Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qanla Yazılan Tarix: Mirzəyevlər ailəsinin Müharibə Salnaməsi

Tarixin qanla yazıldığı illər var. 1941–1945-ci illərdə Azərbaycan xalqı Böyük Vətən Müharibəsində özünün necə qəhrəman və fədakar bir xalq olduğunu bütün dünyaya sübut etdi. O illər təkcə silah və güllə ilə yox, inam və vətən sevgisi ilə yaşanıldı. Hər kənddən, hər evdən bir əsgər cəbhəyə yollandı. Onların arasında Masallı rayonunun igidləri də vardı. Masallı rayonunun tarixini vərəqlədikcə belə talelərin nə qədər çox olduğunu görürük. Ərkivandan, Boradigahdan, Təklə kəndindən, Kolatan və Digahdan... Hər yerdən yüzlərlə gənc döyüşə yollandı. Onların bir çoxu geri qayıtmadı. Ancaq onların ruhu bu torpağın hər daşında, hər çiçəyində, hər nəfəsində yaşayır. Oğullarını, ərini, qardaşını, atasını cəbhəyə yollayan qadınlar da səssiz, göz yaşları içində, təpədən dırnağa qədər dua ilə silahlanmış halda döyüşdülər. Fədakarlığın bu səviyyədə ucalığı yalnız qəhrəman xalqlara xasdır.

Azərbaycan xalqı da məhz belə bir xalqdır. Bugün Mirzəyevlər nəslinin araşdırılması bizə təkcə bir ailənin keçmişini yox, bütün xalqımızın mübarizlik tarixi xatırladır. Bu ailənin timsalında biz Azərbaycan xalqının müharibədəki yerini görür, onun tarixinə şahidlik edirik. Bizim bu xatirələri yaşatmağımız bir xalq olaraq qəhrəmanlarımız qarşısında olan borcumuzdur. Onların həyatı yarımçıq qalsa da, onların hər biri qəhrəmanlıqları, fədakarlıqlarıyla tarixə düşdülər. Onlar yaşadılar, vuruşdular və xalqın yaddaşında əbədiləşdilər. Masallı rayonunda yaşayan Mirzəyevlər ailəsi bu taleyin rəmzinə çevrilmişdi. Bir ailənin üç oğlu Rəzzaq, Yunus və Aşur qardaşlrı torpağa, vətənə, gələcəyə sahib çıxmaq üçün silahlandı. Masallı rayonunun yüzlərlə oğlu kimi onlar da çağırışa cavab verdi. Qəlblərində qorxu yox idi və yalnız bir düşüncələri vardı:

“Əgər bu torpaq bizimdirsə, biz də onun uğrunda ölməyə hazırıq.” 1918-ci ildə doğulan Rəzzaqın uşaq gözlərində işıq vardı. O, hər zaman sakit, dərin düşüncəliydi. 1942-ci ilin qışında, qarın torpağı örtüb ağ örpəyə bürüdüyü bir gündə əsgər paltarında doğma kəndinə baxaraq vidalaşdı. Yanvar ayının sərt küləyi onun saçlarını dalğalandırır, gözlərindəki qəribə işıq uzaq bir yola işarə edirdi. 1943-cü ilin mayına qədər döyüşdü. O gündən sonra izinə heç kim rast gəlmədi. Sadəcə bir sükut qaldı ardınca – itkin bir həyat, əbədi bir xatirə... Yunus ondan da əvvəl 1942-ci ilin soyuq fevralında əsgərliyə çağırılmışdı. O, kəndin arxasındakı təpələrdə uşaq vaxtı oynadığı yeri son dəfə seyr etdi. 1912-ci ildə doğulan Yunus ailənin böyük övladı kimi həmişə məsuliyyət daşıyırdı. Cəbhədə göstərdiyi igidlik onun adını döyüş yoldaşlarının qəlbində əbədi yaşatdı. Amma 1944-cü ilin yanvarında o da itkinlər siyahısına düşdü. Sanki torpaq onu bağrına basmış, adını səssiz bir dua kimi göylərə pıçıldamışdı.

 Aşur isə 1914-cü ildə doğulmuşdu. O, 386-cı atıcı diviziyanın sıralarında döyüşürdü. Qanlı Krım cəbhəsində Sevastopol uğrunda gedən döyüşlərdə mərdliklə vuruşdu. Güclü idi  həm bədəni, həm də ruhu. Silahdaşları deyərdi ki, Aşur bir dağ kimi irəliləyirdi. Lakin müharibənin amansız üzü onu əbədiyyətə qovuşdurdu. Həlak oldu. Amma adı döyüş meydanlarında bir əfsanə qaldı. Bu üç qardaş bir nəslin davamçıları idi. Onlar yalnız ailələrinin deyil, bütöv bir millətin şərəf salnaməsində adlarını yazdılar. Bugünkü Masallı torpağı onların ayaq izlərini, analarının göz yaşını, kəndin başında səslənən duaları hələ də yaddaşında daşıyır. Çünki qəhrəmanlar ölmür.  

Onlar unudulmur. Onlar hər zaman aramızdadır bir xalqın tarixində, bir nəslin qan yaddaşında. Tarix yalnız sənədlərdə yazılmır. Bəzən o, nəsillərin yaddaşında, köhnə şəkillərdə, anaların göz yaşında, babaların susqun baxışlarında yaşayır. Bəzən də bu yaddaşı elmi araşdırmaya çevirən insanlar olur. Onlar unudulmuş izləri gün işığına çıxarır, keçmişin qaranlıq qapılarını aralayırlar. Onlardan biri də iqtisadçı alim, bir nəslin fəxri və tarixi mirasını yaşadan bir ziyalı olan Balayar Əliyevdir. Balayar Əliyev təkcə elmi uğurları ilə tanınmır. Onun başqa bir missiyası var: Böyük Vətən Müharibəsində iştirak etmiş babalarının  Rəzzaq, Yunus və Aşur Mirzəyevlərin və bütövlükdə Azərbaycanın cəbhəyə yollanmış igid oğullarının həyatını, xidmətlərini araşdırmaq və gələcək nəsillərə çatdırmaq. Balayar Əliyev köklərinə bağlı bir alimdir. O, 1943-cü ildə itkin düşmüş Rəzzaq Mirzəyevin nəvəsidir. Ailəsində danışılan xatirələr, qorunan köhnə məktublar, müharibə illərinə aid sənədlər onun uşaqlıq yaddaşında əbədi iz buraxıb.

 Bu hekayələr, bu itkilər, bu xatirələr onu tarixə daha dərindən bağlamışdır. Böyüdükcə bu yaddaş bir missiyaya çevrildi.  Bu gün Balayar Əliyev yalnız öz babası haqqında deyil, Azərbaycan xalqının tanıdılması haqqında da Latviyada işlər aparır. Bu gün qəhrəmanların izi ilə getdikdə görürük ki, Gülnaz Mirzəyeva atasının izini yaşadır. Azərbaycan xalqı qəhrəmanlarını heç vaxt unutmur. Tarixin sınaqlı yollarından alnıaçıq keçmiş, torpağın müdafiəsi uğrunda canından keçmiş igidlərin xatirəsi bu xalqın yaddaşında əbədi yer alıb. Qəhrəmanlara olan hörmət, onların ailələrinə, övladlarına göstərilən diqqət və qayğı bu gün ölkəmizin ən ali dəyərlərindən biridir.

Bu qayğının canlı nümunələrindən biri də Masallı rayonunda keçirilən tədbirlər o cümlədən 7 və 8 may 2025-ci il tarixlərində təşkil olunmuş görüşlərdir. Həmin tədbirlərdə iştirak edənlər arasında xüsusi diqqət çəkən şəxs isə Böyük Vətən Müharibəsində itkin düşmüş qəhrəman əsgər Rəzzaq Mirzəyevin qızı Gülnaz Mirzəyeva idi. 7 may tarixində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə rayon rəhbərliyi, müharibə veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbirin əsas məqsədi Böyük Vətən Müharibəsində göstərilən qəhrəmanlığı bir daha yad etmək və veteran ailələrinə ehtiram göstərmək idi. Gülnaz Mirzəyeva bu tədbirdə iştirak edərək atasının döyüş yolunu, ailələrinin yaşadığı çətinlikləri və bu gün onlara göstərilən diqqəti duyğulu sözlərlə ifadə etdi. Növbəti gün - 8 mayda Masallı rayonunun Təzəkənd kəndində keçirilən anım tədbiri isə daha səmimi və bəlkə də daha emosional atmosferdə baş tutdu. Burada kənd sakinləri, məktəblilər, müəllimlər və ağsaqqallar qəhrəmanların ruhuna dualar etdilər, xatirə çıxışları ilə onların həyat yolunu yad etdilər.

Gülnaz Mirzəyeva bu tədbirdə də iştirak etdi. O, sadəcə bir qəhrəmanın övladı kimi yox, tarixi daşıyan canlı bir xatirə olaraq çıxış etdi. Azərbaycan dövləti hər zaman müharibə veteranlarına, şəhid ailələrinə və qəhrəman övladlarına diqqətlə yanaşır. Bu tədbirlər bir daha sübut edir ki, qəhrəmanlarımızın adları unudulmur, onların ailələri unudulmur, göstərilən fədakarlıq əbəs yerə getmir. Masallı rayonunda keçirilmiş bu görüşlər Azərbaycan xalqının tarixi ilə qürur duyduğunu, fədakarlıq və vətənpərvərliyin gələcək nəsillərə ötürülməsində böyük addımlar atıldığını sübut edir.

Gülnaz Mirzəyeva atasının izini yaşadır. Onun hər çıxışı, hər tədbirdəki iştirakı bir övlad borcudur, bir xalq yaddaşıdır. Azərbaycan qəhrəmanlarını unutmur. Onların ailələrinə sahib çıxmaqla, biz əslində öz tarixi borcumuzu ödəyirik. Çünki xalqını unutmayan, qəhrəmanını da unutmur.

Müharibə, Əmək və Silahl Qüvələr Veteranlar Təşkilatının sədri  polkovnik Cəlil Xəlilov

 

 

2025-05-20 13:33:33
4350 baxış

Digər xəbərlər

ASA tərəfindən təşkil olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il 29 sentyabr tarixdə imzalanan "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" Sərəncamı rəhbər tutaraq və bu Sərəncama əsasən müasir və müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ölkədə silsilə tədbirlərin həyata keçirilməsini nəzərə alaraq jurnalistlər arasında təşkil olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi keçirilib. Veteran.gov.az-a ASA-dan verilən məlumata görə, “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş bu yazı müsabiqəsində I, II və III yerlər üzrə qaliblərə xüsusi plaket və pul mükafatları, müsabiqədə iştirak edən digər 2 jurnalistə isə sertifikat və həvəsləndirici hədiyyələr təqdim olunub. Yazı müsabiqəsində 1-ci yerə “Report” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli, 2-ci yerə “APA” İnformasiya Agentliyinin iqtisadiyyat müxbiri Rahim Tarıverdiyev, 3-cü yerə isə “Bakivaxti.az” xəbər portalının müxbiri Ramid İbrahimov layiq görülüb. “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya Proqramları Studiyasının İqtisadiyyat Xəbərləri Redaksiyasının baş redaktoru Aytən Abdulova və “Moderator.az” portalının jurnalisti Seymur Əliyev sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunmuşdu.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti” mövzusuna həsr olunmuş Konfrans keçirilib.   Konfransı giriş sözü ilə açan Təşilatın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov qonaqları salamlayıb, Şuşa Bəyannaməsi, bu Bəyannamənin tarixi-siyasi əhəmiyyəti ilə bağlı giriş sözü ilə çıxış edib. Daha sonra Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Çıxış üçün ilk söz Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın  rəhbəri, fəlsəfə doktoru cənab Tahir Budaqova verilib. YAP sədrinin müavini çıxışında Şuşa Bəyannaməsini müxtəlif aspektlərdən şərh edib, bu Bəyannamənin iki dövlət arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib.   Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Firdovsiyyə xanım Əhmədova „Şuşa Zirvəsinin tarixi zəmini və əhəmiyyəti“ mövzusundə məruzə edib, Şuşa Bəyannaməsinin tarixi önəminə diqqət çəkib.   Akademik Ziyad Səmədzadə „Türkiyə və Azərbaycan iqtisadi əməkdaşlığı müasir vəziyyət və çağırışlar“ mövzusundakı çıxşında Azərbaycan və Türkiyənin hər zaman bir-brilərinin marağını qətiyyətlə müdafiə etdiyini bildirib, bununla bağlı konkret nümunələr göstərib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun məhz onun rəhbərliyi altında tarixi uğura imza atdığını bildirib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə öz çıxışında Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə əlaqələrində yeni səhifə açdığını bildirib, bu əməkdaşlığın türk dünyasının birliyi və tərəqqisi baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb.   Daha sonra Respublika Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə ünvanlanan müraciətin mətnini oxuyub.   Konfrans iştirakçıları 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində böyük zəfərə nail olan,  Azərbaycanın ərazi bütövlüyün təmin edən Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı ilə təltif edilməsi təklifi ilə çıxış edib, bununla bağlı yekdil mövqe ifadə ediblər.   Konfrans hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının ifası ilə başa çatıb.   Konfransın sonunda ölkə başçısına ünvanlanan müraciətin mətni.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 23 iyun 2021-ci il tarixdə keçirilmiş “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti” mövzusuna həsr olunmuş Konfrans iştirakçıları adından   Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə   M Ü R A C İ Ə T   Möhtərəm Prezident! Cənab Ali Baş Komandan!   Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı dostluq və qardaşlıq münasibətləri hazırda ölkələrimizin həyatının bütün sahələrini əhatə etməklə, ardıcıl, dinamik şəkildə inkişaf edir. Tarixin bütün sınaqlarından uğurla çıxan Azərbaycan–Türkiyə dostluğu hər iki dövlətin güclənməsi, ölkələrimizin tərəqqisi və eyni kökdən gələn xalqlarımızın rifahı üçün möhkəm zəminə çevrilmişdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri hazırda bu münasibətlərin əsasını təşkil edən möhkəm təməl prinsiplərinə çevrilmişdir. Dərin tarixi, milli-mənəvi köklərə malik olan, ölkələrimizin birgə maraqlarına xidmət edən və strateji mahiyyət daşıyan Azərbaycan–Türkiyə münasibətləri son vaxtlar öz inkişafının yeni bir mərhələsinə, müttəfiqlik səviyyəsinə ucalmışdır. 30 ildən çox davam edən erməni işğalına son qoymaq, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün 44 günlük müqəddəs Vətən müharibəsi bunun əyani və birmənalı təsdiqi olmuşdur. Ədalətin bərpası naminə  apardığımız haqq savaşında Türkiyə, onun qətiyyətli siyasi rəhbərliyi və qardaş xalqı ilk gündən mənəvi-siyasi dəstəyi ilə Azərbaycan xalqının yanında olmuşdur. 2020-ci ilin 27 sentyabrından başlanan, ötən dövrdə bir an belə dayandırılmayan bu qardaşlıq missiyasının zirvəsi isə 2021ci il iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında iki dövlətin Prezidenti tərəfindən imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi oldu. Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılmaqla, birgə kökə bağlılığımızı, keçmişə sədaqətimizi bir daha nümayiş etdirir, gələcək nəsillərə yol göstərir. Bəyannamədə nəzərdə tutulan genişmiqyaslı tədbirlər hər iki qardaş ölkə ilə yanaşı, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə iqtisadi və sosial inkişafa nail olunmasına, eləcə də region dövlətləri arasında Ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ümumxalq birliyinə söykənən münasibətlərin normallaşdırılmasına və uzunmüddətli sülhün təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu Bəyannamə, eyni zamanda, 44 günlük Vətən müharibəsində azad etdiyimiz, tarixi sahibinə qaytarılmış Qarabağımızın təqdimatı, onun tacı olan Şuşamızın və digər rayonlarımızın həyatında yeni mərhələnin başlanğıcı, dirçəlişinin siyasi qarantı olacaq mühüm səhifəsidir. Mədəniyyət paytaxtımız olan Şuşada imzalanan bu sənəd həm də tarixi qala şəhərimizin imzasının yenidən imzalar arasında görünməsi, onun Azərbaycana məxsusluğunun birmənalı təsdiqi kimi dünyaya bəyan edilməsidir.   Möhtərəm Prezident, Cənab Ali Baş Komandan!   Əzəli torpaqlarımızı erməni faşistlərinin işğalından azad edərək doğma Azərbaycanımıza, onun xalqına, o cümlədən biz veteranlara yaşatdığınız Böyük Zəfər qüruruna, bu gün Qarabağımızda başlatdığınız, həmin əraziləri yenidən gülüstana döndərəcək genişmiqyaslı quruculuq işlərinə və bütün bunların reallaşmasına siyasi-diplomatik müstəvidə yaratmaqda olduğunuz möhkəm zəminə görə Sizə bir daha tükənməz sevgimizi və sonsuz minnətdarlığımızı çatdırırıq.   Siz Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq azad, müstəqil Azərbaycanımızın veteranlarına çox böyük hörmətlə yanaşır, onlara daim diqqət və qayğı göstərirsiniz. Konfrans iştirakçıları və veteranlar  adından Sizə bir daha dərin ehtiramımızı çatdırır, Respublika Veteranlar Təşkilatının həmişə dövlətin, xalqın yanında olduğunu, möhtərəm Prezidenti dəstəklədiyini bildirir və fəxrlə bəyan edirik: Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, yaşasın Azərbaycan xalqı, Azərbaycan Ordusu, Qarabağ Azərbaycandır!”

Hamısını oxu
Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”

“Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə haradasa 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Hər bir qəsəbənin özünə məxsus olan memarlıq üslubu, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri, görüləcək işlər gərək yerli sakinlərlə də müzakirə olunsun”. APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən, sakinlərlə söhbət zamanı deyib. “İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur – kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, yəni insanların gündəlik tərzdə ünsiyyətdə olduğu digər məsələlər həll olunur və eyni zamanda, təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı ilə, ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir və eyni zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünə xas olan görüntüsü olsun. Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik. Bax budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik və bu gün deyə bilərəm ki, dünya miqyasında neftlə zəngin ölkələr sırasında bax bu siyasətə görə qabaqcıl yerlərdəyik”, - deyə dövlət başçısı əlavə edib.

Hamısını oxu
MDTF-nin elan etdiyi “Dəyərləri paylaşaq” müsabiqəsinin qalibləri müəyyən olunub

Veteran.gov.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən  iyunun 25-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu 25 avqust tarixində başa çatıb. Məlumat üçün bildirək ki, sosial şəbəkə (Facebook, Twitter, Instagram) istifadəçiləri arasında keçirilən müsabiqəyə 30 iştirakçı qoşulub. Fondun müəyyən etdiyi həştəqlərlə sosial şəbəkə istifatəçiləri tərəfindən paylaşılan statuslar əhatəlilik, tutarlılıq, kreativlik və ictimai rəğbət meyarları əsasında aşağıda adları qeyd edilən müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən olunmuşdur:   1) Anar Məcidzadə - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü   2) Sevinc Cəfərova - 525-ci qəzetin xüsusi müxbiri, jurnalist   3) Fərəh Rəsulova – Müstəqil ekspert   Qalibləri təqdim edirik:   1-ci yer – Fidan Nəsirli   2-ci yer – Elçin Bayramlı   2-ci yer – Mina Rəşid   3-cü yer – Lalə Mehralı   3-cü yer – Ramin Xudayev   3-cü yer – Səxavət Hidayətoğlu   Həvəsləndirici yer - Bədiyyə Sadıqova   Həvəsləndirici yer - Şəhadət Abbasov   Həvəsləndirici yer - Vüsalə Fətullayeva   Həvəsləndirici yer - Kənan Həmzəoğlu   Həvəsləndirici yer - Kənan Bağırov

Hamısını oxu