Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xalqın və Dövlətin Qüdrəti: Heydər Əliyevin İrsinin Dərin İzləri

Tarix səhnəsinə çıxan hər bir dahi şəxsiyyət, xalqının yaddaşında işıq saçan bir ulduza çevrilir. Elə ulduzlar var ki, onların nuru əsrlər keçsə də, yolumuzu aydınlatmağa davam edir. Azərbaycan tarixinin belə parlaq ulduzlarından biri də Ümummilli Lider Heydər Əliyevdir. O, təkcə müəyyən bir tarixi dövrün deyil, bütöv bir millətin və insanlığın yaddaşına həkk olunmuş böyük bir şəxsiyyətdir. Azərbaycan xalqı tarix boyu Cavanşir, Babək, Şah İsmayıl Xətai, Nadir şah kimi qəhrəmanları ilə fəxr etmişdir. Onlar qəhrəmanlıqları, dövlətçilik ənənələrini qoruyub yaşatmaları ilə xalqımızın yaddaşında əbədi iz qoymuşdur. Lakin XX əsr Azərbaycan xalqına elə bir lider bəxş etdi ki, o, yalnız müstəqil bir dövlət qurmaqla kifayətlənmədi, eyni zamanda milli ruhun və azadlıq ideyasının memarına çevrildi. Bu şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Heydər Əliyev zəmanəsini qabaqlayan, hadisələrin mahiyyətini dərindən dərk edən və zamanın çətin sınaqlarında sınmayan bir lider idi. O, yalnız Azərbaycanın deyil, beynəlxalq siyasi arenada da söz sahibi olan nadir simalardan biri idi. Onun böyüklüyü təkcə siyasi fəaliyyətində deyil, həm də xalqının ruhunu duymaq, ağrısını hiss etmək və arzularını gerçəkləşdirmək bacarığında özünü göstərirdi. Çünki o, xalqın içindən çıxmış və həmişə xalq üçün çalışan bir lider idi. Bəzən tarix bir millətə əsrlər boyu gözlədiyi lideri bəxş edir. Heydər Əliyev də məhz belə bir lider idi. O, böyük bir imperiyanın ən yüksək pillələrinə qalxmağı bacaran, lakin xalqından və vətənindən heç vaxt uzaqlaşmayan fədakar bir vətəndaş idi. Onun liderlik bacarığı, iti zəkası və unikal siyasi düşüncəsi dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunmuşdur. Heydər Əliyevin hər addımı, hər çıxışı düşünülmüş və zamanın tələblərini qabaqlayan qərarlarla müşayiət olunurdu. O, Azərbaycanın siyasətini formalaşdırdı, ona yeni məzmun verdi və dövlətin təməllərini möhkəmləndirdi. Müstəqil dövlət qurmaq, onu gücləndirmək və dünyaya tanıtmaq nadir liderlərə nəsib olan uğurdur. Heydər Əliyev bu uğura imza atanlardan biri oldu. Bu gün biz Heydər Əliyevin 102-ci ildönümünü qeyd etməyə hazırlaşırıq. Onun qurduğu və müəyyənləşdirdiyi siyasi kurs əsasında daha böyük zəfərlərə imza atırıq. Lider odur ki, xalqını çətin anlarda xilas etsin. Heydər Əliyev də belə bir məqamda, dövlətçiliyimizin ciddi təhlükə altında olduğu bir dövrdə xalqın çağırışı ilə hakimiyyətə qayıtdı. İlk növbədə daxili sabitliyi bərqərar etdi. Sabitlik olmadan inkişaf ola bilməzdi. Sabitliyin təminindən sonra dövlət idarəçiliyi sistemi quruldu, ordu formalaşdırıldı, beynəlxalq əlaqələr möhkəmləndirildi. 1993-cü ildə Prezident seçilən Heydər Əliyev az bir müddətdə ölkədə sabitlik yaratmış, hüquqi dövlət quruculuğu istiqamətində ciddi islahatlara başlamış, iqtisadiyyatın dirçəlməsi və beynəlxalq münasibətlərin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atmışdır. Azərbaycanın gələcək inkişafını təmin edən neft strategiyası, transmilli enerji layihələrinin gerçəkləşdirilməsi, Qərbə inteqrasiya xəttinin müəyyən edilməsi, milli maraqların beynəlxalq müstəvidə müdafiəsi onun uzaqgörən siyasətinin nəticəsi olmuşdur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti kimi layihələr Heydər Əliyevin siyasi iradəsi və strateji baxışları nəticəsində reallaşmışdır. Heydər Əliyevin siyasi irsi yalnız idarəetmə institutları ilə məhdudlaşmırdı. Onun fəaliyyətində insan amili, vətəndaş cəmiyyəti, milli mənəvi dəyərlərin qorunması və inkişafı xüsusi yer tutmuşdur. Ulu Öndərin təməlini qoyduğu dövlətçilik modeli bu gün müasir Azərbaycanın uğurla inkişaf edən yolunun əsası kimi çıxış edir. Dövlətin əsas dayaqlarından biri olan ordu quruculuğu sahəsində Heydər Əliyevin xidmətləri həm tariximizdə, həm də xalqımızın yaddaşında xüsusi yer tutmuşdur. Onun "Güclü ordu – güclü dövlət" prinsipi əsasında Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşdırılması və inkişafı hələ o dövrdə ölkənin gələcək zəfəri üçün təməl olmuşdur. 1994-cü ildə Bişkek protokolunun imzalanması Azərbaycan üçün müvəqqəti bir atəşkəsdən çox strateji bir addım idi. Heydər Əliyevin diplomatik cəsarəti ilə atılan bu addım həm dövrün gərgin şəraitində Azərbaycan üçün vaxt qazandırdı, həm də mübarizənin gələcəkdəki zəfərə doğru yönəlməsini təmin etdi. Bu, sadəcə siyasi deyil, həm də psixoloji baxımdan mühüm bir dönəmdi, çünki xalqın ümidini və inamını artırdı. Heydər Əliyevin "Biz mütləq Ağdama, Kəlbəcərə, Laçına, Şuşaya, Zəngilana, Qubadlıya qayıdacağıq" deməsi sadə bir arzu deyil, həm də Azərbaycanın gələcək zəfəri üçün atılmış mühüm bir strateji addımın mesajı idi. O, bu sözləri söyləyərkən sadəcə bir lider olaraq xalqını ruhlandırmaqla kifayətlənməyib, bu məqsədə çatmaq üçün konkret addımlar atmış və ölkəni həmin hədəfə doğru hazırlamışdı. Bu həm daxili, həm də beynəlxalq səviyyədə uzunmüddətli strateji planların bir hissəsi idi. Heydər Əliyevin təməlini qoyduğu bu planlar Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirildi. 2020-ci ildə Qarabağda əldə edilən qələbə Heydər Əliyevin strateji planlarının və inamının reallaşmasının təntənəsi idi. Bu qələbə yalnız torpaqların geri qaytarılması demək deyil, həm də bu hadisə Azərbaycanın milli qürurunun, əzminin və dövlətin gücünün simvolu oldu. Bu Ulu Öndərin Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin davam etdirərək inkişaf etdirdiyi uzunmüddətli dövlətçilik irsinin nəticəsi idi. Heydər Əliyevin uzaqgörənliyi, onun dövlətə, xalqına və torpaqlarına olan sarsılmaz sevgisi, həm də bu Zəfərin mümkün olmasında ən böyük amil oldu. Bu bir xalqın mübarizəsinin və liderin inamının tarixə düşən hekayəsidir. Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi irsinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə uğurlu inkişaf davam etdirilir. Ali Baş Komandan İlham Əliyev həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə güclü lider kimi tanınır. O, Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunu uğurla davam etdirərək Azərbaycanın milli maraqlarını qorumaq və müdafiə etmək istiqamətində mühüm və tarixi addımlar atmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm daxili inkişaf, həm də xarici siyasət sahəsində əhəmiyyətli uğurlara imza atmışdır. Onun Ali Baş Komandan olaraq rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri ölkənin güclü müdafiə potensialını təmin etmiş, hərbi və siyasi planlar düzgün və strateji baxımdan uğurla həyata keçirilmişdir. Xüsusilə 2020-ci il İkinci Qarabağ Müharibəsi onun liderlik bacarığının və Azərbaycanın ordu quruculuğundakı uğurlarının ən böyük təntənəsi oldu. Bu Zəfər həmçinin Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirdi və ölkənin beynəlxalq siyasətini təzələyərək onu yeni bir mərhələyə daşıdı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadi inkişaf sürətlənmiş, sosial xidmətlər genişlənmiş, təhsil və səhiyyə sahələrində islahatlar həyata keçirilmişdir. Dövlət başçısı xalqının mənafeyini hər zaman özünün ən önəmli prioriteti olaraq müəyyən etmişdir. Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanınmağa başlamışdır. O, ölkənin strateji maraqlarını qorumaq məqsədilə uğurlu diplomatik addımlar atmış, həmçinin Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün güclü beynəlxalq əməkdaşlıq və ittifaqlar qurmuşdur. Xüsusilə enerji siyasətində əldə olunan uğurlar neft və qaz sahəsində həyata keçirilən iri həcmli investisiya layihələri Prezident İlham Əliyevin iqtisadi inkişaf istiqamətindəki strateji baxışının bariz nümunəsidir. Onun liderliyi altında Azərbaycan regionun ən güclü dövlətlərindən biri olmuşdur. Bu gün Ümummilli Lider Heydər Əliyevin irsinə sadiq qalaraq, Azərbaycan inkişaf edir, sabitlik və təhlükəsizlik möhkəmlənir və ölkəmiz dünya birliyində güclü və nüfuzlu dövlət kimi tanınır. Heydər Əliyev yalnız tarixdə deyil, xalqın qəlbində də əbədi yaşayacaqdır. Onun ideyaları, siyasi uzaqgörənliyi və dövlətçilik fəlsəfəsi gələcək nəsillər üçün əsl örnəkdir və milli dövlətçilik ənənələrinin bünövrəsinə çevrilmişdir. Bu dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan daha parlaq gələcəyə doğru inamla irəliləyir.

                            Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-07 19:04:53
3572 baxış

Digər xəbərlər

Baş nazir karantin rejiminə görə Operativ Qərargahı TOPLADI

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında iclası keçirilib. Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, Baş nazir sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmasının vacibliyini bildirib. Qeyd olunub ki, Prezident və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaqdır. Səhiyyə müəssisələrində vaksinləmə prosedurlarının müəyyən olunmuş normalara uyğun həyata keçirilməsi və müvafiq protokolların tərtib edilməsi ilə bağlı tapşırıqlar verilib. İclasda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar görülən işlər barədə məlumat verilib, müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olunub. Sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq verilib.

Hamısını oxu
28 May – Müstəqillik Günü: Tarixi Yaddaş, Millətin Dirçəlişi

Tarixdə elə günlər var ki, bəzən bütöv bir millətin taleyini dəyişir. O günlər millətin ruhuna hopur, yaddaşına köçür və hər nəsildə yeni nəfəs kimi doğulur. 28 May məhz belə bir gündür. 28 may Azərbaycanın dövlətçilik salnaməsində qızıl hərflərlə yazılmış müqəddəs bir tarix, bir millətin öz taleyini öz əllərinə almaq iradəsidir. Bu gün, Azərbaycanın azad nəfəs aldığı, müstəqilliyini dünyaya bəyan etdiyi gündür. Bu gün, əsrlər boyu istiqlal həsrəti ilə yanan ürəklərin dualarının cavabı, yurd uğrunda şəhid olanların xatirəsinə yazılmış bir qələbə nəğməsidir. 1918-ci il İstiqlal günəşi doğurdu. 1917-ci ilin çalxantılı Rusiyasında çar taxtdan salındı, imperiyanın divarları çat verdi. Bu çatlar arasında əsrlərlə sıxılmış xalqlar öz yolunu seçmək üçün fürsət qazandı. Azərbaycan xalqı da bu tarixə öz möhürünü vurdu. 1918-ci ilin 28 mayında Tiflisdə bir qrup maarifçi, mütəfəkkir və mübariz şəxs Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. Bu, təkcə bir dövlətin deyil, bir ümidin, bir qürurun, bir arzunun doğulması idi. "Bir kərə yüksələn bayraq, bir daha enməz!" deyən Məhəmməd Əmin Rəsulzadənin səsi təkcə dövrünün deyil, gələcək nəsillərin də azadlıq çağırışı oldu. Demokratiyanın Şərqdəki qapısı Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk parlamentli respublikasına çevrildi. Bu dövlət cəmi 23 ay yaşadı, lakin bu zaman ərzində bir əsrə bərabər izlər buraxdı. Avropanın əksər ölkələrindən əvvəl qadınlara seçki hüququ verildi, Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli bayraq qəbul olundu, milli ordu, milli bank və pul vahidi yaradıldı, 1918-ci il 4 iyunda Osmanlı dövləti tərəfindən tanındı, Bakı azad edilərək milli hökumət şəhərə köçürüldü. Bu dövlətin ruhunda bərabərlik, ədalət və millətinə sədaqət vardı. Hətta "millət, məzhəb, sinif, cins fərqi qoymadan hər kəsin hüququ qorunacaqdır" deyə yazılmışdı İstiqlal Bəyannaməsində. Bu bəyannamə bir millətin azadlıq manifesti idi. 1920-ci ilin aprelində bolşeviklər Xalq Cümhuriyyətinin ömrünü yarımçıq qoydular. Müstəqillik nəğmələri sükutla əvəz olundu. Amma bu sükut içində istiqlal ruhu heç vaxt sönmədi. O, hər evdə, hər ürəkdə, hər duada yaşadı. 70 illik sovet əsarətindən sonra, 1991-ci ildə Azərbaycan yenidən dirçəldi, SSRİ dağıldı və xalq bir daha azad nəfəs aldı. Bu dəfə 28 Mayın ruhu daha güclü idi, çünki artıq bu torpaqda müstəqillik uğrunda şəhidlər və illərin mübarizəsi vardı. Tarix böyük liderləri nadir hallarda yetirir. Ancaq bəzi liderlər vardır ki, onların adı yalnız bir dövrü deyil, bütöv bir xalqın taleyini dəyişdirir. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdən idi. Azərbaycan xalqının milli iradəsini, dövlətçilik ənənələrini və istiqlalını qoruyan, gələcəyə daşıyan dahi lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə ilk gəlişi 1969-cu ilə təsadüf edir. Sovet İttifaqı daxilində milli maraqları qorumağın, Azərbaycanı inkişaf yoluna çıxarmağın nə qədər çətin olduğunu tarix şahiddir. Amma o dövrdə ölkənin müxtəlif sahələrində böyük irəliləyişlərə nail olundu. Elm, təhsil və mədəniyyət, sənaye sahələrində əsaslı islahatlar aparıldı. Minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Azərbaycanın elmi və mədəni elitası formalaşdı. Bu illər ərzində Heydər Əliyev Azərbaycanın iqtisadi-sosial göstəricilərini SSRİ-nin qabaqcıl respublikaları səviyyəsinə çatdırdı. O, eyni zamanda milli kimliyin və şüurun qorunmasında böyük rol oynadı. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır bir dönəmdən keçirdi. Yeni müstəqilliyini qazanmış dövlət xaosun, daxili qarşıdurmaların, Ermənistanın təcavüzünün və iqtisadi çöküşün girdabında idi. Belə bir məqamda xalqın təkidli çağırışı ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı. Bu qayıdış sadəcə bir liderin yenidən vəzifəyə gəlməsi deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin dirçəlişi idi. Dövlət qurumları möhkəmləndirildi, idarəetmədə sabitlik təmin olundu, Milli Ordu yenidən formalaşdırıldı və dövlətin təhlükəsizliyi təmin olundu. 1994-cü ildə atəşkəs elan edildi və müharibənin genişlənməsinin qarşısı alındı. “Əsrin müqaviləsi” imzalandı və bu neft strategiyası Azərbaycanı beynəlxalq enerji bazarına çıxardı və ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu. Konstitusiya qəbul olunaraq hüquqi dövlətin əsasları qoyuldu. Milli ideologiya formalaşdırıldı ki, bu yolda da “Azərbaycançılıq” məfkurəsi dövlətin təməl dəyərinə çevrildi. Azərbaycanın müstəqil dövlət kimi tanınması və beynəlxalq arenaya inteqrasiyası sahəsində də mühüm addımlar atdı. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əlaqələr genişləndi. Ulu Öndər Azərbaycanın regionda və dünyada strateji tərəfdaş kimi tanınmasına nail olundu. Türkiyə, ABŞ, Avropa ölkələri ilə möhkəm siyasi və iqtisadi əlaqələr quruldu. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil və etibarlı tərəfdaş obrazı qazandı. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin ən mühüm təzahürlərindən biri də Azərbaycanın gələcəyini sağlam əllərə əmanət etməsi idi. O, öz siyasi kursunu davam etdirəcək ölkəni inkişaf etdirməyə qadir olan lider olaraq İlham Əliyevi irəli sürdü. Bugünkü müstəqil, güclü və qalib Azərbaycan bu etimadın nə qədər düzgün olduğunu sübut etdi. 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev atasının siyasi irsini yalnız qoruyub saxlamaqla kifayətlənmədi, onu dövrünün yeni çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi, qeyri-neft sektoru genişləndi, yoxsulluq və işsizlik azaldı, sosial rifah layihələri həyata keçirildi, dövlət idarəçiliyində modernləşmə, rəqəmsallaşma, şəffaflıq prinsipləri önə çəkildi, gənclərin təhsili, elm və texnologiyalara yönəlməsi üçün geniş imkanlar yaradıldı. Prezident İlham Əliyev modern Azərbaycanın siyasi, iqtisadi və hərbi əsaslarını yenidən formalaşdırdı, xalq-dövlət birliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdi və beynəlxalq səviyyədə prinsipial mövqeyini nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirdi. Enerji diplomatiyası vasitəsilə ölkəmizi Avrasiyanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirdi. Onun uğurlu diplomatik addımları nəticəsində Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyən, prinsipial, etibarlı və müstəqil siyasət yürüdən dövlət kimi tanındı. İlham Əliyevin adını Azərbaycan tarixinə əbədi həkk edən ən böyük nailiyyət Qarabağın azad olunması oldu. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsində onun Ali Baş Komandan kimi liderliyi sayəsində 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Şuşa kimi strateji və mədəni şəhərimiz geri qaytarıldı. Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur edildi. İlham Əliyevin soyuqqanlılığı, qətiyyəti və xalqla birliyi sayəsində bu müharibə milli ruhun, ədalətin və suverenliyin qələbəsinə çevrildi. Onun "Qarabağ Azərbaycandır!" ifadəsi təkcə siyasi bəyanat deyil, xalqın iradəsinin, beynəlxalq hüququn və tarixi ədalətin bəyanı oldu. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanıldı. Bölgədə yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar tikildi. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə insan öz yurduna qayıtdı. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri ilə müasir texnologiyaya əsaslanan yaşayış məntəqələri yaradıldı. Mədəniyyət abidələri, dini məkanlar bərpa olundu. Prezident İlham Əliyev hər zaman xalqla təmasda olan, onun dərdini, sevincini paylaşan bir lider olmuşdur. Onun fəaliyyəti sübut etdi ki, müstəqil siyasət mümkündür, yalnız milli maraqlara söykənən qərarlar uğur gətirir. Səbir və strateji baxış qalibiyyətin əsas şərtidir. 17 il ərzində Qarabağın azadlığı uğrunda görülən hazırlıqlar Böyük Zəfərlə nəticələndi. Xalqın dəstəyini alan lider məğlubedilməzdir. İlham Əliyev Azərbaycanın müstəqillik yolunda ən etibarlı davamçısı, xalqının güvənc yeri, tarix yazan lideridir. Onun adı artıq təkcə Prezident kimi deyil, Qarabağın fatehi, Azərbaycanın güclənməsinin rəmzi, zəfərlə yazılmış gələcəyin memarı kimi tarixdə əbədi yaşayacaq. Bu gün qeyd etdiyimiz 28 May – Respublika Günü, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin şanlı irsini təcəssüm etdirir. Məhz cümhuriyyət qurucuları xalqımızın azadlıq və müstəqillik idealını gerçəkləşdirdilər. Onların qoyduğu əsaslar sonrakı dövrlərdə ölkəmizin milli oyanışının, dövlət müstəqilliyinin təməlini təşkil etdi. Bu müstəqillik ideallarını XX əsrin sonlarında böyük uzaqgörənlik, qətiyyət və müdrikliklə ümummilli lider Heydər Əliyev bərpa etdi, möhkəmləndirdi və müasir Azərbaycanın inkişafının əsasını qoydu. Onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə bu gün Azərbaycanı güclü, qalib və nüfuzlu bir dövlətə çevirmişdir. 28 May – Respublika Günü tariximizə qızıl hərflərlə yazılmış şanlı gündür. Bu gün həm keçmişə ehtiram, həm də gələcəyə inamın rəmzidir. Ulu öndərlərimizin yolu ilə irəliləyən müstəqil Azərbaycan daim yüksələcək! Respublika Gününüz mübarək!   Cəlil Xəlilov  Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Tarix yazan qəhrəmanlar“ layihəsi davam edir

Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun rəhbəri Sahibə Ələkbərova "Tarix yazan qəhrəmanlar" layihəsi çərçivəsində klub üzvləri ilə birgə II Vətən müharibəsi şəhidi Tural Abdullayevin ailəsini ziyarət ediblər. Layihə iştirakçıları T.Abdulayevin ailəsi ilə görüş zamanı onun haqqında olan xatirələri dinləmiş və şəhidin evində xatirə əşyaları nümayiş edilən xüsusi otaq ilə tanış olmuşlar.    Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə köçmüşdür. Turalın 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər. Bu soyqırımda Turalın qohumlarından bir ailə tamamilə məhv edildi. Kiçik yaşlarından düşmənə nifrət hissı ilə böyüyən Tural, düşməndən qisas almağı qarşısına məqsəd qoymuşdur. Qeyd edək ki,  Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçib. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural  III dərəcəli döş nişanı ilə təltif edilib. Həmçinin 2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin (Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi) əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu - 100” medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” III dərəcəli medalı ilə təltif edilib.   “Boz qurd" ləqəbli döyüşçü II Vətən Müharibəsi zamanı Murovdoğ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən əməliyyatlarda iştirak etmişdir. T.Abdullayev 30 sentyabr 2020- ci il tarixində ən yüksək zirvəyə şəhidlik məqamına ucaldı. Bir çox arzuları yarımçıq qalsada ən böyük arzusuna nail oldu. Xocalı qətlamının qisasını düşməndən aldı.   T. Abdullayev yaşadığı illər ərzində bir dəfə də olsun doğum gününü qeyd etmədi. Çünki, onun doğum günü 613 nəfər Xocalı sakininin qətl edildiyi günə təsadüf edirdi.   Qeyd edək ki, T.Abdullayevə məxsus əşyaların bir hissəsi muzeyin Vətən müharibəsi fondunda qorunur, digər hissəsi isə muzeydə “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş etdirilir.   Mənbə: http://azhistorymuseum.gov.az 

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının bütün şəhər və rayon Təşkilatlarının sədrlərinə

Hamısını oxu