Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

General-leytenant Kərim Vəliyevlə İkinci Dünya Müharibəsi veteranlarının görüşü

06 may 2019-cu il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov açaraq, Müdafiə Nazirliyi rəhbərliyinə hər il veteranları yada saldıqlarına görə təşəkkürünü bildrmiş, İkinci Dünya müharibəsi veteranlarının belə görüşləri yüksək qiymətləndirdiklərini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara xüsusi qayğı və diqqətindən danışmış, bu münasibətdən bir sıra dövlət təşkilatlarının da nümunə götürdüyünü vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının veteranlara qayğı, problemlərinin daim diqqət mərkəzində saxlanması baxımından MDB məkanında fərqləndiyini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara yüksək münasibətindən onlara qayğıkeşliklə yanaşdıqlarını bildirmişdir. Cəlil Xəlilov alman faşizmi üzərində qələbənin 74-cü ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının bu qayğının əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən Cəlil Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yaddaqalan olur. Cəlil Xəlilov qeyd etmişdir ki, Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. O, İkinci Dünya veteranlarının xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmiş, həmçinin, veteranların hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Sonda İkinci Dünya müharibəsi veteranları Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.

2019-05-07 00:00:00
4892 baxış

Digər xəbərlər

Bahadur Məmmədqulu oğlu Hüseynov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, İkinci Dünya Müharibəsi və Silahlı Qüvvələr veteranı, general-mayor Bahadur Məmmədqulu oğlu Hüseynov uzun sürən xəstəlikdən sonar 96 yaşında vəfat etmişdir. Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə 1924-cü ildə ailəsi Naxçıvandan Gəncəyə köçməli olmuşdur. 1934-cü ildə yeddiillik təhsilini başa vuran Bahadur Gəncə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Həmin vaxtlar Xarkov şəhərində təhsil alan böyük qardaşı Əhməd Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırı. Təhsilini davam etdirmək və ürəyinə daha çox yatan işlə məşğul olmaq istəyən Bahadur Hüseynov bu istəklə 1939-cu ilin mayında Xarkov şəhərinə gedir və burada Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olur. Həmin şöbəni bitirdikdən sonra təhsilini çoxdan arzusunda olduğu F.E.Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etdirir. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar Bahadur da təhsilini vaxtından əvvəl başa vuraraq, kiçik leytenant rütbəsində, tağım komandiri kimi cəbhəyə yollanır. Onun ilk döyüşü 1941-ci ildə Smolensk istiqamətində vuruşan 246-cı diviziyanın 908-ci alayının tərkibində olur. Düşmənlə amansız ölüm-dirim savaşında kiçik leytenant B.Hüseynov üç dəfə ağır yaralanır. Qorki şəhərində bir müddət müalicə olunduqdan sonar, yenidən cəbhəyə yola düşmək üçün Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilir. Ancaq Bahadur Hüseynovun Sərhəd Məktəbini bitirdiyini bilən briqada komandanlığı onun cəbhəyə getmə xahişini qəbul etmir və Gürcüstanda — Sərhəd qoşunlarında xidmətə yollayır. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi Gürcüstanın müxtəlif bölgələrində tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. 1960-cı ildə polkovnik-leytenant rütbəsi alır və az sonra xidmət etdiyi hissənin rəis müavini təyin edilir. Elə həmin dövrdə, 1961-ci ildə xidmətdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olur və 1967-ci ildə universiteti ali təhsilli hüquqşünas ixtisası almaqla bitirir. Polkovnik-leytenant Bahadur Hüseynovun biliyi, intizamlılığı, bacarığı nəzərə alınıb, onun xidmətini Dövlət Təhlükəsizlik orqanlarında davam etdirməsi tövsiyə olunur. 1963-cü ildə baş tutan bu təyinatda həmin vaxt Təhlükəsizlik orqanlarında rəhbər vəzifədə çalışan ulu öndər Heydər Əliyevin rolu olmuşdur. B.Hüseynov az sonra məhz Heydər Əliyevin təqdimatı ilə Dövlət Təhlükəsizlik Komitəsində bölmə müdiri vəzifəsinə təyin edilir. Xüsusi xidmət orqanlarında vəzifə pillələrində inamla irəliləyən Bahadur Hüseynov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin olunur. B.Hüseynov bu məsuliyyətli vəzifədə 7 il şərəflə, ləyaqətlə xidmət edir. 1976-cı ildə Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyevin təklifi və təqdimatı ilə polkovnik Bahadur Hüseynov Azərbaycan DTK-sına sədr müavini təyin edilir. Həmin vaxt o, rəhbər vəzifəli şəxs, təvazökar və sadə insan kimi artıq respublikada kifayət qədər tanınırdı. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini Bahadur Hüseynovun xidmətləri nəzərə alınaraq, ona 1978-ci ildə general-mayor rütbəsi verilmişdir. 1986-cı ildə təhlükəsizlik orqanlarından ehtiyata buraxılan Bahadur Hüseynov yenə də ölkənin ictimai-siyasi həyatından kənarda qalmır, Azərbaycan naminə bütün bilik və bacarığını sərf edirdi. Həqiqi vətənpərvər insan və ictimai xadim kimi xidmətləri yüksək qiymətləndirilərək, Bahadur Hüseynov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məsul katibi, sədrin müavini vəzifələrinə seçilmiş, 1992-ci ildən 2001-ci ilə kimi isə Təşkilatın sədri vəzifəsində seçilmşdir. O, 1987-ci ildə fəaliyyətə başlayan bu Respublika Veteranlar Təşkilatının yaradıcılarından biri olmuşdur. Təşkilatın sədri olduğu müddətdə də Bahadur Hüseynovun bütün fəaliyyəti Azərbaycanın tərqqisi, gənclərin Vətənə, xalqa layiq insanlar kimi yetişmələrinə həsr edilmişdir. O, sədr olduğu dövrdə Azərbaycan Veteranlar Təşkilatının xarici əlaqələri xeyli genişlənmişdir. Məhz Bahadur Hüseynovun təşəbbüsü ilə Azərbaycan Veteranlar Təşkilatı Ümumdünya Veteranlar Federasiyasının tərkibinə daxil olmuş və həm də o, bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilmiş ilk azərbaycanlı olmuşdur. Bahadur Hüseynov ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə, dəfələrlə Cəlilabad rayon Zəhmətkeş Deputatları Sovetinə, Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçilmişdir. O, Azərbaycan KP-nin qurultaylarının nümayəndəsi, Bakı şəhər Partiya Komitəsinin üzvü seçilmişdir. Onu ölkədən kənarda, xüsusilə MDB məkanında yaxşı tanıyır, peşəkarlığına, bacarığına hörmətlə yanaşır, xidmətlərini nəzərə alırdılar. Bahadur Hüseynov 1991-2001-ci illərdə MDB ölkələri veteranlar təşkilatının Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü olmuşdur. Bahadur Hüseynovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. İki dəfə Qırmızı Əmək Bayrağı, I və II dərəcəli Vətən müharibəsi ordenlərinə, həmçinin 30-a yaxın medala layiq görülmüşdür. Müharibə veteranları arasında fəal beynəlmiləlçi fəaliyyətinə görə, Bahadur Hüseynov MDB ölkələrinin və Monqolustan Xalq Respublikasının də mükafatları ilə də təltif edilmişdir. Bahadur Hüseynov Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, keçmiş SSRİ-nin fəxri çekisti idi. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xidməti fəaliyyətində əldə etdiyi nəticələrə görə, iki dəfə Azərbaycan Respublikasının, üç dəfə Naxçıvan MR-nin fəxri fərmanları ilə təltif edilmiş, SSRİ və Azərbaycan DTK-nın qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. Bahadur Hüseynovun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.

Hamısını oxu
20 Yanvar Azərbaycan xalqının qan yaddaşı, həm də Əbədi İstiqlal uğrunda tarixi savaşıdır

Hürriyyət, Azadlıq və İstiqlaliyyət pay verilmir, uğrunda qan tökülür, Şəhid verilir! Şəhidlərin al qanı ilə tarix yazılır! Azərbaycan xalqının azadlığa, Əbədi İstiqlala gedən yolda ən böyük sınağı, ən parlaq nümunəsi hesab olunan 20 Yanvar faciəsindən 35  il ötür. Bu qanlı cinayəti törətməkdə əsas məqsəd Azərbaycan xalqının iradəsini qırmaq, onun azadlıq istəyini boğmaq idi. Lakin sovet imperiyasının amansız davranışı xalqımızın azadlıq istəyini daha da alovlandırdı, milli azadlıq hərəkatı daha da geniş vüsət aldı. 20 Yanvar faciəsi xalqımızın yaddaşında, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. 20 Yanvar dəhşətlərinin  baş verməsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqının Kreml tərəfindən cəzalandırılması da əsas rol oynamışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi qətllər həyata keçirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların Bakını zəbt etməsi, mühasirəyə alması xüsusi qəddarlıqla müşayiət olundu. 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Fövqəladə vəziyyət elan olunanadək və ondan sonra beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri pozulmuş, fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməyərək qanunsuz olaraq xalqı təzyiq altında saxlamağa çalışmışlar. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların qətlə yetirilməsi və yaralanması, 82 nəfərin amansızcasına qətlə yetirməsi, 20 nəfərin ölümcül yaralaması ilə müşayət olunan hadisələr sübut etdi ki,  bu faciə düşünülmüş şəkildə həyata keçirilmiş, dünyanın gözü qarşısında insan haqlarına təcavüz edilmişdir.  Qanlı yanvar hadisələri təkcə paytaxt Bakını deyil fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda da həyata keçirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 20 Yanvar gecəsi baş vermiş tarixi cinayət Beynəlxalq hüquqi məsuliyyətdən yayınmış hərbi cinayət idi. SSRİ rəhbərliyi tərəfindən həyata keçirilən bu bəşəri cinayəti həmin dövrlərdə obyektiv siyasi hüquqi qiymət alması qeyri-mümkün idi. Təsadüfi deyil ki, SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəlmiş və 20 iyul 1990-cı il tarixində cinayət işinin xitam olunması barədə qərarı vermiş 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılaraq geri qaytarılmamışdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər bu qanlı faciəyə siyasi hüquqi qiymət verilməmişdir.  Bu qanlı cinayətə ilk etiraz edən şəxs məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Sovet rejiminin qadağalarına baxmayaraq, faciədən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə mənəvi və siyasi varisi, ən yeni Azərbaycanın prezidenti İlham Əliyevlə birlikdə gələn Heydər Əliyev cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş siyasi səhv kimi qiymətləndirmişdir. Qeyd etdiyimiz kimi 20 Yanvar dəhşətlərinin tarixi kökləri var idi. Qarbaçov rejimi Azərbaycan xalqının iradəsini qırmaq, onun Qərbi Azərbaycan və Qarabağ uğrunda savaşlarına son qoymaq niyyətində idi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin Moskva dövründən sonra lidersizlik problemi yaşayan Azərbaycanın üzərinə hücumlar səngimək bilmirdi. 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi durumun kəskinləşməsi, Kreml rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda azadlıq hərəkatının güclənməsinə zəmin yaratmışdı. Bunun  əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi-torpaq  iddiaları ilə çıxış etməsi, uydurma "Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin əsassız iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb olmuşdu. 1988-ci ildə Qarabağ münaqişəsi ilə əlaqədar başlayan milli-azadlıq hərəkatı prinsipiallığı ilə SSRİ  rəhbərliyində ciddi narahatlıq yaratmışdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində baş qaldıran erməni separatizmi qədim türk torpaqları olan Qərbi Azərbaycandan 300 mindən çox soydaşımızın zorla öz ata-baba yurdlarından qovulması ilə nəticələnmişdi. Bu haqsızlığa və cinayətə görə nümayiş və mitinqlərə çıxan əhali keçmiş sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Ancaq ittifaq rəhbərliyi ermənipərəst mövqedə dayanaraq, müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar zor gücünə  öz doğma yurdlarından qovulur, onların ev-eşikləri vəhşicəsinə dağıdılır və ya zorla əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Həmin dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri də  ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi idi. Respublikada yaranmış özbaşınalıq və hərc-mərclikdən məharətlə istifadə  edən SSRİ-nin xüsusi xidmət orqanları 1990-cı il yanvarın əvvəllərində yerlərdəki emissarlarının yaxından köməyi ilə Bakıda müxtəlif  ixtişaşlar törətdi. Yanvarın 20-də sovet qoşunları dinc əhalinin üstünə yeridildi, dəhşətli faciə baş verdi. Azərbaycan informasiya blokadasına alındı. Qanlı faciədən az öncə Azərbaycan Televiziyasının  enerji bloku partladıldı. Radionun fəaliyyəti, qəzetlərin nəşri dayandırıldı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır və faciəli bir vaxtda xalqımızın vətənpərvər oğlu, Ulu öndər Heydər Əliyev yuxarıda da vurğuladığımız kimi, Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə baxmayaraq, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin şəkildə tənqid edən bəyanat verdi. Ulu Öndər bununla da Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünyaya çatdırdı, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Həmin gün Ümummilli Lider Azərbaycan KP MK-ya, respublikanın Ali Soveti və Nazirlər Sovetinə teleqram göndərdi. Bununla da 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin əsasını qoydu. Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsi üçün ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ilk günlərində Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü yenidən götürülsün və burada Şəhidlər Memorial Kompleksi ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və həmin iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu. O vaxtdan şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin diqqətində oldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində, eləcə də Vətən müharibəsində ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvlərinin problemlərinin dövlət səviyyəsində həllini əsas vəzifələrdən biri kimi qarşıya qoydu. Ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirildi. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial təminatı ildən-ilə gücləndirildi. 20 Yanvar hadisələrinin qurbanlarına, İstiqlal Fədailərinə daimi dövlətin diqqət və qayğısı bununla bitmir. Bu məqsədlə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir. 1990-cı ilin yanvarında şəhid olmuş şəxslərin ailələrinin və övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri, Şəhidlər Memorial Kompleksi ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Onu da vurğulamaq yerinə düşər ki, hazırda 20 Yanvar faciəsi zamanı şəhid olmuş Azərbaycan övladlarının ruhu şaddır! 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli Azərbaycan Ordusunun, Qazilərimizin iradəsi, Şəhidlərin al qanı ilə  Vətən torpaqları işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan xalqı, ümumiyyətlə dünya Azərbaycanlıları 35 il bundan öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizə meydanında şəhid olanları daima anır, yad edir, ruhları qarşısında baş əyir. Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, xeyirxahlıq missiyası ilə dünyanın diqqət mərkəzində olan Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinin həllinə daim böyük qayğı ilə yanaşır. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın  da bu istiqamətdə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən xalqımızın qanlı 20 Yanvarı, habelə Vətən müharibəsi ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir. Milli vətənpərvərlik hissi ilə müşaiyət olunan bu xeyirxah missiyanın işğaldan azad olunan tarixi torpaqlarımızda, Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərini də əhatə etməsi milli müstəqilliyin əbədi və dönməz olması üçün bu gün də mücadilə edən hər bir Azərbaycan vətəndaşında qürur hissi oyadır!                                                                                                           Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri                                                                                              polkovnik    Cəlil Xəlilov                                                                           

Hamısını oxu
“Heydər Əliyev zəkası və fədakarlığı ilə tarixin gedişatını dəyişən böyük şəxsiyyətdir”

Talıb Əliyev: “Onun xalqımızın rifahı və təhlükəsizliyi üçün necə böyük qəhrəmanlıqlara imza atdığının şahidiyəm” “Heydər Əliyev zəkası və fədakarlığı ilə tarixin gedişatını dəyişən böyük şəxsiyyətdir”. Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Talıb Əliyev bildirib. Talıb Əliyev qeyd edib ki, məhz Heydər Əliyevin nəhəng dühası, xalqına və vətəninə olan sevgisi Azərbaycanı XX əsrin 90-cı illərinin əvvəlindəki mürəkkəb vəziyyətdən, labüd fəlakətdən xilas edib: “XX əsrin 90-cı illərinin əvvəli müstəqil Azərbaycanın həyatında çox böyük təbəddülatlar dövrü idi. Bir tərəfdən Ermənistanın həyata keçirdiyi işğal faktoru, digər tərəfdən xarici qüvvələrin respublikamıza göstərdiyi təzyiq, digər tərəfdən iqtisadi-sosial çətinliklər, habelə ölkədaxili qarşıdurmlar Azərbaycanın vəziyyətini ümidsiz edirdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə ona öndərlik edən Ümummilli lider, hələ Naxçıvanda olarkən erməni işğalının qarşısını almaq istiqamətində ciddi addımlar atmağa başladı. Bu addımlardan ən önəmlisi isə heç şübhəsiz Naxçıvanda ordu formalaşdırmaq, bu ordunun silah-sursata olan tələbatını qarşılamaq idi. Və mənim üçün qürurvericidir ki, Naxçıvanda nizami ordunun formalaşdırılması prosesində Heydər Əliyevlə birlikdə çalışmaq, onun tapşırığı ilə bu istiqamətdə fəaliyyət göstərmək mənə nəsib olub”. Talıb Əliyevin sözlərinə görə, Heydər Əliyev xalqı erməni işğalından qorumaq, düşmən ordusunun irəliləməsinə imkan verməmək üçün bütün imkan və vasitələrdən, o cümlədən şəxsi əlaqələrindən maksimum istifadə edirdi: “Həmin vaxt bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da vəziyyət gərgin idi. Ölkəmiz bir deyil, bir neçə problemlə üz-üzə qalmışdı. Heydər Əliyev məhz belə bir zamanda əsl fədakarlıq və əzm sərgiləyərək problemlərin həlli istiqamətində prinsipial addımlar atdı. İlk öncə Naxçıvanda formalaşan ordunun silah-sursatla təminatı yönündə ciddi iş aparıldı. Həmin vaxt Ulu öndərin tapşırığı ilə ordumuzun silaha olan ehtiyacını qarşılamaq üçün mütəmadi iş aparır, müxtəlif yollarla bu ehtyacı təmin etməyə çalışırdıq. Sevindiricidir ki, biz çox böyük çətinlikər hesabına olsa da, buna nail ola bildik. Mən hələ o zaman Ulu öndərin xalqımızın rifahı, təhlükəsizliyi üçün necə böyük qəhrəmanlıqlara imza atdığına şahid oldum. Məhz onun səyləri nəticəsində Azərbaycan erməni işğalının genişlənməsinin qarşısını ala, daxili qarşıdurmalara son qoya, iqtisadi baxımdan ciddi inkişafa nail ola bildi. Ulu öndərin vəfatının 19-cu ildönümündə Ümummilli lideri sevgi və minnətdarlıq hissi ilə anır və əminlikliklə bildirirəm ki, Azərbaycan xalqı var olduqca Heydər Əliyev də yaşayacaq və var olacaqdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var

Regionun lider dövləti, güc mərkəzi olan Azərbaycan indiyədək çoxsaylı tarixi və möhtəşəm uğurlara imza atıb. Ölkəmizin yüksəlişini və tərəqqisini təmin edən əsas amil uğurlu strateji kursdur. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara, dövrün çağırışlarına əsaslanan siyasəti respublikamızın xaos və tənəzzüldən xilas olaraq rifah və inkişaf yoluna çıxmasını şərtləndirib. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev isə xalqımıza bir çox ilklər yaşadıb, bənzərsiz nailiyyətlər qazandırıb, ən əsası, Azərbaycanı Zəfər zirvəsinə yüksəldib. Azərbaycanın Birinci vitse-prezidenti, YAP Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dövlətçilik maraqlarına, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti də ölkəmizin gücünü artıran, dünyadakı mövqeyini möhkəmləndirən müstəsna amildir. Başqa sözlə, Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var. Mehriban xanım Əliyevanın fəaliyyəti həm çoxşaxəli, həm də məqsədyönlüdür. O, hələ Birinci vitse-prezident təyin edilməmişdən öncə ölkənin siyasi həyatında fəal iştirakı ilə Azərbaycanın inkişafına, sosial məsələlərin həllinə mühüm töhfələr verib. Mehriban xanım Əliyeva millət vəkili kimi fəaliyyət göstərərkən milli maraqları daim üstün tutub, mühüm təşəbbüslərlə çıxış edib, xalqa və dövlətə ləyaqətlə xidmət edib. Təsadüfi deyil ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ona yüksək etimad göstərib. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə etməklə yanaşı, Azərbaycanın coğrafi sərhədləri ilə məhdudlaşmır, beynəlxalq əhəmiyyət daşıyır. Birinci xanımın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın mədəni irsinin, milli mədəniyyət nümunələrinin dünya miqyasında təbliği istiqamətində də çox mühüm addımlar atılır. Önəmli nüanslardan biri budur ki, artıq tarixdə qalmış münaqişə ilə bağlı həqiqətlərin təbliği, Xocalı soyqırımının dünyada tanıdılması ilə əlaqədar görülən işlər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini şərtləndirib və tarixi Qələbəmizi təmin edən çox mühüm amillərdən biri olub. Bunlarla yanaşı, Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi fəaliyyətini uğurla davam etdirir. Onun partiyanın güclənməsində, inkişafında xüsusilə, gənclərin, qadınların partiyaya üz tutmasında böyük rolu var. Birinci vitse-prezidentin gördüyü işlər vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, idarəetmədə çevikliyin və funksionallığın artırılması, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından əlamətdardır. Xüsusilə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlilliyi olan şəxslərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və digər həssas kateqoriyadan olan insanlara xüsusi qayğı ilə yanaşılması təqdirəlayiqdir. Azərbaycanın birinci xanımının fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. O, müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bu, Mehriban xanım Əliyevanın milli məzmunlu, beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir. Mehriban xanım Əliyevanın cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi fəaliyyətini uğurla davam etdirməsi xalqımıza rifah, inkişaf və qalib Azərbaycana yeni uğurlar, qələbələr, bir sözlə, parlaq perspektivlər vəd edir.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu