Digər xəbərlər
Vətən müharibəsi zəfərlə başa çatdı. Azərbaycan 30 illik işğala qəhrəmanlıq salnaməsi yazaraq son qoydu.Bu zəfər Azərbaycan əsgərinin qanı, canı bahası ilə yazdığı tarixdir: 2783 hərbi qulluqçumuz şəhid olub, 103 hərbi qulluqçumuzun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılır, 100-dən çox hərbi qulluqçumuz itkin düşüb, 1245 hərbi qulluqçumuz tibb müəssisələrində müalicə alır.Azərbaycan heç vaxt şəhidlərini unutmayacaq, I Qarabağ müharibəsindəki şəhidlərini unutmadığı kimi;Azərbaycan qazilərini unutmayacaq, I Qarabağ müharibəsindəki qazilərini unutmadığı kimi;Dövlət şəhidin də, qazinin də hər zaman yanındadır. İndiyə qədər şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, rifahının yüksəldilməsi, ən xırdasından tutmuş böyüyünə qədər bütün problemlərinin həlli dövlət siyasətinin əsas istiqaməti olub.Mənzil və avtomobillə təmin edilməsi;Sosial müavinətin verilməsi;Məşğulluqla təmin olunması;Dövlət hesabına müalicəsi və s;Bu siyahını uzatmaq da olar. Azərbaycanda şəhid ailələri, qazilər, müharibə veteranları və dövlət bu kateqoriyadan olan şəxslərə dövlət dəstəyi heç vaxt əskik olmayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə (pensiya, müavinət) təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir:1. Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir;2. Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir;3. Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);4. Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;5. Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;6. Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;7. Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;8. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;9. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;10. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;11. Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər nəzərdə tutulub;Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox avtomobil verilibdir. Bu proqram hazırda uğurla davam etdirilir.Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.Dövlət bu şəxslərin təminatı üçün ən yüksək səviyyədə addımlar atır. Bununla yanaşı, cəmiyyət olaraq, hər kəs ərazi bütövlüyümüz uğrunda döyüşən, şəhid və qazi olanlara əllərindən gələni edir. Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır.Bu reallığı nəzərə alaraq, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalayıb.YAŞAT Fondu kimlərə yardım göstərəcək?- Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə;- işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə;Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılır. Fondun vəsaitləri şəhid ailəsi status alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək.Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür.Belə bir addımın atılması cəmiyyətdə həmrəylik prinsipinin daha da güclənməsi baxımından da önəmlidir.Asif Nərimanlı
Hamısını oxu
Iyulun 12-də Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimova daha bir mahnı həsr edilib. Publika.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hazırlanan mahnı "Paşam, hey" adlanır. Mahnının musiqisi Faiq Şücəddinova, sözləri isə Musa Uruda məxsusdur. Mahnı hərbi mahnıların məşhur ifaçısı Şəmistan Əlizamanlı tərəfindən ifa edilib.
Hamısını oxu
Almaniyanın nəhəng medikal qrupu tibb müəssisəsində ən son tibbi innovasiyaları tətbiq edəcək TƏBİB və Yeni Klinika Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələrindən olan “Falk Beratung” və “Sana Hospital Group” ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Yeni Klinikada keçirilən mərasimdə əməkdaşlıq müqaviləsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Almaniyanın “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk imzalayıblar. Eyni zamanda Yeni Klinika ilə “Sana Hospital Group” arasında əməkdaşlıq müqaviləsinə isə Yeni Klinikanın direktoru Barat Yusubov “Sana Hospital Group”un direktoru Tomas Lemke imza atıblar. Əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri, “Sana” Klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, Yeni Klinikanın kollektivi və media nümayəndələri də iştirak ediblər. Əməkdaşlıq müqaviləsində TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinika ilə “Sana Hospital Group” arasında xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqların/tədqiqatların keçirilməsi, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001 və JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, “Sana Hospital Group” brendindən istifadə hüququ ilə bağlı müddəalar öz əksini tapıb. Əməkdaşlıq çərçivəsində tabeli tibb müəssisəsində göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, Yeni Klinikanın tibbi turizm potensialının artırılması və tibbi turistlərin ölkəyə cəlb olunması, səhiyyə sahəsində kadr potensialının inkişafı, innovativ həllərin tətbiqi və rəqəmsallaşdırılma işləri həyata keçiriləcək. Yeni Klinikada keçirilən imzalanma mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək ölkə rəhbərliyinin xüsusi diqqət, qayğısı və birbaşa xeyir-duası ilə Azərbaycan səhiyyə sahəsində bir ilkə imza atıldığını, Almaniyanın nəhəng medikal qruplarından biri ilə əməkdaşlığa başlanıldığını qeyd edib. O, tibb sahəsində yeni idarəetmə modelinin yaradıldığını, əhalinin bütün təbəqələrinin tibbi xidmətlərə əlçatanlığının eyni səviyyədə təmin edildiyini və bütün bunların nəticəsi olaraq bir çox inkişaf etmiş ölkələrin səhiyyə sahəsində Azərbaycanla əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb: “Bu gün TƏBİB-in tabeliyində 3 mindən çox tibb müəssisəsi fəaliyyət göstərir. İstər paytaxt Bakıda, istərsə də regionlarda yerləşən tibb müəssisələrimizdə son illərdə nəzərəçarpacaq qədər irəliləyişlərə nail olmuşuq. Həm maddi-texniki bazanın gücləndirilməsi, həm kadr təminatı, peşəkar həkim-mütəxəssislərin tibb müəssisələrimizə cəlb olunması, yeni cihaz və avadanlıqların alınması, rəqəmsallaşma, səhiyyədə yeniliklərin tətbiqi istiqamətində çox işlər görülüb və bu istiqamətdə fəaliyyətlərimiz bundan sonra da davam edəcək. Müəssisələrimiz arasında Yeni Klinikanın xüsusi yeri, xüsusi çəkisi var. Tarixi çox yeni olsa da, bu gün Qafqazın ən böyük xəstəxanası ünvanını daşıyır. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 mart 2020-ci il tarixində açılışı baş tutan Yeni Klinikada bu gün çox mürəkkəb və çətin əməliyyatlar uğurla icra olunur. 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxanası ilə Yeni Klinikada unikal əməliyyatlar icra olunur. Əldə olunan nailiyyətlər təbii ki, xarici ölkələrin də diqqətini çəkir. Bu, həm də Almaniyanın Azərbaycanın tibb sahəsinə investisiyaların cəlb olunması baxımından da önəmli müqavilədir”. Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman çıxışında əməkdaşlıq müqaviləsinin imzalanmasının iki ölkə arasında münasibətlərin inkişafında çox önəmli addım olduğunu, səhiyyə sahəsində bir yenilik olduğunu deyib: “Bu, insanlara xeyir verəcək bir əməkdaşlıqdır. “Sana Hospital Group” Almaniyanın aparıcı şirkətlərindən biridir. Şirkətin həm menecment, həm səhiyyə sahəsində səmərəli və effektiv metodları, yüksək standartları burada da tətbiq olunacaq. Bu əməkdaşlıqla bağlı ilkin layihəni “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk Prezident İlham Əliyevə təqdim edəndə o da bu iş birliyini müsbət qiymətləndirib, iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyindən məmnun olduğunu bildirmişdi”. Daha sonra “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk çıxış edərək əvvəllər yalnız ideya və düşüncədən ibarət olan bu əməkdaşlığın detallarının artıq rəsmi şəkildə imzalanmasından məmnun olduğunu bildirib: “Bu, yalnız səhiyyə sahəsinə deyil, həm də iki ölkə arasında xarici siyasətə, iqtisadiyyata töhfədir. Bu, iki xalq arasında dostluq əlaqələrinin gücləndirilməsində də önəmli addımdır. Biz bu gün bir düşüncənin artıq reallığa keçməsini qeyd edirik”. “Sana Hospital Group”un direktoru Tomas Lemke çıxışında Azərbaycanı keyfiyyətli tibbi xidmətin mərkəzinə çevirmək üçün birlikdə əməkdaşlıq etməklərindən məmnunluğunu dilə gətirib: “Bizim əməkdaşlığımız 2023-cü ildən başlayıb. Bu müddət ərzində qarşılıqlı tanışlıq səfərləri, görüşlər keçirərək bir-birimizin iş prinsiplərini daha yaxından öyrəndik, inanıram ki, çox uğurlu işbirliyi olacaq. Mən sizi rəhbərlik etdiyim qurumun 36 min əməkdaşı adından da salamlayıram. “Sana Hospital Group” olaraq fəxr edirik ki, bizim təcrübəmiz Azərbaycanda da insanların sağlamlıqlarına qovuşması istiqamətində öz töhfəsini verəcək. Bir sıra ölkələr var ki, tibbi xidməti düzgün və keyfiyyətli şəkildə qurmaqda çətinlik çəkirlər. Amma siz Azərbaycanda tibbi xidməti çox uğurlu şəkildə təşkil etmisiniz. Mən bu əməkdaşlığımıza çox sevinirəm”. Sonda Yeni Klinikanın direktoru Barat Yusubov çıxış edərək bildirib ki, artıq uzun müddətdir ki, dünya miqyasında tibbi turizmə artan tələbata uyğun olaraq TƏBİB-in dəstəyi ilə Yeni Klinikada bu istiqamətdə müəyyən addımlar atılır. Məhz bu məqsədlə beynəlxalq turistlərin cəlb edilməsi imkanlarının genişləndirilməsi üçün tibb müəssisəsində info-turlar, görüşlər və tibbi təcrübə mübadilələri təşkil olunur: “Düşünürəm ki, Yeni Klinika və “Sana Hospital Group” arasında imzalanacaq bu müqavilə böyük uğurlara yol açaraq tibbi turizm istiqamətində görüləcək işləri daha da sürətləndirəcək”. Əməkdaşlıq müqaviləsində “Sana Hospital Group”un loqosunun Yeni Klinikada müştərək istifadə olunması da nəzərdə tutulub. Məlumat üçün bildirək ki, “Sana Hospital Group”un loqosundan istifadə edilməsi dünya praktikasında ilk dəfə olaraq Azərbaycanda tətbiq ediləcək. Bu, Yeni Klinikanın ölkə xaricində dünya standartlarına cavab verən tibb müəssisəsi kimi tanınmasına böyük töhfə verəcək. Qeyd edək ki, “Sana Hospital Group” Almaniyanın Münhen şəhərində yerləşən və 1976-cı ildən səhiyyə xidmətləri üzrə fəaliyyət göstərən aparıcı şirkətlərindən biridir. 36 000-dən çox əməkdaşı olan şirkət 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərir.
Hamısını oxu
Sabir Rüstəmxanlı: “Vətən müharibəsi ilə bağlı bu tamaşanı yüksək qiymətləndirirəm” Noyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzində quruluş verilmiş, tələbələrin ifasında "Qarabağ Azərbaycandır!" tamaşasının premyerası olub. Tarixi zəfərə həsr olunan tamaşanın əsas ideyası Müzəffər Ali Baş Komandan rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığı, qalib Azarbaycanın tarixində əbədi qalacaq zəfərə doğru gedən çətin və şərəfli yolu əks etdirməkdir. Azərbaycan əsgərinin Vətən uğrunda döyüşə atılması, vətənə olan əvəzedilməz sevgisinin tərənnümüdür. Tamaşada Vətən müharibəsindən fraqmentlər səhnələşdirilib. Vətənpərvərlik ruhunda yetişmiş gəncliyin müharibə dövründə yaşadığı hadisələr canlandırılıb. Hansı ki, BDU tələbələrinin oynadığı "Qarabağ Azərbaycandır!" tamaşasının ölkəmizin digər ali təhsil müəssisələrinin səhnəsində də göstərilməsi nəzərdə tutulur. Moderator.az-a açıqlamasında məlum tamaşanı təqdir edən millət vəkili Sabir Rüstəmxanlı, bunun gəncliyin yüksək vətənpərvərlik ruhundan xəbər verdiyini vurğulayıb: “Hər şeydən öncə qeyd edim ki, BDU tələbələri tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” tamaşasını yüksək qiymətləndirir və təqdir edirəm. Çünki bu və bu qəbildən olan tamaşalar hər şeydən öncə gəncliyin yüksək vətənpərvərlik ruhundan, milli tarixinə, vətəninə, torpağına bağlılığından xəbər verir. Ordumuzun qazandığı tarixi zəfərin bu cür tamaşalar vasitəsi ilə təbliğ edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu, Azərbaycan gəncliyi böyük qəhrəmanlıq göstərdi. Azərbaycan gəncliyinin göstərdiyi bu qəhrəmanlığın elə gənclərimiz tərəfindən də təbliğ edilməsi, yaşadılması müsbət bir haldır. Mən “Qarabağ Azərbaycandır” adlı tamaşanı ərsəyə gətirən tələbələrimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Düşünürəm ki, BDU tələbələrinin bu addımı digər ali təhsil müəssisələrimizdə təhsil alan tələblərimizə də nümunə olacaq, onlar da Vətən müharibəsini, ordumuzun tarixi zəfərini əks etdirən yaradıcılıq nümunələri ortaya qoyacaqlar”. Seymur ƏLİYEV
Hamısını oxu