Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xocalı: Silinməyən yaddaşımız – Ədalətin hökmü” mövzusunda konfrans keçirilib

23 fevral 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin birgə təşkilatçılığı ilə  “Xocalı: Silinməyən yaddaşımız – Ədalətin hökmü” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Konfransdan öncə Azərbaycan Respublkasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xocalı soyqırımı və onun ağır nəticələri haqqında danışıb, 44 günlük Vətən müharibəsi və anti-terror əməliyyatından sonra Xocalı qatillərinin məsuliyyətə cəlb edildiyini vurğulayıb:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə hücum edilmişdir. Şəhər tam mühasirəyə alınmış, dinc əhaliyə qarşı əvvəlcədən planlaşdırılmış və xüsusi qəddarlıqla həyata keçirilmiş kütləvi qətliam törədilmişdir.

Rəsmi məlumatlara əsasən 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmuşdur; 8 ailə tamamilə məhv edilmişdir, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir, 487 nəfər yaralanmışdır,1275 nəfər əsir götürülmüşdür,150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək naməlum qalır.

Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilmiş, 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xüsusi qərar qəbul edilmişdir. Bu qərar faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım olmuşdur.

Bu gün Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Heydər Əliyev Fondunun təşəbbüsü və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində faciə ilə bağlı həqiqətlər bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatları tərəfindən tanınmış və siyasi qiymətini almışdır.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanılmış, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Bununla da Xocalı qurbanlarının və bütün şəhidlərimizin qanı yerdə qalmamışdır”.

Daha sonra “Biz soyqırıma və terrora yox deyirik!” adlı sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri jurnalist Şamil Sabiroğlu Xocalı sakinlərinin üzləşdiyi soyqırımın dəhşətlərindən söz açıb, Ayaz Mütəllibov hakimiyyətinin səhlənkarlığından, səriştəsizliyindən bəhs edib. Gəncləri Prezident İlham Əliyevə dəstək verməyə səsləyən Şamil Sabiroğlu, tarixi keçmişimizin öyrənilməsinin gələcəyimiz baxımından həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyev çıxışında xalqımızın yaşadığı faciələrin, eləcə də, imza atdığı qəhrəmanlıqların təbliğində ədəbiyyat və mədəniyyətin mühüm rol oynadığını bildirib. Əməkdar jurnalist qeyd edib ki, ədəbiyyat adamları, yazıçı və tarixçilər bundan sonra da öz təbliğati, maarifləndirici missiyalarını davam etdirməli, tariximizlə bağlı faktların gələcək nəsillərə çatdırılmasında aktiv iştirak etməlidirlər.

Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova yeniyetmə və gənclərin milli tarixlərinə bələd olmasının vacibliyindən danışıb. O, qeyd edib ki, məhz tarixi dərindən bilmək, xalqın keçmişinə bələd olmaq gələcək nəsilləri yeni bəlalardan və təhlükələrdən hifz edə bilər.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin  üzvü, soyqırımın şahidi Hüseynağa Quliyev şahidi olduğu erməni vəhşiliklərindən danışıb. Ermənilərin dinc insanları ən qorxunc işgəncələrlə qətlə yetirdiyini bildirən soyqırım şahidi, bütün bu həqiqətlərin bütün dünyaya yayılmasının vacibliyini qeyd edib.

Ehtiyatda olan mayor, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin iştirakçısı qazi Muxtar Həşimov erməni vəhşiliyindən bəhs etməklə yanaşı, ermənilər tərəfindən Xocalıda qətlə yetrilən şəxslərin sayının 613 deyil, daha çox olduğunu bildirib, bu rəqəmin yenidən dəqiqləşdirilməsinin vacib olduğuna diqqət çəkib.

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Gənclər Təşkilatının sədri Məleykə Məmmədrzayeva Xocalı soyqırımının heç zaman unudulmayacağını, xalqımızın yaddaşında hər zaman yaşayacağını vurğulayıb.

Konfransın sonunda xatirə şəkli çəkilib.

Seymur ƏLİYEV

2026-02-23 13:02:00
2544 baxış

Digər xəbərlər

Azərbaycanın hərtərəfli inkişafına dəstək olmalıyıq

  Cəlil müəllim, ilk sualımız Təşkilatın qarşıda gözlənilən plenumu ilə əlaqədardır. Bu əvvəlcədən planlaşdırılmışdı, yoxsa hansısa zərurətlə bağlıdır? Bir də sirr deyilsə, gündəliyə hansı məsələlər çıxarılıb? Respublika Veteranlar Təşkilatının plenumları Nizamnaməyə uyğun olaraq ildə bir dəfə, adətən noyabr, yaxud dekabr aylarında keçirilir. Plenumda Təşkilatın il ərzində gördüyü işlər müzakirə edilir, növbəti ildə qarşıda duran vəzifələr müəyyənləşdirilir. Növbəti plenum da bu baxımdan əvvəlkilərdən fərqlənmir. Yaratdığınız imkandan istifadə edərək noyabrın 22-də baş tutacaq həmin tədbirə Sizi də, iştirak etmək istəyən digər media nümayəndələrini də dəvət edirik. 2016-cı ildəki fəaliyyətiniz barədə qısaca nə deyərdiniz? - Respublika Veteranlar Təşkilatının fəaliyyəti illik Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq əsasən bir neçə istiqamət üzrə həyata keçirilir. Əlbəttə, bizim hər il ən başlıca tədbirimiz İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin müharibənin iştirakçıları ilə görüşünün təşkilinə hazırlıq işləri ilə bağlı olur. 9 may 2016-cı ildə faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin İkinci Dünya müharibəsi veteranları ilə görüşü baş tutmuş, dövlət başçısının adından veteranlara böyük ziyafət verilmişdir. Bu görüşə hazırlıqla bağlı cari ildə də ölkənin orta və ali məktəblərində, o cümlədən hərbi yönümlü təhsil ocaqlarında, müxtəlif təşkilatlarda, idarə-müəssisələrdə silsilə tədbirlər keçirilmişdir. Bir qayda olaraq, həmin tədbirlərdə İkinci Dünya, Qarabağ və Əfqanıstan müharibələri veteranları, RVT, rayon veteran təşkilatları, yerli icra orqanları və ictimaiyyətin nümayəndələri, gənclər və ziyalılar iştirak edirlər. Azərbaycanın qəhrəmanlıq tarixinin, ata-babalarımızın şanlı döyüş yolunun təbliği, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların dövlətə və xalqa sədaqət ruhunda yetişmələri məqsədi güdən belə tədbirlər istisnasız olaraq, ölkənin bütün şəhər və rayonlarında keçirilir. Mən C.Naxçıvanski adına Hərbi Liseydə, Kaspi liseyində, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin Akademiyalarında, Milli Qvardiyada, Dövlət İqtisad, Odlar Yurdu, Bakı Slavyan, Qərb universitetlərində, Dövlət Uşaq Filarmoniyasında və Xalça Muzeyində baş tutan tədbirlərimizi xüsusi qeyd etmək istərdim. Əlbəttə, Təşkilatın inzibati binasında keçirilən tədbirlərimiz həm mövzu rəngarəngliyi, həm də əhatə etdiyi auditoriya baxımından daha geniş olmuşdur. Ölkə veteranlarının Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri ilə geniş tərkibdə görüşü, cəbhə xəttində Ermənistan hərbi birləşmələrinin təxribatının qarşısının alınması ilə əlaqədar “Biz Azərbaycan əsgərinə, Ali Baş Komandanımıza və parlaq qələbəmizə inanırıq”, “Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevirilməsi başlıca məqsəddir” mövzusunda Elmi – praktiki Konfrans, Bakı Slavyan Universitetinin tələbələrinin iştirakı ilə Respublika günü münasibətilə “Gənclərdə milli ruhun gücləndirilməsi” mövzusunda ədəbi-bədii gecə, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir”  tədbiri, İkinci Dünya müharibəsində Moldovada həlak olmuş və itkin düşmüş sayılan azərbaycanlı döyüşçülərdən 206 nəfərin taleyinin aydınlaşması münasibətilə Moldovada nəşr edilmiş xatirə kitabının təqdimatı və digər tədbirlərimiz ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Yeri gəlmişkən, Moldova Respublikası ərazisində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlılardan Bakı və Sumqayıt şəhərlərindən orduya göndərilmiş 4 nəfərin qohumları artıq tapılmışdır. Onlardan Sumqayıt şəhəri və Xəzər rayonunda yaşayan 2 nəfər RVT-də 27 oktyabr 2016-cı il tarixdə keçirilən tədbirdə iştirak etmişdir. Xatirə kitabında adları keçən digər döyüşçülərin qohumları tapıldıqca, media məlumatlandırılacaqdır. Təşkilatımız Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi tədbirlərində də fəal iştirak etmiş, bununla əlaqədar “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun yaradılmasında ilk təşəbbüskarlardan olmuşuq.  Veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki fəaliyyətinizi qənaətbəxş saymaq olarmı? Veteranların sosial müdafiəsinin gücləndirilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin şəxsi nəzarəti altında hazırlanan “Veteranlar haqqında” Qanunun 1994-cü ildə qəbulu ilə ölkədə veteran hərəkatının yenidən dirçəldilməsi dövrü başlanmışdır. Hazırda bu siyasət Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başlıca hədəflər və məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi ilə vətənpərvərliyin təşviq olunmasıdır. İnamla deyə bilərik ki, bu zümrəyə aid edilən insanların, problemlərinin vaxtında həlli dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xətdir. Hər il İkinci Dünya Müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin artırılması (2016-cı ildə bu məbləğ 1000 və 500 manat olmuşdur), eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yalnız bu il imzalanmış sərancam və fərmanlar bu qayğının əyani sübutlarıdır. Biz bütün bunları yüksək qiymətləndirir və ona layiqincə cavab vermək üçün fəaliyyətin səmərəliliyini ildən-ilə artırmağa çalışırıq. Bu məqsədlə veteranların yaşayış səviyyəsinin yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan faydalanmaları, asudə vaxtlarının səmərəli təşkili və s. işlər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, digər dövlət orqanları, yerli icra hakimiyyətləri, və bələdiyyələrlə qarşılıqlı əlaqədə həyata keçirilir. Bir faktı qeyd edim ki, bu məsələlərlə bağlı ötən 11 ay ərzində Təşkilata daxil olmuş 100-dən artıq müraciətlə bağlı müvafiq ünvanlara məktublar göndərilmiş, problemlər əsasən həll olunmuş, ərizəçilər görülmüş tədbirlər barəsində vaxtında məlumatlandırılmışlar. Bu il möhtərəm Prezidentin Veteranlar Təşkilatına ayırdığı vəsaitin xeyli hissəsinin yataq xəstəsi olan İkinci Dünya Müharibəsi veteranlarına çatdırılması ilə bağlı RVT Rəyasət Heyətinin qərarı ilə lazımi sənədləşdirmə işləri aparılmışdır.  Artıq Bakı şəhərinin rayonları üzrə ayrılmış müvafiq maddi yardımlar əməkdaşlarımızın və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə veteranlara çatdırılmışdır. Digər rayonlar üzrə bu işlər ilin sonunadək yekunlaşacaqdır. Ölkənin 4 regionunda və Bakı şəhərində şəhid ailələrinə maddi yardımlar da eyni qaydada çatdırılmışdır. Təşkilata hər gün müxtəlif məsələlərlə bağlı neçə veteran müraciət edir. Biz onları məmuniyyətlə dinləyir, problemlərinin həllinə kömək göstərməyə çalışırıq. Qaldırılan problemlərin həlli səlahiyyətlərimiz çərçivəsində olmadığı hallarda belə dövlət orqanları və təşkilatlar bizə imkan daxilində köməklik göstərirlər. Fürsətdən istifadə edib Təşkilat adından onlara minnətdarlığımızı çatdırıram. Veteranların yubileylərinin keçirilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılmış, bir qrup veteran ölkənin sanatoriya-kurort müalicəsi almış, Şahdağa, Qobustana səfərləri təşkil edilmişdir. Veteranların çoxsaylı müraciətlərini nəzərə alaraq, bəzi imtiyazların bərpası barədə müvafiq dövlət orqanlarına müraciət etməyi nəzərdə tuturuq. Zənnimcə, bu məsələnin müsbət həlli veteranların sosial müdafiəsinin daha da gücləndirilməsinə əlavə dəstək olacaqdır. Təşkilatınızın nümayəndələri tez-tez cəbhə xəttində olur, xidməti borcunu şərəflə yerinə yetirən əsgər və zabitlərimizlə görüşürlər. Bu ənənəniz digər ictimai birliklərə də nümunə ola bilər. - Bütün ictimai təşkilatların, dövlət orqanlarının, mən deyərdim hər bir azərbaycanlının ən ümdə borcu bu gün işğal altında olan torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün bacardığını əsirgəməməsidir. Son illər Azərbaycanda güclü ordu qurulması istiqamətində atılan uğurlu addımlar bizim bu vəzifənin öhdəsindən şərəflə gələcəyimizə inamımızı daha da artırıb. Cari il aprel ayının 2-5-də erməni silahlı bölmələrinin təxribatlarının qarşısının alınması zamanı Azərbaycan əsgərinin sarsıdıcı cavab zərbəsi ilə düşmənin darmadağın olunması xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Cənubi Qafqazın ən müasir və güclü ordusu olan Azərbaycan Ordusunun ərazilərimizi düşmən işğalından qurtarmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadir olduğu dünyaya nümayiş etdirildi. Həmin hadisələrlə bağlı yayılan bəyanatda yaşlarının ixtiyar çağlarında olmalarına baxmayaraq, veteranlar düşmənə qarşı vuruşmağa hər an hazır olduqlarını ifadə etmişdilər. Bu qəti mövqe həmin hadisələrdən əvvəl də, sonra birbaşa cəbhə xəttində olan hərbçilərimiz qarşısında dəfələrlə səsləndirilmiş, gənclərimizin döyüş ruhunu daha da artırmışdır. Biz Müdafiə Nazirliyi, Respublika Hərbi Prokurorluğunun müvafiq idarələrinin əməkdaşları ilə birgə cəbhə xəttində və ona yaxın ərazilərdə birgə tədbirlər keçiririk. Bu görüş və tədbirlər sırasında may ayının 19-20-də Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevlə birgə cəbhə bölgəsinə səfərimiz xüsusilə yadda qalan oldu. Biz N saylı hərbi hissənin şəxsi heyəti ilə görüşdük. Görüşdə gənc əsgərlərimizdə döyüş, Qələbə ruhunun necə yüksək olduğunu görmək qəlbimizi dağa döndərdi. Azərbaycan əsgərinin Vətənə, xalqa, torpağa, dövlətinə olan sevgisi bizi valeh etdi. Ötən il Təşkilat nümayəndələri və veteranların Bərdə, Tərtər, Qazax, Horadiz istiqamətində döyüş rayonlarında hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil olunmuşdur. Gənc nəslin orduya hazırlanmasında yaxından iştirakı da bizim ümdə vəzifə borcumuzdur. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Respublika üzrə təşkil etdiyi “Vətənin Müdafiəsinə Hazıram” adlı silsilə tədbirlər çərçivəsində bizim əməkdaşlar Daşkəsən, Qazax, Abşeron, Qaradağ, Suraxanı, Yasamal və digər rayonlarda keçirilən tədbirlərdə fəal iştirak edilmişlər. Biz bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihə çərçivəsində ölkənin 4 regionunda və Bakı şəhərində seminar-müşavirələr keçirdik. Bu tədbirlərin  əsas məqsədi xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət hissi aşılanması, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin, bu istiqamətdə dövlət orqanlarının apardığı işə dəstək verilməsidir. Biz bunlarla yanaşı düşmənin əsl simasının, işğalçılıq siyasətini davam etdirməsinin ifşası, yerli və dünya ictimaiyyətinin bu barədə müntəzəm məlumatlandırılması istiqamətində də ardıcıl iş aparırıq. Belə tədbirlərdən biri cari ilin iyununda Təşkilatın inzibati binasında keçirilmişdir. Həmin tədbirdə II Dünya Müharibəsində alman faşizminə xidmət etmiş ermənilərdən ibarət qisasçı legionun yaradıcıları general Dronun və Qaregin Njdenin MDB məkanında genişmiqyaslı təbliğatına, onların qəhrəman kimi təqdim edilməsinə, barələrində filmlərin çəkilməsinə, Yerevanda abidələrinin qoyulmasına veteranların etirazını əks etdirən müraciət qəbul edilmiş, MDB dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara, veteran təşkilatlarına göndərilmişdir. Müraciətə Rusiya Federasiyası, Ukrayna, Belarus və Qazaxstanın dövlət orqanlarından, ictimai təşkilatlardan ermənilərin həmin hərəkətlərini qınayan cavablar gəlmişdir. Yeri gəlmişkən, Azərbaycan veteranlarının bu, eləcə də Ermənistanın torpaqlarımızı işğal altında saxlamasına etirazların yer aldığı mövqeyi Veteran Təşkilatlarının MDB çərçivəsində baş tutan tədbirlərində də dəfələrlə ifadə edilmişdir. Sonuncu qeydinizə istinadən Təşkilatın beynəlxalq əməkdaşlıq əlaqələri barədə soruşmaq istərdik. Bu əlaqələrin indiki səviyyəsi Sizi qane edirmi? - Respublika Veteranlar Təşkilatının beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədi ilə AR Diasporla iş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi ilə əlaqələrimiz intensivləşmişdir. RVT-nin beynəlxalq əlaqələrinin yeni keyfiyyət səviyyəsinə qaldırılması zərurəti nəzərə alınaraq, bu sahəyə cavabdeh şöbə yaradılmışdır. Hazırda Gürcüstan, Türkiyə, Ukrayna, Moldova, Rusiya Federasiyası və Belarus Veteranlar Təşkilatları ilə qarşılıqlı əlaqələrimiz xüsusilə genişdir. Bu təşkilatların tədbirlərinə daim dəvət alır, həmçinin onları öz tədbirlərimizə dəvət edirik. Hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində MDB dövlətlərin Bakıdakı səfirliklərinin keçirdikləri tdbirlərdə iştirak edirik. Bu ilin mayında Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Ukraynanın faşizm işğalından azad olunmasında iştirak edən azərbaycanlı  döyüşçülərə  xatirə medalları təqdim edildi. Mərasimdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri cənab Aleksandr Mişenko bildirdi  ki, Ukrayna Prezidentinin sərəncamı ilə 316 nəfər azərbaycanlı veteran döyüşçü medallarla təltif olunmuşlar. Eləcə də, digər MDB dövlətlərinin xatirə medalları azərbaycanlı  döyüşçülərə təqdim edilmişdir. Bu, xalqlarımız arasında dostluq əlaqələrinin qorunduğunu göstərir. Ayrı-ayrı tanınmış veteranların yubileyləri ilə əlaqədar qarşılıqlı təbriklərin göndərilməsi də mütəmadi xarakter daşıyır. Əməkdaşlarımız Qələbənin 71 illiyinə həsr olunmuş “Память и Победа” kitabının nəşrində fəal iştirak etmiş və həmin kitab 9 may Qələbə günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunmuşdur. Bu ilin iyun və sentyabr  aylarında Ukrayna veteranları təşkilatının dəvəti ilə Kiyev və Moskva şəhərlərində tədbirlərdə iştirak etmişik. Oktyabr ayında isə Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə nümayəndə heyəti Bakıya səfər etmişdir. Onların Təşkilatın rəhbərliyi, AR Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin rəsmiləri və Müdafiə Nazirliyinin H.Əliyev adına Hərbi Məktəbinin kursantları ilə görüşləri təşkil olunmuş, qonaqlar Bakının tarixi yerləri və ölkənin muzeyləri ilə tanış edilmişlər. Sentyabr ayında Rusiya Federasiyası Silahlı Qüvvələri Veteranları Təşkilatının sədri, ordu generalı Viktor Yermakov RVT-də olmuş, burada yaradılan şəraitdən, veteranlara göstərilən dövlət qayğısından bütün MDB ölkələrinin nümunə götürməli olduğunu bildirmişdir. Hər il 9 may ərəfəsində Avstriyanın paytaxtı Vyanada yerləşən beynəlxalq “Qara Xaç” cəmiyyətinin üzvləri və Almaniyadan gələn qonaqlar Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində İkinci Dünya müharibəsində əsir düşmüş və vəfat etmiş insanların dəfn edildikləri qəbirstanlıqlara ziyarətləri təşkil olunur. Çoxsaylı tədbirləri, eləcə də, fəaliyyətinizin digər istiqamətləri üzrə işləri ölkə ictimiyyətinə lazımınca çatdıra bilirsinizmi? - RVT-nin orqanı olan “Azərbaycan Veteranı” qəzeti tədbirlərimizi, eləcə də, fəaliyyətimizi kifayət qədər işıqlandırır. Bu sahədə ölkə KİV-nin, xüsusilə AzTV, İctimai, Lider, “SPACE”, “Xəzər” televiziyalarının, AzərTAC-ın, digər informasiya agentliklərinin, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Ədalət” və digər qəzetlərin bizə göstərdikləri köməyini minnətdarlıqla qeyd etmək istərdim. Təşkilatın tarixi və azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakı ilə bağlı dərc edilmiş kitab da ictimaiyyətin məlumatlandırılması sahəsində az rol oynamamışdır. Biz digər ölkələrin Bakıda yerləşən daimi müxbir postlarının imkanlarından da təbliğat işinin qurulmasında yararlanmağa çalışırıq. Fəaliyyətimizin səmərəli qurulmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara və Təşkiltımıza göstərdiyi qayğı və diqqətin mühüm rol oynadığını xüsusi vurğulamaq istərdim. - Son vaxtlar bəzi saytların Təşkilatla bağlı hansısa mənbələrə istinadən yaydıqları məlumatlarda bəzi qüvvələrin rəhbərliyin dəyişdirilməsinə cəhd göstərdikləri bildirilir. Bu barədə nə deyərdiniz? - Biz həmin məlumatların yalan və böhtan xarakteri daşıdığını, sədrin səhətinin hazırda normal olduğunu bəyan etməklə, həmin saytları dəqiqləşdirilməmiş informasiyaları tirajlamaqdan uzaq olmağa çağırmışdıq. Ancaq buna baxmayaraq, bəziləri eyni missiyanı nəinki davam etdirdilər, hətta digər İctimai Təşkilatların üzvlərini də öz yalanlarına ortaq etməyə çalışdılar. Biz yenə dözüm nümayiş etdirib həmin saytların təmsilçilərini də ayın 22-də keçiriləcək Plenumumuza dəvət edirik. Qoy onlar şər və böhtan yaymaqdansa, İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələri veteranlarının nə düşündükləri barədə birbaşa onların özlərindən eşitsinlər. Bizsə yalnız onu bir daha vurğulayırıq ki, Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır. - Aldığımız məlumata görə gələn il Respublika Veteranlar Təşkilatının 30 illik yubileyi keçiriləcəkdir. Bununla bağlı qərar varmı? - Əvvəla onu deyim ki, 30 il bundan qabaq fəaliyyətə başlayan Respublika Veteranlar Təşkilatının ilk sədri yaxın günlərdə 95 illik yubileyini keçirdiyimiz general-mayor, sərhədçi Mustafa Nəsirov olmuşdur. Bəli, 30 illiklə bağlı müvafiq tədbirlər planı hazırlanmışdır. Plana əsasən yubiley münasibətilə təşkilat və müəssisələrdə, xüsusilə təhsil ocaqlarında tədbirlərin keçirilməsi, ölkə KİV-ində müvafiq məqalə, veriliş və çıxışların təşkili, Təşkilatın tarixinə aid kitabın yazılıb çap etdiriməsi, sənədli filmin çəkilməsi, mədəni-kütləvi, o cümlədən müxtəlif ölkələrin veteran təşkilatları ilə əlaqələr çərçivəsində birgə tədbirlərin təşkili və s. işlər görüləcəkdir. - Gələcək palanlarınız barədə nə deyərdiniz? - Bu barədə bir neçə gün sonra baş tutacaq tədbirimizdə danışacağıq. Ancaq ümumən onu deyə bilərəm ki, biz fəaliyyətimizin səmərəsini artırmaq, ictimaiyyətin daha geniş təbəqələrini əhatə etmək üçün mövcud iş mexanizmlərini daha da təkmilləşdirməyi nəzərdə tuturuq. Bir milyondan artıq veteranı təmsil edən Təşkilatın fəaliyyəti daim yüksək səviyyədə olmalı, doğma Azərbaycanın hərtərəfli inkişafına töhfə verməlidir.                                                                                                  MEHPARƏ  Əliyeva

Hamısını oxu
Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.

Hamısını oxu
Rusiya Federasiyasının Dağıstan Respublikasının Bakıdakı nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Azərbaycan Respublikasının Bakı şəhərindəki nümayəndəsi Əliyar Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.  Görüş əsnasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti haqqında Əliyar Abdullayevə ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, faşizm üzərində tarixi qələbənin 80-ci ildönümü münasibətilə görülən və görülməkdə olan işlərə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, hazırda Təşkilatın qarşısında duran əsas vəzifələrdən biri keçmiş sovet respublikaları və Avropa dövlətlərinin faşist işğalından azad olunmasında iştirak edən azərbaycanlıların tam siyahısının müəyyən edilməsi, bu döyüşlərdə qəhrəmanlıq göstərən soydaşlarımızın xatirəsinin elə həmin ölkələrdə əbədiləşdirilməsinə nail olmaqdır. Rusiya Federasiyasının Dağıstan Respublikasının ölkəmizdəki nümayəndəsi Əliyar Abdullayev səmimi qəbula görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Əliyar Abdullayev bir qrup veteranı faşizm üzərində qələbəni 80-ci ildönümü ilə bağlı Dərbənddə keçiriləcək konfransa dəvət edib. Yaxın gələcəkdə qarşılıqlı təmasların davam etdirilməsi, birgə əməkdaşlıqla bağlı konkret addımların atılması qərara alınıb. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova

Hamısını oxu