Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Türkdilli məktəblərin ödənişli əsaslarla fəaliyyəti fonunda rusdilli məktəblərin büdcədən maliyyələşməsi absurddur”

Məşhur Məmmədov: “Rus dilində fəaliyyət göstərən təhsil müəssiələrinin hamısı ödənişli əsaslarla fəaliyyət göstərməlidir”

“Bu, həm məntiqi, həm də qanuni baxımından daha doğru olar”

Son vaxtlar Azərbaycanda rus dilində fəaliyyət göstərən təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsinin dayandırılması və həmin müəssisələrin ödənişli şəkildə fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aktuallaşıb.

Moderator.az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə bu məsələni ətraflı şəkildə şərh etməyə çalışdıq:

-Məşhur müəllim, son günlərin ən çox müzakirə olunan məsələlərindən biri ölkəmizdə fəaliyyət göstərən rusdilli təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılması və onların ödənişli əsaslarla fəaliyyətinin təşkili ilə bağlıdır. Sizcə belə bir yeniliyə ehtiyac var?

-Əslində, bu, çoxdan olması gərəkən və uzun müddətdir ki, gecikən bir məsələdir.

Hər şeydən öncə qeyd edək ki, Azərbaycanda rusdilli təhsil müəssisələrinin fəaliyyəti sovet dönəmi ilə bağlıdır. Məhz sovet dönəmində Kremlin ruslaşdırma siyasəti sadəcə ölkəmizdə deyil, SSRİ-yə daxil olan digər respublikalarda da rusdilli məktəblərin meydana çıxmasına səbəb oldu.  Lakin SSRİ-nin dağılması ilə keçmiş sovet respublikalarıdnakı bu məktəblərin bir qismi ləğv edildi, digər qismi isə ödənişli əsaslarla fəaliyyət göstərməyə başladı. Fəqət Azərbaycan həmin məktəbləri müstəqillik dönəmində də dövlət büdcəsi hesabına maliyyələşdirməkdə davam etdi. Ancaq müstəqillikdən bugünə qədərki dönəmin təhlili bir daha onu deməyə əsas verir ki, rus dilində fəaliyyət göstərən bu məktəblərin ödənişli əsaslarla fəaliyyətinə ehtiyac var. Bunu zəruri edən bir sıra səbəblər mövcuddur ki, biz bu səbəbləri görməzdən gələ bilmərik.

-Həmin səbəblər hansılardır?

-Həmin səbəblərdən ən başlıcası bu müəssisələrin dövlət büdcəsi hesabına fəaliyyətinin məntiqi baxımdan düzgün olmaması, eləcə də qanunvericilik baxımından sual doğurmasıdır.

Respublikamızda dövlət dili Azərbaycan dilidir və dövlətimiz ana dilimizdə fəaliyyət göstərən bütün orta məktəblərin dövlət büdcəsi hesabına maliyyələşməsini təmin edir. Azərbaycan dili respublikamızda yeganə rəsmi dil olduğu üçün dövlətimizin məsələyə bu cür münasibəti həm qanuni, həm də mənəvi baxımdan tam doğru və məntiqlidir. Lakin rus dili Azərbaycanda qeyri-dövlət dili olduğu üçün bu dildə fəaliyyət göstərən təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsi absurddur.

Biz 1991-ci ildən etibarən müstəqil dövlətik və sovet dönəmində yaşamırıq. Bizim Azərbaycan dilindən başqa hər hansı bir dildə fəaliyyət göstərən təhsil müəssiəsini dövlət büdcəsi hesabına maliyyələşdirmək kimi borcumuz və öhdəliyimiz yoxdur. Belə olan halda rusdilli məktəblərin büdcə hesabına maliyyələşdirilməsinin davam etdirilməsi doğru sayıla bilməz.

Onu da unutmaq olmaz ki, bu cür məktəblərin sayı kifayət qədər çoxdur. Bu isə o deməkdir ki, həmin məktəblərin saxlanılmasına dövlət büdcəsindən hər il xeyli vəsait sərf edilir. Biz həmin məktəblərin ödənişli fəaliyyətinə start verməklə, büdcə vəsaitinə də qənaət etmiş olarıq.

-Məşhrur müəllim, ölkəmizdəki rusdilli təhsil müəssisələrin dövlət büdcəsindən maliyyələşdirilməsinə son qoyulmasını zəruri edən daha hansı amillər mövcuddur?

-Bunu zəruri edən digər bir amil ölkəmizdə fəaliyyət göstərən bütün qeyri-Azərbaycandilli məktəblərin hamısının ödənişli əsaslarla fəaliyyət göstərməsidir.

Bu gün ölkəmizdə ingilis, alman və s. dillərdə fəaliyyət göstərən təhsil müəssisələri var. Hansı ki, həmin müəssisərləin hamısı ödənişli əsaslarla fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən türkdilli məktəblərin də fəaliyyəti ödənişli əsaslarladır və onlar büdcədən maliyyələşmir.

Təsəvvür edin,  Türkiyə Azərbaycana qardaş ölkədir və ölkəmizdə fəaliyyət göstərən türkdilli məktəblərin heç biri dövlət büdcəsindən maliyyələşmir. Lakin rusdilli məktəblər kütləvi şəkildə dövlət büdcəsindən maliyyələşir. Halbuki, Rusiyda bir dənə də olsun Azərbaycan dilində fəaliyyət göstərən təhsil müəssisəsi yoxdur. Belə olan halda rusdili məktəblərin büdcədən maliyyələşdirilməsinin davam etdirlməsi yolverilməzdir.

Hesab edirəm ki, biz həm milli maraqlarımızı, həm də büdcə maraqlarımızı əsas götürərək rusdilli məktəblərin ödənişli əsaslarla fəaliyyətini təmin etməli, onların büdcədən maliyyələşməsinə son qoymalıyıq.

Seymur ƏLİYEV

 

2025-08-07 15:13:27
2884 baxış

Digər xəbərlər

Yeni dövlət proqramları: iqtisadiyyatın gələcək inkişafına doğru addım

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı çıxışında proqramın hazırlanma tarixçəsindən danışıb — aprelin əvvəlində müvafiq Sərəncam imzalandığını və bir neçə ay ərzində hazırlıq işlərinin aparıldığını bildirib. Müşavirədən sonra prezident yeni Sərəncam imzalayaraq proqramı rəsmən təsdiq edib.2027-ci ildən icrasına başlanacaq proqram dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi kimi nəzərdə tutulub. Əsas hədəf sektorun gəlirinin iki dəfə artırılmasıdır, bunun üçün isə təxminən 5,3 milyard manat investisiya tələb olunur. Sosial baxımdan da əhəmiyyətlidir — proqram beş mindən çox daimi iş yerinin yaradılmasını nəzərdə tutur. Qeyd olunub ki, dağ-mədən sənayesi Davos Ümumdünya İqtisadi Forumunda xarici investisiyaların cəlbi və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından ölkənin əsas prioritet sahələrindən biri kimi dəyərləndirilib.Proqramın icrasına nəzarəti Nazirlər Kabineti həyata keçirəcək və ildə bir dəfə prezidentə hesabat veriləcək. Monitorinq və qiymətləndirmə funksiyası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.Prezident müşavirədə son dövrlər qəbul olunmuş digər dövlət proqramlarına da toxunub. Qəbul edilmiş proqramlar arasında əsas istiqamətlər kimi kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı (meliorasiya, Bakı-Abşeron yarımadasının su təminatı) sahələri qeyd olunub, baxmayaraq ki, real olaraq daha çox sayda proqram təsdiq edilib.Dövlət başçısının fikrincə, bu proqramlar böyük vəsait tələb etsə də, həm ölkə iqtisadiyyatını gücləndirəcək, həm də vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təminatını yaxşılaşdıracaq. Vaxt çərçivəsinə gəlincə, qəbul edilmiş proqramların əksəriyyəti qısamüddətlidir və 2030-cu ilin sonuna qədər icra olunmalıdır. Su proqramı nisbətən daha uzun müddət tələb edir, dağ-mədən və metallurgiya proqramı isə cəmi dörd il ərzində icra edilməlidir.Prezident ölkə iqtisadiyyatının cari vəziyyətinə də münasibət bildirib: hazırkı artım templərinin çox da yüksək olmamasının səbəbini ilk növbədə neft hasilatının aşağı düşməsi ilə əlaqələndirib. Məhz bu fonda qeyri-neft sənayesinin, o cümlədən dağ-mədən və metallurgiya sahəsinin inkişafı iqtisadi şaxələndirmə baxımından strateji əhəmiyyət kəsb edir.Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı, kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı sahələrindəki digər proqramlarla birlikdə, Azərbaycanın qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində vahid strategiyanın tərkib hissəsidir. Milyardlarla manat investisiya, minlərlə yeni iş yeri və dəqiq icra müddətləri ilə bu proqramlar həm makroiqtisadi göstəricilərin yaxşılaşdırılmasına, həm də əhalinin sosial rifahının artırılmasına xidmət etməklə ölkə iqtisadiyyatının daha dayanıqlı əsaslar üzərində inkişafına töhfə verməyə hesablanıb. Bu proqramların paralel şəkildə icrası göstərir ki, dövlət neft gəlirlərindən asılılığı azaltmaq üçün ardıcıl və sistemli bir yanaşma nümayiş etdirir, hər bir sahəyə ayrılan vəsait isə təsadüfi deyil, konkret hədəflər və nəzarət mexanizmi ilə müşayiət olunur. Bununla yanaşı, dörd illik qısa icra müddəti dövlət qurumları qarşısında ciddi öhdəliklər qoyur və proqramların uğuru əsasən icra intizamından və vaxtında maliyyələşdirmədən asılı olacaq. Nəticə etibarilə, bu strateji sənədlər təkcə sənaye göstəricilərinin yaxşılaşdırılmasına deyil, həm də uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının daha çevik, şaxələndirilmiş və xarici təsirlərə davamlı bir modelə keçidinə xidmət edir. Zaur MuradovYeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib

9 dekabr saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Heydər Əliyev – hüquqi və demokratik dövlət quruculuğunun banisidir” mövzusunda konfrans keçirilib.   Konfransı giriş sözü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova açıb, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi  1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki roluna diqqət çəkib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan bir dövlət kimi parçalanmadan xilas olub, öz müstəqilliyini möhkəmləndirib, bütün parametrlər üzrə sürətli inkişaf dövrünə qədəm qoyub.     Sədr müavininin çıxışından sonra Ulu öndərə həsr edilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” filmi nümayiş olunub.   Daha sonra Azərbaycan Respublikası “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyev, akademik Ziyad Səmədzadə,  Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru  Abduləli Abdullayev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timoşenko, fəlsəfə elmləri doktoru, əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, şöbə müdiri general-mayor Rasim Əliyev, şöbə müdiri Bəhram Zahidov çıxış edərək Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzssiz xidmətlərinə toxunublar.   Tədbirdə “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyevin ideya müəllifliyi və  təşkilatçılığı ilə çap edilən “Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı  da konfrans iştiakçılarına təqdim olunub. Kitabda 1969-2019-cu illərdə hüquq-mühafizə orqanlarındakı islahatlar öz əksini tapıb.   Tədbirdə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenatı Ruslan Vəliyev, müharibə veteranları və ziyalılar iştirak edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu
Prezidentə yazırlar: “Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyirik”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlməyə davam edir. APA məktublardan bir neçəsini təqdim edir:   Raşit İşcandan, Karaman, Türkiyə “Hörmətli cənab Prezidentimiz İlham Əliyev. Mən Türkiyənin Karaman şəhərindəki Mərkəzi İmam Hatip Liseyinin şagirdiyəm. Azərbaycanı çox sevirəm. Bu sevgimi bildirmək, Azərbaycan Ordusuna dəstəyimi ifadə etmək üçün gündəlik xərcliyimdən topladığım 1000 türk lirəsini Silahlı Qüvvələr Fonduna göndərmişəm. Sizlər orada Vətən torpağı üçün canla-başla mübarizə apararkən topladığım pulu xərcləməyi özümə halal bilmərəm və bununla tarixi mübarizənizdə az da olsa payımın olmasını istəyirəm. Mənim Azərbaycana olan sevgimi, səmimi hisslərimi qəbul edin. Siz ata-baba torpaqlarınızda qəhrəmanlıq dastanı yazırsınız. Rəbbim Sizə və şanlı Ordunuza zəfərlər nəsib etsin. Qəlbim və dualarım daim Sizinlədir. İnşallah, imkan olanda Azərbaycanı ziyarət edəcəyəm, ikinci Vətənimlə bağlı xəyallarımı həyata keçirəcəyəm. Siz də yəqin ki, gələcəkdə gözəl Türkiyəmizə səfər edəcəksiniz. Fürsət və qismət olarsa, türk və İslam dünyasının iki güclü Liderini ziyarət edib əllərinizdən öpmək arzumdur. Sizi və can Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu haqq savaşınızda Allah yar və yardımçınız olsun. Mən Azərbaycan Ordusuna hər zaman kömək etməyə hazıram”.   Veysel Barkan İpəkdən, Antalya, Türkiyə “Cənab Müzəffər Ali Baş Komandanım. Erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməklə Siz bütün türklərin başını göylərə qaldırdınız. Türkiyədə yaşayan hər bir insan Sizin möhtəşəm Qələbənizə, Azərbaycan Ordusunun və Azərbaycan xalqının Zəfərinə ürəkdən sevinir. Torpaqlarımızın azadlığı yolunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə isə səbir diləyirik. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın türk milləti! Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev!”   Valeh Abdullayevdən, Ağdam, Azərbaycan “Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş komandan. Siz bizə ən xoş günlərimizi, ən xoş arzularımızı Cəbrayılın, Zəngilanın, Xocalının, Füzulinin, Xocavəndin, Ağdamın, Ağdərənin, Xankəndinin, Kəlbəcərin, Laçının, Azərbaycanın döyünən ürəyi olan Şuşanın işğaldan azad edilməsi və Qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla yaşatdınız, 27 illik Vətən həsrətimizə son qoydunuz. Dünyaya göz açdığım doğma Ağdamın Güllücə kəndinə qayıdacağımız gün yaxındadır. Bu tarixi Zəfər bayramını bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk, cənab Prezident! Uca Tanrı Sizə yar olsun! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Yaşasın rəşadətli Ordumuz!”   Elcan Mirzəyevdən, Şuşa, Azərbaycan “Cənab Ali Baş Komandan. Hazırda Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır. Mən özüm də əslən Şuşa rayonundanam Bizə bu sevinci yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Siz Azərbaycan tarixinə adınızı qızıl hərflərlə yazdınız. Vətənim Şuşa şəhəri Sizin sayənizdə azadlığa qovuşdu. Sizin 17 illik hakimiyyətiniz müddətində Azərbaycan böyük inkişaf yolu keçib, regionda iri iqtisadi layihələr reallaşdıraraq dünyada söz sahibinə çevrilib. Hazırda Azərbaycan inkişafına görə Avropa ölkələri ilə müqayisə ediləcək səviyyədədir. Həmçinin əhalinin rifahı yüksəlib, ölkəmizdə turizm sahəsi inkişaf edib. Eyni zamanda, Azərbaycan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Ölkəmizi dünyanda tanıtdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha da inkişaf edəcək və yaxın zamanda dünyanın super gücünə çevriləcək. Siz xalqımızın xoşbəxtliyində çox böyük rol oynamışınız. İnanıram ki, Siz cənnət Qarabağımızı yaxın gələcəkdə gülüstana çevirəcəksiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm”.   Əzizxan Hüseynovdan, İmişli, Azərbaycan “Hörmətli cənab Prezident. Bütün Azərbaycan vətəndaşları kimi, mən və ailə üzvlərim də Sizə və Mehriban xanıma cansağlığı, yenilməz, müzəffər Ordumuza Qələbə uğurları arzulayırıq. Qoy, Ulu tanrı xalqımıza kömək olsun! Şükür Allaha ki, Ordumuz qanı ilə, canı ilə tarixi Qələbəni qazandı. Mümkün qədər az itki ilə qazanılmış bu Qələbə Sizin müdrik siyasətinizin, gecə-gündüz əzmlə çalışmağınızın nəticəsidir. Sizə edilən bütün xoş alqış və dualar halaldır. Allah Sizi qorusun. Azərbaycan Respublikasının Prezidenti kimi Sizinlə fəxr edirik”.   Mikayıl Qeybullayevdən, Şəki, Azərbaycan “Hörmətli Prezident, cənab Ali Baş Komandan. Bu gün bütün Azərbaycan qürur hissi ilə Sizin müdrikliyinizdən, uzaq gələcəyə yönələn tədbirlərinizdən və bütün bunların uğurlu nəticəsi olaraq erməni faşizmi üzərində parlaq Qələbənizdən, əzəli torpaqlarımızın azad edilməsindən danışır. Bizim Zəfərimiz bütün dünyanı silkələmiş, mat vəziyyətinə salmışdır. Qısa müddət ərzində "dəmir yumruq" mənfur düşmənin başını elə əzmişdir ki, o, uzun müddət özünə gələ bilməyəcək. Cənab Prezident, Siz öz bacarığınız, mətinliyiniz, dönməzliyiniz və ən əsası, torpaqlarımızın düşmən tapdağından qurtulması məqsədilə çoxmillətli Azərbaycan xalqını birləşdirməyə nail oldunuz. Müharibə dövründə 30-dan çox xarici informasiya kanalına verdiyiniz dolğun müsahibələrinizlə Siz sübut etdiniz ki, Ulu Öndər məktəbinin yetirməsisiniz. Səbriniz, iradəniz, sualları cavablandırmaq tərziniz, diplomatiyanız "prokuror" kimi sorğu-sual edənləri şoka salmışdı. Onlar şərtlə gəlib suyu süzülə-süzülə qayıtdılar. Bu, milyonlarla insanın Azərbaycan, münaqişə haqqında fikirlərinin dəyişməsinə, bəzi ölkə başçılarının utancına səbəb oldu. Dünyanın hər yerində milyonlarla insan Sizi öz kumirinə çevirdi, çalışdı ki, mədəniyyəti, hazırcavablılığı, savadı ilə Sizə oxşasın, Sizi təlqin etsin. Hörmətli cənab Prezident, biz Sizi Azərbaycan Milli Qəhrəmanı və ən yüksək hərbi vəzifə daşıyan insan kimi görmək istəyirik. Siz buna layiq Vətən oğlusunuz! Yaşasın Müzəffər Odumuz! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”   Sənəm Məmmədovadan, Ağsu, Azərbaycan “Hörmətli cənab Prezident. Sizin uzaqgörən siyasətiniz nəticəsində Qarabağ torpaqları düşmən işğalından azad edildi. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin, Sizin kimi cəsur və dərin zəkalı savadlı övlad yetişdirib. Əziz Prezidentimiz, Sizə möhkəm cansağlığı arzulayıram. Sizinlə fəxr edirik. Qarabağ Azərbaycandır!”   Gülnar Əlizadədən, Şəki, Azərbaycan “Cənab Müzəffər Ali Baş Komandan. Qarabağ münaqişəsini birdəfəlik həll etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Siz böyük, yorulmaz səylər göstərməsəydiniz, hazırda Qarabağ yenə mənfur düşmənin tapdağı altında olardı. Cənab Prezident, arzu edirəm ki, Siz daim Azərbaycan Respublikasının Ali Baş Komandanı olasınız. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”   Vüsalə Hacıyevadan, Sumqayıt, Azərbaycan “Möhtərəm cənab Prezident. İcazə verin, möhtəşəm Qələbə münasibətilə Sizə dərin minnətdarlığımı bildirim. Siz təqvimdəki işğal günlərini ləğv edib, bizə Zəfər Günü yaşatdınız. Mənim uşaqlığım doğma Qubadlıda, Cəbrayılda keçib. Lakin uzun illər idi ki, işğal altında olan ata-baba yurdlarımıza həsrət qalmışdıq. Buna baxmayaraq, hər zaman ürəyimizdə bir inam var idi ki, Ali Baş Komandanımız mütləq torpaqlarımızı işğaldan azad edəcək. Həmin gün nəhayət ki, gəlib yetişdi. Şükür Allaha ki, bu günləri yaşamaq bizə nəsib oldu. Çox xoşbəxtəm ki, səs verdiyim, dəstəklədiyim, qəlbən inandığım Prezident işğal altında olan bütün torpaqlarımızı azad etdi. Cənab Prezident, 44 günlük müharibə bütün dünyaya Sizin necə müdrik siyasi xadim, diplomat və güclü sərkərdə olduğunuzu, müzəffər Ordu qurduğunuzu bir daha göstərdi. Sizin televiziya vasitəsilə etdiyiniz bütün çıxışları ailəliklə sevə-sevə dinlədik və paylaşdıq, Sizinlə hər zaman qürur duyduq və bir an belə ümidsizliyə qapılmadıq. Siz təkcə torpaqlarımızı deyil, bizim uşaqlıq xatirələrimizi işğaldan azad etdiniz. İndi mən Cəbrayılda, Qubadlıda babalarımın evlərini ziyarət edəcəyim, o yerləri bir də görəcəyim günü səbirsizliklə gözləyirəm. Bu xoşbəxtliyi bizə nəsib etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm. Sizin rəhbərlik etdiyiniz ölkədə yaşadığım üçün çox xoşbəxtəm. Allah hər zaman Sizə kömək olsun”.   Mədinə İbadovadan, Şirvan, Azərbaycan “Cənab Ali Baş Komandan. Bu gün bütün Azərbaycan xalqı Sizin komandanlığınız altında gerçəkləşən tarixi Zəfərin qürurunu yaşayır. Siz bu qələbənizlə min illərə söykənən tariximizdə hər sətiri qızıl hərflərlə yazılan yeni səhifə yaratdınız. Gücümüzü bütün dünyaya nümayiş etdirdiniz. 30 ilə yaxındır azadlıq həsrəti ilə çırpınan Qarabağımızda qaldırdığınız Zəfər Bayrağı bizim hər birimizin qürur mənbəyidir. Möhtərəm cənab Prezident, hər bir vətəndaşımız bu müqəddəs amal uğrunda apardığınız haqq mübarizəsində Sizin ətrafınızda bir yumruq kimi birləşərək, Sizinlə birgə addımladı və bundan sonra da addımlayacaq. Xalqla olan birliyiniz Sizin Zəfər yolunuza işıq saldı. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə yüksələn şəhid övladlarımızın ailələrinə, qazilərimizə göstərdiyiniz hərtərəfli diqqət və qayğı Sizin ölkəmizin hər bir vətəndaşına verdiyiniz ali dəyərin təzahürüdür. Biz Sizinlə fəxr edirik. Var olun, cənab Ali Baş Komandan!”   İkram Kərimovdan, Gəncə, Azərbaycan "Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Mən hər zaman Sizin siyasətinizi dəstəkləmişəm. Siz 27 il həsrətində qaldığımız dədə-baba torpaqlarımızı özümüzə qaytardınız. Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq onun nəsihətlərini, vəsiyyətini yerinə yetirdiniz. Cənab Prezident, Sizə və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğana çox minnətdaram. İndi çox rahatam, öz ata-baba yurdum olan Kəlbəcər rayonunun Ağyataq kəndinə qayıdacağam, atamın məzarını ziyarət edəcəyəm. Bir arzum da var, doğma kəndimə qayıdaraq Sizin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ayaqları altında qurban kəsim. Allah hər ikinizi qorusun. İnşallah, 100 illik yubileylərinizi Şuşada, Kəlbəcərdə qeyd edəsiniz. Cənab Prezident, istərdim ki, kəndimizdə yerləşən civə zavodunun fəaliyyəti tezliklə bərpa edilsin. Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, torpaqlarımızın azad olunması münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm. Daha bir arzum isə Sizə "Marşal" hərbi rütbəsinin verilməsidir”.   Bəhrəm Hüseynlidən, Bakı, Azərbaycan “Cənab Ali Baş Komandan. Sizə dərin təşəkkürümü bildirirəm ki, bizə bu sevincli günləri yaşatdınız. Mən xoşbəxtəm ki, Sizin kimi bir müdrik Lideri olan ölkədə yaşayıram. Sizinlə qürur duyuram. Allah Sizə uzun ömür, cansağlığı versin. Qarabağ Azərbaycandır!”   Fərid Babayevdən, Qusar, Azərbaycan “Hörmətli cənab Prezident. Sentyabrın 27-dən sonra yaşadığımız günlər tariximizin unudulmaz və parlaq səhifəsidir. 30 il ərzində gözlədiyimiz, arzuladığımız nəticəni cəmi 44 gündə əldə etdik. Bu Qələbənin qazanılmasında Sizin cəsarətiniz, uzaqgörənliyiniz, vətənpərvərliyiniz, liderə xas olan bütün keyfiyyətlərimiz əsas rol oynadı. Lider-xalq birliyi, hərtərəfli hazırlıqlı yenilməz Azərbaycan Ordusu Qələbəmizin əsasını təşkil etdi. Siz bu Qələbə ilə bütün dünyaya sübut etdiniz ki, torpaqlarının işğalı ilə barışmayan mübariz Azərbaycan xalqı var. Düşməni məğlub etməklə, həm də bölgədə qara ləkə olan erməni faşizmini məhv etdiniz. Yenilməz Azərbaycan Ordusuna eşq olsun! Tanrı Sizi qorusun! Qarabağ Azərbaycandır!”   Rahib Abdullayevdən, Abşeron, Azərbaycan “Cənab Müzəffər Ali Baş Komandan. Sizin yürütdüyünüz uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan xalqı bayram edir. Möhtəşəm Qələbə münasibətilə Sizi şəxsən öz adımdan, ailəmin adından ürəkdən təbrik edir, Sizə və müzəffər Ordumuza təşəkkürlərimizi bildiririk. Otuz ilə yaxın müddətdə düşmən tapdağı altında qalan torpaqlarımız Sizin qətiyyətli addımlarınız, ordu quruculuğu sahəsində apardığınız uğurlu siyasət nəticəsində 44 gün ərzində işğaldan azad olundu. Bu sevincli günləri xalqımıza yaratdığınız üçün Allah Sizi, cəsur hərbçilərimizi qorusun. Uca Yaradan Sizin kölgənizi Azərbaycan xalqının üzərindən əskik etməsin. Qarabağ Azərbaycandır!”   Aqşin Nəzərovdan, Bakı, Azərbaycan “Hörmətli Prezident, cənab Ali Baş Komandan. Mən 1997-ci ildən televiziya sahəsində çalışıram. O vaxtdan bu günədək ölkədə baş verən bütün ictimai-siyasi hadisələrin canlı şahidiyəm - ulu öndər Heydər Əliyevin torpaqlarımızın işğalının qarşısını almasından Sizin kimi Fatehin ərazilərimizi azad etməsinə qədər. Cənab Prezident, sağ olun ki, bizə bu duyğuları yaşatdınız. Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Çox heyf ki, o zaman Sizin kimi Komandanımız olmadı. On mindən artıq hərbçi şəhid oldu, ərazilərimiz qəsb edildi, mülki əhaliyə divan tutuldu, insanlar evlərindən didərgin düşdülər. Bir televiziya işçisi kimi bundan sonra Sizin sayənizdə ağrılı-acılı işğal günləri, soyqırımları haqqında deyil, Zəfər, qürurlu Qələbə dolu proqramlar hazırlayacağıq. Ulu Öndərimiz bizə azərbaycanlı olmağımızın fəxrini yaşatdı, Siz isə azərbaycanlı olmağımızın qürurunu. Dəmir yumruq İlhamdır, Qarabağ Azərbaycandır!”   Nurlan Vəlişovdan, Beyləqan, Azərbaycan “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin hərbçilərə verdiyiniz dəyər hamımızı daha böyük qələbələrə ruhlandırır. Adımın "Cəsur döyüşçü" medalı ilə təltif olunanların siyahısında olması məni və ailə üzvlərimi çox sevindirdi. Şəxsən öz adımdan və ailəmin adından Sizə möhkəm cansağlığı, uğurlar, daim ailənizin və dövlətimizin başında olmağınızı arzu edirəm. Var olun, Allah Sizi qorusun!”   Mikayıl İsmayılovdan, Şamaxı, Azərbaycan “Hörmətli cənab Ali Baş Komandan. Sizi Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edirəm. Sizin rəhbərliyinizlə qazanılan zəfərlərdən sonra Azərbaycan üçün yeni dövr başlayır. Yeni dövrdə biz artıq qalib xalq kimi çıxış edəcəyik. Biz bu şərəfli adı Sizin uzun illər yorulmadan göstərdiyiniz səylərin, gərgin fəaliyyətinizin, xalqımızın birliyinin, şəhidlərimizin canı, qanı sayəsində əldə etdik. Sizin uzaqgörən siyasətiniz sayəsində şanlı Ordumuz Azərbaycanın adını ucaltmağa nail oldu. Biz artıq öz gücümüzə inanan, gələcəyə nikbin baxan xalqıq. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah Sizi xalqımızın üstündən əskik etməsin”.

Hamısını oxu
QDF-in dəstəyi ilə Laçının tarixi “Bəylik Bağları”nın bərpası həyata keçirilir

Veteran.gov.az xəbər verir ki, aprelin 11-də Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və yerli sakinlər iştirak ediblər. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov tədbirdə çıxış edərək bildirib ki, “Bəylik Bağları” Laçın rayonunun zəngin irsinin mühüm tərkib hissələrindən biri hesab olunur. Tarixən bu məkan münbit torpaqları və müxtəlif meyvə ağacları ilə seçilərək regionun tanınmış bağçılıq ənənələrinin formalaşmasına töhfə verib. Bu ərazi həm yerli sakinlərin təsərrüfat həyatında, həm də ərazinin ekoloji tarazlığının qorunmasında xüsusi rol oynayıb. “İşğal dövründə ciddi zərər görməsinə baxmayaraq, bu ərazi yenidən bərpa və yaşıllaşdırma işlərinin əsas istiqamətlərindən birinə çevrilib. Bu gün Laçın rayonunda keçirilən ağacəkmə aksiyası təkcə ekoloji təşəbbüs deyil, eyni zamanda doğma torpaqlarımızın dirçəlişinə verilən mühüm töhfədir”- deyə, M.Məmmədov qeyd edib. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, layihənin başlıca məqsədi bu gözəl diyarı əvvəlkindən də abad və ekoloji cəhətdən dayanıqlı bir məkana çevirməkdir. “Bu istiqamətdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı layihələr işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Biz də Qarabağ Dirçəliş Fondu olaraq Qarabağda ekoloji tarazlığın bərpasına yönəlmiş təşəbbüslərə böyük önəm veririk. Bu cür layihlər cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirərək həmrəylik və məsuliyyət hissini gücləndirir. Əminəm ki, birgə səylərimiz nəticəsində Laçın yaxın illərdə regionun ən gözəl və yaşıl guşələrindən birinə çevriləcək”- deyə, İdarə Heyətinin sədri vurğulayıb. Keçirilən ağacəkmə aksiyasına görə təşkilatçılara təşəkkür edən yerli sakinlər, aksiyanın ərazilərin yaşıllaşdırılması və ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Çıxışlardan sonra ağacəkmə aksiyasına start verilib. Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə icra edilən bu layihə çərçivəsində müasir damcı suvarma sistemi çəkilən 2,8 hektarlıq ərazidə artıq 700 meyvə ağacı əkilib. Ümumilikdə isə ərazidə ümumilikdə 1280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi nəzərdə tutulur. Ağacəkmə aksiyasından sonra tədbir iştirakçıları Laçın şəhərini gəzərək burada aparılan bərpa və quruculuq işləri ilə tanış olublar. Eyni zamanda Laçın rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyi ilə Qarabağ Dirçəliş Fondu arasında Laçın rayonunun bərpası çərçivəsində gələcəkdə birgə layihələrin icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Bəylik kəndi tarixən öz münbit torpağı və müxtəlif növ meyvə ağaclarından ibarət məşhur “Bəylik bağları” ilə tanınıb. 30 illik işğal dövründə bu ərazilər ekoloji terrora məruz qalıb, kəndin tarixi yaşıllıq örtüyü tamamilə məhv edilib. Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsinə daxil olan Bəylik kəndi 1992-ci ildə işğal edilmişdi. 2020-ci il 1 dekabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Kənd işğaldan azad edildikdən sonra tamamilə yenidən qurulub, müasir standartlara uyğun yaşayış infrastrukturu yaradılıb. Burada fərdi yaşayış evləri, daxili yollar, elektrik, su, qaz və rabitə xətləri çəkilib, sosial obyektlərin tikintisi təmin edilib. Tikinti-quruculuq işləri başa çatdırdan sonra Bəylik kəndinə əhalinin mərhələli şəkildə köçürülməsinə başlanıb. Xatırladaq ki, 2025-ci il mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri çərçivəsində Bəylik kəndinə köçən sakinlərlə görüşərək, onlara evlərin açarlarını təqdim edib. Həmin vaxt kəndə 38 ailə (153 nəfər) köçürülüb. Hazırda isə Bəylik kəndində 89 ailə (363 nəfər) yaşamaqdadır.  

Hamısını oxu