Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik: Ordu təhlükəsizliyin yeganə qarantıdır

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone ilə görüşüb. NATO-nun mənzil-qərargahında keçirilən görüşdə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri müzakirə edilib. Qarşı tərəf Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayıb, ölkəmizin Alyansın rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına töhfəsini, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib.
 
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Sherg.az-a deyib ki, NATO ilə əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Ekspert bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra da öz Silahlı Qüvvələrini inkişaf etdirmək, onun modernləşdirilməsini daim diqqət mərkəzində saxlamağa qərar verib:
 
 "Prezident cənab İlham Əliyev dəfələrlə çıxışlarındaa qeyd edib ki, biz bundan sonra da ordumuzun gücləndirilməsi, onun öz peşəkarlığını, maddi-texniki təchizatını daha da yaxşılaşdırması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu faktın özü Azərbaycan dövlətinin orduya, xalqın müdafiəsi və təhlükəsizliyinə necə böyük önəm verdiyini göstərir. Azərbaycanla NATO arasında əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan NATO-nun bir sıra layihələrində aktiv iştirak edib. Hərbçilərimiz dünyanın bir çox bölgələrində sülhyaratma missiyalarında iştirak ediblər. Azərbaycan bu gün də NATO ilə əməkdaşlığa mühüm önəm verir və bu istiqamətdə konkret addımlar atır. Ümumiyyətlə, bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq hüquq normaları və qarşılıqlı hörmət prinsipləri əsasında bütün ölkələrlə əməkdaşlığa hazırdır. Bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycanın digər ölkələrlə əməkdaşlığı heç vaxt hər hansı üçüncü dövlətə qarşı yönəlməyib, digər bir ölkə üçün təhlükə yaratmayıb". 
 
C.Xəlilov hesab edir ki, Azərbaycan-NATO münasibətlərinin inkişaf etdirilməsi zəruridir:
 "Biz yaxın gələcəkdə bu istiqamətdə ciddi yeniliklərə şahid olacağıq. Çünki müasir dünyamızda artan təhdid və təhlükələr bizdən ordumuzun döyüş hazırlığını daim yüksək səviyyədə saxlamağı tələb edir. Uzun müddət davam edən erməni işğalı və bu işğala son qoyan 44 günlük Vətən müharibəsi sübut etdi ki, hər bir dövlətin təhlükəsizliyinin ən mühüm qarantı onun ordusudur. Bu səbəbdən Azərbaycanın da öz ordusunu inkişaf etdirməsi üçün dünyanın qabaqcıl dövlətlərinin cəmləşdiyi NATO ilə əməkdaşlığı dərinləşdirməsi vacibdir. Bu cür əməkdaşlıqlar bizə imkan verir ki, müasir hərbi yeniliklərdən daha operativ xəbər tutaq və bunları ordumuzda daha çevik şəkildə tətbiq edək".

2025-09-09 15:39:41
4155 baxış

Digər xəbərlər

Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu: Aqarunov Albert Aqarunoviç!

Tolerant ölkə olan Azərbaycan dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün xalqların doğma Vətənidir. İstər Birinci Qarabağ və 44 günlük Vətən müharibələri, istərsə də antiterror tədbirləri zamanı burada yaşayan bütün xalqların nümayəndələri dəmir yumruq tək birləşərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda işğalçı düşmənə qarşı canları bahasına mərdliklə vuruşmuş və Böyük Zəfərin qazanılmasında öz layiqli töhfələrini vermişlər. Onlar bu gün də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər. Bu baxımdan hər zaman Azərbaycan vətəndaşı olmasından qürur duymuş, şəhidlik məqamına yüksəldikdən sonra da yəhudi xalqı ilə dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsinin rəmzinə çevrilmiş Milli Qəhrəmanımız, əfsanəvi tankçı Albert Aqarunovun Vətən uğrunda xidmətlərini qeyd etmək istərdim.   Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. Səkkiz qardaşı və iki bacısı olan Albert ailənin sonbeşiyi idi. Əslən dağ yəhudisi olan Aqarunovlar ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən idilər, Əmircana isə sonradan köçmüşdülər. Albertin atası Aqarun Aqarunov neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. On bir uşaq böyüdüb tərbiyə edən anası Lio Aqarunova isə sovet hökuməti tərəfindən “Qəhrəman Ana” adına layiq görülüb.    Uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Albert, musiqi məktəbində nəfəs aləti olan truba sinfini bitirib. O, Suraxanı rayonundakı 154 saylı tam orta məktəbin səkkizinci sinfini başa vurduqdan sonra, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. Albert 1987-1989-cu illərdə Gürcüstanın Axalkalaki rayonunda hərbi xidmət keçib. Həmin dövrdə starşina rütbəsi alaraq, tank komandiri vəzifəsində xidmət edib. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləyib. Mənfur qonşumuz olan Ermənistanın təcavüzü nəticəsində başlayan Birinci Qarabağ müharibəsinin ən qızğın vaxtlarında bir çox qeyrətli Vətən övladı kimi Albert də könüllü olaraq cəbhəyə yollanıb. O dövrdə ailə üzvləri və yəhudi millətindən olan bir çox vətəndaşımız İsrailə, eləcə də digər xarici ölkələrə köçüb getsə də, Albert doğulub boya çatdığı və dogma Vətəni hesab etdiyi Azərbaycanda qalmağı, son nəfəsinədək onun uğrunda savaşmağı üstün tutub. Cəbhə bölgəsində olarkən televiziya kanallarından birinə verdiyi müsahibəsində əfsanəvi tankçı A.Aqarunov məhz bu məqamı xüsusi ilə vurğulayıb. Müxbirin verdiyi “yəhudiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir?” və “bir vətəndaş kimi öz borcunu nədə görürsən?” suallarını cavablandıran cəsur döyüşçü; “Mən bu torpaqda yaşayıram. Doğulmuşam burda, yaşayıram da burda. Ayrı heç nə məcbur eləmir” – deyə cavab vermişdi. Müxbirin verdiyi sonuncu; “Təxminən nə qədər qalmaq niyyətindəsən?” sualına isə Vətənimizin qəhrəman oğlu; “Müharibənin axırına kimi” cavabını verməklə qəti mövqeyini bildirmişdi…   O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksək ixtisaslı peşəkar hərbçilərə, o cümlədən tankçılara böyük ehtiyacı vardı. Albert tank komandiri təyin edilərək, qanlı döyüşlərin getdiyi Şuşa cəbhəsinə göndərilir. Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində böyük hörmət qazanmağa müvəffəq olur. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salır, onlarla canlı qüvvəsini və xeyli hərbi texnikasını məhv edir. Dövri mətbuatda cəsur tankçı haqqında qeyd olunan bir sıra mənbələrdə onun erməni işğalçılarına məxsus iki tankı bir-birinə yaxınlaşan zaman bir mərmi ilə məhv etdiyi, həmçinin sonralar bu metodun silahdaşları tərəfindən “yəhudi buterbrodu” adını aldığı göstərilib. 8 may 1992-ci il.  Şuşa uğrunda gedən qanlı döyüşlər Albertin son döyüşü oldu...   Mühüm hərbi-strateji və coğrafi mövqeyinə görə Şuşanı ələ keçirmək erməni işğalçılarının ən böyük arzusu idi. Hələ may ayının 7-də şəhərin müdafiəsində dayanan azərbaycanlı döyüşçülərin böyük bir qismi buranı tərk etmişdi və düşmən qüvvələri gecə saatlarından etibarən Şuşaya hücum etməyə başlamışdı. Albert son anadək Şuşanın müdafiəsində dayanan azsaylı döyüşçülərimizdən biri idi. Gün ərzində şəhərin müxtəlif istiqamətlərində şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yolla sürdüyü vaxt, kapitan A.Aqarunovun tankı peyda olur. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açır. Üç dəqiq zərbədən sonra düşmən tankı alışmağa başlayır. Avşaryan yaralı halda tankın lükünü açıb qaçmağa müvəffəq olsa da, lakin sürücüsü və atıcısı yanaraq cəhənnəmə vasil olur. Albertin göstərdiyi bu qəhrəmanlıq nümunəsi eyni zamanda Birinci Qarabağ müharibəsinin ilk tank döyüşü kimi də tarixə düşür. Müharibədən sonra ermənilər Albertin vurduğu həmin tankı bərpa edib yenidən rəngləyərək onu Xankəndi-Şuşa yolunun üstündəki qayada abidə kimi ucaltmışdılar. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda apardığı birgünlük uğurlu antiterror tədbirindən sonra həmin “abidə” oradan yığışdırılmışdır. Albertin vurduğu tank isə Bakı şəhərinə gətirilmiş və hazırda Böyük Zəfərimizin simvolu olan Qənimətlər Parkında nümayiş etdirilməkdədir. A.Aqarunov daha sonra Şuşa-Laçın yoluna doğru irəliləyir. Cəsur döyüşçü burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırır və ona yol göstərmək üçün tankdan enməli olur. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində gözlərini əbədi yumaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir. Qəhrəman döyüşçü mayın 11-də Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli müvafiq fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Medal 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Albertin bacısı Sofiya Məmmədovaya təqdim edilib. Bundan əlavə, vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır və məktəbin önündə büstü qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə 2019-cu ildə Bakının Nərimanov rayonunun küçələrindən birinə Albert Aqarunovun adı verilib və həmin küçədə onun möhtəşəm heykəli ucaldılıb. Milli Qəhrəmanımız haqqında 2010-cu ildə “Dostuma məktub” filmi, 2017-ci ildə “Yaşadığım torpaq” sənədli filmi və 2024-cü ildə “Tank 533. Albert Aqarunov” adlı qısametrajlı filmi çəkilib. Son olaraq onu deyə bilərik ki, torpaqlarını azad və suverenliyini bərpa etmiş xalqımızın bütün şəhidləri kimi, Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu Albert Aqarunovun da ruhu şaddır. Albertin həyat və qəhrəmanlıqlarla zəngin döyüş yolu yeniyetmə və gənclərimizə örnək olmaqla yanaşı, bu gün onun irsi Azərbaycan və İsrail dövlətlərinin, onların xalqlarının dostluq və qardaşlığının daha da möhkəmlənməsi yolunda öz töhfəsini verir. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı bizi dəstəkləyən, bizimlə həmrəy olan ölkə və xalqlar arasında elə məhz dost İsraili və qardaş yəhudi xalqını da gördük. Təbii ki, bizə göstərilən bu dəstəyi və həmrəyliyi qədirbilən xalq olaraq heç zaman unutmayacağıq.    Allah şəhidlərimizə rəhmət eləsin! Mayor Anar Əhmədov, DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru  

Hamısını oxu
“Prezident İlham Əliyev bütün dünyada sülhün, təhlükəsizliyin və zəfərin canlı simvoludur”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün dünyada sülhün, təhlükəsizliyin və zəfərin canlı simvoludur”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısının Birləşmiş Ərəb Əmirliyinə səfəri və səfər zamanı “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməsi bu həqiqəti bir daha sübut edir: “Məlum olduğu kimi, Müzəffər Ali Baş Komandan sülh uğrundakı uzunmüddətli və səmərəli səylərinə, bu istiqamətdə əldə etdiyi tarixi uğurlara görə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü. Birləşmiş Ərəb Əmirliyinə səfəri əsnasında bu mükafat təntənəli şəkildə dövlət başçımıza təqdim olundu. Bu fakt bir daha sübut etdi ki, Prezident İlham Əliyevin sülh səyləri bütün dünyada diqqətlə izlənilir və beynəlxalq ictimaiyyət tərəfindən məmnunluqla qarşılanır. Bu mənada Prezidentimizin bu mükafata layiq görülməsi təbii və təqdirəlayiq olduğu qədər, həm də qürurvericidir”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu gün Azərbaycan dünyada sülh dövləti kimi tanınır: “Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən sülh və təhlükəsizlik siyasəti Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Respublikamız müxtəlif dövlətlər arasındakı gərginlik və siyasi qarşıdurmaların həllinə dəstək verib, bu dövlətlər arasında sülhün və anlaşmanın əldə olunmasında  vasitəçilik edib. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin bu siyasəti hər zaman müxtəlif dövlətlər, eləcə də ABŞ, İsrail, Türkiyə və s. tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici siyasətinə cavabdeh olan qurumlar və şəxslər də Müzəffər Ali Baş Komandanın sülh siyasətinə ciddi dəstək verib, vahid komanda kimi ortaya mühüm nəticələr qoyublar. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu sahədə gördüyü işlər buna nümunədir. Adıçəkilən dövlət məmurları Prezidentin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycanın sülh siyasətinin həyata keçirilməsində aktiv iştirak edib, vahid komanda kimi siyasi-diplomatik müstəvidə çoxsaylı uğurların əldə edilməsinə böyük töhfələr veriblər. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməsi faktı bir daha sübut edir ki, Azərbaycan bütün dünyda sülhün və təhlükəsizliyin carçısı kimi tanınır və hər zaman olduğu kimi bundan sonra da öz sülhpərvər missiyasını uğurla davam etdirəcək”.  

Hamısını oxu
Çox dəyərli Cəlil müəllim!

Çox dəyərli Cəlil müəllim! Bayramınız mübarək! Vətən sərhəddən başlayır, lakin sizlər sübut etdiniz ki, Vətəni sevməyin sərhədi yoxdur! Sərhədsiz arzularla sizi təbrik edirəm! Uzun ömürlər və müqəddəs işinizdə başarılar!

Hamısını oxu
Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən baxçanın açılışı oldu – Fotolar

Bu gün Masallı şəhərində balacaların bayram sevincinə bayram qatılıb. Belə ki, müasir tələblərə cavab verən Masallı şəhər 1 saylı uşaq baxçası balacaların ixtiyarına verilib. Baxçanın açılışında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, Heydər Əliyev Fondundan gəlmiş nümayəndələr iştirak edib.Masallı RİH-dən Azadmedia.az-a daxil olan məlumata görə baxça Heydər Əliyev Fondunun təşəbbüsü ilə gənc sahibkar xanım Mədinə Məşhur qızı Şahbazovanın dəstəyi ilə tikilib, uşaqların istifadəsinə verilib.Müasir standartlara cavab verən baxçada uşaqlar üçün hər bir şərait yaradılıb.

Hamısını oxu