Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Dünyadan pul dilənən bir ölkənin bu vəsaiti hərbi təlimlərə sərf etməsi gülünc və məntiqsizdir”

“II Dünya müharibəsi ilə bağlı muzeyin yaradılması xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm xidmət olar” Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlarımızda həyata keçirdiyi hərbi təlimlər, Qarabağ probleminin həlli ilə bağlı diplomatik müstəvidə atılan bir sıra addımlar, eləcə də şəhdilərimizin, milli qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi ilə bağlı irəli sürülən yeni təkliflər son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bütün bu məsələləri şərh etməyə, bəzi nüanslara aydınlıq gətirməyə çalışdıq.   -Cəlil müəllim, oktyabrın 5-də Ermənistanda və işğal edilmiş Azərbaycan torpaqlarında hərbi təlimlər başa çatar-çatmaz düşmən yenidən 40 günlük hərbi təlimlərə başlayacağını elan etdi. Sizcə işğaldakı torpaqlarımızda fasiləsiz olaraq keçirilən bu təlimlər düşmənin ölkəmizə qarşı növbəti təxribatı sayıla bilərmi?   -Təbii ki, bu bir təxribatdır. Dünya ictimaiyəti görür ki, heç bir beynəlxalq qanuna əhəmiyyət vermədən Azərbaycan torpaqlarını işğal edən Ermənistan, dünyadan pul dilənə-dilənə bu vəsaiti hərbi təlimlərə sərf edir. Halbuki, Ermənistanın bu torpaqlarda hər hansı formada fəaliyyət göstərmək, eləcə də hərbi təlimlər keçirmək haqqı və hüququ yoxdur. Bu gün Ermənistan ordusunda elə bir ağır vəziyyət mövcuddur ki, heç bir zabit və əsgər bu orduda xidmət etmək istəmir. Buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi son vaxtlar qocaları, qadınları, yanğınsöndürənləri orduya cəlb etməyə çalışır, onları sovet dönəmindən qalma silahlarla təchiz edir. Ermənistan anlamalıdır ki, bu problemin onlar üçün heç bir müsbət perspektivi yoxdur. Onlar heç vaxt Qarabağı Ermənistana birləşdirə, bu torpaqların sahibi ola bilməyəcəklər. Çünki bu torpaqlar Azərbaycana məxsusdur və dünya da bu torpaqları məhz belə qəbul edir. Ermənistanın işğal edilmiş torpaqlarımızda keçirdiyi təlimlər beynəlxalq ictimaiyyətin təpkisinə səbəb olmalı, dünya birliyi işğalçı ölkəyə təzyiq göstərməlidir. Beynəlxalq təşkilatlar Ermənistandan tələb etməlidir ki, BMT-nın Təhlükəsizlik Şurasının Qətnamələrinə əməl etsin və işğal etdiyi Azərbaycan torpaqlarını tərk etsin.   -Bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-dəki çıxışında bir daha erməni təcavüzünə diqqət çəkərək adıçəkilən təşkilatı məlum problemin həllində aktiv olmağa səslədi. Sizcə Türkiyə kimi güclü bir dövlətin Azərbaycanın maraqlarını beynəlxalq tribunada bu cür qətiyyətlə müdafiə etməsi erməni təcavüzünün qınaq hədəfinə çevrilməsi baxımından nə dərəcədə önəmlidir?   -Ərdoğan BMT-yə Qarabağla bağlı ciddi mesajlar verdi. O qeyd etdi ki, nə üçün BMT Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin icra mexanizmini tapa bilmir? Nə üçün aparıcı dövlətlər Ermənistana iqtisadi-siyasi təzyiq göstərmir? Niyə öz torpaqlarından didərgin düşən bir milyondan çox insanın hüquqlarının pozulmasına göz yumulur? Niyə aparıcı dövlətlər, özlərini demokratiyanın beşiyi adlandıran ölkələr buna susur? Ərdoğanın beynəlxalq tribunada Qarabağ probleminə, erməni təcavüzü ilə bağlı səsləndirdiyi bəyanatını yüksək qiymətləndirir və bunu Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü hesab edirəm. Hesab edirəm ki, Türkiyənin diplomatik müstəvidə ölkəmizə göstərdiyi bu dəstək olduqca vacib və önəmlidir.   -Son günlər yeni açılacaq metro stansiyalarına, körpülərə şəhidlərin adının verilməsi ilə bağlı təkliflər var. Sizcə bu təkliflərin reallaşması şəhid adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının təbiği baxımından nə dərəcədə zəruridir?   -Azərbaycan xalqı və dövləti qarşısında xidməti olan insanların adları təbii ki, əbədiləşdirilməlidir. Onların adlarına parklar salınmalı, bu insnaların adları küçələrə, məktəblərə verilməlidir. Onların adları gəmilərə, metro stansiyalarına da verilə bilər. Yəni söhbət xalq və dövlət qarşısında xidməti olan insanlardan gedir. Əlaqədar dövlət orqanları bu məsələni diqqətdə saxlamalı və gərəkli addımları atmalıdır. Bizim veteranlar arasında da buna layiq olan, böyük xidmətlər göstərmiş insanlar var. Mən istərdim ki, onların da adı əbədiləşdirilsin. Mən uzun illər sərhəd qoşunlarında xidmət edən general Mustafa Nəsirovun adının əbədiləşdirilməsini istərdim. O, uzun müddətdir ki, rəhmətə gedib. Onun evinin divarına mərhum generalla bağlı lövhə belə vurulmayıb. Biz bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təklif göndərmişik. Əlaqədar dövlət qurumlarına bununla bağlı məktublar ünvanlamışıq. Bəzi genarallarmızın adları əbədliləşdirildi, bir sıra genarllarla -general-mayor Firudin Hüseynov, general-leytenant Ziya Yusifzadə, general-leytenant Valeh Bərşadlı ilə də bağlı bu cür addımların atılmasını zəruri hesab edirəm. Bizim milli qəhrəmanlarımız, sovet ittifaqı qəhrəmanlarımızın, elm və əmək adamlarının da adlarının əbədiləşdirilməsi arzuediləndir. Qoy gənclər də bilsinlər ki, xalq qarşısında kimlərin xidməti var və bu insanlar heç vaxt unudulmur, daim ehtiram hissi ilə yad edilir.   -Qazaxıstanın xalq yazıçısı Oljas Süleymanov Azərbaycanın II Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində mühüm xidmətlərə malik olduğunu, Bakının bu məsələdəki rolunun müstəsnalıq təşkil etdiyini bildirib. Hansı ki, məhz ölkəmizin faşizm üzərindəki mübarizədə əlahiddə xidmətlərə malik olduğu əsas götürələrək  bir müddət bundan öncə məhz sizin tərəfinizdən gələn il – faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar olaraq Azərbaycanın II Dünya müharibəsindəki iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi səsləndirilib. Necə hesab edirsiniz, O.Süleymanovun Azərbaycanın faşizm üzərindəki qələbədəki rolu haqqında səsləndirdiyi yüksək fikirlər, sizin muzeylə bağlı irəli sürdüyünüz təklifin beynəlxalq miqyasda böyük aktuallıq kəsb etməsinin isbatı sayıla bilərmi?   -Azərbaycanın II Dünya müharibəsində iştirakçılığını əks etdirən muzeyin yaradılması çox vacib bir məsələdir. Faşizmə qarşı mübarizə aparan bütün ölkələr yaxşı bilir ki, ölkəmizin faşizm üzərində qələbənin əldə edilməsində danılmaz xidmətləri var. Azərbaycanın xidmətləri keçmiş SSRİ marşalları tərəfindən də qeyd olunub. Marşal Jukov və marşal Rokossovskiy öz çıxışlarında Azərbaycanın xidmətlərini yüksək qiymətləndiriblər. Azərbaycan bu müharibəyə 700 mindən çox insanla qatılıb və onların yarıdan çoxu bu müharibədən qayıtmayıb. Azərbaycan nefti olmasaydı, müharibədə qalib gəlmək qeyri-mümkün idi. Odur ki, Azərbaycanın bu qalibiyyətdəki rolunu heç cür kiçiltmək olmaz. Biz belə bir muzey yaratmaqla ölkəmizin bəşəriyyət qarşısındakı bu mühüm xidmətini yada salmış və təbliğ etmiş olarıq. Baxın, Azərbaycan son illər turist ölkəsinə çevrilib. Hər il ölkəmizə yüz minlərlə turist gəlir. Istərdim ki, Həzi Aslanovun abidəsinə yaxın bir yerdə II Dünya Müharibəsinə həsr edilən muzeyimiz olsun. Bu muzey vasitəsi ilə ölkəmizə gələn turistlər də Azərbaycanın müharibədəki müstəsna xidmətləri haqqında geniş məlumatlar əldə edə bilsinlər. Biz muzeyin yaradılması ilə bağlı biz Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Lakin hələ ki, qarşı tərəf bununla bağlı rəsmi münasibət bildirməyib. Biz istəyirik ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində muzeyin yeri müəyyən edilsin, onun yaradılması istiqamətində konkret addımlar atılsın. Bu, xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm bir xidmət olar.   Seymur ƏLİYEV

2019-10-07 00:00:00
4168 baxış

Digər xəbərlər

AŞPA siyasi riyakarlığını sübut etdi

Beynəlxalq riyakarlığın təzahürünə şahidlik edirik. 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Təşkilatı təzyiq etmə alətinə çevirən Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir desək, yanılmarıq. AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. İllərdir ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Avropanı narahat edən Zəfər Qələbəmiz, ardınca, lokal antiterror əməliyyat aparıb suverenliyimizi bərqərar etməyimizdir. Son hadisələr göstərdi ki, AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlərə qısa nəzər salsaq görərik ki, 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən  suveren ərazimizdə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsinə çağırış etdi. Bu çağırışlar dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasının tələb edilməsi idi.  Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə, planlarının fiaskoya uğradığlna əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verdi. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirdi. Bu dəfə də plan baş tutmadı. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi. 2023-cü ildə AŞPA nümayəndələrinin Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib. Avropa səmərəsiz cəhdləri ilə heç nəyə nail ola bilməyəcək. Qloballaşan dünyada Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Son aylardakı fəaliyyətlərini izlədikdə aydın görünür ki, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.        Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem Azərbaycanın daxili gücü ilə həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da  nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etdi. Suverenliyimiz bərqərar olub. Hazırda Azərbaycan sülh istəyir. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur. Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu
Lətif Şüküroğlu - 60

Lətif Şüküroğlu (Babayev) “Cümhuriyyət hökuməti repressiya məngənəsində”, “Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd mühafizəsi tarixi (1918-1920)”, “AXC dövründə ordu quruculuğu” (və s.) kitablarının müəllifi, tarix üzrə fəlsəfə doktorudur. İxtisasca jurnalistdir. AYB üzvüdür. Jurnalist kimi qələmindən çoxlu məqalə çıxsa da, yazıçı tək onu avtobioqrafik “Taleyin izləri” romanı təmsil edir. Bioqrafiyasının bir önəmli cəhəti də Xüsusi Xidmət Orqanlarında işləməsi olub, ehtiyatda olan polkovnikdir. Hal-hazırda Milli Məclisdə çalışır.       ÜMİDLƏRİMİZİN YAZ SƏHƏRİ... Gəncliyin qızıl illərində Rəfiq  Özdəkin “Türkün qızıl kitabı”nı bir də əlimə götürəndə tərcüməçilərinə baxdım: Lətif Şüküroğlu, Nəsiman Yaqublu.  “İndiyədək niyə fikir verməmişəm?” Lətiflə neçə ildi eyni qurumda çalışırdıq. Ancaq Lətif özü də bu barədə danışmamışdı. Dəyərli bir kitabın tərcüməsi üçün ona “sağ ol” dedim.       Lətif adı gələndə, Qarabağ uğrunda şəhidlər verən Zəngilana  xidməti ezamiyyətdəykən yazdğım şeirim yadıma düşür həmişə, xüsusən də, bu misralar: Di gəl bu qansız ağaclar gör necə ürəkdən açıb... ...Gözlərimi Lətifin telefon zənginə açdım,– gecə gec yatmışdım. “Sənin ilin gördün də necə başladı,–” tez onu qabaqladım. “Nə olsun, koronavirus qadağaları sənin doğulduğun gündən sərtləşdi,-”dedi. Gülüşdük. “Pəncərədən baxıram.., həyətdəki ağacın nə çiçəyi var, nə yarpağı, ancaq üzərində buğum-buğum yaşılı görünür,-” söylədi Lətif. “Ancaq Zəngilanda barıt qoxulu havada belə, ağaclar ürəkdən açırdı,–” öz-özümə düşündüm. “Həyətdəki ağacın üzərindəki buğum-buğum yaşıl isə bəlkə ölməyən son ümidlərimizdir,-” bunu da ürəyimdə söylədim. Bir yaz səhəri mənə Zəngilandan zəng elə, Lətif!  Və... səsini “su kimi alışan ruhuma çiləyim...” Qardaşxan aprel, 2020 P.S. “Karantin fürsəti”ndə mənə qalın-qalın kitablar yazmağı arzulayan dost, qoy bu kiçik yazı bir başlanğıc olsun.

Hamısını oxu
“Şuşaya səfər hər bir vətəndaşımızda qürur və iftixar hissi doğurur”

Cəlil Xəlilov: “Bizə bu qüruru yaşatdığı üçün dövlətimizə, Ali Baş Komandanımıza təşəkkür edirəm”   Məlum olduğu kimi, sentyabrın 11-də bir qrup QHT təmsilçisi Şuşaya səfər edib, şəhərdə aparılan qurucluq işləri ilə tanış olub.   Səfərlə bağlı veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu cür səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Şuşaya səfər hər bir vətəndaşımızda qürur və iftixar hissi doğurur. Mən ilk növbədə bizə bu qüruru yaşatdığına görə dövlətimizə, Ali Baş Komandanımıza təşəkkür edir, şəhdilərimizin ruhu qarşısında ehtiramla baş əyirəm. Biz bu torpaqları ordumuzun və Ali Baş Komandanımızın əzmkarlığı, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın fədakarlığı sayəsində nail olduq.   Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə Şuşaya təşkil olunan səfər əsnasında şəhərin tarixi yerlərini ziyarət etdik, erməni vandalizminin nəticələri ilə yanaşı, dövlətimiz tərəfindən həyata keçirilən nəhəng tikinti-quruculuq işləri ilə tanış olduq. Səfərdə iştirak edən hər bir şəxs görülən işlər, həyata keçirilən layihələrlə tanış olduqca əmin olur ki, Azərbaycan dövləti qısa bir zamanda Şuşada sözün həqiqi mənasında möcüzə gerçəkləşdirib. Şəhər və şəhər ətrafında yol-nəqliyyat və sosial infrastrukturun bərpası ilə yanaşı, şəhərin tarixi-mədəni simasının bərpası, erməni vəhşiliyinin izlərinin ortadan qaldırılması istiqamətində ciddi addımlar atıb. Hansı ki, bu fəaliyyət bu gün də uğurla davam etməkdədir.   Şuşa Azərbaycan xalqının qədim mədəniyyət mərkəzi, tarixi qürur, yenilməzlik simvoludur və hər zaman məhz belə qalacaq”.   Seymur Əliyev  

Hamısını oxu
Ombudsman dövlət sərhədində aparılan monitorinqin nəticələrini beynəlxalq təşkilatlara göndərib

“Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində hərbi təxribat törətməsi, eyni zamanda, xarici ölkələrdə yaşayan dinc azərbaycanlı aksiyaçılara qarşı hücumlar təşkil edilməsi ermənilərin milli zəmində aqressiyası və radikalizminin daha bir bariz nümunəsidir”.Bu fikiri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Modern.az.a açıqlamasında söyləyib.Ombudsman bildirib ki, Ermənistanın təxribat törətdiyi dövlət sərhədində apardıqları monitorinqlərin nəticələri ilə bağlı hesabat beynəlxalq təşkilatlara göndərilib:"Hesabatda BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyən, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməsi faktlar əsasında diqqətə çatdırılıb.Təcavüzkar ölkənin fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratmasının beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməsinin, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsinin zəruriliyi qətiyyətlə vurğulanıb.Bununla yanaşı, ABŞ, Belçika, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland və Avstraliyada yaşayan azərbaycanlı dinc aksiyaçılara qarşı erməni təxribatçıları tərəfindən psixoloji və fiziki zorakılığın tətbiq olunması ilə əlaqədar müvafiq beynəlxalq təşkilatlara¸ müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlamışıq.Bəyanatlarda Milli İnsan Hüquqları institutlarını və insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları dinc aksiyaçılara qarşı törədilmiş erməni hücumlarını qınamağa, bu cür etnik zəmində nifrəti təbliğ edən təxribatların qarşısını almağa, bir daha baş verməməsi üçün sərt tədbirlər görməyə, ən əsası, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmalarına qətiyyətlə çağırmışıq”.“Tərəfimizdən 12-24 iyul tarixlərində həm dövlət sərhədinin Tovuz rayonu istiqamətində, həm də xarici ölkələrdə yaşanmış təxribatlarla bağlı ikinci aralıq hesabat hazırlanıb və beynəlxalq təşkilatlara göndərilib”,-deyən Ombudsmanın sözlərinə görə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına edilmiş hücumlar, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar çox ciddi qanun pozuntularını, milli zəmində nifrət və hücum aktlarını özündə ehtiva edir.“Ona görə də beynəlxalq ictimaiyyət bu məsələyə ciddi reaksiya verməli, bu halların qarşısı alınmalıdır”.

Hamısını oxu