Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Döyüşçü fədakarlığı və silahdaş ləyaqəti ilə yaddaşlarda silinməz iz qoydu...

Tarix boyu güc amili döyüş meydanında qələbəni təmin etmək üçün həlledici rol oynayıb. Güclülər qalib olur və öz şərtlərini diktə edirlər, yeni reallıq yaradırlar. Bu gün güclü dövlətlər, habelə mübariz xalqların sırasında iki ad rəğbətlə qarşılanır: Azərbaycan və azərbaycanlılar. Azərbaycan ötən əsrin 90-cı illərində və sonrakı dövrlərdə torpaqlarının bir hissəsi işğala məruz qalmış ölkələr arasında yeganə dövlətdir ki, hərbi gücü sayəsində öz ərazi bütövlüyünün bərpası yolunda böyük zəfər qazanıb. 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsi zamanı apardığı döyüş əməliyyatlarının uğurla başa çatmasına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyəti layiqli töhfəsini verib. Dövlət başçısının çıxışlarında hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət nümunələri xüsusi vurğulanıb.

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qoşunların 66 nəfər hərbi qulluqçusundan biri də baş çavuş Əkbərov Vüqar Seyid oğludur. O, 1990-cı il sentyabrın 12-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulub. Bu yurdun sakinləri mərddir və doğma torpağa mənəvi cəhətdən möhkəm bağlıdırlar. Birinci Qarabağ müharibəsi zamanı və atəşkəs dövründə kənddən 19 nəfər şəhid olub, onlardan 6 nəfəri mülki şəxsdir. Vətən müharibəsində isə kənddən 4 nəfər şəhidlik zirvəsinə ucalıb. Hər iki müharibədə ön cəbhədə vuruşmuş kənd sakinlərindən bəziləri qazi olaraq geri qayıdıblar.  

Vüqarın babaları Məhəmmədəli Əkbərov və Cəfər Aslanov 1941-1945-ci illərdə ayrı-ayrı cəbhələrdə faşistlərə qarşı döyüşlərdə iştirak ediblər. M.Əkbərov döyüşlərdən birində ağır yaralanıb, bir ayağı amputasiya olunub.

Seyid Əkbərov və Xanım Aslanovanın üç övladından ortancılı olan Vüqar öz nəslinin yeganə şəhididir. Valideynləri, bacı və qardaşı Yuxarı Öysüzlüdə yaşayırlar. Zəhmətkeş ailədə böyümüş Vüqar valideynlərinin verdikləri tərbiyə əsasında ləyaqətli gənc kimi formalaşıb. Atası hazırda işləmir, anası tibb işçisidir. Qardaşı gizir Vüsal Əkbərov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində feldşer vəzifəsində xidmət edir. 2016-cı ilin aprel döyüşləri vaxtı ön xəttə olub. 2020-ci ildə Tovuz rayonu ərazisində məlum döyüşlər zamanı yaralı hərbçilərimizə tibbi yardım göstərib. Vətən müharibəsi dövründə isə  Daşkəsən rayonunda ön mövqeyə göndərilib.

Yuxarı Öysüzlüdəki Məmmədqara Məmmədov adına tam orta məktəbdə təhsil almış Vüqar çalışqanlığı ilə fərqlənib, müəllimləri dərslərə münasibəti və davranışından razı qalıblar. Orta məktəbdən etibarən Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmağa hazırlaşıb, gələcəkdə bu sahədə işləməyi arzulayıb. Ancaq qəbul imtahanında lazımi bal toplaya bilməyib. Beləliklə, onun bu arzusu gerçəkləşməyib.

Yeniyetmə yaşlarından fiziki hazırlğına xüsusi diqqət yetirib, müntəzəm şəkildə idmanla məşğul olub. Bu amil onun xaraktercə iradəli və qətiyyətli olmasının bünövrəsini qoyub. Ünsiyyətcil, səmimi, xeyirxah, dürüst, təmkinli olması da şəxsi keyfiyyətlərinə aid idi.

Müddətli həqiqi hərbi xidmətə çağırılanadək Vüqar ev təsərrüfatı işlərində ailəsinə kömək edib.

2008-ci ilin oktyabr ayından 2010-cu ilin aprel ayınadək Vüqar Goranboy rayonu ərazisində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini vicdanla başa vuraraq geri dönüb.

Hərbçi peşəsinə marağı və həvəsi səbəbindən Vüqar bir neçə il sonra Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün komandanlığa müraciət etmək qərarını verib. Gəncin müraciəti müsbət cavablandırılıb. 2013-cü ilin may ayının 10-da Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində motoatıcı taborun motoatıcı bölüyündə sürücü vəzifəsinə təyin edilib. Həmin hərbi hissədə motoatıcı taborun motoatıcı bölüyündə manqa komandiri-maşın komandiri, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda qumbaraatan vəzifələri də hərbi qulluqçuya həvalə olunub. 2018-ci ilin may ayında qoşunların Qəbələ rayonundakı “N” saylı hərbi hissəsinə keçirilərək xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-qumbaraatan vəzifəsində də nümunəvi cəhətdən fərqlənib. 2019-cu ilin sentyabr ayında xidmətini Sumqayıtdakı “N” saylı hərbi hissədə davam etdirərək, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-qumbaraatan köməkçisi vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Əzmkar hərbi qulluqçu olaraq tutduğu vəzifələrdə komandanlığın etimadını doğruldub. Komandirləri tərəfindən qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirib, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi üçün öz üzərində daim çalışıb. Xidmətdə və təlimdə göstərdiyi müsbət nəticələrə görə dəfələrlə mükafatlandırılıb. Şəxsi heyət arasında hörmət qazanıb.

2020-ci ilin sentyabr ayının 27-də erməni işğalçılarına qarşı Vətən müharibəsi başladıqda Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələri ilə birlikdə Daxili Qoşunların xüsusi təyinatlılarına ilk gündən döyüş tapşırıqlarının icrası həvalə olunub. Sumqayıtda yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin şəxsi heyəti ön cəbhədə ayrı-ayrı qrupların tərkibində müharibə sınaqlarından keçib. Vüqar ruh yüksəkliyi ilə döyüşlərə atılıb. Halbuki, onun həmin vaxt sağlamlığında müəyyən problemlər vardı. Buna baxmayaraq, qəti mövqeyini bildirib ki, silahdaşlarının yanında olacaq. Xüsusi təyinatlı Cəbrayıl rayonundan başlayaraq Şuşa şəhərinədək igidliklə vuruşub.

Məqaləni yazarkən silahdaşları məni Vüqarın şərəfli xidmət və döyüş yolu barədə ətraflı məlumatlandırıblar.

Vətən müharibəsi iştirakçısı, “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri mayor Ələsgər Muxtarov bildirdi ki, Vüqar vətənpərvər, hərbi anda sadiq, yüksək döyüş qabiliyyətinə malik, intizamlı xüsusi təyinatlı idi. Komandirin sözlərinə görə, xüsusi təyinatlı onun tabeliyində 8 aya yaxın müddətdə xidmət edib, fəaliyyətində güvən qazanıb, hərbi kollektivdə yoldaşlıq münasibətlərinə ziyan vuran addım atmayıb. Xidməti tapşırıqların icrasında sayıqlıq göstərib, peşə bacarıqlarını təkmilləşdirmək üçün öz səylərini əsirgəməyib.

Mayor Ə.Muxtarov məlumat verdi ki, Vətən müharibəsində Vüqar daim öndə gedib, mərmi və güllələrin atəşi altında düşmənin üzərinə cəsarətlə irəliləyib. Cəbrayıl rayonu ərazisində ermənilərin müdafiə xəttinin yarılması, atəş nöqtələrinin susdurulması, bu istiqamət üzrə, habelə Füzuli, Xocavənd, Xocalı rayonlarının bir sıra yaşayış məntəqələrinin, ayrı-ayrı yüksəkliklərin azad olunması, Şuşa uğrunda döyüşlərdə Vüqar təhkim olunmuş silahlarla işğalçılara qan uddurub. Düşmənin müxtəlif texnikasını atəş zərbəsi ilə yararsız hala salıb. Yaralılara ilk yardım göstərilməsi və onların təxliyyəsində silahdaşlarının köməyinə yetişib.

“N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-istehkamçı, Vətən müharibəsi iştirakçısı çavuş Kamal Məmmədli qeyd etdi ki, 2020-ci il oktyabrın 2-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi yaxınlığında düşmənin 2-ci müdafiə səddinin yarılması zamanı o, sağ ayağından güllə yarası alıb. Çavuş Orxan İbrahimov döyüşçü yoldaşına yardım edərkən onların bir neçə metrliyində minaatan mərmisi partlayıb və Kamalın sol ayağını, qolunu qəlpələr zədələyib. Həmin anda Orxan da yaralanıb və kömək çağırmaq üçün sürünərək oradan kənarlaşıb, Siruz adlı döyüşçüyə Kamalın yerini deyib. Siruz Kamala yaxınlaşmağı bacarıb, onu ərazidən çıxararkən Vüqar atəş altında Siruza köməklik edərək silahdaşlarını təhlükəli yerdən uzaqlaşdırıblar. Yoldaşlarının fədakarlığı sayəsində Kamal sağ qalıb.

Vətən müharibəsi qazisi, ehtiyatda olan çavuş Rasim Hacıyev söylədi ki, Vüqarla Bərdə rayonunda və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə birgə xidmət edib, dost olublar. Vətən müharibəsində qumbaraatan köməkçisi kimi Vüqarın döyüşkənliyi ilə silahdaşlarına örnək olduğunu vurğuladı. Hadrut istiqamətində döyüşdə dostunun qapalı kəllə-beyin travması aldığını və hərbi qospitala göndərildiyini diqqətə çatdırdı. Lakin o, qospitalda bir neçə gün qaldıqdan sonra müalicəsini könüllü olaraq dayandırıb. Beləliklə, Vüqar Qırmızı Bazar istiqamətində döyüşən silahdaşlarının yanına qayıdıb. Rasim Daşaltı kəndi ətrafında döyüşdə ağır dərəcəli kəllə-beyin travması aldığından təxliyyə olunub, onun qumbaraatan silahı Vüqara verilib.

“N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-sanitar, Vətən müharibəsi iştirakçısı çavuş Tahir Babayev bildirdi ki, Vüqar müharibənin əzab-əziyyətlərinə dözümlə yanaşıb, silahından başqa, üzərində tələb olunandan əlavə sursat ehtiyatı, əl qumbaraları daşıyıb. Döyüşlərdə qumbaraatanla sərrast atəş açaraq işğalçılara məxsus bir çox hədəfi məhv edib, həmçinin, qənimət götürülən silah-sursatdan məharətlə yararlanıb. Düşmənin pusquya salınması və onun qurduğu pusquların aşkarlanmasında döyüşçü bacarığı göstərib.

Vətən müharibəsi iştirakçısı, “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-sanitar vəzifəsindən hazırda ehtiyata buraxılan çavuş Orxan Həsənovun verdiyi məlumata görə, Şuşanın işğaldan azad olunması uğrunda vuruşarkən hər bir döyüşçüdə xüsusi bir coşqu yaranıb. Vüqar Şuşaya qədəm basacağı günü müharibənin əvvəlindən səbirsizliklə gözləyib. Şuşaya yaxınlaşmaq üçün bir neçə gün dağlıq ərazidən keçiblər, şəhərin ətrafındakı yüksəkliklər, Laçın-Şuşa və Xankəndi-Şuşa yolları nəzarətə götürülüb. Şiddətli döyüşlər nəticəsində Şuşa yaxınlığında mövqeləniblər. Noyabrın 6-da gecə saat 4-5 radələrində onların yerləşdikləri mövqe düşmənin zirehli texnikalarından, artilleriya vasitələrindən atəşə tutulub. Orxan bir neçə metrliyində kiminsə onu çağırdığını eşidib, yaxınlaşarkən Vüqarı üzü üstə uzanmış vəziyyətdə görüb. Onun kürəyindən qan axırmış, Orxan yoldaşının yarasına tampon qoyub, ağrıkəsici iynə vurub. Vüqar “bir az rahatlandım” – deyib, olduğu yerə mərmilərin az düşdüyünü söyləyərək, Orxana oradan getməyin təhlükəli olduğunu bildirib. Ancaq Orxan digər yaralılara yardım etmək üçün Vüqarın yanından getməli olub. Həmin məqamda yaralıları təxliyyə etmək mümkün deyildi. Səhər açılanda Vüqar aldığı yaradan əbədi olaraq gözlərini yumub.

18.11.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə hərbi qulluqçumuzun 2020-ci il noyabrın 9-da Şuşada hərbi əməliyyatda törənmiş zədələnmələrdən həlak olduğu yazılıb.

Şəhid noyabrın 13-də Yuxarı Öysüzlü kəndinin qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il, 24 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş V.Əkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qənirə Paşayevanın müəllifi olduğu “Tovuz şəhidləri. 44 günlük Vətən müharibəsi” kitabında Vüqar haqqında məqalə öz əksini tapıb.

Tovuz şəhərindəki Şəhidlər xiyabanında inşa olunan abidə kompleksində Vüqarın da şəkli var. Yuxarı Öysüzlüdə isə şəhidlərin xatirəsinə abidə-bulaq kompleksi yaradılıb. Kənddə Vüqarın şəkli əks olunan plakat quraşdırılıb. Məzunu olduğu orta məktəbdə 2 A sinfinə şəhid döyüşçünün adı verilib. Məktəbdə şəhidlərin xatirəsinə fotostend və guşə hazırlanıb.

Əkbərovlar ailəsinin yaşadığı evdə mərhumun xatirə guşəsi düzəldilib. Xatirə guşəsində şəhidin şəkilləri, hərbi forması və şəxsi əşyaları qorunub saxlanılır.

2017-ci ildə ailə quran Vüqarın övlad yadigarı yoxdur. Doğmaları, dostları, həmyerliləri, silahdaşları, bütün onu tanıyanların yaddaşında Vüqar silinməz iz qoyub. İgid döyüşçü daim ehtiramla xatırlanacaq, gənc nəsil belə oğulların hünər nümunələri timsalında vətənpərvər ruhda tərbiyə olunacaqdır.

 Allah rəhmət eləsin!

 

Yalçın  Abbasov

DİN-in Daxili Qoşunlarının

 veteranı, tədqiqatçı-jurnalist,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

2025-10-02 21:12:13
2579 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Binəqədi rayon veteranları ilə görüşüb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakının Binəqədi rayonu ərazisində yaşayan bir qrup veteranla görüşüb. Binəqədi rayon icra başçısının müavini Sevinc Süleymanovanın da iştirak etdiyi görüşdə, veteranlara olan dövlət qayğısından bəhs edilib, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən danışılıb.   Dövlətin şəhid ailəlrinə, qaziləri daim diqqət mərkəzində saxladığını bildirən polkovnik Cəlil Xəlilov, veteranların da öz növbəsində dövlət siyasətini, milli maraqları, ölkə başçısının çağırışlarını qətiyyətlə dəstəklədiklərini qeyd edib. Sədr müavini bildirib ki, veteranlar bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşməkdə, ona dəstək verməkdə davam edəcək.   Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova da öz çıxşında dövlətin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərdiyini, bu kateqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşdığını bildirib. Binəqədi Rayon İcra Hakimiyyəti olaraq rayon ərazisindəki veteranları, şəhid ailələrini daim diqqət mərkəzində saxladıqlarını vurğulayan Sevinc Süleymanova şəhid ailələrinə, veteranlara qayğı göstərməyin hər bir vətəndaşın ilk növbədə mənəvi borcu olduğunu qeyd edib.   Görüş əsnasında çıxış edən veteranlar ölkə başçısının böyük qələbədəki rolundan danışıb, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altıdna qazandığı tarixi zəfərin əsrlər sonra da qürur və rəğbət hissi ilə xatırlanacağını bildiriblər.   Tədbirin sonunda əmək veteranı Teyyub Həsənov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon təşkilatının sədri seçilib.   Görüşdə  Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, təşkilatın mətbuat katibi Seymur Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, onun  müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov və digər şəxslər də iştirak edib.

Hamısını oxu
Generaldan şəhidlərlə bağlı möhtəşəm ifadə: “Tarix hamımızı unudacaq, şəhidlərdən başqa!”

General-mayor Müşfiq Məmmədov:  “Şəhidlər bizim baş tacımızdır!” “Tarix hamımızı unudacaq, şəhidlərdən başqa!”  Moderator.az-a xəbər verir ki, bunu Beynəlxalq Muğam Mərkəzində keçirilən “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfransda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov deyib. Xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərə görə ilk növbədə şəhidlərə minnətdar olduğumuzu bildirən general, şəhid ailələrinin önündə baş əydiyini vurğulayıb: “Şəhidlər bizim baş tacımızdır. Biz onların ailə üzvlərinin, bütün yaxınları qarşısında baş əyirik. Şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq, hər zaman ehtiramla yad ediləcək”. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Şəhidlər Xiyabanını, “Əbədi məşəl” və “20 Yanvar” abidələrini ziyarət ediblər

Bu gün 20 yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Şəhidlər Xiyabanını, “Əbədi məşəl”  və  “20 Yanvar” abidələrini ziyarət edib, şəhid məzarları və kompleks önünə gül dəstələri qoyublar. Veteranlar və məktəblilər qarşısında çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, 36 il bundan öncə sovet ordusunun xüsusi təyinatlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən cinayətin əsla unudulmayacağını, həmin faciə zamanı yalın əllə tankların üzərinə yeriyən soydaşlarımızın qəhrəmanlığının daim ehtiramla yad ediləcəyini bildirib. Polkovnik qeyd edib ki, məhz 20 yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq hərəkatının alovlanmasında, eləcə də sovet imperiyasının beynəlxalq miqyasda ifşasında mühüm rol oynadı Ziyarət əsnasında respublikamızın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi yad edilib.

Hamısını oxu
Həm orta, həm də ali məktəblərdə hərbi dərslərin tədrisinə ciddi ehtiyac var

Millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında orta məktəblərdə hərbi dərslərin bərpa edilməsi təklifi ilə çıxış edib.   Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov orta məktəblərdə hərbi dərslərin bərpasının vacib olduğunu, bu illər ərzində bir neçə dəfə bununla bağlı  Təhsil Nazirliyinə müraciət etdiklərini bildirib:   “Təbii ki, məktəblərdə hərbi dərslərin bərpasına ciddi ehtiyac var. Ölkəmizin müharibə şəraitində olması, torpaqlarımızın bir hissəsinin işğal altında qalması hərbi dərslərin bərpasını ikiqat zəruri edir.   Sadəcə orta məktəblərdə deyil, ali təhsil müəssisələrində də hərbi dəsrlərin keçirilməsi günün tələbidir. Çünki ali məktəbin bakalavr pilləsini bitirən tələbələr təhsillərini başa vurandan sonra həqiqi hərbi xidmətə yola düşür. Əgər ali məktəblərdə hərbi dərslər tədris olunarsa, bu, təhsilini başa vurandan sonra ordu sıralarına qatılan gənclərimizin xidmətə daha hazıqlıqlı şəkildə başlamasını təmin edər. Unutmaq olmaz ki, ilkin bilik və bacarığa malik heyətlə işləmək zabitlər üçün də daha asandır.   Biz Respublika Veteranlar Təşkilatı olaraq dəfələrlə bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Həmin müraciətlərdə həm orta, həm də ali məktəblərdə hərb işinə marağın artırılması məqsədi ilə gənclərimizin ordumuzun arsenalındakı hərbi texnika ilə tanışlığına şəraitin yaradılması, onlara bəzi silah növləri haqqında əyani informasiya verilməsi  və s. kimi təkliflər səsləndirmişik. Habelə, bu işdə veteranların təcrübəsindən istifadə etməyi təklif etmişik. Lakin təəssüflər olsun ki, Təhsil Nazirliyi bu müraciətlərə lazımi həssaslıqla yanaşmayıb.   Bir daha qeyd edirəm ki, gənc nəslə ilkin hərbi bilik və bacarıqların aşınması, onlarda orduya, hərb sənətinə marağın artıırlması üçün hərbi dərslərin bərpası arzuediləndir. Dövlətimizin maraqları bizdən məhz bunu tələb edir”.   Seymur ƏLİYEV

Hamısını oxu