Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev: “Bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur”

“Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub. Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan”. Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur: “Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır. Bilirsiniz, bu hadisələr Ermənistanın faşist mahiyyətini, onların qorxaq xislətini bir daha göstərdi. Çünki birinci dəfə deyil ki, təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir. Bizim kəndlərimiz atəşə tutulmuşdur. Namərdlərin bu atəşi nəticəsində 76 yaşlı ağsaqqal həlak olmuşdur. Bu, vəhşilikdir. Müharibəni ordular, əsgərlər, könüllülər aparır. Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır, necə ki, Xocalıda soyqırımı törətmişdir, günahsız işanları - uşaqları, qadınları qətlə yetirmişdir. Xocalıda 613 insan düşmən tərəfindən öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. Bu insanların “günahı” o idi ki, onlar azərbaycanlı idi. Bu amil erməni millətçilərinə kifayətdir. Bu insanlar əliyalın mülki vətəndaşlar idi. Erməni quldur dəstələri bundan və o vaxt hakimiyyətin zəif olmasından istifadə edərək xalqımıza qarşı vəhşi cinayət, soyqırımı törətmişlər. Eyni addımları bu dəfə də atmaq istəyirdilər. Yoxsa dinc əhalini bombalamağın, artilleriya ilə, minomyotlarla atəşə tutmağın səbəbi nədir? Yenə də deyirəm, onlar döyüş meydanında acizliyini görərək ən çirkin əməllərə əl atırlar”.  Azərbaycan Prezidentinin sözlərinə görə, 2016-cı ilin Aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilmişdir: “O vaxt da Ermənistan tərəfindən zəbt edilmiş mövqelərdən kəndlərimiz müntəzəm olaraq atəşə tutulurdu. Azərbaycan Ordusu çox böyük peşəkarlıqla əks-hücum əməliyyatı keçirərək zəbt olunmuş strateji yüksəklikləri geri qaytardı və düşməni qaçmağa məcbur etdi. Tovuz rayonunda baş vermiş hadisələr də həmin ssenarinin təkrarıdır. Biz bunu bilməliyik. Bilməliyik ki, hansı xislətə malik olan qonşu ilə üz-üzəyik. Heç vaxt bunu yaddan çıxarmamalıyıq! Heç vaxt Xocalı soyqırımını yaddan çıxarmamalıyıq və çıxarmayacağıq! Biz düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər. Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – KTMT-yə üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır. Onların əsas məqsədi məhz bu idi - dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi”.

2020-07-30 00:00:00
3288 baxış

Digər xəbərlər

Hikmət Hacıyevdən “sülhün Azərbaycan modeli” ilə bağlı tarixi mesaj... - TƏHLİL!

Sözdən əmələ, nəzəriyyədən praqmatizmə uzanan yol... Məlum olduğu kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşə dair "X" platformasında paylaşım edib. Hikmət Hacıyev paylaşımında Azərbaycanın sülh siyasəti ilə bağlı dəyişməz mövqeyinə toxunub, bu istiqamətdə görülən işlərə diqqət çəkib: “Biz Vaşinqton gündəliyinə tam sadiqik. Bu sadiqlik sadəcə bəyanat xarakterli deyil və kağız üzərində qalmır. Əksinə, sülh gündəliyini gücləndirmək üçün konkret və praqmatik addımlar atılır. Bu addımlar sırasında ikitərəfli ticarətin inkişafı, Azərbaycan üzərindən Ermənistana tranzit daşımaların həyata keçirilməsi və insanlararası əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Bu təşəbbüslər sülhün iqtisadi dividendlərinin formalaşmasına xidmət edir”. Göründüyü kimi, Hikmət Hacıyev Azərbaycan üçün sülh məfhumunun sadəcə sözdən ibarət olmadığını, bu məfhumu gündəlik yaşamın bir hissəsinə çevirmək üçün dövlətimizin praktiki müstəvidə sistemli iş apardığını bildirib. Vaşinqton görüşündən sonra ötən qısa zaman ərzində iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına, Azərbayan üzərindən Ermənistana edilən tranzit daşımalarına diqqət çəkən Hikmət Hacıyev, bunu sülhün praktiki müstəvidəki təcəssümü kimi dəyərləndirib. Prezidentin köməkçisi çıxışında bir nüansı – Azərbaycanla Ermənistan arasındakı insanlararası əlaqələrin genişləndirilməsini də xüsusi vurğulayır. Hansı ki, bu amil, sülh üçün yuxarıda qeyd edilən digər amillərdən daha mühüm önəm kəsb edir. Çünki bütün münasibətlərin nüvəsində insan amili dayanır və münasibətlərin istər mövcud, istərsə də gələcək inkişafını məhz bu amil müəyyənləşdirir. Buna görə də insanlararası münasibətlərin inkişafı bütün digər müstəvilərdə münasibətlərin inkişafına təkan vermək deməkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu missiyanın öhdəsindən uğurla gəldiyi göz önündədir. Qəbələdə “Sülh körpüsü” təşəbbüsünün iştiakçıları ilə keçirilən görüş bunun ən bariz nümunəsidir. Hikmət Hacıyev paylaşımında müharibə və münaqişələrdən əziyyət çəkən müasir dünyamızda Azərbaycanla Ermənistan arasındakı sülhün ikiqat əhəmiyyət kəsb etdiyini qeyd edib: “Qlobal proseslərin—Üçüncü Dünya müharibəsi ilə müqayisə edilən tendensiyaların və Yaxın Şərqdə davam edən vəziyyətin fonunda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əhəmiyyəti daha da artır”. Hikmət Hacıyevin də qeyd etdiyi kimi, beynəlxalq müstəvidəki gərginliklər və qarşıdurmalar fonunda Cənubi Qafqazda etbarlı sülhün formalaşması mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud əmin-amanlığın qorunub saxlanılması, qarşılıqlı inam və etimadın zamanla daha da dərinləşdirilməsi baxımından böyük önəm kəsb edir. Bununla yanaşı, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, sülh həm də inkişaf və tərəqqi deməkdir. Sülhün olmadığı heç bir yerdə tərəqqi mövcud deyil. Bu baxımdan inkişafı təmin etmək, tərəqqiyə nail olmaq üçün sülhün qorunması, inkişaf etdirilməsi olduqca vacibdir. Prezidentin köməkçisi paylaşımında Ermənistanda revanşist qüvvələrin mövcudluğuna da diqqət çəkib və bunu sülh üçün təhlükə kimi dəyərləndirib: “Bu çağırışlar regionu yenidən qeyri-sabitliyə—1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində olduğu kimi—sürükləmək riski yaradır. Amma Ermənistan cəmiyyətinin özünün sülhə can atdığını görmək bizə ümid verir ki, prosesi pozmağa çalışan qüvvələr sonda uğursuzluğa düçar olacaq”. Sitatdan da göründüyü kimi, Hikmət Hacıyev revanşist qüvvələrin sülh üçün kəsb etdiyi riskə toxunmaqla yanaşı, Ermənistan cəmiyyətinin sülhə can atdığını vurğulayır və qeyd edir ki, məhz bu amil – Ermənistan cəmiyyətinin sülh arzusu revanşistlərin uğursuzluğa düçar olacağını dşünməyə əsas verir. Başqa sözlə desək, Hikmət Hacıyev revanşist qüvvələr qarşısındakı ən böyük maneənin Ermənistan cəmiyyəti, bu cəmiyyətin sülh arzusu olduğunu diqqətə çatdırır, sülhün qalib gələcəyinə inamını ifadə edir. Bir sözlə, Hikmət Hacıyev öz paylaşımında ifadə etdiyi fikirlərlə bir daha “sülhün Azərbaycan modelinə”diqqət çəkir, bu modelin praktikliyinə toxunur. Xatırladaq ki, kifayət qədər sadə və bir o qədər də effektiv olan bu modelin əsasında isə üç prinsip dayanır: siyasi iradə, cəsarət və sadiqlik! Hansı ki, bu prinsip Prezident İlham Əliyev tərəfindən 12 mart 2026-cı il tarixində Bakıda, “Gülüstan” sarayında  “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda dövlət başçısı tərəfindən dilə gətirilib, dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu üç prinsipə əməl etməklə “sülhün Azərbaycan modeli”ni münaqişə və qarşıdurmalardan əziyyət çəkən dünyamızın istənilən bölgəsində tətbiq etmək, bu bölgələrə yenidən dinclik və firavanlıq bəxş etmək mümkündür. Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə görüş olub

1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova ilə görüşüb.  H.Abdullayev Qələbə günü münasibəti ilə nazirliyin rəhbərliyi və kollektivi adından F.Səttarovanı və onun timsalında Təşkilatın kollektivini təbrik edib, xoş arzularını ifadə edib. Görüşdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına göstərilmiş xüsusi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həmin müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən bəhs olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminat sistemi ilə əhatə olunduqları, onlara diqqət və qayğının bundan sonra da davam edəcəyi qeyd olunub.  F.Səttarova onun və bütün müharibə veteranlarının, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daim dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildirib və buna görə Prezident İlham Əliyevə minnətdarığını ifadə edib.  Görüşdə İkinci Dünya müharibəsi iştirakçılarının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərindən bəhs olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.   www.sosial.gov.az

Hamısını oxu
Topçu Qulam

Alman  faşizmi  üzərində  qələbənin  80  illiyi... Bu il mütərəqqi bəşəriyyət İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 80 illiyini təntənə ilə qeyd edir. 1418 gün davam edən İkinci Dünya müharibəsi 20 milyon Sovet adamının qanı bahasına qələbə ilə başa çatdı.  Bu qələbə bəşəriyyəti faşizm taunundan xilas etdi. 9 May günü dünyaya ağalıq etmək istəyən azğın Hitler başda olmaqla faşistlərin alçaq niyyətlərinin puç olduğu gündür. Sovet xalqının faşist Almaniyası üzərindəki qələbəsinin böyük ümumdünya tarixi əhəmiyyəti vardı. Bu qələbənin qazanılmasında  doğma Azərbaycanımız da böyük şücaət göstərmişdir. İkinci Dünya müharibəsində Vətənimizin xilası naminə, faşizmin darmadağın edilməsi naminə xalqımız böyük qurbanlar vermişdir. Vətənə sədaqətlə xidmət etmiş və öz həyatlarını qələbə naminə qurban vermiş adamların xatirəsini biz bu gün də ehtiramla yad edirik. İkinci Dünya müharibəsinin odlu-alovlu səngərlərində Cəlilabad rayonundan olan minlərlə  əsgər və zabitlərimiz də böyük əzmkarlıq göstərmiş, azğın faşistlərin yuvası olan qanlı Berlinədək şanlı döyüş yolu keçmişlər. Cəbhələrdən geri qayıtmayan, Vətən uğrunda fədakarlıqla həlak olan 3600 həmyerlimizin əziz xatirəsi bu gün də qəlbimizdə əbədi yaşayır. Cəlilabadın istirahət parkında ucaldılmış Ana abidəsi Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə xalqımızın ehtiramını bir daha nümayiş etdirir. Müharibə cəbhələrində həlak olan cəlilabadlıların  şərəfinə rayonumuzun mərkəzində  “Xatirə bulağı” kompleksi də ucaldılmışdır. İkinci Dünya müharibəsində hünər göstərmiş Fətulla Niftullayev, Gülağa Cəfərov, Rəşid Əhədov, Şirbala Mayılov, Səfəralı Məmmədov, Qulam Əliyev, Alim Əliyev, Ağapaşa Səfərov, Ağabağır Kazımov  kimi igid oğullarımızın keçdiyi şərəfli həyat yolu bu gün hamımız üçün örnəkdir. Bu yazımızda el-oba içərisində “Topçu Qulam” kimi tanınmış Qulam Əliyev haqqında söz açmaq istəyirik. Qulam Əliyev Cəlilabad rayonunun Məlikqasımlı kəndində 1902-ci ildə doğulub, boya-başa çatıb. Müharibə başlananda o,  kənddə kolxoz sədri işləyirdi. Vətənin bu ağır günündə Qulam arxa cəbhədə əlindən gələni edirdi ki, məhsulumuz bol olsun, əsgər ailələri korluq çəkməsinlər. İşçi qüvvəsi az idi. Kişilər cəbhəyə getdiyi üçün bütün işləri qadınlar görürdülər. Bir gün müharibəyə getmək üçün Qulama da çağırış vərəqi gəldi. 1942-ci ilin aprel ayında cəbhəyə yollanan Qulam ilk döyüşə Mozdak yaxınlığnda girir. Ağır döyüşdə o, düşmənin bir neçə tankını məhv edir və özü də bu döyüşdə yaralanır. Hospitalda müalicə alıb sağaldırdan sonra yenidən cəbhəyə yola düşür. 1943-cü ildə Kursk cəbhəsində gedən qanlı döyüşlərdə vuruşur. 151-ci divizi-yanın döyüşçülərilə birgə Belqorod şəhərinin, Kirov vilayətinin, Sumsk vilayətinin Luza qəsəbəsinin, Leninqradın Krasnoye kəndinin azğın faşistlərdən azad olunmasında iştirak edir. Odlu səngərlərdə göstərdiyi şücaətə görə həmyerlimiz Qulam Əliyev komandanlıq tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilir. Od-alov içindən çıxmış müharibə veteranı Qulam Əliyevin cəbhə xatirələrindən: “ Polkumuz 1943-cü ildə Kursk yaxınlığındakı döyüşlərdə fəal iştirak etdi. Tezliklə Orlov, Kursk, və Bryansk cəbhələri ilə birləşərək faşistləri mühasirəyə aldıq. Qanlı döyüşlərdən sonra Kursk vilayətini faşistlərdən azad etdik. Hər döyüşdən sonra ən yaxın dostumuzu, cəbhə yoldaşımızı görməyəndə adamın qəlbi ağrıyırdı. Lakin heç kim fikirləşmirdi ki, qarşıdakı döyüşdə düşmən gülləsinə hədəf ola bilər. Çünki insan qəzəbi, insan nifrəti ölümdən güclü idi. Hamını bir şey düşündürürdü;-daha çox faşist qırmaq, Vətəni azad etmək. Bu amal idi bizi yaşadan, döyüşlərə ruhlandıran. Qoşunlarımızın köməyi ilə Leninqrad şəhərinin ətrafını alman faşistlərindən təmizlədikdən sonra Belarusiyaya keçdik. Belarusiyanın keçilməz meşələrində almanlar bizim polku üç tərəfdən mühsirəyə aldılar. Bir tərəfimiz isə bataqlıq idi. Uzun müddətli vuruşmadan sonra mühasirəni yarıb əks hücuma keçdik. Biz mühasirədən çıxdıq. Tallin şəhərini də işğalçılardan təmizlədik.”  Sinəsini orden və medallar bəzəyən Qulam Əliyevin cəbhə xatirələri çoxdu. Yadımdadı, oxuduğum Cəlilabad şəhər 2 saylı məktəbdə  müharibə veteranları ilə şagird və müəllim heyətinin görüşündə də Topçu Qulamın maraqlı cəbhə xatirələrinə doyunca qulaq asmışıq. Onun barıt qoxulu xatirələrini dinlədikcə gözümüz önündə müharibənin odlu-alovlu günləri bir daha canlanırdı.  Biz o döyüşçünü  klublarda baxdığımız davalı kinoların qəhrəmanı kimi tanıyırdıq. Qulam Əliyevin ağsaqqal sözü, öyüd-nəsihəti, keçdiyi şərəfli həyat yolu biz gənclər üçün örnək idi. Qəhrəman döyüşçünün  barıt qoxulu xatirələrindən: “Mənim döyüşdüyüm 151-ci atıcı diviziyası Polşanın azad olunmasında da fəal iştirak edib. Kənd və şəhərləri azğın faşistlərdən təmizləyə-təmizləyə 1944-cü ildə Praqa şəhərinə gəlib çatdıq. Döyüşdəki hünərimə görə məni “Şöhrət” ordeni və “Praqanın azad olunması” medalı ilə təltif etdilər. Sonra biz Almaniyanın içərilərinə doğru irəlilədik. Hər şəhər, hər kənd uğrunda əlbəyaxa döyüşlər gedirdi. Bu döyüşlər zamanı 15-dən çox faşist öldürdüm, düşmənin bir neçə tankını yandırdım. Müharibənin qurtarması xəbərini də Almaniya torpağında eşitdik. Qələbə günü – 1945-ci il mayın 9-da hissəmizdə böyük bayram oldu. Əsgərlərimiz bir-birini təbrik edir, qucaqlaşıb öpüşürdülər. O vaxtdan neçə illər keçsə də müharibənin ürəklərə vurduğu yaralar hələ sağalmayıb...” Od-alov içindən çıxmış müharibə veteranı Qulam Əliyev müharibədən sonrakı illərdə bir müddət təsərrüfatla məşğul olub, sonra “Veteranlar” mağazasının müdiri kimi çalışıb. Özü kimi yaşlı nəslin nümayəndələrinə nümunəvi xidmət göstərib. Əmək fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə o vaxtlar qabaqcıl əmək adamlarına verilən “Rəşadətli əməyə görə”, “Lenin yubiley medalı”, “Kommunist əməyi zərbəçisi”, “Sosializm yarışının qalibi” nişanları ilə təltif olunub. İkinci Dünya müharibəsi veteranı Qulam Əliyev həm də gözəl ailə başçısı olub. 9 övlad böyüdüb boya-başa çatdırıb, nəvə-nəticə sahibi olub. Qəhrəman döyüşçü, hamının “Topçu Qulam” kimi tanıdığı Qulam Əliyev 2000-ci ildə Cəlilabad şəhərində dünyasını dəyişib. O, bu gün şəhər qəbirstanlığında əbədi uyusa da, qədirbilən xalqımızın qəlbində həmişə yaşayır. Necə deyərlər, heç kim unudulmur, heç nə yaddan çıxmır...          Ədalət Salman, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü        

Hamısını oxu
Veteranlar 8 Noyabr zəfərinin 4-cü ildönümü münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

Tədbir daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib Veteran.gov.az xəbər verir ki, bu gün 8 Noyabr zəfərinin 4-cü ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Fəxri Xiyabanı ziyarət edib, Ulu öndər Heydər Əliyevin məzarı önünə əkil qoyublar. Daha sonra akademik Zərifə Əliyevanın  məzarını və Şəhidlər Xiyabanını ziyarət edən veteranlar vətən yolunda həlak olanlara sevgi və ehtiramlarını bildirib, onların məzarı üstünə gül dəstələri qoyublar. Daha sonra tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlardan danışıb: “8 Noyabr zəfəri Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən bir zəfərdir. Bu, o qədər böyük qələbədir ki, bunun nəticəsi sadəcə Azərbaycanla məhdudlaşmadı. Bu, regionda və dünyada baş verən hadisələrə ciddi təsir göstərdi, qlobal aləmdə yeni status-kvo formalaşdırdı. Bu zəfər bütün anti-Azərbaycan qüvvələrinə göstərdi ki, xalqımız hər cür təhdid və təhlükəni dəf etməyə qadirdir və o, heç vaxt öz azadlığının bir zərrəsindən, öz torpağının bir qarışından belə imtina etməyəcək. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox böyük qəhrəmanlıqlara imza atdı, sözün həqiqi mənasında XXI əsrin müharibəsini reallaşdırdı. Təsadüfi deyil ki, bu gün də Rusiya, ABŞ, Çin kimi nəhəng dövlətlər Vətən müharibəsini, ordumuzun bu müharibədə tətbiq etdiyi yenilikləri diqqətlə öyrənməkdədir. Biz əldə etdiyimiz bu böyük, şanlı zəfərə görə şəhdilərimizə, veteranlarımıza, xalqımıza, Prezidentimizə, vətəndaşlarımızın göstərdiyi yüksək həmrəyliyə borcluyuq və bu həmrəyliyi bundan sonra da qoruyub saxlamalı, inkişaf etdirməliyik”. Tədbirdə çıxış edən millət vəkili Mehriban Vəliyeva ölkəmizin inkişafında, gülü ordunun formalaşmasında Ulu öndər Heydər Əliyev amilinə diqqət çəkib. Millət vəkili qeyd edib ki, məhz Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf siyasəti, nizami ordunun formalaşdırılması sonrakı dönəmdə Prezidnt İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmiş, nəticə etibarı ilə 8 Noyabr zəfərinin ortaya çıxmasını şərtləndirmişdir. Tədbirdə çıxış edən QHT nmayəndələri, veteranlar da 8 Noyabr zəfərini Azərbaycan tarixinin ən böyük zəfərlərindən biri kimi dəyərləndirib, şəhidlərimizə, veteranlarımıza, ordumuza sevgi və ehtiramlarını bildiriblər.  Tədbirin sonunda vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidməltərinə görə fərqlənən veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif ediliblər.    

Hamısını oxu