Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tariximizin dönüş anı – 15 İyun - Qurtuluş günü

İyun ayının 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 15 İyun - Qurtuluş gününə həsr edilmiş tədbir həyata keçirilib. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələri iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.  ü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Milli Qurtuluş günü barədə giriş nitqi ilə çıxış edərək  15 iyun gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, hər bir xalqın milli oyanış, yaddaşa qayıdış, əbədi istiqlaliyyət tarixində unudulmaz anları olur.  Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan ən önəmli günlərdən biri də 1993-cü il 15 iyun tarixidir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü həm də böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlayıb, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm fəaliyyətin əsası qoyulub. Vətənini, xalqını sevən, həmin çətin günlərin dəhşətlərini yaşayan insanlar üçün iyunun 15-i Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyinin qorunmasında, parlaq gələcəyinin təmin edilməsində müstəsna rol oynayan, daim xalqına dayaq olan dahi şəxsiyyət - Heydər Əliyevdir. Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk edilib. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizi məhv olmaqdan xilas etməsi, güclü, inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi olub. Bugünkü uğur və nailiyyətlərimiz də məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. Daha sonra Təşkilatın sədr müavini Cəlil Xəlilov çıxışını davam etdirərək bildirdi ki, İkinci Dünya müharibəsi veteranları ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin şahidləridir. Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan veteranlara dövlət qayğısı siyasətinin Azərbaycanda müasir mərhələdə daha da inkişaf etdirilib. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul edilən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış diqqət və qayğı dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə daha da genişləndirilib. Müntəzəm imzalanan dövlət proqramları və sərəncamlar əsasında müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara Prezident təqaüdünün verilməsi, hər il 9 May – Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək məbləğdə birdəfəlik maddi yardım edilməsi və başqa xeyirxah işlər bunun parlaq sübutlarıdır. Odur ki, veteranlar Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyurlar. Çıxış edənlər ötən əsrin 90-cı illərinin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyununda respublikamızda yaranmış ağır ictimai-siyasi vəziyyətdən, belə bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışdılar. Şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyev olduğunu, Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi olduğunu vurğuladılar. Yaxın gələcəkdə qəhrəman Azərbaycan əsgərinin üçrəngli bayrağımızı hazırda işğal altında olan bütün ərazilərimizdə dalğalandıracağına inandıqlarını bildirdilər.

2019-06-11 00:00:00
5887 baxış

Digər xəbərlər

“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15-ci ildönümü ilə bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib. AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirin iştirakçıları və qonaqlar “Heydər Əliyev muzey-lektoriyası”nı ziyarət edərək, Ümummilli Liderimizin Vətənə və xalqa həsr olunmuş mənalı ömrünün müxtəlif anlarını əks etdirən ekspozisiya ilə tanış olublar. Sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himnimiz oxunub. Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu vaxtdan 15 il ötür. Lakin Azərbaycan xalqının tarixində və taleyində müstəsna rolu və xidmətləri olmuş bu böyük siyasi və dövlət xadimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş əbədiyaşar Ali Baş Komandanımız canından əziz bildiyi, uğrunda fədakarlıqlar göstərdiyi Azərbaycanı və qədirbilən xalqımızı cismən tərk etsə də, bu dahi şəxsiyyət xatirələrdə, ürəklərdə yaşayır. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca Heydər Əliyevin xatirəsi də əbədi yaşayacaq. Qeyd olunub ki, ötən 15 il ərzində xalqımız, eləcə də onun ayrılmaz hissəsi olan Ordumuzun şəxsi heyəti Heydər Əliyev ideyalarına həmişə sadiq olub, onun yolu ilə daha parlaq gələcəyə doğru inamlı addımlar atıb. Ümummilli Liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanımızın daha da inkişafına, tərəqqisinə, regionun ən güclü dövlətlərindən birinə çevrilməsinə nail olub. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Ulu Öndər ilə görüşlərini yada salıb, xatirə tədbirləri aylığının əhəmiyyətindən danışıb. R.Əliyev birlik, birləşmə, hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək silsilə tədbirlər barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, aylıq çərçivəsində Heydər Əliyevin adı ilə bağlı ünvanlara şəxsi heyətin ekskursiyaları təşkil olunacaq, dahi rəhbərin silahdaşları ilə görüşlər keçiriləcək, əbədiyaşar liderimizin Fəxri xiyabandakı məzarı, Heydər Əliyev muzey və mərkəzləri ziyarət olunacaq. Həmçinin “Heydər Əliyev irsini öyrənirik” mövzusunda silsilə məşğələlər çərçivəsində məruzə və mühazirələr oxunacaq, filmlərin kütləvi nümayişi və Ulu Öndərə həsr olunmuş əsərlərdən ibarət proqramlar təşkil ediləcək. Ümumiyyətlə, “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında keçirilən xatirə tədbirləri aylığı Ulu Öndərə əsgəri ehtiramın və Heydər Əliyev ideyalarının əbədiyaşarlığının nümayişinə çevriləcək. Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ulu Öndərimizin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini minnətdarlıq hissi ilə xatırlayıb. A.Rəhimzadə Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Heydər Əliyevin möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb. O, bütün ömrünü Azərbaycan dövlətinin qorunmasına, möhkəmləndirilməsinə və inkişafına həsr etmiş, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyevin XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olduğunu deyib. A.Rəhimzadə diqqətə çatdırıb ki, Heydər Əliyevin dünya siyasət xəzinəsinə daxil olmuş altmış illik titanik fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynayıb. Heydər Əliyev bu gün də yaşayır, gələcəkdə də yaşayacaq. Dahi rəhbərin ideyalarına həmişə sadiq olan xalqımız, eləcə də Ordumuzun şəxsi heyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt, firavan gələcəyə doğru inamla irəliləyəcək. Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimov Ulu Öndərimizin əbədiyyətə qovuşduğu 15 il ərzində Ümummilli Liderimizin xatirəsinin həmişə əziz tutulduğunu, həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda adının əbədiləşdirildiyini qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Sərəncamı əsasında yaradılan Heydər Əliyev Mərkəzi memarlıq üslubuna görə nadir mədəniyyət ocağıdır. Mərkəzdə xalqımızın böyük oğlu Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli iş aparılır. Burada fəaliyyət göstərən “Azərbaycan inciləri”, “Mini Azərbaycan”, “Azərbaycana xoş gəlmisiniz” və digər sərgi zallarını, xüsusən də zəngin Heydər Əliyev muzeyini hər il yüz minlərlə yerli və əcnəbi vətəndaş ziyarət edir. Burada həm respublika, həm də beynəlxalq əhəmiyyətli mötəbər tədbirlər həyata keçirilir. Dizayn və tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri əks etdirilir. Burada Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik dövründə həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir, Ümummilli Liderin şəxsi əşyaları tamaşaçıların böyük marağına səbəb olur. Rəşad Kərimov diqqətə çatdırıb ki, Müdafiə Nazirliyinin təşkil etdiyi xatirə tədbirləri aylığı çərçivəsində Heydər Əliyev Mərkəzinin də qapıları Azərbaycan Ordusunun şəxsi heyətinin üzünə həmişəki kimi açıq olacaq və hərbi qulluqçular burada Ümummilli Liderimizin zəngin irsini daha yaxından mənimsəmək imkanı əldə edəcəklər. Ulu Öndərimizin hələ ötən əsrin 70-ci illərində Azərbaycanın gələcəkdə müstəqilliyini bərpa edəcəyini öncədən duyaraq uzaqgörənliklə yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk kursantlarından və məktəbin ilk bayraqdarı olmuş ehtiyatda olan polkovnik, Azərbaycanın Vətən müharibəsi veteranı Şair Ramaldanov Ulu Öndərlə ilk görüşlərini xatırlayıb və Ordumuzun tarixinə şanlı səhifə kimi yazılmış Horadiz əməliyyatından danışıb. O deyib ki, 1993-cü il noyabrın 2-də Ulu Öndərimizin televiziya və radio vasitəsilə xalqa müraciəti ordu quruculuğunda yeni mərhələnin başlanğıcını qoydu. Əsl Azərbaycan Ordusu məhz bu müraciətdən sonra yaranmağa, formalaşmağa, qüdrətlənməyə başladı. Azərbaycan Silahlı Qüvvələri Füzuli, Tərtər, Ağdam istiqamətlərində bu vaxtadək görünməmiş qəhrəmanlıqlar nümayiş etdirdi. Ali Baş Komandanın ön səngərlərə səfərləri, döyüşçülərlə görüşləri, onların problem və qayğıları ilə yerindəcə tanış olması öz bəhrəsini verdi. Ulu Öndərin xeyir-duası ilə işğal edilmiş əraziləri düşmən tapdağından azad etmək üçün üzərində “Heydər Əliyev uğrunda irəli!” sözləri yazılmış zirehli texnikalarla hücuma keçdik. 1993-cü il dekabrın sonu və 1994-cü ilin ilk yanvar günlərində Ali Baş Komandan Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı uğurla nəticələndi. Horadizdə və işğaldan azad edilən digər yaşayış məntəqələrində həyat yenidən canlanmağa başladı, infrastruktur yaradıldı, qaçqınlar, köçkünlər yurd-yuvalarına qayıtdılar. Son 15 il ərzində isə Prezident İlham Əliyevin Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirməsi 22 ildən sonra Aprel zəfərinin qazanılmasına zəmin yaratdı. Aprel döyüşləri Horadiz zəfərinin davamıdır və əminik ki, işğal altında olan digər torpaqlarımız da tezliklə azad olunacaq, Azərbaycanımızın ərazi bütövlüyü təmin ediləcək. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə bir qrup veteran çıxışlarında Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, dahi rəhbərin veteran hərəkatına göstərdiyi diqqət və qayğını minnətdarlıqla yada salıblar. Onlar veteranları “Azərbaycanın qızıl fondu” adlandıran Heydər Əliyevin Vətənimizin, xalqımızın, dövlətimizin xilaskarı olduğunu diqqətə çatdırıblar. Xalq artistləri Niyaməddin Musayev, Zaur Rzayev, Samir Cəfərov və başqaları Ulu Öndərə həsr olunan, eləcə də dahi şəxsiyyətin sevdiyi mahnıları böyük coşqu ilə ifa ediblər. “Heydər Əliyev ideyalarına sadiqik” xatirə tədbirləri aylığının açılışına həsr olunmuş təntənəli mərasim xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı Cəmşid Naxcıvanski adına Hərbi Liseyin kursantlarının 2003-cü il aprelin 19-da Ulu Öndərin qarşısında ilk dəfə ifa etdikləri “Naxçıvanskilər marşı”nın (sözləri A.Qurbaninin, musiqisi H.Mirməmmədlinindir) oxunması ilə başa çatıb.

Hamısını oxu
Yaralı hərbçilərimiz Tovuzdakı təxribatdan danışdı

İyul ayının 12-də Ermənistanın hərbi birləşmələri Azərbaycanın dövlət sərhədini pozaraq Tovuz rayonu istiqamətindən irimiqyaslı təxribat törətmək istədi. Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə aldı. Düşmənin neçə-neçə dayaq məntəqəsi dağıdıldı, neçə-neçə döyüş texnikası sıradan çıxarıldı, onlarla hərbçisi məhv edildi. Döyüşdə Azərbaycan əsgərinin döyüş hazırlığı, qələbə ruhu, vətənpərvərliyi düşmənin işğalçılıq niyyətinə qalib gəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinə ciddi ədalətli münasibət bildirmədiyini bir daha xatırlatdı. Bu xatırlatma Azərbaycan əsgərinin qüdrətinə inam idi. Axar.az xəbər verir ki, düşmənin törətdiyi təxribatın qarşısını alarkən yaralanan Azərbaycan Ordusunun qəhrəman hərbçiləri hadisənin necə baş verdiyini danışıblar. Baş leytenant Tusi Əliyev: - Artıq neçə gündür Tovuz rayonunun Ağdam kəndi istiqamətində kəskin döyüşlər, əsasən də artilleriya döyüşləri gedir. Döyüşlər zamanı top mərmisinin partlaması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafayev şəhid oldu. Atalarımız "Torpaq uğrunda ölən varsa, Vətəndir" deyiblər. Müharibə itkisiz olmur. Qarabağ uğrunda mübarizədə 1992-ci ildən bu günə kimi minlərlə şəhidimiz olub. Elçin də həmin müqəddəs məqama qovuşdu. Hamımızın onların ruhu və anaları qarşısında borcumuz var. Yaralanmağıma baxmayaraq, şəhidimizin təhlükəsiz mövqeyə təxliyə edilməsinə yardım etdim. Hesab edirəm ki, döyüş meydanında bu gün mənə ehtiyac var. Tez sağalıb döyüş yoldaşlarımın yanına qayıtmağa tələsirəm.Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi Vətənimə, xalqıma, dövlətimə, Azərbaycanın hərbi səhiyyəsinə güvənirəm. Sevindirici hal ondan ibarətdir ki, bu gün hərbi qulluqçuların sağlamlığının keşiyində duran, təcrübəli kadrlarımız, hərbçilərimiz, hərbi həkimlərimiz var. Təsadüfi deyil ki, 2016-cı ilin Aprel döyüşlərində də tibb xidməti ən yaxşı cəhətdən özünü göstərdi. Həkimlərimiz demək olar ki, qəhrəmanlıq nümayiş etdirdilər. Bu gün də biz hərbi həkimlərimizin fədakarlığının şahidiyik. Bu gün mən sağlamlığımızı qorumaq naminə gecə-gündüz çalışan hərbi həkimlərimizə, tibbi personala təşəkkür edirəm. Biz sizinlə fəxr edirik, əziz həkimlərimiz. Biz sağlamlığımızı sizlərə borcluyuq. Ancaq ən böyük borcumuz Vətənimiz Azərbaycanadır.Vətən yolumuzu gözləyir. Vətən naminə bizim işimiz haqq işidir. Azərbaycan Ordusu Aprel döyüşlərində, Günnüt zəfərində, eləcə də Tovuz rayonu istiqamətində gedən döyüşlərdə də düşmənə yerini göstərdi, ona çox böyük sarsıdıcı zərbələr vurdu. Bunun günahkarı ermənilər özləridir. Həmin qələbələr Azərbaycanın qətiyyətli və güclü Ali Baş Komandanının rəhbərliyi altında qüdrətli ordusunun formalaşdığını və xalq-dövlət birliyinin tamamilə yeni çalarlarını ortaya qoydu. Artıq Azərbaycan dövləti güclü dövlətdir, ordusu da güclü ordudur. Azərbaycan ordusunun bütün şəxsi heyəti düşməni məhv etməyə, eyni zamanda, lazım gəldiyi anda Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçməyə hazırdır. Zabitin dəyəri xidmət etdiyi orduya, yaşadığı cəmiyyətə, doğma xalqına, elinə-obasına nə dərəcədə gərəkli olması ilə ölçülür. Bu gün ordumuz müharibə meydanında düşmənlə üz-üzədir. Belə bir məqamda ordumuz üçün hər gün sınaq var. Ali Baş Komandanımızın rəhbərliyi ilə bu sınaqdan tezliklə çıxmağın, Aprel və Günnüt zəfərləri kimi qələbələr qazanmağın, Böyük Qələbənin tarixini yazmağın vaxtıdır. Çavuş Faiq Abdiyev: - Müharibənin nə olduğunu yaxşı bilirəm. Uşaqlığımda ermənilərin bu tərəflərə həmlələri, kəndləri artilleriya atəşinə tutmaları haqqında çox eşidirdim. Torpaqlarımızı işğaldan azad edənlərin sıralarında olmaq üçün həqiqi hərbi xidmətdən sonra xidmətimi davam etdirməyi qərara aldım. Ön xətdə xidmət etməyin məsuliyyəti mənə də yaxşı tanışdır. Özüm hərbi nizamnamələr çərçivəsində xidmət etməyə çalışıram, söz düşəndə əsgərlərimizə də belə xidmət etməyi tövsiyə edirəm. Əsgərlərimiz Vətənə sədaqətlə xidmət edirlər. İyulun 12-dən başlayan döyüşlərdə də onlar mərdliklə, Azərbaycan əsgərinin adına layiq vuruşdular. İyulun 12-də ermənilər artilleriya qurğularından istifadə etməklə mövqelərimizə hücum etdi. Dövlət sərhədimizi keçməyə cəhd göstərdi. Qəfil hücum həmişə döyüş növbətçiliyini diqqətlə, məsuliyyətlə aparan, mövqelərdə, səngərlərdə ayıq-sayıq dayanan əsgərlərimizi çaşdırmadı. Cavab atəşi açdıq. Komandanlığın əmri ilə hücumun qarşısını alma əməliyyatına qoşulduq. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz qətiyyətlə vuruşurdular. 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu döyüşdə də düşməni darmadağın etdik, döyüş texnikalarını sıradan çıxartdıq, canlı qüvvəsini məhv etdik. Komandanlığın əmri yerinə yetirilməliydi. Bu əmr Vətənin əmri kimi yerinə yetirilməliydi. Ağdam kəndi istiqamətində gedən döyüşdə baş gizir Elşən Məmmədəliyevlə birlikdə vuruşurduq. Bölməmiz düşmənin hücumunun qarşısını aldığı məqamlarda başqa istiqamətdən atılan minaatan mərmisinin qəlpələrindən ikimiz də yaralandıq. İndi müalicə olunuruq. Tibb bacıları Aynurə Məmmədova və Leyla Quliyeva təkcə vəzifə borclarını yerinə yetirmirlər, həm də bizə əzizləri kimi qulluq edirlər. Mənə elə gəlir ki, onların bizə olan qayğısı xalqın ehtiramıdır. Tez sağalmaq, yenidən hərbi xidmətə qayıtmaq, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq əsgərlərimizin sırasında olmaq istəyirəm. Belə də olacaq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik! Əsgər Nurlan Quliyev: - 2016-cı ilin Aprel döyüşlərində orta məktəbdə oxuyurdum. Mən də sinif yoldaşlarım kimi yaşımın azlığına təəssüflənirdim. Hərbi xidmətə çağırıldım. Atamdan, bu yolu keçən qonşularımdan hərbi xidmət haqqında çox eşitmişdim. Özümü xəyalən sırada hiss edirdim. Hərbi xidmətin mahiyyətini ilk döyüş növbətçiliyimdə daha ətraflı hiss etdim. Mən də digər əsgər yoldaşlarım kimi, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək döyüşlərin iştirakçısı olmaq istəyirdim. Ermənilər iyulun 12-də günortaya yaxın hücum etdi. Biz mövqelərimizdə, səngərlərdə onsuz da həmişə ayıq-sayıq dayanmışıq. Hücumun qarşısını almaq üçün atışdıq. Düşmən artilleriya qurğuları ilə, iriçaplı pulemyotlarla bizim döyüş aparmağımıza mane olmağa çalışırdı. Əsgərlərimiz bu təhlükənin də içindən mərdliklə çıxıb döyüşdülər.Dayandığımız mövqeni Vətən kimi qoruduq. Əsgərlərimizin qətiyyəti, vətənsevərliyi döyüşün axarını tamam dəyişdi. Düşmən gördü ki, Azərbaycanın dövlət sərhədini pozmaq cəhdi onlara baha başa gələcək. Bir dəfə sizin qəzetinizdə Türkiyənin qurtuluş savaşının iştirakçısı olmuş Şükrü paşanın vəsiyyəti dərc olunmuşdu: "Düşmən sərhədlərimizi keçəndən sonra ölsəm məni dəfn etməyin, qoy ətimi itlər yesin, düşmən sərhədlərimizi keçməmiş ölsəm kəfənim, sabunum çantamdadır." Bu döyüşdə əsgərlərimizin hər biri Şükrü paşa amalıyla döyüşürdü. Döyüşdə yaralandım. İndi özümü yaxşı hiss edirəm. Düşmən məğlub oldu. Biz Böyük Qələbənin də əsgəri olacağıq! Həkimlərin, tibb bacılarının qayğısı sayəsində tezliklə sağalıb xidmət yoldaşlarımın yanına qayıdacağam.Əsgər Murad Mövlanlı: - İyulun 12-də günorta saatlarında ermənilər hücuma keçdi. Biz həyəcan siqnalıyla döyüşə qoşulduq. Düşmənin artilleriya atəşi irəliləməyimizi çətinləşdirsə də, döyüşə girdik. Ancaq qələbə haqqında düşünürdük. Bizə belə gəlirdi ki, bu döyüş müharibənin son döyüşüdü, Qarabağı azad etməyin başlanğıcıdı. Cəsarətlə döyüşürdük, bütün təlimatlara əməl etməklə döyüşürdük, qələbə üçün döyüşürdük. Qəflətən qolumun heydən düşdüyünü hiss etdim. Yaralanmışdım. Əsgər yoldaşlarım məni döyüşün içindən çıxartdı. Yaralanmağıma çox, lap çox təəssüfləndim. Sonacan döyüşə bilmədiyimə görə təəssüfləndim. Biz qalib gəldik. Hospitalda eşitdim ki, Bakıda, Tovuzda və digər bölgələrdə orduya dəstək aksiyası keçirilib. Bu, döyüşən hərbçilərin qələbə ruhunu daha da kükrədir, ordu ilə xalqın birliyini nümayiş etdirir. Müalicədən sonra xidmətimi davam etdirəcəm. Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlayacaq əsgərlərin sırasında mən də olacam. Xalq orduya inanır, ordu xalqa güvənir...

Hamısını oxu
Şəkidə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Veteran.gov.az xəbər verur ki, Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu vurğulayıb, dövlətimiz tərəfindən dini-mənəvi dəyərlərə böyük önəm verilməsindən bəhs edib, son müddət regionumuzda cərəyan edən proseslərə toxunub. İftar süfrəsində “Quranı Kərim”dən ayələr oxunub, dualar edilib. Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.      

Hamısını oxu
“31 Mart soyqırımı erməni xislətinin, onun amansızlığının ən bariz nümunəsidir”

Cəlil Xəlilov: “44 günlük Vətən Müharibəsində baş verənlər Ermənistanın soyqırım siyasətindən əl çəkmədiyini göstərir”   Qarşıdan 1918-ci ilin 31 Mart soyqırımının növbəti ildönümü gəlir. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mart soyqırımının erməni xislətinin əsl mahiyyətinin dərk edilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “31 Mart soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı soyqırımlarından biridir. Bu soyqırımının miqyas və mahiyyətini anlamaq üçün sadəcə bir faktı diqqətə çatdırım ki, 31 Mart soyqırımı respublikamızın əksər şəhər və rayonlarını əhatə edib. Bakı, Quba, Şamaxı, Lənkəran və s. kimi şəhərlərdə ermənilər xalqımıza qarşı kütləvi qırğınlar həyata keçirib, qadın, uşaq, qoca demədən qarşılarına çıxan hər kəsi amansızcasına qətlə yetiriblər.   Bu baxımdan, 31 Mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir.   44 günlük Vətən müharibəsində ermənilərin Gəncə, Bərdə, Tərtər və s. səhərləri raket zərbələrinə məruz qoyması, dinc insanları qətlə yetirməsi Ermənistanın xalqımıza qarşı tarixi soyqırım siyasətindən imtina etmədiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan hər zaman olduğu kimi XXI əsrdə də, öz məkirli niyyətlərini gerçəkləşdirmək üçün qeyri-insani üsul və vasitələrdən istifadə etməkdən belə çəkinmir, bütün dünyanın gözü qarşısında soyqırım siyasətini davam etdirməyə çalışır. Hansı ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu düşmənin bu qorxunc niyyətinin qarşısını aldı, işğalçıları darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Məhz “Dəmir yumruq” sayəsində Ermənistan geri çəkilməli, kapitulyasiya sazişini imzalamalı oldu.   Şübhəsiz, bu gün bütün beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri Ermənistanın tarixi soyqırım siyasətini qınamalı, bu cinayətlərə görə onun hüquqi müstəvidə cəzalanmasını təmin etməlidir. Yalnız beynəlxalq ictimaiyyətin birgə səyi, aparıcı dövlətlərin pinsipial münasibəti, beynəlxalq təşkilatların qətiyyətli mövqeyi nəticəsində bütün insanlıq üçün təhlükə kəsb edən bu cür hallara son qoymaq, belə cəhdlər qarşısında etibarlı sədd çəkmək mümkündür. Azərbaycan xalqına qarşı törədilən bu soyqırımları mahiyyət etibarı ilə bütün bəşəriyyətə qarşı töprədilən cinayətdir və bu cinayətə yol verənlərin cəzalanmasında bütün bəşəiyyət maraqlı olmalıdır ”.   Seymur ƏLİYEV

Hamısını oxu