Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AzMİU-50: Beynəlxalq elmi-praktik konfrans keçirildi – FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş onlayn formatda “İnnovativ kommunikasiya kontekstində dilçilik, ədəbiyyat və tədris metodikası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, AzMİU-nun rektoru, memarlıq doktoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ili Azərbaycan dili ilə bağlı elan etdiyi mühüm təşəbbüs və sərəncamları xüsusi vurğulayaraq qeyd edib ki, dövlət başçısının ana dilimizin qorunması, zənginləşdirilməsi və elmi müstəvidə inkişafı istiqamətində müəyyən etdiyi strateji xətt ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyur. Rektor bildirib ki, məhz bu dövlət siyasətinə uyğun olaraq təşkil olunan beynəlxalq elmi-praktik konfrans dilçilik, ədəbiyyat və dil tədrisi sahəsində milli dəyərlərin qorunması ilə yanaşı, innovativ yanaşmaların təşviqinə xidmət edir, bu isə öz növbəsində qloballaşan dünyada innovativ kommunikasiya bacarıqları mühəndislik, memarlıq və texniki ixtisaslar üzrə təhsil alan gənclər üçün strateji əhəmiyyət daşıyır.

Professor Gülçöhrə Məmmədova AzMİU-da dil tədrisinə xüsusi diqqət yetirildiyini vurğulayaraq qeyd edib ki, universitetdə tədris Azərbaycan, ingilis və rus dillərində aparılır, bununla yanaşı, ingilis, rus, alman, fransız və italyan dilləri tədris olunur. Bu yanaşma tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasını asanlaşdırır, onların qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır. Rektor eyni zamanda müəllim heyətinin də həm ana dili, həm də xarici dillər üzrə bilik və bacarıqlarının mütəmadi olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb.

AzMİU-nun Əcnəbi dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədova kafedranın kadr potensialı, elmi-pedaqoji fəaliyyəti və tətbiq etdiyi innovativ tədris metodikası barədə ətraflı məlumat verib. O, dil tədrisində kommunikativ yanaşma, rəqəmsal resurslardan istifadə və tələbəyönümlü metodların üstünlüklərini qeyd edib.

Dosent Aygün Məmmədova konfransın əhəmiyyətindən söz açaraq bildirib ki, əsas məqsəd alimlərimizin  fəaliyyətini tanıtmaq, fikir mübadiləsi aparmaq, multidissiplinar yanaşmaları genişləndirmək, müasir dilçilik, dil tədrisinin strateji inkişaf istiqamətlərini müəyyənləşdirmək və təcrübə paylaşımı üçün  mühüm elmi platforma yaratmaqdır. O qeyd edib ki, konfrans toplusuna ümumilikdə 78 məqalə təqdim olunub. 27 məqalə dilçilik və ədəbiyyat, 51 məqalə isə metodika sahəsini əhatə edir. Konfransın I bölməsində müasir dilçilik elminin aktual nəzəri problemləri - diskurs və funksional linqvistik təhlil, akademik kommunikasiya, terminoloji sistemlərin formalaşması və tərcümə nəzəriyyəsi elmi-nəzəri baxımdan şərh edilir.

Konfransın II bölməsində  əcnəbi dillərin müasir tədris  metodikasının aktual problemləri - pedoqoji və fərdi yanaşma metodların praktik tətbiqi, rəqəmsal texnologiyalar, kommunikativ bacarıqların inkişaf etdirilməsi, mədəniyyətlərarası və peşəkar kommunikativ kompetensiyalar, süni intellektin elm və təhsildə rolu prioritet məqsəd hesab olunur.

Daha sonra AzMİU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Nigar Aslanova, Azərbaycan Dillər Universitetinin elm və innovasiyalar üzrə prorektoru professor Həmidə Əliyeva, AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Süni intellekt və kompüter dilçiliyi” şöbəsinin baş elmi işçisi dosent Nərmin Əliyeva, Azərbaycan Dillər Universitetinin İngilis dilinin tədrisi metodikası kafedrasının müdiri, ped.e.d., dosent Günay Şirəliyeva, Bakı Dövlət Universitetinin İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi, fil.f.d. Mənsurə Ağayeva və Milli Aviasiya Akademiyasının İngilis dili kafedrasının baş müəllimi, fil.f.d. Günay Mirzəyeva çıxış edərək müasir dilçilik, süni intellektin dil tədrisinə təsiri, eləcə də əcnəbi dillərin tədrisində aktual metodoloji yanaşmalarla bağlı fikirlərini bölüşüblər.

Plenar iclasdan sonra konfrans öz işini iki bölmə üzrə davam etdirib.

Birinci bölmədə “Müasir dilçilik və ədəbiyyatşünaslığın aktual problemləri” mövzusu üzrə 8 məruzə, ikinci bölmədə isə “Əcnəbi dillərin müasir tədris metodikasının aktual problemləri” mövzusu üzrə 15 məruzə dinlənilib. Məruzələrdə Azərbaycan dilinin saflığının qorunması, müasir informasiya mühitində dil normalarının pozulması, ekran və efir nitqində dil mədəniyyəti kimi məsələlər xüsusi diqqət mərkəzində olub. Bu baxımdan məruzələr Azərbaycan dili ilə bağlı dövlət səviyyəsində aparılan siyasətə elmi yanaşmaların təqdim edilməsi baxımından aktual xarakter daşıyır.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, İngiltərə, Fransa, Niderland, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın müxtəlif ali təhsil müəssisələrindən olan alimlər və dilçi mütəxəssislər dəyirmi masa ətrafında mövzularla bağlı öz elmi yanaşmalarını və təcrübələrini bölüşüblər.

Beynəlxalq elmi-praktik konfrans dilçilik, ədəbiyyat və tədris metodikası sahəsində aktual problemlərin müzakirəsi, elmi əməkdaşlığın genişləndirilməsi və innovativ yanaşmaların təşviqi baxımından mühüm platforma kimi dəyərləndirilib.

 

2026-02-09 17:12:00
1838 baxış

Digər xəbərlər

Bütün dünya etiraf edir ki, Qarabağ Azərbaycan torpağıdır

Cəlil Xəlilov: Artıq bütün dünya erməni vəhşiliyindən xəbərdardır “Ermənistan beynəlxalq təşkilatların çağırışlarına, qəbul etdikləri qərar və qətnamələrinə məhəl qoymadan Azərbaycan Respublikasının ərazilərinin 20 faizini işğal atlında saxlayır. Prezident İlham Əliyevin “Valday” klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycan və beynəlxalq arenada ciddi müzakirələrə səbəb olmaqdadır”. Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil  Xəlilov İkisahil.TV-yə açıqlamasında bildirdi. C. Xəlilov vurğuladı ki, Ermənistanın baş naziri Paşinyan heç bir beynəlxaql normaya, qaydaya riayət etmədən həyasızcasına Qarabağın erməni torpağı olduğunu iddia edir. Halbuki, bütün dünya etiraf edir ki, Qarabağ Azərbaycan torpağıdır. Ermənilər heç vaxt bu torpaqlarda olmayıblar. Onlar sonradan bu torpaqlara gəlib, bir müddətdən sonra isə müxtəlif iddialara, xam xəyallara düşüblər. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə vurğulayıb ki, Azərbaycan heç vaxtı işğal faktı ilə barışmayacaq. Çünki Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu həqiqət bundan sonra da dəyişməyəcək. Dünya ictimaiyyəti, qabaqcıl dövlətlər erməni vəhşiliyindən, onların işğalçılıq siyasətindən, bu siyasətin qorxunc nəticəsindən xəbərdardırlar. Xocalı soyqırımını dünyanın bir çox ölkəsi tanıyır. Bütün dünya erməni vəhşiliyindən xəbərdardır. Odur ki, bunlara istinad edərək Ermənistana hər cür təzyiq göstərə bilərlər. Onlar erməniləri məcbur edə bilərlər ki, işğaldakı əraziləri tərk etsinlər. Hətta onlara Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını etiraf etməyə də vadar edə bilərlər. Ermənistan iqtisadi blokadadadır. Lakin buna baxmayaraq, xarici ölkələrdən aldıqları ianələri də silahlanmaya sərf edir. Halbuki öz vətəndaşalrının bu pula çox böyük ehtiyacı var. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Bu isə o deməkdir ki, proseslər bu şəkildə davam edərsə, Qarabağ məsələsində son sözü yenə də Azərbaycan Ordusu deyəcək. Ölkə başçısı “Valday” klubunda səsləndirdiyi bəyanatla Azərbaycanın ilkin, ənənəvi mövqeyindən imtina etmədiyini, öz mövqeyini sona qədər qətiyyətlə qoruyacağını bütün dünyanın diqqətinə çatdırdı. Bu baxımdan “Valday” bəyanatını Azərbaycanın növbəti uğuru kimi qiymətləndirirəm. C.Xəlilov diqqətə çatdırdı ki, veteranlarımız ölkəmizin ictimai-siyasi həyatında, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak edirlər. Bu istiqamətdə paytaxt Bakı ilə yanaşı, bölgələrdəki ali və orta təhsil müəssisələrində tələbələr, şagirdlər, eləcə də cəbhə bölgəsindəki hərbi hissələrdə şəxsi heyət ilə intensiv görüşlər təşkil olunur, digər tədbirlər həyata keçirilir. Görüşlərdə əsas diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ordumuzun döyüş ruhunun artırılmasına, yeniyetmə və gənclərin hərbi xidmətə, Vətəni qorumağa daim hazır olmalarına yönəldilib. Bu baxımdan gənclərə ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı, dünyada söz və nüfuz sahibinə çevrilməsi, ordumuzun qüdrəti, şanlı tariximiz, aprel döyüşlərində qazanılan qələbələr ilə bağlı ətraflı məlumat verilir. Təşkilatın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində fəal iştirak etdiyini vurğulayan C.Xəlilov qeyd etdi ki,  veteranlarımız xarici ölkələrdə keçirilən tədbirlərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü və bu işğalın ağır nəticələri barədə də ətraflı söhbətlər aparırlar. Müsahibimiz, həmçinin qeyd etdi ki, Azərbaycanın İkinci Dünya müharibəsində iştirakının araşdırılması və təbliği işinə böyük önəm verən qurum bu istiqamətdə çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycanın II Dünya müharibəsində iştirakçılığını əks etdirən muzeyin yaradılması çox vacib bir məsələdir. Faşizmə qarşı mübarizə aparan bütün ölkələr yaxşı bilirlər ki, ölkəmizin faşizm üzərində qələbənin əldə edilməsində danılmaz xidmətləri var. Azərbaycanın xidmətləri keçmiş SSRİ marşalları tərəfindən də qeyd olunub. Marşal Jukov və marşal Rokossovski öz çıxışlarında Azərbaycanın xidmətlərini yüksək qiymətləndiriblər. Azərbaycan bu müharibəyə 700 mindən çox insanla qatılıb və onların yarıdan çoxu bu müharibədən qayıtmayıb. Azərbaycan nefti olmasaydı müharibədə qalib gəlmək qeyri-mümkün idi. Odur ki, Azərbaycanın bu qalibiyyətdəki rolunu heç cür kiçiltmək olmaz. Biz belə bir muzey yaratmaqla ölkəmizin bəşəriyyət qarşısındakı bu mühüm xidmətini yada salmış və təbliğ etmiş olarıq. Baxın, Azərbaycan son illər turist ölkəsinə çevrilib. Hər il ölkəmizə yüz minlərlə turist gəlir. İstərdim ki, Həzi Aslanovun abidəsinə yaxın bir yerdə II Dünya müharibəsinə həsr edilən muzeyimiz olsun. Bu muzey vasitəsi ilə ölkəmizə gələn turistlər də Azərbaycanın müharibədəki müstəsna xidmətləri haqqında geniş məlumatlar əldə edə bilsinlər. Şəmsiyyə Əliqızı,Könül Əliyeva, “İki sahil”

Hamısını oxu
“Brüssel görüşü bir daha göstərdi ki, Azərbaycan strateji maraqlarını addım-addım həyata keçirir”

    “Brüssel görüşü Azərbaycanın siyasi-diplomatik uğurudur. Xüsusilə qeyd etməliyik ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə regionda olduğu kimi beynəlxalq arenada da yeni reallıqlar yaratmışdır. Beləki, Brüssel görüşünün nəticəsində Avropa İttfaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata verdiyi bəyanat Azərbaycanın irəli sürdüyü tezislərlə uyğunluq təşkil edir. Xüsusilə də, Ş.Mişel tərəfindən səsləndirilən bəlkə də ən vacib siyasi mesaj hərtərəfli sülh müqaviləsinin imzalanmasının vacibliyidir”.   Bu sözləri saytımıza cənab Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.   O, Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Brüsseldə keçirilən üçtərəfli görüşünü şərh edib. “Bu mühüm tədbirdə Azərbaycanın mövqeyi yenidən səsləndirildi və Qərbdəki tərəfdaşlarına çatdırıldı. Aydın oldu ki, Azərbaycanın münaqişədən sonrakı gündəliyini hamı tanıyır. Avropanın ən nüfuzlu təşkilatı olan Aİ bu məsələdə Azərbaycanın mövqeyini bölüşür”, - deyə millət vəkili bildirib.   Tamam Cəfərova açıqlamasında bildirib ki, Avropa İttifaqının Cənubi Qafqazda sülh və siyasi stabillik arzulaması Qərbin liberal dəyərləri ilə deyil, daha çox praqmatik siyasət zərurətindən irəli gəlir. Siyasi gərginlik Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında ən vacib arteriyalardan biri olan Cənubi Qafqaz regionunu daima təhlükə altında saxlayır. Revanşizmin təsiri altında və ya kənar qüvvələrin təhriki ilə Ermənistanın Azərbaycana qarşı ata biləcəyi istənilən yeni hərbi təxribatın mənfi təsirləri Cənubi Qafqaz regionunun sərhədlərini aşaraq Avropa İttifaqının siyasi və iqtisadi durumuna zərbə endirə bilər. Xatırladaq ki, Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan ilə əməkdaşlıq edən Aİ  bu illər ərzində enerji sahəsində, başda Cənub Qaz Dəhlizi üzrə 2011-ci il tarixli Birgə Bəyannamə olmaqla, bir çox strateji əməkdaşlıq qurmuşdur. Bu baxımdan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan və Ermənistan arasında dayanıqlı və uzunmüddətli sülhün təmin olunmasında Aİ olduqca maraqlıdır.   T. Cəfərova xüsusilə qeyd edib ki, Ş. Mişelin 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etməsi ilk növbədə Avropa İttfaqının bu formatların tanınması və onlarla hesablaşması anlamına gəlir. Burada əsas məqam ondan ibarətdir ki, hər üç görüş və bəyanat Aİ-nın geosiyasi rəqibi olan Rusiyanın iştirakı və vasitəçiliyi ilə keçirilmiş və imzalanmış razılaşmalardır. Ş. Mişelin bu bəyanatların yerinə yetirilməsinə çağırış etməsi Avropa ittifaqının indiyə qədər əldə edilən razılaşmalara qarşı hər hansı bir irad və ya narazılığının olmamasından xəbər verir.   Ş.Mişel verdiyi bəyanatda regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb. Eyni zamanda bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.   Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb.    Şübhəsiz ki, bütün bunlar cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin növbəti böyük siyasi-diplomatik uğurudur.    Biz görürük ki, artıq gündəmdə sərhəd və Zəngəzur məsələsidir. Yəni Azərbaycan strateji maraqlarını addım-addım həyata keçirir. Bir nəticəni də qeyd etmək olar. Artıq Azərbaycan Avropa İttifaqının reabilitasiya, yenidənqurma proseslərinə maliyyə dəstəyi verəcəyinə nail ola bilib. Bu iki nəticə çox vacibdir və Azərbaycan buna nail olub.   Həmçinin onu da qeyd etməliyik ki, görüşdə mühüm məqamlardan biri, Zəngəzur və Laçın dəhlizində gömrük postlarının qurulması ilə bağlı idi. Təbii ki, burada da  Prezident İlham Əliyev qətiyyətlilik nömayiş etdirərək, diqqətə çatdırdı ki, əgər Zəngəzur dəhlizində  gömrük postları olacaqsa, o cümlədən Laçın dəhlizində də bu, tətbiq olunacaq. Bununla da, bir daha Cənab Prezident göstərdi ki, Azərbaycan dövləti Azərbaycan xalqının milli maraqlarından irəli gələn siyasət yürüdür.

Hamısını oxu
DTX dövlətə xəyanətdə şübhəli bilinən ər-arvadı həbs etdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları - Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib. Modern.az-ın DTX-ya istinadən verdiyi məlumata görə, müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilmiş gizli görüşlərdə verilmiş tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər. Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hamısını oxu
“Müstəqil Dövlətlərin veteranlar (pensiyaçılar) İctimai Təşkilatları İttifaqı”nın Moskvada VI Beynəlxalq qurultayı keçirilmişdir

15 noyabr 2016-ci il tarixində Moskva şəhərində Müharibə və Silahlı Qüvvələr veteranları evində “Müstəqil Dövlətlərin Veteranlar (pensiyaçılar)  İctimai Təşkilatları İttifaqı”nın VI Beynəlxalq qurultayı keçirilmişdir. Qurultayda Azərbaycanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil etmişdir. C.Xəlilov ən məhsuldar illərini vətənə xidmətə həsr etmiş veteranları Azərbaycan veteranları adından salamlayaraq, Təşkilatın Rusiya Fedarasiyası, Ukrayna, Belarus, Moldova Respublikası icmaları, MDB ölkələrinin səfirlikləri ilə sıx əməkdaşlıq əlaqələri saxladığını qeyd etmiş, son illərdə MDB ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndiyini, əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulamışdır. O, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakından, azərbaycanlıların qəhrəmanlığından, qanlı döyüşlərdə 300 mindən çox soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişdir. C.Xəlilov həmçinin tədbir iştirakçılarlnln diqqətini İkinci Dünya Müharibəsinin tarixinin ermənilər tərəfindən məqsədli şəkildə saxtalaşdırılmasına, belə münasibətin yolverilməzliyinə yönəltmiş, Azərbaycanın bu məsələlərdə tutduğu qəti və obyektiv mövqeyi çatdırmışdır. Sonda C. Xəlilov Azərbaycan Veteranlar Təşkilatı tərəfindən nəşr olunmuş “Победа и память» (“Qələbə və yaddaş”) kitabını İttifaqın Rəyasət Heyətinə hədiyyə etmişdir. Qurultayda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev və Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Müstəqil Dövlətlərin Veteranlar (pensiyaçılar) İctimai Təşkilatları İttifaqı”nın Rəyasət Heyətinə yenidən üzv seçilmişlər.  

Hamısını oxu