Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zamanı Aşan Qəhrəmanlar: Qara Sarıyev və Azərbaycanın Şanlı Tarixi

Hər bir tarixi dövr öz qəhrəmanını doğurur. Zamanın sınağından keçən, tarixə möhür vuran, yaddaşlarda iz buraxan insanlar olur. Amma elələri də var ki, onlar təkcə bir dövrün deyil, bir millətin vicdanına, qüruruna çevrilir. Zaman onları deyil, onlar zamanı müəyyən edir. Bu qəhrəmanlar ömürlərini deyil, ruhlarını tarixə yazırlar. Onların səsləri keçmişin səssiz səlnaməsində deyil, xalqın ürəyində əbədi yaşayır. Qara Sarıyev Əli oğlu da məhz belə qəhrəmanlardandır. O, doğulduğu torpağın yaddaşına çevrilən, igidliyi ilə millətin hafizəsinə həkk olunan, adı tarixə qızıl hərflərlə yazılmış bir Vətən oğludur. 1925-ci il sentyabrın 9-da Tovuz torpağında dünyaya göz açan Qara Sarıyev gənclik illərində böyük bir fəlakətlə - Böyük Vətən Müharibəsi ilə üz-üzə gəldi. 1943-cü ilin mayında orduya çağırılan Sarıyev Şimali Qafqaz Hərbi Dairəsinin 46-cı avtomobil alayında xidmətə başladı. Səngərlərdə təkcə mərmilər deyil, insan taleləri də uçuşurdu. O, silah əvəzinə tibb çantasını götürərək, leytenant rütbəsi ilə döyüş meydanlarında yüzlərlə əsgərin həyatını xilas etdi. Qara Sarıyev 1948-ci ilin aprel ayına qədər hərbi xidmətini davam etdirdi. Cəbhədə göstərdiyi igidlik və fədakarlıq "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" və "Yaponiya üzərində qələbəyə görə" medalları ilə qiymətləndirildi. Amma onun ən böyük mükafatı xalqın ürəyində qazandığı əbədi yer oldu. Azərbaycan xalqının müharibədəki xidmətləri misilsizdir. Böyük Vətən Müharibəsi təkcə cəbhədəki döyüşlərdən ibarət deyildi. Bu, ümummilli səfərbərlik idi. Azərbaycan 600 mindən çox övladını bu müharibəyə yola saldı. Onlardan 300 minə yaxını geri qayıtmadı. Onlar şəhid oldular, amma adlarını tarixə, millətin qüruruna çevirdilər. Həzi Aslanov kimi iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş komandirlər, Mehdi Hüseynzadə “Mixaylo” kimi əfsanəvi partizanlar, Ziya Bünyadov, Aslan Vəzirov, Tərlan Əliyarbəyov, Qafur Məmmədov, İsrafil Məmmədov kimi döyüşçülər xalqımızın şanlı igidliyinin obrazı oldular. Hər kəndin, hər şəhərin bir şəhid məzarı, bir qəhrəman hekayəsi var. Tovuzdan çıxan Qara Sarıyev kimi, Azərbaycanın Bakı, Gəncə, Şəki, Lənkəran, Naxçıvan və Qarabağ kimi bölgələrindən cəbhəyə gedən minlərlə oğul və qız tariximizin unudulmaz səhifələrinə çevrildilər. Böyük Vətən Müharibəsində təkcə əsgərlər döyüşmürdü Azərbaycanın torpağı, zəhmətkeş əlləri və zəngin yeraltı sərvətləri də bu savaşın əsas iştirakçısı idi. Müharibənin ilk illərində Sovet Ordusunun ehtiyac duyduğu yanacağın 75 faizi məhz Azərbaycan neftçilərinin əməyi ilə təmin olunurdu. Neftçilər gecə-gündüz çalışaraq, müharibə iqtisadiyyatını ayaqda saxladılar. “Azneft” tresti, “Qara şəhər”, “Bibiheybət”, “Balaxanı” kimi sənaye bölgələri bu gün yalnız arxivlərdə deyil, qələbə tariximizin sinəsində yaşayır. Faşist Almaniyası "Barbarossa" planında Bakı neftini əsas hədəflərdən biri kimi göstərmişdi. Amma bu torpaq əyilmədi, bu neft düşmənə verilmədi. 1941–1945-ci illərdə SSRİ-də hasil olunan 110 milyon ton neftin 75 milyon tonu Azərbaycana məxsus idi. Bu göstərici sadəcə statistika deyil qələbənin mayasında Azərbaycanın imzasıdır.Görkəmli dövlət xadimi Nikolay Voznesenski yazırdı:“Sovet Bakısı arasıkəsilmədən cəbhəni və SSRİ xalq təsərrüfatını neft məhsulları ilə təmin edirdi və yüzlərlə motoru havada və yerdə hərəkətə gətirirdi.”Bakı yalnız özü ilə kifayətlənmədi. SSRİ rəhbərliyi neft hasilatının şərqə  Volqa-Ural bölgəsinə keçirilməsini planlaşdıranda, Bakı neftçiləri yenə ön sırada oldular. “İkinci Bakı” adlandırılan bu yeni neft bölgələrinin qurulmasına minlərlə azərbaycanlı mühəndis və usta könüllü olaraq köçdü.Elm adamları da bu müharibənin görünməyən qəhrəmanları oldular. Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək oktanlı aviasiya benzini, toluol, alkilbenzol və digər mühüm hərbi məhsulların istehsalı mümkün oldu. Sovet Ordusunun texnikasının 75-80 faizi Azərbaycan nefti ilə hərəkətə gətirilirdi. Marşal Georgi Jukov bu həqiqəti belə ifadə edirdi:“Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizin müdafiəsi üçün nə qədər lazım idisə, o qədər də yanacaq vermişdilər.” Müharibədən onilliklər ötüb. Amma veteranlar bu unudulmaz günləri, o müqəddəs mübarizəni gənc nəslə danışmaqdan, yaşatmaqdan yorulmurlar. Onlar deyirlər: “Qələbə yalnız silahla deyil, ruhla qazanılır.” Qara Sarıyev və onun kimi igidlər bu ruhun daşıyıcıları oldular. Məktəblərdə keçirilən görüşlər, parklarda ucaldılan abidələr, hər il 9 May – Qələbə Günü ərəfəsində təşkil olunan tədbirlər bu qəhrəmanların adını yaşadır. Bu tarix yalnız keçmiş deyil, həm də bu günkü Azərbaycan Ordusunun ruh kökləridir. Qəhrəmanlar unudulmur onlar bizimlədir. Bu gün Qara Sarıyev kimi oğulların adları yaddaşlarda, tarix kitablarında, evlərin divarlarında asılmış medal qutularında yaşayır. Onlar bir millətin başıuca tarixi, şərəfli yoludur. Unudulmaz qəhrəmanlarımız Azərbaycanın dünəni, bu günü və sabahıdır. Və hər dəfə “Qələbə” sözünü işlətdikdə unutmayaq bu sözün içində Qara Sarıyev kimi igidlərin qanı, canı, ruhu var.

Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovni

2025-07-09 16:27:24
5453 baxış

Digər xəbərlər

Bu gün Azərbaycan Ordusunun əsgəri Əlimuradov Cumart Şıxrəhim oğlunun doğum günüdür

Cumart Əlimuradov 2001-ci il may ayının 31-də Qusar rayonunun Urva kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri i tərəfindən Ermənistan  işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın  ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi  zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə  savaşıb. Cumart Əlimuradov oktyabrın 5-də  Suqovuşan döyüşləri zamanı şəhid olub. Qusar rayonnun Urva  kəndində dəfn olunub. Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonra “ Vətən uğrunda ” medalı  ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonara”Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.     

Hamısını oxu
“Bu çörəyi mənə Heydər Əliyev verib, halal çörəkdir!”

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”                                                                                                                          HEYDƏR ƏLİYEV  Azərbaycan xalqının yarım əsrlik tarixinə baxdıqda müdrikliyi, xeyirxahlığı,xalqının keçmişinə, çağdaş və gələcəyinə dərin sevgi, sayğı və inamla yaşamış Ulu öndər Heydər Əliyev dühasının Azərbaycan dövlətçiliyinin gələcəyini parlaq günəş tək işıqlandırdığının şahidi oluruq. Müstəqil Azərbaycanın qurucusu olan bu dahi şəxsiyyətin varlığı öncə onu yetişdirən xalqın xoşbəxtliyi və xalqa əta edilən ilahi bəxşişdir. Təkcə Azərbaycan xalqının deyil, geniş coğrafi məkanda minilliklər boyu məskunlaşmış böyük türk dünyasının fəxri və qürur yeri olan bu böyük insanın həyat fəaliyyəti, müdrik fikirləri barədə hələ yazılacaq çox əsərlər, deyiləcək çox sözlər var. Hər bir Azərbaycan sevdalısının qəlbində Heydər Əliyevin özünəməxsus yeri, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun şəxsiyyəti bizim üçün əbədi olaraq mükəmməl örnəkdir. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz ölkədə baş verən bütün proseslərdə gənclərin roluna xüsusi diqqət yetirirdi. O, müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”– deyən ümummilli lider Heydər Əliyev Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolunun danılmaz hesab edirdi. Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahədə zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, gənclərin sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərdi. Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmiş və.savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlamışdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.  Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada (Peterburqa) oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Sovet dövründə gələcəyə uzaqgörənliklə baxan Ulu öndər milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Azərbaycanlılar arasında peşəkar hərbçilərin yetişdirilməsinə imkan verməmək məqsədilə respublikadan orduya çağırılan gənclər döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə deyil, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Bu şovinist siyasətin mahiyyətini yaxşı dərk edən Heydər Əliyevin qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Ulu öndər, həmçinin azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində yüksək peşəkarlıq və misilsiz igidliklər göstərdilər. SSRİ-nin Ali Hərbi Məktəblərindən birində təhsil alıb Azərbaycan Ordusunda zabit olaraq xidmət etmiş atam Ulu öndərin bu sahədə uzaqgörən siyasətindən bəhrələnən ilk qaranquşlardan idi. O, uzun illər orduda göstərdiyi qüsursuz xidmətinə görə orden və medallarla təltif olundu. Ulu öndərin məhz uzaqgörən siyasəti nəticəsində müxtəlif beynəlxalq qurumlarda Azərbaycan Silahlı Qüvvələrini uzun illər şərəflə təmsil etdi.Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı, ehtiyatda olan zabit kimi aldığı təqaüdü ailəsinə gətirdikdə fəxr hissilə: “Bu çörəyi mənə Heydər Əliyev verib. Halal çörəkdir!” – deyir. Mən də Ulu öndərin ailəmizə verdiyi çörəyi xüsusi qürur hissilə yeyir və azərbaycanlı olduğum üçün fəxr edirəm. Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb.Əminliklə demək olar ki, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyi nəticəsində ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətdə layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq. Biz gənclər də öz növbəsində, müzəffər ölkənin qalib gəncləri kimi indi daha inamla və daha həvəslə dövlətimizin inkişafı və bayrağımızın əbədi ucalığı naminə yorulmadan çalışacağıq. Qərbi-Kaspi Universitetinin tələbəsi, Nigar Musazadə Sherg.az

Hamısını oxu
Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi

Respublika Veteranlar Təşkilatının sədri general-polkovik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından general-leytenant Hikmət Mirzəyevi təbrik edir, ona tutduğu bu şərəfli və çətin yolda uğurlar arzulayır, zəfər sevincini yaşamağı diləyir! O, dövlətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən bir Vətən oğludur. Vətənpərvərliyi, millətsevərliyi, mərdliyi və s. yüksək keyfiyyətləri ilə Hikmət Mirzəyev onu tanıyan hər kəsin hörmətini qazanan bir insandır. Qeyd edək ki, Hikmət Mirzəyev Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrin Komandanıdır. Oktyabrın 4-də Prezident İlham Əliyev Birlik komandiri Hikmət Mirzəyevi və onun rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib. H.Mirzəyev 2016-cı ilin aprelində aparılan hərbi əməliyyatlara da rəhbərlik edən zabitlərdən biri olub. O, “Vətənə xidmətə görə”, “Azərbaycan bayrağı” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə”, 3 dəfə “Hərbi xidmətdə fərqlənməyə görə”, 4 dəfə isə Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif edilib. 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

Hamısını oxu
“Heydər Əliyev-100: Xalqa mənsub olan həyat” mövzusunda konfrans keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev-100: Xalqa mənsub olan həyat” adlı konfrans keçirilib. Konfransda ölkə ziyalıları, bir sıra dövlət qurumlarının nümayəndələri, müxtəlif kateqoriyadan olan veteranlar, media mənsubları, vətəndaş cəmiyyəti institutunun təmsilçiləri, kursant və  hərbçilər iştirak edib.  Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov açıb. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Polkovnik Cəlil Xəlilov çıxışında Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi roluna diqqət çəkib, milli dövlətçiliyimizin qorunub saxlanılması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, təhlükəsizliyinin gücləndirilməsi istiqamətində yürütdüyü siyasətdən danışıb. TədbirdəAzərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri professor Namiq Əliyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Akademiyasının rəhbəri Kollegiyanın üzvü, professor, hüquq elmləri doktoru Əmir Əliyev, Azərbaycan Tibb Universitetinin İctimai fənnlər kafedrasının müdiri pofessor Qoşqar Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Seymur Şeydayev, Təşkilatın Rəyasət Heyətinin üzvü, I Qarabağ müharibəsi veteranı, DİN VT-nın  sədri, i/o  polis polkovniki  Fərhad Süleymanov və digər qonaqlar iştirak edib. Konfransda çıxış edən professor Namiq Əliyev, professor Əmir Əliyev, pofessor Qoşqar Əliyev, polkovnik Seymur Şeydayev Ulu öndər Heydər Əliyevin sözün həqiqi mənasında öz ömrünü xalqımızın rifahı, dövlətimizin təhlükəsizliyinə həsr etdiyini bildirib, Ümummilli liderlə bağlı maraqlı faktlara toxunublar. Konfransda yeni nəşr edilən, polkovnik Cəlil Xəlilovun müəllifi olduğu və Ulu öndər Heydər Əliyevə həsr olunan “Xalqa mənsub olan həyat” kitabı da tədbir iştirakçılarına paylanılıb. Konfransda çıxış edənlər “Xalqa mənsub olan həyat” kitabının tariximizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini, gənc nəslin bu cür kitablara böyük ehtiyacının olduğunu bildirib. Sonda polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, xatirə şəkli çəkilib.    

Hamısını oxu