Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dövlətə xəyanət siyasi mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq ən ağır cinayətdir

Bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsindən daha təbii, daha ədalətli heç nə yoxdur...

Bugünlərdə AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarışın aparılması, habelə, hər iki şəxsin PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb edilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olmaqdadır. Vətəndaşların böyük əksəriyyəti baş verənləri dövlət təhlükəsizliyi baxımından zəruri addım kimi qiymətləndirsə də, xarici ölkələrdəki bəzi müxalifətçilər bunu iqtidarın müxalif partiyaya qarşı hücumu kimi təqdim edir. Halbuki, AXCP təmsilçilərinin DTX tərəfindən istintaqa cəlb edilməsinin iqtidar-müxalifət münasibbətlərindən qaynaqlanmadığı göz önündədir. Çünki DTX-nın apardığı istintaq konkiret faktlara, dəlillərə əsaslanır. Əli Kərimlinin evindən tapılan məktub buna sübutdur. 

Unutmaq olmaz ki, dövlətə xəyanətin iqtidarı, müxalifəti olmur. Dövlətə xəyanət siyasi mənsubiyyətindən, sosial statusundan, kimin tərəfindən törədilməyindən asılı olmayaraq, ən ağır cinayətdir və bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsindən daha təbii, daha ədalətli heç nə yoxdur.

Şübhəsiz, indiki halda istintaqa cəlb edilən şəxslərin vətənə xəyanət etdiyini qəti şəkildə iddia etmək olmaz. Çünki hələ ki, ilkin istintaq işləri aparılır və ortada AXCP nümayəndələrinin xəyanətini isbatlayacaq məhkəmə hökmü yoxdur.  Lakin eyni zamanda DTX tərəfindən aparılan əməliyyat bununla bağlı əsaslı şübhələrin mövcudluğunu təsdiqləməkdədir. 

DTX-nın AXCP rəhbərliyi ilə bağlı atdığı addımları hakimiyyətin müxalifətə hücumu kimi xarakterizə etməyin yanlışlığını sübut edən digər bir fakt da bugünə qədər YAP üzvü olan xeyli sayda məmurun, eləcə də bir neçə icra başçısının rüşvət və korrupsiya ittihamı ilə həbs edilməsidir. Hansı ki, bu həbslərin də böyük əksəriyyətini DTX həyata keçirib. Dövlətə xəyanətdə ittham edilən Ramiz Mehdiyevin də uzun müddət Prezident Administrasiyasının sabiq rəhbəri olduğu məlumdur. 

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, AXCP ilə bağlı yaşananları dövlətin müxalifəti susdurmaq cəhdi kimi dəyələndirmək yanlışdır və bu cür açıqlamalar ictimai rəyi çaşdırmağa, DTX-nın ağır cinayətlərə qarşı apardığı mübarizəni gözdən salmağa hesablanıb.

Lakin hər kəs bilməlidir ki, Azərbaycan dövləti onun əsaslarını sarsıtmağa çalışan, vətənin taleyini yad dövlətlərin mərhəmətinə bağlayan şəxslərə qarşı bundan sonra da qətiyətlə mübarizə aparmaqda davam edəcək, kimliyindən asılı olmayaraq, həmin şəxslər qanun qarşısında cavab verməyə məcbur olacaq.

Seymur ƏLİYEV

2025-11-30 21:54:00
2275 baxış

Digər xəbərlər

Rayon Veteranlar Təşkilatı şəhid atasının yubileyini keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev  adına 2 saylı tam orta məktəbdə qəhrəman şəhidimizin atası Arif Abdullayevin 70 illik yubileyini keçirib. Möhtəşəm keçən tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirə gələnlər şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfillər düzüblər. Məktəbin geniş akt zalında düzənlənən tədbirdə öncə torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salman yubileyi qeyd olunan Əmək veteranı Arif Abdullayevin şərəfli həyat yolundan danışıb, Rəşad Abdullayev kimi qəhrəman övlad böyütdüyünə görə və anadan olmasının 70 illiyi münasibəti ilə onu Fəxri fərmanla təltif edib. Şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" ictimai birliyi rayon filialının sədri Maşalla Əliyev, Vətən müharibəsi iştirakçıları Namiq Nəzərov, Toğrul Rizvanlı, məktəbin direktor müavini Rakif Həsənli, ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə,    "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyi rayon bölməsinin rəhbəri Asəf İsmayılov, AYB-nin üzvü, veteran müəllim Əfrahim Abbas və başqaları çıxış edərək yubilyarı səmimi qəlbdən  təbrik edərək şəhid ailələrinə və qazilərə dövlətimizin göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar. Yubiley münasibəti ilə Arif dayıya öz hədiyyələrini  təqdim ediblər. Şagirdlərin söylədikləri vətənpərvər ruhlu şeirləri tədbir iştirakçıları  maraqla qarşılayıblar. Tədbirdə çıxış edən yubilyar Arif Abdullayev şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə və tədbirin keçirilməsində əməyi olan  rayon Veteranlar Təşkilatına  öz minnətdarlığını bildirib. Sonda xatirə şəkilləri çəkilib.

Hamısını oxu
Ruhum ağrılardan qıvrılır yenə

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən...  Ruhum ağrılardan qıvrılır yenə, Vücudun soyuyub sönməyi vardır. Bu suçsuz ürəyim sızlayır yenə, Yenə yarın məndən dönməyi vardır.   Sənə gəlməkdəyəm könlümdə umud, Gecəni, gündüzü düşünüb yordum: Ya sözün kölgəli bəyaz bir bulud, Ya qara gözlərin əzabın yurdu.   Sonra Allah dedim, bax, mən allahsız, Köksümdə daşlaşdı bir qərar: – İlğım! Hamı günahkardı, hamı günahsız, Əzab dalımızca düşüb, yazığıq.   Bilirəm, yanında xətrim əzizdir, Bu canın o cana enməyi vardır. Asi ürəyimdə gözlənti izi, Yenə yarın mənə dönməyi vardır.    MƏN SƏNƏ MƏKTUBLAR YAZDIM    Mən sənə məktublar yazdım hər axşam, Sözlər sehrlədi dörd bir yanını. Ehtimal, üzünə sürtdün məktubu, Ehtimal, dişlədin bal dodağını.   Bu dəmdə diksinib birləşdi ruhlar, Həsrətlər bərabər qol-qola girdi. Mən səni aradım dünyabadünya, Sən də yol-yol gəldin mənim yanıma.   Qarşında qəlbini açıb tökər kim Hərfbəhərf, sözbəsöz, məktubbaaməktub? Bilmirəm, əzabmı, sevincmi bizə, Eşq hansı məktubu sayacaq məqbul.   Ağlım vücudumda yanar, titrəyər, Bu təsadüf vüsal xəyala dönər. İndi hər nəfəsdə səslərəm canım, Gəlsənə, gəlsənə, gəlsənə mənə.   Dar hücrəm doludur dilsiz kağızla, İnlədi qələmdən ayrı əllərim. Özünü şüşəyə çırpdı dünyanın Qanadlı, qanadsız kəbutərləri.   Bağışla! Nə yazım, dilimdə söz yox, Təəssüf, görmədin qəlbimdəkini. Hansı asimana, yavrum, sevinclə, Sənsiz gözlərimlə baxım mən indi?   Qələmi sındırdım, iş oldu tamam. Bir sirri anlatdım, köhnədir, dinlə: “Baxışımdan köçər baxışlarına Könlümdə yazılan ən gözəl namə...”.   Mən sənə məktublar yazdım hər axşam...   Rəhmət BABACAN Özbəkistan Respublikası Şair, tərcüməçi, “İstirab fısıltısı” və “Üzbə-üz” adlı şeir kitablarının müəllifi.  Azərbaycan dilinə tərcümə etdi: Səlim Babullaoğlu  

Hamısını oxu
Sumqayıt Tibb Mərkəzi daha bir ilkə imza atıb

Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında ilk dəfə olaraq ağciyərin böyük ölçülü exinokokk kistası əməliyyat yolu ilə uğurla çıxarılıb. Bu barədə Aztibb.az-a STM-dən məlumat verilib. Bildirilib ki, 15 yaşlı pasiyent üzərində cərrahi müdaxilə uzman uşaq cərrahı Araz Hüseynovun rəhbərliyi ilə həyata keçirilib. Əməliyyat zamanı döş qəfəsi açılaraq ağciyərdə yerləşən iri kista tam olaraq çıxarılıb. Əməliyyat yüksək riskli olmasına baxmayaraq, peşəkar komandanın koordinasiyalı fəaliyyəti nəticəsində uğurla başa çatıb və pasiyentin vəziyyəti stabildir. Qeyd edək ki, son 2 il ərzində STM-nin Uşaq Xəstəxanasında döş qəfəsi və ağciyər nahiyəsində ağır cərrahi müdaxilələr uğurla icra olunmaqdadır. Bu əməliyyat isə həmin uğurların daha bir göstəricisidir.  

Hamısını oxu
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Lənkəran şəhərində bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin edilib.  Bununla bağlı ƏƏSMN məlumat yayıb. Tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev iştirak ediblər.     Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun cəmi 44 gün ərzində möhtəşəm qələbə əldə etməsindən, misilsiz rəşadətindən, Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmasından, ərazilərimizi işğaldan azad etməsindən qürurla bəhs ediblər. Bildiriblər ki, bu tarixi zəfərlə Azərbaycan öz gücünü, qüdrətini, xalqımızın sarsılmaz birliyini dünyaya nümayiş etdirdi. Gələcək nəsillər də daim bu qələbəmizlə fəxr edəcəklər.  Diqqətə çatdırılıb ki, mühüm sosial proqramlardan biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin olunmasına yönəlib. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib.  Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə bu göstəricinin rekord səviyyəyə, yəni 1500-ə çatdırılması həmin kateqoriyalardan olan vətəndaşlara qayğının daim artmaqda olduğunu, sosial proqramların ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirildiyini göstərir. Onlardan 1050-dən çoxu artıq təqdim edilib.  Ümumilikdə isə şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 9000-ə yaxın mənzil və fərdi ev verilib. Dövlət başçısının onların sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısını vurğulayan şəhid ailələrinin üzvləri və müharibə əlilləri bu gün mənzillər və fərdi evlə təmin edilmələrindən sevinc hissi keçirdiklərini bildiriblər. Onlar bu yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.                

Hamısını oxu