Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bu çörəyi mənə Heydər Əliyev verib, halal çörəkdir!”

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

                                                                                                                         HEYDƏR ƏLİYEV

 Azərbaycan xalqının yarım əsrlik tarixinə baxdıqda müdrikliyi, xeyirxahlığı,xalqının keçmişinə, çağdaş və gələcəyinə dərin sevgi, sayğı və inamla yaşamış Ulu öndər Heydər Əliyev dühasının Azərbaycan dövlətçiliyinin gələcəyini parlaq günəş tək işıqlandırdığının şahidi oluruq. Müstəqil Azərbaycanın qurucusu olan bu dahi şəxsiyyətin varlığı öncə onu yetişdirən xalqın xoşbəxtliyi və xalqa əta edilən ilahi bəxşişdir.

Təkcə Azərbaycan xalqının deyil, geniş coğrafi məkanda minilliklər boyu məskunlaşmış böyük türk dünyasının fəxri və qürur yeri olan bu böyük insanın həyat fəaliyyəti, müdrik fikirləri barədə hələ yazılacaq çox əsərlər, deyiləcək çox sözlər var. Hər bir Azərbaycan sevdalısının qəlbində Heydər Əliyevin özünəməxsus yeri, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun şəxsiyyəti bizim üçün əbədi olaraq mükəmməl örnəkdir.

İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz ölkədə baş verən bütün proseslərdə gənclərin roluna xüsusi diqqət yetirirdi. O, müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi.

“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”– deyən ümummilli lider Heydər Əliyev Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolunun danılmaz hesab edirdi.

Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahədə zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, gənclərin sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərdi.

Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmiş və.savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlamışdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. 

Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada (Peterburqa) oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər.

Sovet dövründə gələcəyə uzaqgörənliklə baxan Ulu öndər milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Azərbaycanlılar arasında peşəkar hərbçilərin yetişdirilməsinə imkan verməmək məqsədilə respublikadan orduya çağırılan gənclər döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə deyil, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Bu şovinist siyasətin mahiyyətini yaxşı dərk edən Heydər Əliyevin qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Ulu öndər, həmçinin azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində yüksək peşəkarlıq və misilsiz igidliklər göstərdilər.

SSRİ-nin Ali Hərbi Məktəblərindən birində təhsil alıb Azərbaycan Ordusunda zabit olaraq xidmət etmiş atam Ulu öndərin bu sahədə uzaqgörən siyasətindən bəhrələnən ilk qaranquşlardan idi. O, uzun illər orduda göstərdiyi qüsursuz xidmətinə görə orden və medallarla təltif olundu. Ulu öndərin məhz uzaqgörən siyasəti nəticəsində müxtəlif beynəlxalq qurumlarda Azərbaycan Silahlı Qüvvələrini uzun illər şərəflə təmsil etdi.Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı, ehtiyatda olan zabit kimi aldığı təqaüdü ailəsinə gətirdikdə fəxr hissilə: “Bu çörəyi mənə Heydər Əliyev verib. Halal çörəkdir!” – deyir. Mən də Ulu öndərin ailəmizə verdiyi çörəyi xüsusi qürur hissilə yeyir və azərbaycanlı olduğum üçün fəxr edirəm.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb.Əminliklə demək olar ki, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyi nəticəsində ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətdə layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq. Biz gənclər də öz növbəsində, müzəffər ölkənin qalib gəncləri kimi indi daha inamla və daha həvəslə dövlətimizin inkişafı və bayrağımızın əbədi ucalığı naminə yorulmadan çalışacağıq.

Qərbi-Kaspi Universitetinin tələbəsi, Nigar Musazadə

Sherg.az

2023-05-05 09:56:40
3033 baxış

Digər xəbərlər

“Xocalı: Silinməyən yaddaşımız – Ədalətin hökmü” mövzusunda konfrans keçirilib

23 fevral 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin birgə təşkilatçılığı ilə  “Xocalı: Silinməyən yaddaşımız – Ədalətin hökmü” mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublkasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xocalı soyqırımı və onun ağır nəticələri haqqında danışıb, 44 günlük Vətən müharibəsi və anti-terror əməliyyatından sonra Xocalı qatillərinin məsuliyyətə cəlb edildiyini vurğulayıb: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə hücum edilmişdir. Şəhər tam mühasirəyə alınmış, dinc əhaliyə qarşı əvvəlcədən planlaşdırılmış və xüsusi qəddarlıqla həyata keçirilmiş kütləvi qətliam törədilmişdir. Rəsmi məlumatlara əsasən 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmuşdur; 8 ailə tamamilə məhv edilmişdir, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir, 487 nəfər yaralanmışdır,1275 nəfər əsir götürülmüşdür,150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək naməlum qalır. Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilmiş, 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xüsusi qərar qəbul edilmişdir. Bu qərar faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım olmuşdur. Bu gün Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Heydər Əliyev Fondunun təşəbbüsü və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində faciə ilə bağlı həqiqətlər bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatları tərəfindən tanınmış və siyasi qiymətini almışdır. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanılmış, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Bununla da Xocalı qurbanlarının və bütün şəhidlərimizin qanı yerdə qalmamışdır”. Daha sonra “Biz soyqırıma və terrora yox deyirik!” adlı sənədli film nümayiş olunub. Tədbirdə çıxış edən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri jurnalist Şamil Sabiroğlu Xocalı sakinlərinin üzləşdiyi soyqırımın dəhşətlərindən söz açıb, Ayaz Mütəllibov hakimiyyətinin səhlənkarlığından, səriştəsizliyindən bəhs edib. Gəncləri Prezident İlham Əliyevə dəstək verməyə səsləyən Şamil Sabiroğlu, tarixi keçmişimizin öyrənilməsinin gələcəyimiz baxımından həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyev çıxışında xalqımızın yaşadığı faciələrin, eləcə də, imza atdığı qəhrəmanlıqların təbliğində ədəbiyyat və mədəniyyətin mühüm rol oynadığını bildirib. Əməkdar jurnalist qeyd edib ki, ədəbiyyat adamları, yazıçı və tarixçilər bundan sonra da öz təbliğati, maarifləndirici missiyalarını davam etdirməli, tariximizlə bağlı faktların gələcək nəsillərə çatdırılmasında aktiv iştirak etməlidirlər. Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova yeniyetmə və gənclərin milli tarixlərinə bələd olmasının vacibliyindən danışıb. O, qeyd edib ki, məhz tarixi dərindən bilmək, xalqın keçmişinə bələd olmaq gələcək nəsilləri yeni bəlalardan və təhlükələrdən hifz edə bilər. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin  üzvü, soyqırımın şahidi Hüseynağa Quliyev şahidi olduğu erməni vəhşiliklərindən danışıb. Ermənilərin dinc insanları ən qorxunc işgəncələrlə qətlə yetirdiyini bildirən soyqırım şahidi, bütün bu həqiqətlərin bütün dünyaya yayılmasının vacibliyini qeyd edib. Ehtiyatda olan mayor, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin iştirakçısı qazi Muxtar Həşimov erməni vəhşiliyindən bəhs etməklə yanaşı, ermənilər tərəfindən Xocalıda qətlə yetrilən şəxslərin sayının 613 deyil, daha çox olduğunu bildirib, bu rəqəmin yenidən dəqiqləşdirilməsinin vacib olduğuna diqqət çəkib. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Gənclər Təşkilatının sədri Məleykə Məmmədrzayeva Xocalı soyqırımının heç zaman unudulmayacağını, xalqımızın yaddaşında hər zaman yaşayacağını vurğulayıb. Konfransın sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
Bu il Türkiyənin Marmaris şəhərində keçiriləcək “Elvedasız şarkılar” adlı musiqi layihəsi Azərbaycana həsr olunacaq

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ənənəvi olaraq hər il turizm bölgələrində keçirilən “Elvedasız şarkılar” adlı xeyriyyə məqsədli konsert proqramı çərçivəsində bu il Azərbaycan musiqisi təqdim ediləcəkdir.  Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 28 avqust tarixində Marmaris şəhərində altı min nəfərlik tarixi amfiteatrda baş tutacaq konsertdə hər iki ölkənin sənətçiləri iştirak edəcəklər. Datça - Kimsəsiz uşaqlar üçün şəhərciyə yardım məqsədi ilə təşkil olunan konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, gənc azərbaycanlı müğənni, vokalist Aynur İsgəndərli, Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Rəqsləri Ansamblı çıxış edəcək, milli musiqilərimiz və rəqslərimiz təqdim ediləcəklər. Tədbirin qonaqları olaraq konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Bora Gencer, Nühket Duru, Ozan Orhon və b. müğənnilər  çıxış edəcəklər.  Seymur ƏLİYEV  

Hamısını oxu
İlham Əliyev: “Bayraktar” uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı”

“Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənaye məhsullarını Azərbaycana təqdim edəcək. Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik yer tutur”. Bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib. “Vətən müharibəsində Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” böyük dəyişikliklərə səbəb olub. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş olduğunu bir daha gördü”, - ölkə başçısı bildirib.

Hamısını oxu
Sumqayıtda “Kəskin daşlı xolesistitin müalicəsində müasir yanaşmalar” mövzusunda konsensus konfransı keçirilib

Sumqayıtda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Almazakademi Tibbi Treninq Mərkəzi, TƏBİB və Sumqayıt Tibb Mərkəzinin  təşkilatçılığı ilə “Kəskin daşlı xolesistitin müalicəsində müasir yanaşmalar” mövzusunda konsensus konfransı keçirilib. Tədbir iştirakçıları öncə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Müxtəlif ixtisaslı həkimlərin iştirak etdiyi konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili,   Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, deputat Müşfiq Məmmədli çıxış edərək konfransın işinə uğurlar arzu ediblər. TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov  çıxışında bildirib ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Qeyd edib ki, son illər bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər həyata keçirilib. Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən, həyata keçirilən cərrahi əməliyyatlardan bəhs edib. Vurğulayıb ki, bu kimi konfransların təşkili səhiyyənin daha da inkişafına öz töhfəsini verəcək. Konfrans M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsağın cərrahlığı şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov tərəfindən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasında icra edilərək 300-ə yaxın iştirakçı üçün zala translyasiya edilən canlı cərrahiyyə ilə işinə başlayıb. Plenar iclasla davam edən konfransda professorlar Qurbanxan Müslümov, Rəşad Mahmudov, İslam Mahalov, tibb üzrə fəlsəfə doktorları Emil Muxtarov, Fərid Rəfiyev, Nicat Alışov və Cavanşir Vahabov tərəfindən tibbin müxtəlif sahələrini əhatə edən təqdimatlar edilib və  iştirakçılarla bərabər səmərəli müzakirələr təşkil edilib. Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hamısını oxu