icazə verməməliyik. Biz Türkiyənin ictimaiyyətinə də müraciət edirik və xüsusilə qeyd edirik ki, əhali arasında olan insanlar da bu yoldan çəkindirilməlidir. Onlara başa salınmalı və tələb olunmalıdır ki, qardaş dövlətləri bir-birinə vurmasınlar, aralarında gərginlik yaratmasınlar". Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi. Müsahibimiz diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyə beynəlxalq, hərbi, humanitar və mədəni məsələlərdə həmişə bir yerdə olub: "Beynəlxalq səviyyədə hər birimiz bir-birimizin ölkəsini dəstəkləmişik. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycanın Prezidentinə və vitse-prezidentinə necə hörmətlə yanaşırsa, Azərbaycan tərəfindən də Türkiyəyə eyni münasibət göstərilir. Yadımdadır ki, müharibə başlamazdan əvvəl Prezident Ərdoğan xüsusi qeyd etdi ki, Azərbaycan tək deyil. Eyni zamanda, xatırlayıram ki, bir dəfə Türkiyə haqqında suallar verirdilər və Türkiyənin orada nümayəndəsi yox idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi ki, Türkiyənin nümayəndəsi yoxdur, mən buradayam. Nə sualınız varsa, Türkiyə ilə əlaqədar mən cavablandırım. Yəni bu, bir daha sübut etdi ki, bizim aramızda qardaşlıq, dostluq və əmin-amanlıq var". C.Xəlilov vurğuladı ki, sülhü, əməkdaşlığı və qardaşlığı pozmaq istəyən qüvvələr var: "Xarici dövlətlərdən münasibətləri pozmağa maraq göstərənlər, eyni zamanda, daxilimizdə Azərbaycanı istəməyən qüvvələr var. Biz buna yol verməməliyik. Münasibətləri pozmaq istəyənlərə Türkiyənin alimləri, siyasətçiləri və din xadimləri tərəfindən münasibət bildirilməli, onlar bu işlərdən çəkindirilməlidirlər. Dövlətlər arasında qardaşlıq münasibətləri davam etməlidir. Xarici dövlətlərdən bizə təzyiqlər artdıqca, qardaşlığımız daha da möhkəm və etibarlı olmalıdır ki, xarici təzyiqlərə birlikdə müqavimət göstərək". Həmsöhbətimiz qeyd etdi ki, bu məsələləri yalnız Azərbaycanın dövlət aparatında, Xarici İşlər Nazirliyində çalışanlar və siyasətlə məşğul olan insanlar araşdırmalı, lazım gəldikdə, onlara cavab verməlidirlər: "Siyasətdən başı çıxan, bu məsələləri və problemləri bilən insanlar öz mövqelərini ortaya qoyurlar. Ondan sonra bəzən araşdırılmamış, dəqiqləşdirilməmiş yalan məlumatlar yayılır. Bunun qarşısı alınmalı, hər kəsin Azərbaycanın maraqlarının qorunması adı ilə beynəlxalq səviyyədə hər hansı məsələyə münasibət bildirməsinə imkan verilməməlidir". Aytəkin TOFİQQIZI  

Hamısını oxu
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur

Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, rus mədəniyyəti ilə ənənəvi əlaqələri baxımından Rusiya üçün böyük maraq və dəyər kəsb edir. Xüsusən ona görə ki, respublikada rus dili, birgə tarix, iki yüz il ərzində xalqlarımızı birləşdirən nə varsa, hamısı qayğı ilə əhatə olunub və qorunur. Bu fikri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edərkən söyləyib. Şübhəsiz ki, yüksək səviyyədə müntəzəm görüşlər dövlətlərarası münasibətlərə dinamizm verir, lakin indiki halda bu münasibətlər fundamental əhəmiyyətə malikdir. Hər iki dövlətin başçısı öz çıxışlarında iki ölkə arasında əlaqələrin strateji xarakterini vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, biznes sahəsindən siyasətə keçən "strateji tərəfdaşlıq" termini iki ölkənin fəaliyyətinin əlaqələndirilməsinin yüksək formasını, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə resursların qarşılıqlı səmərəli kooperasiyasını göstərir. Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlığın ruhuna və məzmununa tamamilə uyğundur. İqtisadiyyatın və mədəniyyətin bir çox sahələrində Azərbaycanın Rusiya ilə əməkdaşlıq perspektivləri təqdirəlayiqdir. Belə ki, investisiyalar, ticarət əlaqələri, nəqliyyat kommunikasiyaları genişlənir, humanitar və turizm sahəsində əlaqələr dərinləşir. 2017-ci ilin yekunlarına görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub" qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər böyük beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. Elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əlaqələr mövcuddur. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Rusiyanın geostrateji maraqlarına anlaşıqlı yanaşır. Rusiya da öz növbəsində, Qarabağ problemi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faiz işğal edilməsi ilə bağlı Azərbaycanın narahatlığını bölüşür. "Azərbaycan ictimaiyyəti bu münaqişənin həllində Rusiyanın daha fəal iştirakına ümid bəsləyir. Rusiya öz hərbi müttəfiqi Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasına dair BMT qətnamələrini icra etməklə bağlı birmənalı təsir göstərə bilərdi. Biz bu istiqamətdə Rusiya tərəfdən daha qətiyyətli addımlar gözləyirik", - deyə siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov bildirib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteanları Təşkilatı İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımovun vəfatı ilə bağlı başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteanları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımovun vəfatından kədərləndiyini bildirib, bununla əlaqədar mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Polkovnik qeyd edib ki, Rəşid Qasımovun həyatı və döyüş yolu hər zaman Azərbaycan gəncləri üçün vətənpərvərlik məktəbi olaraq qalacaq, xalqımız tərəfindən daim ehtiramla yad ediləcək.  Allah rəhmət eləsin!

Hamısını oxu
A.T. Rasi-zadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə Artur Tahir oğlu Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 fevral 2025-ci il  

Hamısını oxu