Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar təşəbbüsə qoşulurlar

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə dəstək olmaq hər birimiz üçün müqəddəs vəzifədir. Ulu öndərimiz Heydər Əliyevin dəfələrlə dediyi kimi, Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, hər bir Azərbaycan vətəndaşının borcudur.   Möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Ruh yüksəkliyi var. Nəinki, orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Biz veteranlar da bu işin daha da geniş vüsət alması üçün əlimizdən gələni əsirgəmirik. Azərbaycan əsgərləri ilə bizi  sıx əlaqələr birləşdirir. Bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında  keçirilən Azərbaycan Ordusuna  mənəvi dəstək aksiyasına start verilməsi və UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun rəhbərliyi ilə professor- müəllim və tələbələrin bir qrupunun hərbi libas geyinərək cəbhəboyu bölgələrə, ön xətt mövqelərinə səfərləri, fəxri döyüş növbələrində dayanmaları, əsgərlərlə bir yataqxanada gecələmələri, onlara mənəvi dəstək olmaları biz veteranları da hədsiz sevindirdi. Əsgər hiss edəndə ki, onu yada salan, ona arxa-dayaq olan, qayğıları ilə yaşayan, onun xidmətlərini yüksək qiymətləndirən arxa cəbhə varsa, deməli, ön səngərdə daha məğrur dayanacaq, ümidləri doğruldacaq, Vətən uğrunda, torpaq uğrunda canını, qanını belə əsirgəməyəcəkdir. Azərbaycan Dövlət İqtisad Universitetinin bu təşəbbüsü əsil vətənpərvərlik təşəbbüsüdür və təqdirəlayiqdir. Biz veteranlar bu  təşəbbüsü ürəkdən alqışlayırıq və bu gündən UNEC-in təşkil etdiyi xeyirxah vətənpərvərlik aksiyasına qoşulduğumuzu bəyan edirik. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinə səfərlərimizə bu gündən start verilir.   Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik

2019-05-27 00:00:00
1442 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından Ali Baş Komandana dəstək Bəyanatı

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək Bəyanatı verib. Bəyanatda deyilir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Sizin rəhbərliyiniz altında sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərini dəstəkləyir, və bu tədbirləri regionda sülhün və təhlükəsizliyin etibarlı təmini baxımından son dərəcə zəruri hesab edir. Hər birimiz yaxşı başa düşürük ki, bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. 44 günlük Vətən müharibəsində olduğu kimi həyata keçirilən bu əməlyyatlarda da biz Veteranlar Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman ordumuzun fəaliyyətini alqışlayırıq.  Cənab Prezident! Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq bəyan edirik ki, bu gün də bütün veteranlar Sizin yanınızdadır və daim ərazimizin bütövlüyünün təmin edilməsi üçün mübarizəyə hazırdır. Qürur və iftixar hissi ilə bildiririk ki, xalqımızın, dövlətimizin işıqlı sabahı, rifahı və təhlükəsizliyi üçün həlledici önəm daşıyan bu mübarizənin hər günü, hər saatında Sizin yanınızda olacaq, ordumuzun əldə etdiyi zəfərlərə töhfə vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik”. Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova  

Hamısını oxu
Xalqın mübarizə tarixini özündə əks etdirən unikal Şəhidlər Kompleksi

Azərbaycan xalqının hər zaman şəhidlərinin xatirəsini uca tutduğu, onları daim böyük hörmət və ehtiram hissi ilə yada saldığı məlumdur. Son illər bir sıra rayonlarda Şəhidlər Xiyabanlarında həyata keçirilən yenidənqurma işləri, şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində atılan addımlar, şəhid ailələrinə olan qayğıkeş münasibət buna nümunədir. Bu baxımdan Masallı rayonundakı Şəhidlər Kompleksi  müstəsna əhəmiyyətə malikdir. Bu kompleksi digər analoqlarından fərqləndirən, ona müstəsnalıq, təkrarsızlıq qazandıran bir sıra amillər var ki, bu amillərin hər biri özlüyündə milli tariximizin, qəhrəmanlıq salnaməmizin carçısıdır.   247 işıqlı sima: Ölümsüzlük və əbədiyaşarlıq nümunələri...   Masallıdakı Qəhrəmanlar Parkındakı Şəhidlər Kompleksinin ən mühüm özəlliklərindən biri bu kompleksdə Masallı rayonunda olan bütün şəhidlərin fotolarının, habelə onlarla bağlı informasiyaların öz əksini tapmasıdır. Başqa sözlə desək, bir tək bu kompleksi ziyarət etməklə Masallı rayonunun şəhidləri ilə bağlı bütün zəruri məlumatları əldə etmək, bu rayondan olan soydaşlarımızın erməni işğalına qarşı mübarizədəki fədakarlığına şahid olmaq mümkündür.   Komplekslə bağlı təqdiredici məqamlardan biri də məlum kompleksdə həm Birinci Qarabağ Müharibəsinin, həm də İkinci Qarabağ Müharibəsinin bütün şəhidləri haqqında məlumatların cəmlənməsi, onların hamısının vahid platforma əsnasında  ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Bu isə xalqımızın Qarabağ uğrunda son 30 ildə apardığı mübarizə və onun nəticəsini bir tam olaraq qiymətləndirməyə imkan verir. Daş abidə və mərmər platformadan boylanan 247 işıqlı simaya – ölümsüzlük və əbədiyaşarlıq nümunəsinə baxdıqca dövlətimizin ərazi bütövlüyü uğrunda aparılan bu mübarizənin nə qədər böyük, nə qədər anlamlı, nə qədər müqəddəs olduğunu daha dərindən anlayırsan. Anlayırsan ki, hər şey – hətta zaman belə həyatını vətəninə, xalqına, bayrağına və torpağına fəda edən insanları unutdurmağa, onların cəsarət və qəhrəmanlığına olan heyranlıq hissini azaltmağa qadir deyil.   Məlumat üçün qeyd edək ki, kompleksdə Masallı rayonundan olan bütün şəhidlərin – 247 şəhidin hamısının xatirəsi əbədiləşdirilib ki, onların 242-si haqqında məlumat fotolar və qısa informasiyalar halında, Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 5 nəfər şəhidimiz haqqında bilgilər isə büstlər və onların üzərindəki məlumatlar şəklində əks olunub.   Tunc büstlər və dəmir iradəli qəhrəmanlar kompleksi...   Masallıdakı Şəhidlər Kompleksində diqqət çəkən məqamlardan biri də kompleksdə şəhidlərin fotoları ilə yanaşı, qəhrəmanların büstlərinin də yer almasıdır. Bütövlükdə Şəhidlər Kompleksində 5 qəhrəmanın büstü mövcuddur ki, onlardan 3-ü Birinci Qarabağ Müharibəsinin Milli Qəhrəmanı, 2-i isə 44 günlük İkinci Qarabağ savaşının Vətən Müharibəsi Qəhrəmanıdır. Dəmir iradəli qəhrəmanların tuncdan hazırlanan bu büstləri Şəhidlər Kompleksində xalqımızın mübarizə əzminin, igidlik və qəhrəmanlıq ruhunun əzəli-əbədi təntənəsi kimi ucalmaqdadır. Heç şübhəsiz, bu büstlər bügünkü və gələcək nəsillərə yaşadıqları xoş və işıqlı günlərə görə kimlərə minnətdar olduqlarını xatırladacaq, dar məqamda onları yeni zəfərlərə, qələbələrə ruhlandıracaqdır. Bu büstlər öz əzəmətli görkəmləri ilə həm də gənc nəsillərə başa salacaq ki, bu xalq onu yaşadan qəhrəmanlarını öz ruhunda, qəlbində, könül dünyasında sonsuza kimi yaşatmağa qadirdir.   Milli mübarizəmizin 20 Yanvar səhifəsinin əks olunduğu tarixi yaddaş kompleksi...   Masallıdakı Şəhidlər Kompleksinin unikallığını təmin edən amillərdən biri də, bu kompleksdə sadəcə Birinci Qarabağ Müharibəsi və Vətən Müharibəsi ilə yanaşı, həm də müstəqilik tariximizin ayrı-ayrı dönəmlərinə məxsus mübarizə tariximizin əks olunmasıdır. Buna nümunə olaraq Şəhidlər Kompleksində 1990-cı ilin 20 Yanvar tarixinə aid  abidəni göstərmək olar.   Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin şanlı səhifələrindən biri olan 90-cı ilin yanvar olayları, bu olaylar zamanı xalqımızın ölümə açıq-aşkar meydan oxuması faktı Masallıdakı Şəhidlər Kompleksində parlaq boyalarla əks olunmaqdadır. Bu abidə Azərbaycan xalqının bu günə - öz müstəqilliyinə və ərazi bütövlüyünə hansı mübarizələrdən, sınaq və imtahanlardan keçib gəldiyini göstərir. Bir sözlə, Masallıdakı Şəhidlər Kompleksini ziyarət edən hər kəs Birinci və İkinci Qarabağ müharibələri ilə yanaşı, 20 Yanvar hadisələri haqqında da aydın təəssürat əldə edə bilər.   Şəhidlər Kompleksində tarixin daş yaddaşına hopdurulan bütün əsrlərin ən qorxunc cinayəti – Xocalı soyqırımı abidəsi!   Masallıdakı Şəhdilər Kompleksində erməni faşizminin Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərini əks etdirən guşə də mövcuddur ki, bu guşədə 1992-ci ilin 26 fevral Xocalı soyqırımı ilə bağlı abidə yer alır. Bu abidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də erməni vəhşiliyini ifşa edən, erməni vandalizmini aləmə car çəkən, bu vəhşiliyin zamana sığmayan dəhşətlərini anlatan bir abidə kimi mühüm tarixi-mənəvi əhəmiyyətə malikdir. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev erməni faşizminin törətdiyi cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməsinin vacibliyini qeyd edib, dövlətimizin bu istiqamətdə bundan sonra da mütəmadi addımlar atacağını vurğulayıb. Habelə, ölkə başçısı erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi tarixi cinayətlərin unudulmayacağını, bu cinayətlərin qorxunc mahiyyəti haqqında beynəlxalq ictimaiyyətin daim məlumatlandırılması gərəkdiyini də qeyd edib. Bu baxımdan Masallıdakı Şəhidlər Kompleksində Xocalı soyqırımı ilə bağlı inşa edilən abidə sadəcə gənclərin deyil, gələcəkdə bu rayona səfər edən xarici turistləri, əcnəbi vətəndaşları Xocalı soyqırımı, erməni cinayətləri haqqında məlumatlandırmaq baxımından da böyük önəm kəsb edir. Sözügedən abidə tarixi qan yaddaşımızı özündə əks etdirməklə yanaşı, həm də mühüm təbliğati əhəmiyyətə malikdir.   Xatırladaq ki,  Xocalı soyqırımının bütün dünya dövlətləri tərəfindən tanınması, bu cinayətdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi dövlət siyasətimizin daim diqqət mərkəzində saxlanılan vacib istiqmaətlərindən biridir. Artıq uzun illərdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət” kampaniyası həyata keçirilir ki, kampaniyanın məqsədi beynəlxalq birliyi bu soyqırım haqqında məlumatlandırmaq, erməni cinayətlərini ifşa etmək, bu cinayətə imza atanların məsuliyyəət cəlb edilməsi üçün siyasi-hüquqi zəmin formalaşdırmaqdır. Bu baxımdan Masallıdakı Şəhidlər Kompleksində Xocalı soyqırımı ilə bağlı ucaldılan abidə dövlət siyasətimizə mühüm dəstək kimi də xarakterizə edilə bilər.   Böyük qələbənin vahid simvolu: “Dəmir yumruq!”   Şəhidlər Kompleksində Vətən müharibəsi ilə bağlı abidələrdən biri də 3.6 metr hündürlüyündəki “Dəmir yumruq” abidəsidir. Bu abidə torpaqlarımızın işğaldan azad edilməsi məqsədi ilə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun  həyata keçirdiyi “Dəmir yumruq əməliyyatı”na hörmət və ehtiram əlaməti olaraq ucaldılıb. “Dəmir yumruq” abidəsi xalqımızın düşmən üzərində əldə etdiyi qəti qələbənin simvolu olmaqla yanaşı, həm də düşmən üçün daimi xəbərdarlıq siqnalı, zəruri xatırlatmadır. Necə ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra da dəfələrlə “dəmir yumruğun” yerində olduğunu xatırladıb və açıq şəkildə qeyd edib ki, əgər gələcəkdə Ermənistan yenidən xam xəyallara, cəfəng iddialara qapılarsa, o zaman “dəmir yumruğun” ölümcül zərbəsini təkrar hiss edəcəkdir. “Dəmir yumruğun” yerində olduğunu, heç hara getmədiyini xatırladan Ali Baş Komandan, ermənilərin 44 günlük Vətən müharibəsindən dərs çıxarmasının vacibliyini vurğulayıb. Bu baxımdan Masallıdakı Şəhidlər Kompleksində yüksələn “Dəmir yumruq” abidəsi ölkə başçısının tarixi xəbərdarlığının heykəlləşən, maddiləşən təsdiqidir. Əminliklə demək olar ki, bu abidə, ümumilikdə bu kompleks hər zaman xalqımızın ən müqəddəs and yerlərindən biri kimi vətəndaşlarımız tərəfindən kütləvi şəkildə ziyarət ediləcək, məktəblilər, yeniyetmə və gənclər yaxın keçmişimizlə bağlı ən böyük həqiqətləri bu məkanı ziyarət etməklə əldə edəcəklər. “Dəmir yumruq” abidəsi qalib müharibənin qalib vətəndaşlarına hər zaman öz güc və qüdrətinə əminlik hissi təlqin edəcək, gənc nəslin öz gücünə olan inamını artıracaqdır.   Xalqa, dövlətə, prezidentə sevgi və sədaqətlə xidmətin nümunəsi, yaxud görünən əməllərin “görünməyən” müəllifi...   Masallıdakı Şəhidlər Kompleksi sabahdan – Zəfər Gününün birinci ildönümündən etibarən istifadəyə veriləcək olsa da, artıq çoxdan media və sosial mediada bu komplekslə bağlı bir sıra məlumatlar yer almaqdadır. Lakin çox az adama məlumdur ki, milli tariximizə, vətənimiz və dövlətimizə böyük töhfə olan bu kompleks millət vəkili Məşhur Məmmədovun maddi-mənəvi səyi nəticəsində ərsəyə gəlib. Xalqa, dövlətə, prezidentə sevgi və sədaqətlə xidmətin nümunəsi olan bu kompleks, vətən eşqinin hansı möcüzələr yarada biləcəyinin real təsdiqidir. Hər zaman böyük və təqdirəlayiq əməllərin müəllifi olan, fəqət gördüyü əməllərdən bəhs etməyi sevməyən təvazökar millət vəkili, Masallıdakı Şəhdilər Kompleksi kimi möhtəşəm layihəyə imza atmaqla ictimai şüura, həm də belə bir mesaj ünvanlamış oldu: “Hər kəsin yaşından və peşəsindən, sosial statusu və maddi durumundan asılı olmayaraq bu xalq, bu dövlət üçün edə biləcəyi hökmən nə isə vardır. Önəmli olan öz vicdanının səsini dinləmək, edə biləcəyin hər şeyi sevgi və məsuliyyətlə, heç bir qarşılıq və təmənna gözləmədən edə bilməkdir”.   Seymur ƏLİYEV      

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı koronavirusla mübarizəyə dəstək olub

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar olaraq martın 24-ü saat 00:00-dan etibarən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib. Koronavirusun yaşlı insanlar üçün xüsusilə ciddi təhlükə kəsb etdiyini nəzərə alaraq, onların müdafiəsi məqsədi ilə 65 yaş və bu yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. Həmçinin bu kateqoriyadan olan vətəndaşlara sosial xidmətlərin göstərilməsinin təmin edilməsi nəzərdə tutulur. Yaşlı insanlara bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən həyata keçiriləcək. AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin həmin qərarını təqdir edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilat olaraq əlaqədar dövlət qurumlarına dəstək verməyə hazır olduqlarını deyib. O bildirib ki, yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evdən çıxmasını qadağan edən qanun həssas kateqoriyaya daxil olan insanlarımızın koronavirusdan qorunmasına hesablanıb və bu, dövlətimizin vətəndaşlara, onların sağlamlığına olan duyarlı münasibətinin göstəricisidir. O deyib: “Biz Respublika Veteranlar Təşkilatı olaraq ölkə başçısının koronavirusa qarşı mübarizə məqsədi ilə atdığı bütün addımları dəstəkləyir, bunu vətəndaşlarımızın təhlükəsizliyinin təmini baxımından yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün bu addımlar ölkəmizin, vətəndaşlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərdir. Yaşı 65 və ondan çox olan insanların arasında müharibə və əmək veteranları da az deyil. Bu səbəbdən də yaşı 65-dən çox olan tənha, sosial xidmətə ehtiyac duyan veteranların müəyyənləsdirilməsi, həmin şəxslərlə bağlı əlaqədar dövlət qurumlarına məlumat verilməsi, onlara göstəriləcək sosial xidmətin keyfiyyətinə nəzarət olunması və s. kimi tədbirlər baxımdan Respublika Veteranlar Təşkilatı hər cür informasiya dəstəyinə hazır olduğunu bəyan edir. Hesab edirik ki, xalqımız, dövlətimiz üçün indiki çətin məqamda hər birimiz ölkə başçısının çağırışına səs verməli, koronavirusa qarşı mübarizə məqsədi ilə qəbul edilən hər bir qərara ciddi əməl etməliyik. Unutmamalıyıq ki, dövlətimizin verdiyi hər bir qərar, bu yöndə atdığı hər bir addım vətəndaşlarımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçündür və biz tələb edilən bu qaydalara riayət etməliyik”.

Hamısını oxu
Prezident İlham Əliyev Münxendəki panel müzakirələrdə Ermənistanın regionda ciddi təhdid olduğunu ortaya qoydu

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən panel müzakirələr bütün dünyada ciddi marağa səbəb olub. Prezident İlham Əliyevin dəmir məntiqi qarşısında deməyə söz tapmayan, əsassız və gülünc arqumentlərlə öz mövqeyini müdafiə etməyə çalışan N.Paşinyan nəticə etibarı ilə daha rüsvayçı vəziyyətə düşdü. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Cəlil Xəlilov deyib. O qeyd edib ki, Münxendəki panel müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev dünya mediasının, beynəlxalq ictimaiyyətin gözü qarşısında Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi, N.Paşinyanın əsassız iddialarını darmadağın etdi. Dövlətimizin başçısı dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq təşkilatların təcavüzkara təzyiq göstərməsinin vacibliyinə diqqət çəkdi, bunu zəruri edən səbəblərə toxundu. Prezident İlham Əliyev Azərbaycanın uğradığı təcavüz fonunda Ermənistanın bütün region, beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi təhdid mənbəyi olduğunu real faktlar əsasında ortaya qoydu. C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin tutarlı şərhləri qarşısında aciz vəziyyətə düşən N.Paşinyan Ermənistanın Azərbaycan torpaqlarının işğal etdiyini, onu qaytarmaq niyyətində olmadıqlarını etiraf etdi. N.Paşinyanın işğalçı olduqlarını etiraf etməsi faktı da Azərbaycanın siyasi uğuru kimi qiymətləndirməlidir. Həmçinin bu etiraf onu göstərir ki, Ermənistanın problemi sülh yolu ilə həll etmək niyyəti yoxdur və Azərbaycan Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli məsələsinə daha çox diqqət ayırmalıdır. “İşğal altındakı torpaqlarımızı azad etmək Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan hüququdur və buna ölkəmizin həm hüquqi, həm də mənəvi haqqı var. Bu baxımdan Münxendəki müzakirələr Prezident İlham Əliyevin parlaq siyasi qələbəsi kimi dəyərləndirilməli və bu qələbənin nəticələrindən səmərəli şəkildə yararlanmağa səy göstərməliyik”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu