Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev və Azərbaycan Gəncliyi: Vətənə Sadiq, Dövlətə Bağlı, Milli Dəyərlərə Sahib Yeni Nəsil

2 Fevral Azərbaycan gəncliyi üçün xüsusi məna daşıyan tarixi gündür. Bu gün gənclərimizə göstərilən dövlət qayğısının, onlara olan inamın və etimadın təcəssümüdür. Milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik tariximizdə gənclərin rolu həmişə mühüm olub. Qüdrətli orduların tərkibində xidmət edən, dövlət və hökumət qurumlarının aparıcı hissəsini təşkil edən gənclər ölkəmizin müdafiəsində də əvəzsiz xidmətlər göstərirlər.

Ötən əsrin əvvəllərində Şərqin İlk Demokratik Cümhuriyyətini quran liderlərimiz “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə yoxdan bir dövlət yaratdılar və onu Azərbaycan gəncliyinə etibar etdilər. Həmin gənclik müxtəlif sınaqlardan - müharibələrdən, repressiyalardan, II Dünya Müharibəsinin qanlı dövrlərindən, milli azadlıq hərəkatından, 20 Yanvar faciəsindən və Birinci Qarabağ müharibəsindən keçdi. Bu sınaqlar gənclərimizin vətənpərvər ruhunu möhkəmləndirdi və onları xalqımızın gələcəyinin təminatçısına çevirdi.

Bu əlamətdar tarixi gün siyasi fəaliyyətinin hər iki mərhələsində gənclərə böyük diqqət və qayğı ilə yanaşan, onları dövlətin gələcəyi hesab edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, siyasi hakimiyyətinin hər iki mərhələsində gəncləri önə çəkmişdir. Ulu Öndər sağlam düşüncəli yeni bir nəslin yetişdirilməsi sahəsində cəsarətli addımlar ataraq mühüm qərarlar aldı. Onların Vətənpərvər ruhda yetişməsi, ölkənin intellektual potensialının formalaşması üçün çoxsaylı elm və təhsil mərkəzlərinin təməlini qoydu. Gənclərin böyük bir qismini SSRİ-nin nüfuzlu universitetlərinə təhsil almağa göndərməklə təkcə Azərbaycan Xalq Cümhuriyyətinin elm, təhsil siyasətini uğurla davam etdirmədi, milli dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Elə həmin əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə qüdrətli sərkərdələr yetirən Vətən tarixində yeni bir səhifə yazıldı. Bu liseyin açılması gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, hərpi peşəyə marağının artmasına zəmin yaratdı.

Siyasi hakimiyyətinin ikinci mərhələsində dövlətçilik təlimində yenə də gənclər siyasətinə mühüm əhəmiyyət verən Ulu Öndər gənc nəslin yenidən mütəşəkkil formada yetişdirilməsi üçün tarixi bir qərar aldı: 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin təməlini qoydu. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm nəaliyyətlərə imza atıldı. 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən 1996-cı il fevralın 2-də respublikamızda gənclərin ilk forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də Gənclərin I Forumunun ildönümündə Ulu Öndərin fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı sərəncamı imzalandı. Bu sərəncam ölkənin ən ciddi kadr potensialı olan gənclərə göstərilən etimad, verilən dəyər idi.

Bu gün Azərbaycanda Ulu Öndərin gənclər siyasəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətində uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirildi. Gənclər ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, könüllülük hərəkatı fəaliyyətə başladı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı.

Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur, kadr kimi yetişirlər.

Azərbaycan gənclərinin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alınaraq, 30 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalanıb. Bu tədbirlərin davamı kimi, 2022-ci ilin dekabrında Bakıda Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirilib.

2022-ci ildə Şuşada Diaspor Gənclərinin III Yay, Şuşa və Bakı Gənclər İncəsənət Düşərgələrinin keçirilməsi, orada müxtəlif ölkələrdən çoxsaylı gənclərin iştirakı onların təşkilatlanmasında və diaspor fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynadı. Xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin “Şuşa İli”ndə qədim şəhərdə vahid platforma ətrafında bir araya gəlməsi və ölkəmizlə daha yaxından tanış edilməsi mühüm nailiyyətlərdəndir. Azərbaycan gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstəricisi kimi 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsini göstərmək olar. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncama əsasən, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə şəhər və rayonlardakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir.

Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın, Fondun Vitse-Prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

“Sağlam bədəndə sağlam ruh olar!” nidasına söykənən Respublikamızda idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Bunun sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Hazırda respublikamızda 50-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına, Birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Tarixin bütün dönəmlərində qüdrətli sərkərdə-xaqanlar yetişdirən Odlar Yurdu Azərbaycanın qüdrətli ordusu, peşəkar zabitləri, vətənpərvər əsgərləri ilə 44 günlük Vətən müharibəsində tarix yaradan Azərbaycan xalqı məhz gənclərə söykəndi. Gənclərimiz Azərbaycan bayrağını Xudafərin körpüsündən, Şuşa qalasından asdı, Şuşanın sərt,sıldırım qayalarını aşıb, Cıdır düzünə vardı. Qəhrəman gənclər ordunun aparıcı qüvvələri kimi tarix yazdılar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.” Bu fikirlər Azərbaycan gəncliyinə verilən yüksək dəyərin və etimadın bariz ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların qəhrəmanlığı gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qazilərimiz və veteranlarımız isə bu gün gənclərimiz üçün qürur və şərəf nümunəsidir.

Əminliklə deyə bilərik ki, gənclərlə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq, müstəqil dövlətimizin daha da güclənməsinə xidmət edəcəkdir.

Sonda bir daha bütün gənclərimizi “2 Fevral – Gənclər Günü” münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uğurlar və Vətənimizin inkişafı naminə daim yüksək əzmkarlıq arzulayıram.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik        Cəlil Xəlilov

2026-02-02 16:13:00
3130 baxış

Digər xəbərlər

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Zaqataladakı məcburi köçkün qəsəbəsində səyyar qəbul keçirib

Veteran.gov.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Zaqatala şəhəri, məcburi köçkün qəsəbəsi, Mədəniyyət evinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir. RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin düşmənə ağ bayraq qaldırtdıraraq qondarama dövlət qurumlarının ləğvinə, ərazi bütövlüyümüzün tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, uğurla icra edən “Böyük qayıdış” dövlət proqramından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır. Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışlar. Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.  

Hamısını oxu
İş adamı şəhid və qazi ailələrinə bayram sovqatı göndərib

İş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar olaraq 500-ə qədər şəhid, qazi və aztəminatlı ailəyə qurban əti və bayram sovqatı təqdim edib. Veteran.gov.az sosial şəbəkədəki “Nehrəm xəbərləri” səhifəsinə istinadən xəbər verir ki, ailələri bayram münasibəti ilə təbrik edən iş adamı, onlara ən xoş arzularını bildirib, firavanalıq və ruzi-bərəkət diləyib. Şəhid və qazi ailələri təbrikə görə iş adamına təşəkkür edib, minnətdarlıqlarını bildiriblər. P.S.Məlumat üçün qeyd edək ki, iş adamı Səfər Əlirzayev daim şəhid və qazi ailələrinə, o cümlədən aztəminatlı ailələrə mütəmadi diqqət və qayğı göstərməkdə, dövlətimizin sosial və humanitar siyasətini aktiv şəkildə dəstəkləməkdədir. Seymur ƏLİYEV  

Hamısını oxu
Sumqayıt Tibb Mərkəzi və tabe müəssisələrdə Anım Günü ilə bağlı tədbirlər keçirilib

Sumqayıt Tibb Mərkəzi və tabeliyində olan tibb müəssisələrində 27 sentyabr Anım Günü ilə əlaqədar tədbirlər keçirilib. Veteran.gov.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin sosial şəbəkədəki rəsmi hesabında məlumat verilib. Məlumatda deyilir: “Tədbirlərdə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirlərində 44 günlük zəfər savaşından geniş söhbət açılıb. Çıxış edənlər şəhid adının müqəddəsliyindən danışıb, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər. STM-in kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhlarına ehtiramlarını ifadə ediblər, məzarları üzərinə gül dəstələri düzüblər”. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Sumqayıtda şəhid ailələri və müharibə qazilərinə həm Sumqayıt Şəhər İcra Hakimiyyəti, həm də Sumqayıt Tibb Mərkəzi tərəfindən ciddi qayğı və diqqət göstərilir, məlum kateqoriyaya daxil olan insanların hər bir müraciətinə xüsusi həssaslıqla yanaşılır. Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlil Xəlilov: "Azərbaycanda şəhid ailələri və qazilərə göstərilən qayğı beynəlxalq səviyyədə təqdirlə qarşılanmaqda və öyrənilməkdədir"

Azərbaycanda şəhid ailələri və qazilərə göstərilən qayğı beynəlxalq səviyyədə təqdirlə qarşılanmaqda və öyrənilməkdədir. Azərbaycanda qazi və şəhid ailələrinə dövlət dəstəyi, onların problemlərinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzində olması, həll edilməsi prioritet məsələlərdəndir. Bunu Azərtac-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Respublika Veteranları Təşkilatının sədr müavini bildirib ki, ki, dövlətin şəhid ailələri, müharibə əlilləri, qazi və veteranlara qayğısı ildən-ilə genişlənməkdədir: “Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə dövlətimiz tərəfindən böyük qayğı və diqqət göstərildiyi hər kəsə məlumdur. Beynəlxalq mediada da bununla bağlı çoxlu sayda məlumatlar yer almaqdadır. Dünyanın bir çox ölkələrində Azərbaycanda şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən layihələr maraqla öyrənilir, bu sahədə dövlətimizin təcrübəsindən yararlanmağa çalışırlar. Ümumiyyətlə, insan faktoru, xüsusilə də həssas kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi dövlət siyasətimizin əsas istiqamətlərindən biridir. Bunu istər ölkəmizdə həyata keçirilən layihələrdən, istər şəhid ailələri və qazilərə verilən imtiyazlardan, istərsə də dövlət büdcəmizin sosialyönümlü təşkilindən aydın görmək mümkündür. Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən qayğının əhəmiyyətli tərəflərindən biri də həssas kateqoriyaya olan bu yanaşmanın cəmiyyəti də eyni əhvali-ruhiyyəyə kökləməsi ilə bağlıdır. Bu qayğıya şahid olan hər kəs, o cümlədən gənc nəslin nümayəndələri anlayır ki, şəhid ailələri və qazilərə qayğı və ehtiram hər kəsin mənəvi borcudur. Bundan başqa, qazilərə olan dövlət qayğısı vətəni qoruyan, onun müdafiəsində dayanan hər kəsin xidmətlərinə verilən yüksək qiyməti göstərir və vətənpərvərlik tərbiyəsinin inkişafına töhfə verir”. Cəlil Xəlilov indiki məqamda qazilərin də üzərinə xüsusi missiyanın düşdüyünü vurğulayıb: “Şəhidlərimiz, qazilərimiz 44 günlük Vətən müharibəsində düşməni doğma torpaqlarımızdan qovmaqla öz tarixi missiyalarını yüksək səviyyədə yerinə yetiriblər və xalqımız hər zaman buna görə onlara əbədi minnətdar olacaq. Bu, birmənalıdır. Lakin bu günün reallıqlarına nəzər salsaq görərik ki, bu gün erməni faşizmi ilə hərbi müstəvidə mübarizə başa çatsa da, hələ də bəzi təxribatçı qüvvələr ölkəmizdəki sabitliyi pozmağa, dövlətlə vətəndaşlar arasında süni gərginlik yaratmağa cəhd edirlər. Azərbaycanın tarixi qələbəsini, sosial-iqtisadi inkişafını, xalqın birlik və bərabərliyini həzm edə bilməyən qüvvələr müxtəlif vasitələrlə təxribatlar yaratmağa cəhd edir ki, bu da həm dövlət, həm də xalqımızın maraqlarına ziddir. Buna görə də iki il əvvəl düşmənə qarşı ön xətdə mübarizə aparan əsl qazilərimiz bu gün sosial mediada, gündəlik həyatlarında şahidi olduqları neqativ hallara, antimilli düşüncə və addımlara qarşı mübarizə aparmalı, bu sahədə də ciddi aktivlik sərgiləməlidirlər”. Polkovnik qeyd edib ki, bu gün qazilərin özündən təxribatçı məqsədləri istifadə etməyə çalışan qüvvələr mövcuddur: “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq həm paytaxtda, həm də respublikamızın müxtəlif bölgələrində keçirdiyimiz tədbir və konfranslarda mövcud təhlükələrlə bağlı həyəcan təbili çalır, təxribatçı qüvvələrə qarşı birgə mübarizənin önəmini qeyd edirik. Həmin tədbirlərdə də qeyd edirik ki, bu gün əsl qazilərin özündən, onların cəmiyyətdəki nüfuzundan sui-istifadə etməyə çalışan, onları öz məkrli niyyətlərinə alət etməyə cəhd edən qüvvələr mövcuddur. Onlar qaziləri keşiyində dayandıqları dövlətlə üz-üzə qoymağa çalışır, süni şəkildə gərginliklər yaratmağa çalışırlar. Qazilərimiz belə hallara qarşı diqqətli olmalı, öz hüquqlarını, tələb və arzularını əlaqədar dövlət qurumlarına müraciət etməklə, qanuni şəkildə qorumalı və diqqətə çatdırmalıdırlar. Hər bir qazi öz əməli və davranışı ilə, ortaya qoyduğu dövlətçilik mövqeyi ilə cəmiyyətə nümunə olmalıdır. Biz yalnız bu halda birliyimizi qorumaqla yanaşı, davamlı inkişafımızı təmin edə, ölkəmizin daha da çiçəklənməsinə nail ola bilərik”.  

Hamısını oxu