Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib

26 noyabr 2025-ci tarixində Respublika Veteranlar Təşkilatında “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, polkovnik Cəlil Xəlilovun   müəllifi olduğu  “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin  müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis Yolçuyev qonaqlara kitab haqqında qısa məlumat verib, kitabın dünənimiz, bugünümüz və gələcəyimiz baxımından önəmini şərh edib.  

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının gənclərin vətənpərvərlik tərbiyəsinin inkişafında önəmli rol oynayacağını bildirib. Professor qeyd edib ki, Prezident İlham Əliyevin müharibə və post-müharibə dönəmindəki fəaliyyətindən bəhs edən kitabda dövlətçiliyimizin tarixi baxımından çoxsaylı faktlar yer alıb ki, bu faktların gənc nəsil tərəfindən mənimsənilməsi olduqca vacibdir.

Azərbaycan Respublikası “Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru  hüquq elmləri doktoru, professor Əmir Əliyev də “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının gənc nəslin təlim-tərbiyəsində əhəmiyyətli rol oynayacağına inandığını bildirib. Professor qeyd edib ki, gənc nəsil müasir biliklərə yiyələnməklə yanaşı milli tarixi dərindən bilməli, vətənin maraqlarını qətiyyətlə müdafiə etməyi bacarmalıdır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli isə kitabı polkovnik Cəlil Xəlilovun Prezident İlham Əliyevə sədaqət abidəsi adlandırdı. Şərəf Cəlilli qeyd edib ki, bu kitab bir daha sübut etdi ki, polkovnik Cəlil Xəlilov Ulu öndər Heydər Əliyev ideyalarının,  Prezident İlham Əliyevin çağırış və tövsiyyələrini təbliğ etməkdə, tarixi həqiqətlərimizin gənc nəslə çatdırılması üçün mühüm addımlar atmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Əliyev isə çıxışında bildirdi ki, əslində kitabın adı bu kitab və onun məzmunu haqqında hər şeyi deyir və Azərbaycan həqiqətlərinin təbliği bxımından böyük hadisədir.

Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, ictimai xadim Zərifə Quliyeva “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabını polkovnik Cəlil Xəlilovun xalq qarşısındakı növbəti xidmətlərindən biri kimi dəyərləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 “Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qarəhmədov da kitabın tarixi-siyasi önəminə diqqət çəkib, sözügedən kitabın cəmiyyətdə böyük maraqla qarşılanacağını əminliyini vurğulayıb.

Tədbir zamanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, Birinci Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov 90 illik yubiley münasibətilə Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırıb.

Sonda çıxış edən polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına təşəkkür edib, Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarix xidmətlərinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacağını bildirib.

2025-11-26 14:40:00
2794 baxış

Digər xəbərlər

Azərbaycan-İran Strateji Tərəfdaşlığı:Qonşuluqdan Qardaşlığa Uzanan Münasibətlər

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə münasibətləri əsrlərin sınağından çıxmış dostluq,qardaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuşdur.Bu münasibətlər tarixdən gələn ortaq mədəni dəyərlərə,dini yaxınlığa, etnik və coğrafi bağlılığa əsaslanmaqla yanaşı, müasir dövrdə hər iki ölkənin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi səfər bu münasibətlərin inkişafında mühüm mərhələ təşkil etmişdir. Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanatlarda qeyd olunduğu kimi, Azərbaycan-İran münasibətləri qarşılıqlı etimada və bir-birinin suverenliyi, ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır.Bu səfər çərçivəsində imzalanmış sənədlər, aparılan danışıqlar və geniş fikir mübadiləsi göstərdi ki, hər iki ölkə bu münasibətləri daha da dərinləşdirmək əzmindədir.Əldə olunmuş razılaşmalar təkcə ikitərəfli formatda deyil, həm də regional və çoxtərəfli əməkdaşlıq müstəvisində böyük əhəmiyyət kəsb edir.Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin inkişafı və onun region ölkələri üçün iqtisadi səmərəsinin artırılması məqsədilə Azərbaycan tərəfindən reallaşdırılan infrastruktur layihələri bu əməkdaşlığın strateji dəyərini daha da artırır. Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycan artan yük həcmini qarşılamaq məqsədilə nəqliyyat və logistika imkanlarını genişləndirməkdədir. Humanitar, mədəni və elmi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi də səfərin əsas gündəm mövzularından biri olmuşdur.Qarşılıqlı mədəniyyət günlərinin yaxın gələcəkdə yenidən təşkili ilə bağlı qəbul edilmiş qərar xalqlarımız arasında mədəni dialoqun davamlılığını təmin edəcəkdir.  Prezident Pezeşkianın sözlərinə görə, ortaq dini, etnik və tarixi dəyərlər Azərbaycan-İran münasibətlərinin təməlini təşkil edir və bu birliyi heç bir xarici güc poza bilməz. Prezident İlham Əliyev qeyd etmişdir ki, “Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq”.İran Prezidenti də çıxışında “Özümüzü Azərbaycanda yad ölkədə yox, sanki Təbrizdə, Ərdəbildə hiss edirik” deməklə bu mənəvi yaxınlığın nə qədər real və dərin olduğunu bir daha göstərdi. Səfər çərçivəsində həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi, bir-birinə dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunmuşdur.BMT, İƏT, Qoşulmama Hərəkatı və digər qurumlarda iki ölkənin nümayəndələri ənənəvi olaraq bir-birini dəstəkləməkdədir.Prezident Pezeşkian bəyanatında Azərbaycanın regional və beynəlxalq siyasətdə göstərdiyi əzm və iradəni yüksək qiymətləndirmiş, gələcəkdə sənaye, elm, mədəniyyət, iqtisadiyyat və təhlükəsizlik sahələrində daha əhatəli strateji planların hazırlanacağını qeyd etmişdir. O, həmçinin vurğulamışdır ki, gələcək nəsillər bu gün əsası qoyulan əməkdaşlıqdan qürur duyacaqdır. Azərbaycan və İranın strateji tərəfdaşlığı regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, qarşılıqlı iqtisadi rifahın təmin edilməsi və mədəni yaxınlığın daha da gücləndirilməsi baxımından mühüm rol oynayır. Bu tərəfdaşlıq bir daha göstərdi ki, bölgənin gələcəyi bölgə ölkələrinin öz əlindədir və dialoq, qarşılıqlı hörmət, birgə layihələr bu gələcəyin ən etibarlı təminatıdır. Azərbaycan-İran münasibətlərinin bu tarixi görüşlə yeni mərhələyə qədəm qoyması təkcə dövlətlərin deyil, xalqların da könül bağlarını biraz da möhkəmləndirdi. Bu, sadəcə diplomatik sənədlərin imzalanması deyil, qəlblərin yaxınlaşması, tarix boyu birgə addımlamış iki xalqın yenidən bir cərgədə dayanması anlamına gəlir. Təcrübəli dövlət adamlarının bu uzaqgörən siyasətinə veteranlarımız, ziyalılarımız da xüsusi dəyər verir. Ölkənin hər yerində bu səfər, səmimi çıxışlar və verilən mesajlar böyük rəğbətlə qarşılandı.  İran prezidenti Məsud Pezeşkianın görüş zamanı belə bir fikir səsləndirdi: “Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq.” İran Prezidenti Məsud Pezeşkianın Qarabağ məsələsində verdiyi qəti və prinsipial mövqe sadəcə cari siyasi jest deyil, həm də strateji mahiyyət daşıyan, uzunmüddətli dövlət iradəsinin bəyanı kimi dəyərləndirilməlidir. 30 il işğal siyasəti yürütmüş Ermənistana müxtəlif mərhələlərdə birbaşa və ya dolayısı ilə dəstək verən qüvvələrin mövcud olduğu bir vaxtda bu cür açıq və qəti mövqe təkcə region üçün deyil, beynəlxalq ictimaiyyət üçün də ciddi mesajdır. Prezident Məsud Pezeşkian bu bəyanatı ilə yalnız şəxsi və ya hökumətinin mövqeyini deyil, həm də İran dövlətçiliyinin gələcək xəttini müəyyənləşdirən bir siyasi yanaşmanı göstərdi. Onun sözləri gələcəkdə İranda hakimiyyətə gələcək istənilən rəhbər üçün sözün əsl mənasında “miras” rolunu oynayacaq. Belə ki, bu bəyanat İranın ərazi bütövlüyü prinsipinə söykənən, qonşuluq və regional sabitlik əsaslı siyasətinə sadiqliyinin bariz ifadəsidir. Bu həm də bölgədə çoxmillətli oyunçuların, böyük güclərin və ikili standartlar siyasəti yürüdən dairələrin nəzərinə çatdırılan ciddi mesajdır ki, “Azərbaycanın ərazi bütövlüyü danışılası və ya müzakirə predmeti deyil” mənasına gəlir. İranın bu cür açıq və qəti bəyanatı regionda sülh prosesinin davamlılığına, erməni revanşizminin qarşısının alınmasına və gələcəkdə sərhədlərin toxunulmazlığı prinsipinin möhkəmlənməsinə mühüm töhfədir. Veteranlar bu qardaşlıq mesajlarını sabitliyin və sülhün zəmanəti kimi qiymətləndirir. Onlar yaxşı bilirlər ki, əgər bölgədə sülh varsa, sərhədlərimiz möhkəmdirsə bu həm də siyasi uzaqgörənliyin nəticəsidir. Bu görüş bir daha sübut etdi ki, sərhədlər qovuşdurur nəinki ayırır. Qonşuluq, tarix, ortaq mədəniyyət və etimad zamanın sınaqlarından çıxaraq xalqları daha sıx bağlayır. Bu gün Azərbaycan və İran arasında qurulan strateji tərəfdaşlıq körpüsü, sadəcə iqtisadi və siyasi maraqlar üzərində deyil qardaşlıq, dostluq və qarşılıqlı hörmət əsasında ucalmaqdadır. Prezident İlham Əliyevin və Prezident Məsud Pezeşkianın bu siyasi iradəsi gələcək nəsillərə miras qalacaq dostluq abidəsinin təməl daşıdır ki, o təməl daşı üzərində yeni uğurlar, ortaq layihələr və daha sabit, daha firavan bir region ucalacaqdır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
İlham Əliyev: “Bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur”

“Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub. Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan”. Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur: “Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır. Bilirsiniz, bu hadisələr Ermənistanın faşist mahiyyətini, onların qorxaq xislətini bir daha göstərdi. Çünki birinci dəfə deyil ki, təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir. Bizim kəndlərimiz atəşə tutulmuşdur. Namərdlərin bu atəşi nəticəsində 76 yaşlı ağsaqqal həlak olmuşdur. Bu, vəhşilikdir. Müharibəni ordular, əsgərlər, könüllülər aparır. Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır, necə ki, Xocalıda soyqırımı törətmişdir, günahsız işanları - uşaqları, qadınları qətlə yetirmişdir. Xocalıda 613 insan düşmən tərəfindən öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. Bu insanların “günahı” o idi ki, onlar azərbaycanlı idi. Bu amil erməni millətçilərinə kifayətdir. Bu insanlar əliyalın mülki vətəndaşlar idi. Erməni quldur dəstələri bundan və o vaxt hakimiyyətin zəif olmasından istifadə edərək xalqımıza qarşı vəhşi cinayət, soyqırımı törətmişlər. Eyni addımları bu dəfə də atmaq istəyirdilər. Yoxsa dinc əhalini bombalamağın, artilleriya ilə, minomyotlarla atəşə tutmağın səbəbi nədir? Yenə də deyirəm, onlar döyüş meydanında acizliyini görərək ən çirkin əməllərə əl atırlar”.  Azərbaycan Prezidentinin sözlərinə görə, 2016-cı ilin Aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilmişdir: “O vaxt da Ermənistan tərəfindən zəbt edilmiş mövqelərdən kəndlərimiz müntəzəm olaraq atəşə tutulurdu. Azərbaycan Ordusu çox böyük peşəkarlıqla əks-hücum əməliyyatı keçirərək zəbt olunmuş strateji yüksəklikləri geri qaytardı və düşməni qaçmağa məcbur etdi. Tovuz rayonunda baş vermiş hadisələr də həmin ssenarinin təkrarıdır. Biz bunu bilməliyik. Bilməliyik ki, hansı xislətə malik olan qonşu ilə üz-üzəyik. Heç vaxt bunu yaddan çıxarmamalıyıq! Heç vaxt Xocalı soyqırımını yaddan çıxarmamalıyıq və çıxarmayacağıq! Biz düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər. Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – KTMT-yə üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır. Onların əsas məqsədi məhz bu idi - dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi”.

Hamısını oxu
Hafiz Paşayevin həyat yoldaşı vəfat edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayevanın vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin

Hamısını oxu
“Brüssel görüşü diplomatiyamızın tarixi uğurlarından biridir”

Cəlil Xəlilov: “Bu görüş dövlətimizin sülh istəyini bir daha nümayiş etdirdi” Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında görüş  keçirilib, bir sıra məsələlərlə bağlı razılıq əldə olunub. Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəliov, bu görüşün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib: “Brüssel görüşü Azərbaycan diplomatiyasının tarixi uğurlarından biridir. Çünki bu görüş nəticəsində əldə edilən razılaşmalarda dövlətimizin maraqları tam şəkildə öz əksini tapıb. Nümunə üçün qeyd edim ki, görüşlə bağlı mətbuata verilən bəyanatda bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsi işlənilməyib. Halbuki, Ermənistan hakimiyyəti bundan öncə dəfələrlə bu ifadəyə müraciət edir, hətta “Dağlıq Qarabağ”a müstəqillik tələbi səsləndirirdi. Ancaq Brüssel danışıqları ilə bağlı bəyanatda “Dağlıq Qarabağ” ifadəsi yer almadı. Bu faktın özü Azərbaycan diplomatiyasının prinsipliyindən, onun milli maraqlarımızı uğurla müdafiə etməsindən xəbər verir. Bu, həm də dövlət başçısının dəfələrlə səsləndirdiyi bir həqiqəti – “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur” – gerçəyini yada salır. Görüşlə bağlı diqqət çəkən məqamlardan biri də Azərbaycan tərəfinin rəsmi İrəvanın bir sıra addımları ilə bağlı öz narazılıq və narahatlığını açıq şəkildə dilə gətirməsi, Ermənistan hökumətinin qeyri-səmimi davranışını ifşa etməsi ilə bağlıdır. Görüşdə Ermənistanın Azərbaycaan verdiyi mina xəritələrin dəqiqlik göstəricinin 25%-ə yaxın olması, Birinci Qarabağ müharibəsində itkin düşən dörd minə yaxın insanın taleyinə aydınlıq gətriməməsi və s. kimi məqamlara da açıq şəkildə toxunuldu, bütün bu məsələlər əsas müzakirə predmetlərindən birini təşkil etdi. Nəqliyyat-kommunukasiya əlaqələrinin bərpa ediməsi, sülh müqaviləsinin imzalanması məqsədi ilə danışıqların davam etdirilməsi də Brüssel görüşündə müzakirə edilən əsas məsələlərdən biri oldu. Ümumiyyətlə, Brüssel görüşü bir sıra konkret nəticələri ilə birlikdə həm də dövlətimizin, xalqımızın sülh istəyinin bir daha nümayiş etdirilməsi ilə yadda qaldı. Bu görüş bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan sülh dövlətidir və regionda sülhün təmin edilməsi, sabitliin qorunub saxlanılması üçün bütün imkanlarından maksimum istifadə edir. Bu baxımdan hesab edirəm ki, Brüssel görüşünün nəticələri bundan sonra aparılacaq danışıqlar üçün əlverişli zəmin formalaşdıracaq, Azərbaycanın diplomatik müstəvidə yeni uğurlar qazanmasını stimullaşdıracaqdır”.  

Hamısını oxu