Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Münxendəki panel müzakirələrdə Ermənistanın regionda ciddi təhdid olduğunu ortaya qoydu

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən panel müzakirələr bütün dünyada ciddi marağa səbəb olub. Prezident İlham Əliyevin dəmir məntiqi qarşısında deməyə söz tapmayan, əsassız və gülünc arqumentlərlə öz mövqeyini müdafiə etməyə çalışan N.Paşinyan nəticə etibarı ilə daha rüsvayçı vəziyyətə düşdü. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Cəlil Xəlilov deyib. O qeyd edib ki, Münxendəki panel müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev dünya mediasının, beynəlxalq ictimaiyyətin gözü qarşısında Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi, N.Paşinyanın əsassız iddialarını darmadağın etdi. Dövlətimizin başçısı dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq təşkilatların təcavüzkara təzyiq göstərməsinin vacibliyinə diqqət çəkdi, bunu zəruri edən səbəblərə toxundu. Prezident İlham Əliyev Azərbaycanın uğradığı təcavüz fonunda Ermənistanın bütün region, beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi təhdid mənbəyi olduğunu real faktlar əsasında ortaya qoydu. C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin tutarlı şərhləri qarşısında aciz vəziyyətə düşən N.Paşinyan Ermənistanın Azərbaycan torpaqlarının işğal etdiyini, onu qaytarmaq niyyətində olmadıqlarını etiraf etdi. N.Paşinyanın işğalçı olduqlarını etiraf etməsi faktı da Azərbaycanın siyasi uğuru kimi qiymətləndirməlidir. Həmçinin bu etiraf onu göstərir ki, Ermənistanın problemi sülh yolu ilə həll etmək niyyəti yoxdur və Azərbaycan Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli məsələsinə daha çox diqqət ayırmalıdır. “İşğal altındakı torpaqlarımızı azad etmək Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan hüququdur və buna ölkəmizin həm hüquqi, həm də mənəvi haqqı var. Bu baxımdan Münxendəki müzakirələr Prezident İlham Əliyevin parlaq siyasi qələbəsi kimi dəyərləndirilməli və bu qələbənin nəticələrindən səmərəli şəkildə yararlanmağa səy göstərməliyik”, - deyə C.Xəlilov vurğulayıb.

2020-02-18 00:00:00
4874 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Tuğ kəndini gəzib və ictimaiyyət nümayəndələri ilə söhbət edib. Prezident İlham Əliyev: Tuğ kəndinə xoş gəlmisiniz. Sakinlər: Çox sağ olun. Prezident İlham Əliyev: Görün, nə günə salıblar. Sakin: Bəli, bu bina 1961-ci ildə tikilib. Prezident İlham Əliyev: Bu, mədəniyyət evi olub? Sakin: Bəli, burada Ağa bəy Məlikaslanovun mülkü olub. Digər sakin: Çox gözəl asfalt yol da çəkilib, məəttəl qalası işdir, qısa müddətdə elə bil ki, biz başqa bir kəndə gəlmişik. Prezident İlham Əliyev: Yox, hələ bu, müvəqqətidir. Əsaslı işlər bundan sonra görüləcək. Amma evləri görürsünüz, bütün evlər yarıdağılmış vəziyyətdədir. Sakin: Bizim evi yandırıblar, o tərəfdədir. Azərbaycanlıların evlərini yandırıblar. Prezident İlham Əliyev: Bu, məktəb olub? Sakin: Bəli, məktəb, yanında da bağça. Digər sakin: Cənab Prezident, mən bu məktəbdə oxumuşam. Bura da mənim babamın evidir. Baxın, bu həyət mənim babamındır. Buradan buraya məktəbə gəlmişəm. O da Sadıq bəyin evidir. Bu, Mahmud bəy Məlikaslanovun evidir. Prezident İlham Əliyev: Hansı? Bu? Sakin: Bəli, bu ev. Ermənilər onu sökməyiblər, yaşayırdılar. Digər sakin: Cənab Prezident, burada məktəb 1885-ci ildə olub. Prezident İlham Əliyev: Bilirəm, bu, qədim məktəbdir. Sakin: Sizin Sərəncamınızla 2010-cu ildə məktəbin 125 illiyini qeyd etmişik. Məktəb işğal dövründə ermənilər tərəfindən dağılıb. Bayaq bir söz dediniz, burada bulaqlar da quruyub. Bax, bu bulaq quruyub. Prezident İlham Əliyev: Hamısı quruyub. Sakinlər: Bəli, bulaq var idi quruyub. Prezident İlham Əliyev: Burada da bulaq var idi? Sakinlər: Yuxarıdakı bulaq quruyub. Bunlar nə gündə yaşayıblar. İndi buna baxsınlar, təkcə ermənilər deyil, onları müdafiə edənlər də utansınlar. Prezident İlham Əliyev: Elə mən də onu deyirəm. Buranın xüsusi bir iqlimi var. Buraya gəlirsiniz, heç bir səs də yoxdur. Mən birinci dəfə gələndə baxırdıq, tamaşa edirdik, quşlar oxuyur, güllər, sakitlik. Elə bil ki, cənnət bir yerdir. Sakin: Cənab Prezident, Siz abidələrə xüsusi diqqət yetirirsiniz. Xocavəndin bir hissəsində “Dədə Qorqud” dastanında adı çəkilən Qaraca Çobanın qəbri var. Qaraçuğ dağı var. Dastanda Salur Qazandan danışılanda “Qaraçuğun aslanı” adı keçir. Onun qəbri bu ərazidədir, Nərgiztəpədə. Onu qoruyub saxlamışdıq. O vaxt onları vermədik. Prezident İlham Əliyev: O bizdədir. Sakin: Ulu Öndər saxladı, 1994-cü ildə aprel ayının 10-da. Çox müqəddəs gün idi. Prezident İlham Əliyev: Bilirəm, gəlmişik. Qadın sakin: Cənab Prezident, buranı qədim irs kimi qorumaq lazımdır. Prezident İlham Əliyev: Tuğun, ümumiyyətlə, bərpa konsepsiyası ayrıca hazırlanır. O, sonra təqdim olunacaq. Bütün bunları da dağıdıblar. Yəqin bunlar azərbaycanlıların evləri olub. Sakinlər: Azərbaycanlıların evləri idi. Dağılan evlərin hamısı azərbaycanlılarındır. Cənab Prezident, bu aşağıdakı ev mənim müəllimimin evi idi. Həmin müəllim sovet-alman müharibəsində döyüşmüş, partizanlara qoşulmuş, haqqında hətta Fransa Prezidentinin məktubu, təşəkkürnaməsi olan bir müəllim idi. Prezident İlham Əliyev: Məktəb aşağıdakıdır? Sonra tikilmişdi. Sakin: Ulu Öndər 1969-cu ildə gələndən sonra keçmiş Dağlıq Qarabağın bütün Azərbaycan yaşayış məntəqələrində ən müasir tipli məktəblər, mədəniyyət evləri tikilib. Ona qədər məktəblər çox bərbad vəziyyətdə idi. Digər sakin: Üzr istəyirəm, cənab Prezident. Mən şairəm və Siz mənə “Azərbaycanın Əməkdar jurnalisti” adını vermisiniz. Mənim bu günlərdə yazdığım şeirin son bəndi belədir: Xoşbəxtliklə dolub indi baxışlar, Zəfər yaşadır bu anları. Bizim dilimizdən qopan alqışlar, Sizə duaçıdır azərbaycanlılar. Prezident İlham Əliyev: Çox sağ olun. Gəlin şəkil çəkdirək. Sakin: Möhtərəm Prezident, fikir verirsiniz, bax, o üstdəki ev təzə tikilib. Prezident İlham Əliyev: Bəli. Sakin: Qıraqdakıların hamısını xaçlarla dəyişdiriblər. O köhnə daşlarla uyğun gəlmir. Fikir verirsiniz? Prezident İlham Əliyev: Hünərli kəndindəki, keçmiş Çakuri kəndindəki kilsəni, həmçinin. Onlar onun giriş hissəsini yeni daşlarla “bəzəyiblər”, hamısı da saxta. Sakinlər: Tarixboyu elə ediblər. Ancaq bunu sübut etmək çox da çətin deyil, şəkillər var. Prezident İlham Əliyev: Alimləri, beynəlxalq ekspertləri gətirəcəyik. Sakin: Təşəkkür edirik. Lahıc çox gözəl bərpa olunub, bir muzey kimi bərpa olunub. Prezident İlham Əliyev: Basqal kəndi də qədim kənddir. Mən göstəriş vermişəm, xüsusi Sərəncam da imzalandı. Ora da belə tarixi-mədəni abidə kimi qorunacaq. Tuğ da o səviyyəli, yəni, tarix baxımından çox qədim və önəmli bir yerdir. Sakinlər: Çox sağ olun, cənab Prezident. Sakin: Baxın, buradan bizim o məzarlıqda ağac görünür, o ağacın altında “Qarabağnamə”nin ilk müəlliflərindən biri Mirmehdi Xəzani dəfn olunub. Prezident İlham Əliyev: Ora qəbiristanlıqdır? Sakin: Bəli. Azərbaycanlıların qəbiristanlığıdır. Cənab Prezident, biz təxminən iki ay əvvəl orada olduq. Bizim dədə-baba qəbirlərimizdən heç nə qalmayıb. Daşların hamısını götürüb aparıblar, çətin tapırdıq. Şükür Allaha ki, Mirmehdi Xəzaninin məzarı hələ qalıb. Digər sakin: Cənab Prezident, bu bölgələrdə Qafqazın qiymətli suya malik bulaqları var. Prezident İlham Əliyev: Yəqin ki, sonra burada istehsalat sahələri də yaradılacaq – təmiz su istehsalı. Bu tarixi binaların hamısı konservasiya olunacaq. Yol da çəkilir, hava limanı da var. Sakin: Gözəl yollar çəkilir. Prezident İlham Əliyev: Burada turizm yerləri, sanatoriyalar yaradılacaq. Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür. Sakin: Buraya çoxlu insanlar gələcək. Bu, elə-belə kənd deyil. Buradan çıxan adamlar çoxdur. İşğala qədər Tuğun əhalisi 4800 nəfər olub. Sizə deyim ki, bəlkə də bir üç o qədər də buradan xaricə gedib. Özü də buranın camaatı da çox savadlı olub. Prezident İlham Əliyev: Savadlı insanlar olublar. Mədəni mərkəz olub. Adi kənd deyil, tarixini bilirəm. Sakin: Buranın tutu Şax tut adlanır. Bu tutun çox nadir, müalicəvi təsiri var. Prezident İlham Əliyev: Ümumiyyətlə, bu bölgənin xüsusi təbii gözəlliyi və saflığı var. Məsələn, yəqin ki, görmüsünüz, Kəlbəcərdə mənə iki pətək bal bağışladılar. Təbii çiçək qoxusu verir. Necə deyərlər, nadir təbii bərəkət var. Sudur, havadır. Sakin: Fəxr edirdik ki, bizim Prezidentimiz ensiklopedik məlumata malikdir. Biz fəxr edirik ki, xarici jurnalistlərlə onların öz dilində onlardan da yaxşı danışırsınız. Rəhmətlik Heydər Əliyev çıxış edirdi, - Allah ona qəni-qəni rəhmət eləsin, - mənim anam bütün günü ona baxırdı. Deyirdi ki, çox savadlı, həm də yaraşıqlıdır. İndi Sizin o çıxışlarınız, duruşunuz, qəhrəman cüssəniz millətə ümid verir, onu yaşadır. Prezident İlham Əliyev: Sağ olun, salamat qalın, tez-tez görüşəcəyik burada. Tədbirlər çox olacaq, açılışlar çox olacaq, görüşəcəyik sizinlə. Sakinlər: İnşallah, sağ olun, var olun. Allah Sizə cansağlığı versin. Çox sağ olun.

Hamısını oxu
Müharibə əlillərinin, veteranların və şəhid ailələrinin sosial problemlərinin həlli diqqət mərkəzindədir

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbir keçirib. Tədbirdə Birliyin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvü Rövşən Ağamalıyev çıxış edərək müəllifi olduğu layihə çərçivəsində görülən işlərdən danışıb. Qeyd edib ki, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və şəhid ailələrinin sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Respublikamızda dayanıqlı iqtisadi inkişafa paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir. Hazırda şəhid ailələri, müharibə veteranları və əlillərin mənzil probleminin həlli istiqamətində mühüm addımlar atılır. Bu təbəqədən olan şəxslərin mənzil almaq üçün lazımi sənədlərin toplanması və siyahıya düşmək qaydaları barədə maarifləndirilməsi məqsədilə xüsusi sayt yaradılıb. Saytda bunun üçün tələb olunan bütün sənədlərin siyahısı yerləşdirilib. Həmçinin yaradılmış “qaynar xətt”ə də müraciət etmək imkanı yaradılıb. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb. Bu tədbirlər sırasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı mühüm yer tutur. C.Xəlilov deyib ki, Respublika Veteranları Təşkilatı da şəhid ailələrinin, müharibə və silahlı qüvvələr veteranlarının, əlillərin tibbi-sosial məsələlərinin həlli istiqamətində səylə çalışır. Digər çıxışlarda da bu istiqamətdə görülən işlərdən danışılıb, Azərbaycan dövlətinin bu sahəyə diqqət və qayğısının minnətdarlıq hissi ilə qarşılandığı vurğulanıb.

Hamısını oxu
“Bəylik Bağları”nın bərpası istiqamətində görülən işlər təqdirəlayiqdir”

Elman Məmmədov: “QDF və “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin fəaliyyəti alqışlanmalıdır” Məlum olduğu kimi, aprelin 11-də Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, tarixi bağlarımızın, meşələrimizin bərpası ilə bağlı maraqlı fikirlər səsləndirib, bunu dövlətimizin mühüm uğurlarından biri kimi dəyərləndirib: “Ermənilər işğal dönəmində yalnız əhalimizə qarşı soyqırımı törətməyiblər. Onlar eyni zamanda bütün tarixi, dini abidələrimizə, eləcə də təbiətimizə qarşı ciddi soyqırımı törədiblər. Meşələrin, nadir flora və fauna nümunələrinin məhvi işğal dövrünə xas rellıqlardır. İndi dövlətimiz işğaldan azad edilən ərazilərdə təbiətin bərpası, ekologiyanın yaxşılaşdırılması istiqamətində işlər görür. Bu gün bizim qarşımızda durn əsas vəzifələrdən biri yalnız tarixi binalarımızın deyil, eyni zamanda keçmişimizdən bizə yadigar qalan meşələrin, bağların bərpa edilməsidir. “Bəylk Bağları”nın bərpası istiqamətində atılan addımlar da bu qəbildəndir. “Bəylik Bağları”nın bərpa edilməsi ilə bağlı Qarabağ Dirçəliş Fondu və Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən görülən işlər təqdir edilməli, alqışlanmalıdır. Bu, təbiətimizin bərpası istiqamətində atılan mühüm addımlardan biridir. Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərimizin bərpasında mühüm rol oynayır, çox vacib, həyati layihələr həyata keçirir. “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ də doğma Laçınımızın bərpa edilməsi, gözəlləşməsi ilə bağlı olduqca önəmli addımlar atıb, bu sahədə böyük uğurlar əldə edib. İnanıram ki, hər iki qurum bundan sonra da işğaldan azad edilən ərazilərimizin bərpasına, təbiətimizin yaxşılaşmasına yeni töhfələr verəcək, öz uğurları iə hər birimizi sevindirəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Mədəniyyət pərdəsi altında siyasi təsir yolverilməzdir

Rusiya uzun illərdir postsovet məkanında yumşaq güc strategiyasını həyata keçirmək üçün müxtəlif vasitələrdən istifadə edir. Bunlardan biri də "Rossotrudniçestvo"nun nəzdində fəaliyyət göstərən "Rus evi"dir. Bu qurumun əsas missiyası guya rus dili, mədəniyyəti və təhsilini təşviq etməkdir. Rusiya rəsmi olaraq bildirir ki, "Rus evi"nin fəaliyyəti üç əsas istiqaməti əhatə edir. Birincisi, xarici ölkələrdə rus dilini öyrətmək, rus ədəbiyyatını, musiqisini və mədəniyyətini yaymaq. İkincisi, xarici tələbələrin Rusiya universitetlərində təhsil almaları üçün təqaüd proqramları təşkil etmək. Üçüncüsü isə, yerli icmalarla əməkdaşlıq edərək Rusiyanın tarixi və mədəni irsini tanıtmaq. Lakin bu rəsmi məqsədlərdən fərqli olaraq "Rus evi"nin real fəaliyyəti daha geniş və siyasi xarakter daşıyır. Məsələn, xalqlar arasında Rusiya siyasətinə rəğbət yaratmaq üçün tədbirlər təşkil edilir. Müxtəlif mədəni tədbirlərin arxasında siyasi mesajlar və Kremlin maraqlarına uyğun ideoloji çalarlar yer alır. Eyni zamanda Rusiya ilə bağlı pozitiv imic yaratmaq üçün müxtəlif gənclər hədəf alınır. Xüsusilə keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda Rusiyanın tarixi rolunu artırmaq və Moskvanın regionda təsirini əsaslandırmaq üçün təbliğat aparılır. Bütün bunlar onu göstərir ki, "Rus evi" təkcə mədəniyyət mərkəzi deyil, həm də Kremlin xarici siyasətini dəstəkləyən qurumdur. Ötən günlərdə Azərbaycan hökuməti "Rus evi"nin fəaliyyətini qeyri-qanuni sayaraq ona qarşı tədbirlər gördü. Çünki qurum ölkəmizin suverenliyi və milli təhlükəsizliyi üçün təhdid təşkil edirdi. Belə ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və Rusiyanın onun daxili işlərə qarışmasına icazə vermək niyyətində deyil. "Rus evi" isə dolayısı ilə Rusiyanın daxili işlərinə müdaxiləsi üçün platforma rolunu oynaya bilərdi. Digər tərəfdən, bu qurumun fəaliyyəti Rusiya mediası və siyasi dairələrinin Azərbaycana qarşı apardığı təbliğatla üst-üstə düşürdü. Rəsmi Bakı isə ölkə daxilində Kremlin təbliğatının yayılmasına imkan vermir. Həmçinin "Rus evi"nin fəaliyyəti bəzi hallarda qeyri-şəffaf olub və bu, onun təhlükəsizlik baxımından da problem yarada biləcəyini göstərir. Üstəlik, Azərbaycanın bu addımı təkcə regional deyil, həm də beynəlxalq kontekstdə maraqlıdır. Çünki bir çox ölkələr "Rus evi"nin fəaliyyətini məhdudlaşdırıb və ya tamamilə qadağan edib. Ukrayna 2014-cü ildən sonra bu qurumun fəaliyyətinə öz ərazisində son qoyub və Rusiyanın mədəniyyət mərkəzlərini təhlükəsizlik təhdidi hesab etdiyini açıqlayıb. Moldova isə 2022-ci ildə "Rus evi"nin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb və qurumun ideoloji fəaliyyətinə qarşı tədbirlər görüb. Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva da "Rus evi"ni Kremlin ideoloji təsir vasitəsi hesab edərək onun işini məhdudlaşdırıb. Bu nümunələr göstərir ki, Azərbaycan tək deyil və bir çox ölkələr "Rus evi"ni Rusiya xarici siyasətinin yumşaq güc aləti kimi görür. Bunlara baxmayaraq, Moskva rəsmi Bakının gedişinə qarşı özünün ənənəvi üsullarına əl atıb. Azərbaycan diasporuna təzyiqləri artırmaq, biznes mühitinə müdaxilə etmək və siyasi ritorikanı sərtləşdirmək yolunu tutub. Bu kontekstdə Rusiya Dövlət Dumasının deputatları Nikolay Valuyev, Yevgeni Popov və Andrey Pinçukun Azərbaycan diasporuna qarşı səsləndirdiyi fikirlər Kremlin siyasətinin tərkib hissəsi kimi görünür. Xüsusilə Valuyevin azərbaycanlıların Rusiyadan çıxarılması, bizneslərinin məhdudlaşdırılması və hərbi uçota alınaraq cəbhəyə göndərilməsi ilə bağlı səsləndirdiyi təkliflər açıq şəkildə təhdiddir. Bu yanaşma Kremlin digər keçmiş sovet respublikalarına qarşı tətbiq etdiyi siyasətlə uzlaşır. Belə ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra da Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən gələn əmək miqrantlarını qorxutmaq, onları müharibəyə cəlb etmək və deportasiya ilə hədələmək taktikalarına əl atıb. Azərbaycan-Rusiya iqtisadi münasibətləri də Kremlin təzyiq vasitələrindən biri kimi istifadə etdiyi sahələrdəndir. 2024-cü ilin statistikasına görə, iki ölkə arasında ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib ki, bunun 75 faizi Rusiyanın Azərbaycana ixrac etdiyi malların payına düşür. Bu isə o deməkdir ki, iqtisadi əlaqələrin pozulması ilk növbədə Rusiyanın özü üçün ciddi itkilər yarada bilər. Deputat Andrey Pinçukun Azərbaycanın Rusiyada fəaliyyət göstərən şirkətlərinin müsadirə edilməsi ilə bağlı təklifləri isə iqtisadi müstəvidə də Moskvanın qərəzli siyasət yürütdüyünü göstərir. Lakin bu kimi addımlar, əslində Rusiyanın öz investisiya mühitinə daha böyük zərbə vurur və xarici bizneslərin ölkədə fəaliyyət göstərməsinə ciddi maneələr yaradır. Rusiyanın dövlət təbliğatçılarının - Vladimir Solovyov, Olqa Skobeyeva və digər propaqandistlərin efirlərdə Azərbaycana qarşı təhqiramiz ifadələr işlətməsi də Moskvanın informasiya müharibəsinin tərkib hissəsidir. Onlar Azərbaycanın mülki təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti Bakının üzərinə atmağa çalışır, Rusiyanın regiondakı siyasətinə haqq qazandırmağa cəhd edirlər. Bununla yanaşı, Rusiya təbliğat maşını Azərbaycan torpaqlarının azad edilməsini Kremlin "xoş niyyəti" kimi qələmə verməyə çalışır. Lakin faktlar göstərir ki, Moskva hər vəchlə bu prosesə mane olmağa çalışıb və bölgədə qeyri-sabitliyi qoruyub saxlamaq üçün müxtəlif yollar axtarıb. Qeyd etmək lazımdır ki, Moskvanın informasiya və siyasi hücumlarına baxmayaraq, rəsmi Bakı balanslı xarici siyasətini davam etdirir və heç bir təhdid qarşısında geri çəkilmir. Azərbaycanın Rusiya ilə münasibəti hər zaman qarşılıqlı hörmətə əsaslanıb, hazırda isə Moskvanın hegemon yanaşmaları qəbulolunmazdır. Kremlin bugünkü ritorikası yalnız onun postsovet məkanında nüfuzunun daha da zəifləməsinə gətirib çıxara bilər. Jalə QASIMZADƏ

Hamısını oxu