Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“DİN-nin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə təqdirəlayiqdir və yüksək peşəkarlıqdan xəbər verir”

“Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə nəticəsində ələ keçirilən narkotiklərin miqdarı heyrət doğurur”. 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildiirb. Millət vəkili qeyd edib ki, Daxili İşlər Nazirliyinin (DİN) bu məsələdə əldə etdiyi uğurlar ciddi mətləblərdən xəbər verir:

“Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə, bu mübarizənin nəticələri ciddi mətləblərdən xəbər verir. Bu mübarizə hər şeydən öncə daxili işlər orqanlarının yüksək peşəkarlığını, ayıq-sayıqlığını əks etdirir. Əldə edilən nəticələr göstərir ki, hüquq-mühafizə orqanlarımız öz işinin öhdəsindən yüksək səviyyədə gəlir, narkotik vasitələrin qanunsuz ticarətinə qarşı mübarizədə böyük uğurlar əldə edirlər. Bütün faktlar və təhlillər göstərir ki, DİN-nin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə təqdirəlayiqdir və gələcəkdə də eyni qətiyyətlə davam etdiriləcək.

Bu mübarizə nəticəsində ələ keçirilən narkotik vasitələrin miqdarı onu deməyə əsas verir ki, xalqımızı narkotiklə zəhərləmək istəyən, ölkəmizdə bu bəlanın yayılmasını istəyən müəyyən qüvvələr var. Çünki saxlanılan şəxslərin böyük əksəriyyəti narkotik vasitələri tanımadıqları xarici ölkə vətəndaşlarından aldıqlarını bilidirir ki, bu da özlüyndə az şey demir.

Bu mənada əminliklə demək olar ki, DİN-nin həyata keçirdiyi missiya mühüm həyati əhəmiyyətə malidkir və qanunların aliliyinin təmin edilməsi ilə yanaşı, həm də xalqımızın genefondunun qorunmasına xidmət edir.

Mən polis əməkdaşlarımıza bu müqəddəs missiyada uğurlar arzulayır, onlara müvəffəqiyyətlər diləyirəm”.

Seymur ƏLİYEV

2026-02-07 17:47:00
1685 baxış

Digər xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.   Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu
Sərhədləri aşan birlik ideyası – Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Heydər Əliyev: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.” Milli mənlik, milli kimlik və milli dövlətçilik tariximizə adı qızıl hərflərlə həkk olunan Ulu Öndər Heydər Əliyevin imzaladığı hər bir fərman və sərəncamın arxasında təkcə bir dövlət başçısının iradəsi deyil, həmin imzanın hökmü ilə dəyişən, yeniləşən, tərəqqi edən və bəşəri dəyərlər sisteminə inteqrasiya olunan Azərbaycanın taleyinə duyulan sonsuz Vətən sevgisi dayanırdı. Onun siyasi iradəsi xalqın iradəsi ilə vəhdət təşkil edir, qəbul edilən hər qərar dövlətin möhkəmlənməsinə, millətin gələcəyinin təminatına xidmət edirdi. Bu, danılmaz bir həqiqətdir ki, xalqımızın əsrlər boyu formalaşan qətiyyətli, istiqamətverici milli lider idealı məhz Ulu Öndər Heydər Əliyevin şəxsiyyətində özünün ən kamil təcəssümünü tapmışdır. O, müstəqil Azərbaycan Respublikasının milli-mənəvi, siyasi, iqtisadi və ideoloji əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının güclü, müstəqil və davamlı dövlətə sahib olmaq arzusunu gerçəkləşdirmiş, bu dövlətin əbədiyaşarlığını tarixi zəmanət altına almışdır. Heydər Əliyev fenomeni bu gün də Azərbaycanın inkişaf yoluna işıq salan strateji düşüncə məktəbi kimi yaşayır və gələcək nəsillər üçün möhkəm ideoloji dayağa çevrilir. Heydər Əliyevin irsi təkcə bütün həyatını xalqının, dövlətinin yüksəlişinə həsr etmiş bir Liderin şərəfli ömür yolu, yaratdığı tarix deyil. “Onun irsi həm də bu günümüz və gələcəyimizdir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə təminat yaradan, önümüzdə aydın inkişaf istiqamətləri müəyyənləşdirən yol xəritəsidir.”Ulu Öndərin Vətən qarşısındakı ən mühüm xidmətlərindən biri azərbaycançılıq məfkurəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi, müstəqil dövlətin ideya əsasına çevirməsidir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuşdur, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.             “Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün soydaşlarımız arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Bunu o dövrdə yaradılmış Azərbaycan ədəbiyyatı, musiqisi, kinosu, təsviri sənətində və eləcə də xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən digər çoxsaylı əsərlərdə müşahidə etmək olar. Həmin dövrdə Ulu Öndər respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, diasporumuzun təşəkkül tapmasını vacib sayırdı.”              Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq məfkurəsi mənəvi inkişafımızın, Azərbaycanın əbədi istiqlalının təminatçısına çevrildi. Ulu Öndərin müəyyən etdiyi azərbaycançılıq iki təməl ideyanı özündə birləşdirmiş oldu: dövlətçilik və vətənpərvərlik. Azərbaycançılıq ölkəmizə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, doğma yurdumuzu etnik bölgücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipərə çevrildi. Dünyaya səpələnən soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirdi. Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini sübut etməklə kifayətlənmədi. Onun əsas istiqamətlərini və perspektivlərini bəyan etməklə dünya azərbaycanlılarının həmrəyliyinə nail oldu. Ulu Öndər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın doğma Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsini, onların arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunmasını, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin  mayın 23-də sərəncam imzalamaqla azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini möhkəmlətdi. 2001-ci il noyabrın 9-da keçirilən Dünya azərbaycanlılarının  I qurultayında  Ulu Öndər Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik…" Bu məntiqdən çıxış edərək deyə bilərik ki, ilk qurultay dünya azərbaycanlılarının milli mənlik şüurunun güclənməsində, müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının təmin olunmasında müstəsna rol oynadı. Ulu Öndər hələ Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışarkən, “1991-ci il noyabrın 5-də Ali Məclis uzun illərin ayrılığından sonra Arazboyu sərhəd dirəklərinin söküldüyü 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurətini irəli sürmüş və bununla bağlı qərar qəbul olunaraq Azərbaycan Ali Sovetinə müraciət ünvanlamışdı. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Soveti müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi.”              Dünya azərbaycanlılarının I qurultayından sonra xarici ölkələrdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi, inkişafı məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il xarici ölkələrdəki azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanunun qəbulu da Ulu Öndər Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətlərinin qürur dolu səhifələridir. Bu böyük şəxsiyyət, dövlət xadimi xarici ölkələrə səfərləri zamanı da həmin ölkələrdə yaşayan Azərbaycan icmalarının təmsilçiləri ilə görüşməyi vacib bilir, onların problem və qayğılarına diqqət yetirir, fəallığı, mütəşəkkilliyi, proseslərə təsir imkanlarını daha da artırmaları üçün dəyərli tövsiyələrini onlardan əsirgəmir, azərbaycançılıq məfkurəsini dünyada təbliğ edirdi.               Azərbaycanın milli dövlətçilik ideologiyasının - hüquqi, demokratik dövlət kimi inkişafını və təhlükəsizliyini təmin edən dəyərlər sisteminin  Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılması tarixi bir qanunauyğunluqdur. Bu baxımdan ölkənin konstitusiya quruculuğu da milli dövlət ideologiyasının əsasını təşkil edir. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin ictimai-syasi həyatında əlamətdar bir hadisə oldu.               Ulu Öndər Heydər Əliyev Konstitusiyamıza müəlliflik etməklə və onun qəbuluna nail olmaqla həm Azərbaycan xalqının ötən əsrin əvvəllərindən yarımçıq qalan arzusunun gerçəkləşməsinə nail olmaqla kifayətlənmədi, dövlət quruculuğu prosesinin ən zəruri məqamlarından biri olan hüquqi sistemin təkmilləşdirilməsinə nail oldu. Heydər Əliyev Azərbaycanda hüquqi dövlət modelinin yaradılması və inkişafına yönəlmiş fundamental strategiyanın müəllifi kimi bütün sahələrdə mükəmməl qanunların hazırlanması prosesini sürətləndirdi. Azərbaycan Respublikasının Konstitusiyası 30 il ərzində təkmilləşdirmə və inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı sərəncamında deyilir: "Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir". Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Əsas Qanunumuz və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra bərpa etdiyimiz dövlət suverenliyimiz xalqımızın təkcə əsrləri əhatə edən arzusu deyil, həm də tarixin qarşımıza qoyduğu tələbi idi. İndi tərəddüd etmədən deyə bilərik ki, Konstitutsiyamız milli dövlətçilik tariximizdə suverenleyimizin, müstəqilliyimizin bütün parametrlərini özündə ehtiva etməklə yanaşı, azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini özündə əks etdirən rəsmi dövlət sənədidir. Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir. Soydaşlarımızla görüşlərinin birində Ulu Öndər deyirdi: "... Mən demirəm ki, 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər...” Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində qeyd edirdi: "Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır". Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış azərbaycançılıq adlı mühüm bir ideologiyaya, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi. İstər sovet dövrü olsun, istər də müstəqillik illərində Heydər Əliyev hər zaman və hər yerdə Vətən, Odlar Yurdu Azərbaycan üçün çalışır, həyatının mənasını, dövlət idarəçilik təliminin əsasını milliliyin, həmrəyliyin qorunub saxlanmasında görürdü. Lider – Varis ənənəsini dövlət idarəçilik təliminin prioritetinə çevirən Prezident İlham Əliyev Ulu Öndərin milli inkişaf strategiyasını bu istiqamətdə də uğurla davam və inkişaf etdirməklə kifayətlənmədi, müasir dünyanın reallıqlarına, yeni vəziyyətlərə uyğun olaraq diaspor quruculuğu sahəsində mühüm addımlar atdı. Prezidentin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması da bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Diaspor quruculuğu fəaliyyətində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın müstəsna xidmətləri vardır. Tarixi zəfərin simvolu, rəmzi olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirildiyi əlamətdar gün də dünyanın ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizin yaddaşına qürurla yazıldı. Bu möhtəşəm və mötəbər tədbir tarixə Dünya Azərbaycanlılarının Zəfər qurultayı kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı proqram xarakterli nitqi ilə dünyadakı bütün soydaşlarımıza gələcəyə doğru aydın istiqamət verdi. 30 illik işğaldan, intizardan sonra Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı Ulu Öndərin birlik, bütövlüklə bağlı düşüncəsinin, gələcəyə müdrik baxışının təntənəsi idi. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürurla söylədiyi bu müdrik kəlam tarixlə müasirlik arasında körpüyə çevrildi: "Biz xoşbəxt insanıq, Ulu Öndərin davamçıları kimi onun bir yarımçıq arzusunu, azərbaycançılıq ideologiyası ilə bağlı düşüncəsini gerçəyə çevirdik..." Milli mənlik, milli kimlik uğrunda mücadilə edən, iradənin gücü xarakterin əyilməzliyi ilə tarix yaradan, imperiyalar, qüdrətli dövlət quran, Manna, Midya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi imperiyalar quran Odlar Yurdu Azərbaycan Şərqin ilk Demokratik Cümhuriyyətini qurmaqla sübut etdi ki, o qüdərtli dövlətçilik ənənələrinə, zəngin tarixə və mədəniyyətə malik ölkədiir. Bolşevik Rusyasının, SSRİ-nin at oynatdığı illərdə, siyasi hakimiyyətinin birinci mərhələsində Ulu Öndər Heydər Əliyev sübut etdi ki, Odlar Yurdu Azərbaycan təkcə “Qara qızıl”ın, “Ağ qızıl”ın deyil, həm də bəşəri dəyərlər xəzinəsinin yaratdığı incilərlə zənginləşdirən Xaqani Şirvani, Nizami Gəncəvi, Seyid İmaddədin Nəsimi, Mövlana Məhəmməd Füzuli,Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Abbasqulu ağa Bakıxanov, Hüseyn Cavid, Səməd Vurğun kimi dahilərin diyarıdır. Şura hökumətinin gəlişi ilə onun əlindən alınan Ana dili sənəd, siyasət, mədəniyyət dilidir. 1978-ci ildə Şah İsmayıl Xətaidən, Səfəvilər İmperiyasından 477 il sonra Ana dilinə dövlət dili statusu verilib onu Anayasada-Konstutisuyada təsbit etdirinən Ulu Öndər siyasi hakimiyyətinin ikinci mərhələsində də milli mənlik, milli kimlik uğrunda mücadilənin mücahidi kimi tarix yaratdı. Böyük Qayıdışı, ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Dirçəlişin, Qurtuluşun memarına çevrildi.  2003 –cü il dekabrın 12-də  dünyaya vida nəğməsi oxuyarkən isə “Ata Vəsiyyətinə əməl edən” Varisi haqqında tarixi bir kəlam işlətdi: “Mən ona özüm qədər inanıram”. Bu gün onun günüdür! 44 günlük Vətən Müharibəsində iradənin gücü, xarakterin əyilməzliyi ilə mümkün olmayanı mümkünə çevirən, Lider-Xalq birliyinə nail olan, Qüdrətli Ordusu ilə Şuşa qalasına , ruh bədənə girən kimi bir göz qırpımında girən,  mənsub olduğu milləti, məmləkəti Cıdır düzündə, Xüdafərin körpüsündə Bayrağa döndərən, “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə yol gələn, Zəngəzur dəhlizini Turanın, türk dünyasının, Şərqlə Qərbin körpüsünə, 30 ildir qolu bağlı qalan, Şərqin, Türkün qapısı, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın nicat yerinə çevirən Liderin Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin günüdür!  Bu gün həm də, onun varlığı ilə qürur duyan, arxasında dağ kimi dayanan, duaları ilə qoruyan, Yoxdan var edənimiz, Baba yadigarımız, Zəfər, Qələbə memarımız deyib, ona inanan inamında yanılmayan, Ulu Öndərin 34 il bundan öncə elan etdiyi həmrəylik günü sözün həqiqi mənasında Dünya Azərbaycanlılarının, türklərin, müsəlmanların həmrəylik gününə çevirən xalqın günüdür! Birliyimiz daim olsun, həmrəyliyimiz gücümüzə güc qatsın! Həmrəylik Gününüz mübarək olsun! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatının sədri,     polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Respublika Veteranları Təşkilatının VIII Plenumu

11 dekabr 2018-ci ildə Respublika Veteranları Təşkilatının inzibati binasında Respublika Veteranları Təşkilatının VIII Plenumu  keçirilmişdir. Tədbir iştitakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişlər. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanmışdır. VIII Plenumu giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov açmışdır. Plenumda RVT Rəyasət Heyətinin üzvləri, Mərkəzi Aparatın işçiləri, şəhər və rayon veteran təşkilatlarının sədrləri, İkinci dünya, Əfqanıstan, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranları Plenumda iştirak etmişdir. Çıxışlardan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də Təşkilatın ötən plenumdan sonra dünyasını dəyişmiş Rəyasət Heyəti üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Təşkilatın 2018-ci il ərzindəki fəaliyyəti ilə bağlı məruzə ilə çıxış etmişdir. O demişdir: “Bu il bütün Azərbaycan, eləcə də Respublika Veteranlar Təşkilatı üçün sözün tam mənasında uğurlu il olmuşdur. Biz cari ildə çoxsaylı və mühüm tədbirlər keçirmiş, veteran hərəkatının yüksəlişi, gənclərin vətənpərvərlik tərbiyəsi, veteranların sosial müdafiəsinin gücləndirilməsi, onların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakı istiqamətində uğurlu fəaliyyət göstərmişik. Əlbəttə, bütün bunlar da, ümumən Azərbaycanda veteranlarla bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin mühüm rolu vardır. Hər il İkinci Dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanan fərman və sərəncamlar bu qayğının bariz təzahürləridir. Respublika Veteranlar Təşkilatı göstərilən qayğını yüksək qiymətləndirir və ona layiqincə cavab vermək üçün fəaliyyətinin səmərəliliyini ildən-ilə artırır. 2018-ci ildə Təşkilat tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrin yaradılmasının, Bakının daşnak-bolşevik qaragüruhundan azad olunmasının, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illik, Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileylərinin keçirilməsi planlaşdırılmışdı. Bu yubileylərin hamısı həqiqətən də, yüksək səviyyədə keçirilmiş, ictimaiyyətdə böyük rezonans doğurmuşdur. Bu tədbirlərin nəinki ölkə, beynəlxalq səviyyədə keçirilməsi üçün də işlər görülmüşdür. RVT Rəyasət Heyətinin üzvləri Türkiyənin Əksişəhər şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak etmişlər. Veteranlarımız 2018-ci il aprel ayında ölkədə keçirilən Prezident seçkilərində fəal iştirak etmiş və özlərinin layiqli namizdləri hesab etdikləri cənab İlham Əliyevi bir nəfər kimi dəstəkləmişlər. İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 73 illiyi ilə əlaqədar həm Mərkəzi Aparatda, həm də yerlərdə tədbirlər keçirilmiş, veteranlarla dövlət orqanlarında, ictimai təşkilatlarda, xüsusilə ali və orta təhsil ocaqlarında silsilə görüşlər baş tutmuşdur.  Mayın 9-da faşizm üzərində Qələbənin bayram edilməsi günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev veteranlarla görüşmüş, veteranlara dövlət başçısının adından böyük ziyafət verilmiş, onların qaldırdıqları məsələlər həllini tapmışdır. 9 mayda Respublika Veteranları Təşkilatında Müdafiə Nazirliyinin köməyi ilə 80 nəfər veterana xidmət üçün səyyar mətbəx qurulmuş və veteranlar Hərbi orkestrin ifa etdiyi müharibə vətən, qələbə, sevgi haqqında mahnıların sədaları altında bayram tədbiri keçirmişlər. Qələbənin 73-cü ildönümündə “Azərbaycan Veteranı” qəzetinin xüsusi nömrəsi buraxılmışdır. Yeri gəlmişkən, “Azərbaycan Veteranı” qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin 100 illik yubileylərinə də xüsusi buraxılış həsr etmişdir. Hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yeni nəslin Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları məqsədi ilə keçirilən tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə etmişdir. Bu tədbirlərdə Təşkilatın rəhbərliyi və əməkdaşları, rayon veteran təşkilatlarının sədrləri, tədbirin təşkil olunduğu ərazidə yaşayan fəal veteranlar, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, tədbirlərimiz həm coğrafi, həm də mövzu və auditoriya baxımından kifayət qədər geniş və zəngin olmuşdur. 16 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatının təşkilatçılığı ilə DTX-nın Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi keçirilmişdir. 17 oktyabr 2018-ci ildə isə 30 illik yubileyi çərçivəsində  Bakı şəhərində, “Park-İnn” hotelində dünyanın 17 ölkəsindən yüksək səviyyəli qonaqların, o cümlədən Dünya Veteranları Federasiyasının prezidenti, cənab Dan-Viggo Bergtunun, Azərbaycan Respublikasının dövlət orqanları, Parlament üzvləri, akademik və hərbi dairələri, ictimai təşkilatlarının, veteranların iştirakı ilə “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq konfransın iştirakçılarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Sahil Babyevlə və Müdafiə Nazirliyində rəsmi görüşləri baş tutmuşdur. İl ərzində RVT-yə veteran və veteran ailələri nümayəndələrindən rəsmi surətdə 200-dən çox məktub, ərizə və müraciətlər daxil olmuşdur. Həmin məktub, ərizə və müraciətlər əsasında veteranların sosial-hüquqi müdafiəsinin təmin olunması, problemlərinin həlli məqsədi ilə 120 veteran barəsində müxtəlif dövlət orqanlarına rəsmi məktublar, sorğular göndərilmişdir. Həmin məktubların məzmununa gəlincə, bu mənzillə, işlə təminat, mənzil təmiri, xüsusi avtomaşın alınmasından başlamış, şəhid statusunun  bərpası, pensiyaların yenidən hesablanması, müharibə veteranı vəsiqəsinin verilməsi, mükafatlandırılma, borcun siliməsi, məhkəmə qərarlarının icrasına qədər ən müxtəlif sahələri əhatə etmişdir. Eləcə də, il ərzində telefon vasitəsi ilə 120-yə yaxın müxtəlif zümrədən olan veteranın müraciət və xahişi araşdırılmış, zəruri hallarda onlar Təşkilatda qəbul edilmişlər. 100 nəfərdən artıq veterana hüquqi yardım göstərilmişdir. Həmçinin, maddi yardım edilməsi barədə müxtəlif dövlət orqanlarına müraciət etmiş 60 veteran barəsində həmin orqanlara məlumat verilmiş, itkin düşmüş müharibə iştirakçılarının axtarışı ilə məşğül olunmuşdur. Əlillik dərəcəsi olan müharibə veteranlarıları fərdi minik avtomaşını ilə təmin edilib. Veteranlar ildə bir dəfə hərtərəfli tibbi müayinədən keçirilir. Bu il müxtəlif kateqoriyadan olan 3400 nəfər veteran Mərdəkanda fəaliyyət göstərən Veteranlar Xəstəxanasında müalicə almışdır. Son üç ildə və cari il ərzində respublika Protez Ortopedik Bərpa Mərkəzi tərəfindən 1460 nəfər müharibə əlilinə protez ortopedik məlumat və realibitasiya vasitələri, o cümlədən 144 ədəd əlil arabası verilib. Ancaq təəssüf ki, veteranların sanatoriya-kurort-putyovkası ilə təmin edilməsi sahəsində vəziyyət ürəkaçan deyil. 2018-ci il ərzində 15 nəfər veteran sanatoriya-kurort-putyovkası ilə təmin edilibdir. İş qabiliyyəti olan, işləmək istəyən veteranların iş yerləri ilə təmin edilməsi, qanunla veteran statusu almalı olan vətəndaşların müraciətrlərinin müsbət həll edilməsi üçün müvafiq orqanlar qarşısında vəsadətlərin qaldırılması istiqamətində də iş aparılmışdır. Ümumiyyətlə, ardıcıl sosial siyasət və veteranların həyat tərzini yaxşılaşdıran ehtibarlı sosial müdafiə tədbirləri təkcə Bakı şəhərini deyil, respublikanın bütün yaşayış məntəqələrini əhatə edir. Respublika Veteranları Təşkilatı işin təkmilləşdirilməsi, yeni keyfiyyət səviyyəsinə qaldırılması mümkün olmuşdur. Şirvan şəhərində, Goranboy, Ağstafa Saatlı, İmişli, Beyləqan, Füzuli rayonlarının veteran təşkilatlarında 2018-ci il üzrə illik planın icra vəziyyəti öyrənilmiş və həmin təşkilatlara metodiki  köməklik göstərilmişdir. Şəki və Lənkəran şəhərlərində RVT sədri tərəfindən həmin zonalar üzrə veteran təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilmiş, yerli təşkilatlara fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı tövsiyələr verilmişdir. RVT nümayəndələri veteranların vəziyyəti ilə tanış olmaq və onlara münasib köməklik göstərmək üçün bu il ölkənin 20-dən çox rayonuna ezam olunmuşlar. Həmçinin, Respublika Veteranlar Təşkilatının rəhbər işçiləri avqust-dekabr aylarında cəbhə bölgəsinə səfər edərək Tərtər, Ağdam, Horadiz, Şəmkir istiqamətlərində N saylı hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirmişlər. Eləcə də, 2018-ci ildə Respublika Hərbi Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti arasında hüquq qaydalarının qorunması, hərbi nizam-intizamın möhkəmləndirilməsi və hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində müvafiq Tədbirlər Planına uyğun olaraq nümayəndələrmiz əsasən cəbhə zonalarında yerləşən hərbi hissələrdə şəxsi heyət qarşısında müxtəlif mövzularda çıxışlar etmişlər. Belə görüşlərin xüsusilə gənc zabit və əsgərlərimiz üçün böyük təcrübi və mənəvi əhəmiyyəti var. Təhsil Nazirliyinin Bakı şəhər idarəsi ilə imzalanmış Tədbirlər Planınmız da uğurla icra edilmişdir. Təşkilatın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə xüsusilə MDB dövlətlərinin veteran təşkilatları ilə iş gücləndirilmişdir. MDB dövlələri ilə əməkdaşlıq çərçivəsində bir sıra ölkələrdə, eləcə də Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə 31 may 2018-ci il tarixdə Cenevrə şəhərində Beynəlxalq Sülh Əsgərləri Assosiyasının təşkil etdiyi "Beynəlxalq Sülh Əsgərləri günü" tədbirində iştirak edilmişdir. Həmin tədbirlərdə diqqət Azərbaycanın sülh siyasətinə baxmayaraq, 20 faiz torpaqlarımızın bu gün də Ermənistanın işğalı altında olmasına, Ermənistanın təcavüzkarlıq siyasətini bu gün də açıq və arxayın şəkildə davam etdirməsinə, İkinci dünya müharibəsinin tarixini məqsədli şəkildə saxtalaşdırmasına və s. yönəldilmişdir. Hesabat dövründə Təşkilatın orqanı olan “Azərbaycan Veteranı” qəzetinin 23 sayı dərc olunmuş, Təşkilatın “veteran.gov.az” saytının imkanlarından təbliğati işin qurulmasında daha səmərəli istifadə edilmişdir. Tədbirlərimiz və ölkə ictimaiyyətinin Vətən müdafiəçilərinə olan münasibəti haqqında ölkə KİV-lərində, dövlət və müstəqil informasiya agentliklərində geniş məlumatlar verilmiş, “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “525-ci qəzet” və s. qəzetlərdə, AzərTAC, “İnterfaks”, “The first New” məlumat agentliklərində, Azərbaycan TV, İctimai TV, Lider TV, “XəzərTV”, ATV-də, “Mir” tv-də təbliğat işi aparılmışdır. Eləcə də, əməkdaşlarımız “Azərbaycan”, “Respublika”, “525-ci qəzet”, “Novoe vremya”, “Bakinskiy raboçi” və s. qəzetlərdə məqalələrlə çıxış etmiş, müxtəlif televiziyaların hazırladığı verilişlərdə iştirak etmişlər. Sonra Respublika Veteranlar Təşkilatının illik fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar, məruzə ətrafında çıxışlara başlanılmışdır. Prezident Aparatının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Naxçıvan Muxtar Respublikasının veteranlar təşkilatının sədri Firudin Süleymanov, Şəki şəhər veteranlar təşkilatının sədri Müstafa Əhmədov, Gəncə şəhər veteranlar təşkilatının sədri Yusif Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının professoru Bəhram Zahidov, Təşkilatın Nəzarət-Təvtiş Komissiyasının sədri Salman Babayev çıxış etmiş, Respublika Veteranlar Təşkilatının illik fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər. Sonra gündəliyin 2-ci məsələsi, RVT-nin 2019-cu ilə aid fəaliyyət planı barədə Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov qısaca məlumat çatdırmış, onun təsqdi olunması ilə bağlı təkliflər səsləndirilmişdir. Plan bəzi təkliflər nəzərə alınmaqla  qəbul olunmuşdur. Plenum işini başa çatdırmışdır.

Hamısını oxu
Qəhrəmanlıq Zirvəsinə Ucalan Ömür – Məmməd Mərdanov!

Vətən uğrunda canından keçənlər millətin yaddaşında əbədi yaşayır. Qazax rayonunda keçirilən ziyarətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin rayon sədri Azər Məmmədov, Qarabağ müharibəsi əlilləri və veteranlarını təmsil edən ictimai birliyin rayon sədri Xasay Balayev, şəhid ailələri və qazilər bir araya gələrək qəhrəmanların xatirəsini ehtiramla yad etdilər. Bu görüş xalqın öz igidlərinə sədaqətinin ifadəsi idi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən danışan Azər Məmmədov bildirdi ki, şəhid ailələrinin dərdini azaltmaq mümkün olmasa da, onların yanında olmaq hər birimizin mənəvi borcudur. Çünki bu qələbə qəhrəmanların qanı ilə yazılıb. Belə igidlərdən biri də Məmməd Ələddin oğlu Mərdanovdur. 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində dünyaya göz açan Məmməd sadə, zəhmətkeş və vətənpərvər bir gənc idi. Taleyinə isə ən uca zirvə – şəhidlik yazıldı. 22 sentyabr 2021-ci ildə Barxudarlı və Sofulu kəndlərinə texnika ilə yol açarkən minaya düşərək şəhid oldu. Bir gün sonra doğma kəndində torpağa tapşırıldı. Məmməddən iki qız və bir oğul yadigar qalıb. Onun adını yaşadan bulaq isə doğma kəndində daim axaraq qəhrəman ömrünün rəmzinə çevrilib. Görüş zamanı şəhid atası Ələddin Mərdanov övladı ilə fəxr etdiyini bildirib, şəhid ailələrinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.Məmməd Mərdanovun ömrü qısa, amma şərəfli oldu. O, adını tarixə qanı ilə yazdı. İllər keçəcək, nəsillər dəyişəcək, lakin bu torpağın azadlığı uğrunda canından keçənlərin adı daim qürurla çəkiləcək.  Şəhidlər ölməz, Vətən bölünməz.  

Hamısını oxu