Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət ediblər.

Sakinləri salamlayan Prezident İlham Əliyev dedi: Necəsiniz?

Kişi sakin: Şükür bu günümüzə.

Prezident İlham Əliyev: Xoş gəlmisiniz.

Qadın sakin: Çox şükür.

Digər qadın sakin: Xoş gəldiniz Xocavəndə.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Qadın sakin: Çox şükür bu günümüzə, qədəmləriniz mübarək olsun.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Digər qadın sakin: Çox sağ olun, özümüzü xoşbəxt hiss edirik.

Kişi sakin: Sizin sayənizdə alınan bu torpaqlara xoş gəlmisiniz, biz də xoş gəlmişik.

Prezident İlham Əliyev: Bəli, siz məndən bir qədər tez gəlmisiniz - bir neçə gün.

Kişi sakin: Sağ olun, Allah Sizi var eləsin.

Qadın sakin: Amin!

Kişi sakin: Ən böyük xoşbəxtlikdir ki, Siz rəhmətlik atanızın vəsiyyətini yerinə yetirdiniz.

Prezident İlham Əliyev: Elədir, düzdür.

Kişi sakin: Sağ olun.

Prezident İlham Əliyev: Hamısı medallardır - Cəbrayıl, Şuşa, Füzuli, Xocavənd. Bütün torpaqları azad etmisiniz.

Vətən müharibəsinin iştirakçısı: Bəli, Sizin sayənizdə, Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Vətən müharibəsinin iştirakçısı: Çox sağ olun.

Qadın sakin: Xoş gəlmisiniz, cənab Prezident. Çox sevinirik ki, bu xoşbəxt günü bizə yaşatdınız.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Xoş gəlmisiniz, cənab Ali Baş Komandan.

Prezident İlham Əliyev: Salaməleyküm.

Kişi sakin: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Xoş gördük.

Kişi sakin: Allah Sizi qorusun, cənab Prezident, yaşasın güclü Azərbaycan! Allah qorusun Sizi, ailənizlə birlikdə.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Sağ olun, cənab Prezident, təşəkkür edirik Sizə ki, bu torpaqları qaytardınız.

Prezident İlham Əliyev: Sağ olun. Doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, burada rahat yaşayacaqsınız, xoşbəxtlik içində, sülh, əmin-amanlıq içində yaşayacaqsınız.

Sakinlər: Sizin sayənizdə, inşallah.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz.

Sakinlər: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Uzun illər əzab-əziyyət içində yaşamısınız. Köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız. Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal edilmiş torpaqların böyük hissəsi beş il bundan əvvəl Vətən müharibəsi zamanı azad olunsa da, Xocavənd hələ də işğal altında qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət dəyişəcək. Əminəm, cəmiyyətdə inam var idi ki, bir qarış torpaq da düşmənin tapdağı altında qalmayacaq və biz buna da nail olduq. Artıq iki ildən çoxdur ki, bütün əraziyə - Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik. Ona görə artıq o ağır dövr geridə qaldı, arxada qaldı, bir daha qayıtmayacaq. Bu gün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır.

İndi isə quruculuq vaxtıdır və burada artıq dövlət sizin üçün şərait yaradıb. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu proses davam etdiriləcək. On minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir. Bildiyiniz kimi, biz əsas bu son 4-5 il ərzində infrastruktur layihələrinə vəsait ayırırdıq. Çünki yaşamaq üçün əsas ilkin şərtlər olmalıdır - elektrik, qaz, su, yollar, körpülər, tunellər. İndi isə daha çox yaşayış evlərinin tikintisi, bərpası məsələlərinə vəsait ayrılacaq. Ona görə “Böyük Qayıdış” prosesi daha sürətlə gedəcək.

Burada iş yerləri də yaradılır, həm dövlət xətti ilə, həm ictimai təşkilatların xətti ilə və əlbəttə ki, özəl sektor. Burada yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul idi. Siz yaxşı bilirsiniz ki, bu bölgənin çox gözəl təbiəti var, münbit torpağı var, suyu var, bulaqları var, hər şey var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək.

Sakinlər: Amin, inşallah!

Prezident İlham Əliyev: Bunun üçün də hər zaman güclü olmalıyıq, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq.

Sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzu edirəm.

Sakinlər: Çox sağ olun.

Qadın sakin: Bu günümüzə şükür. Həmişə yığıncaqlarımız olanda deyirdim ki, belə yığıncaqlarımız Qarabağda olsun. Bu gün arzumuza çatmışıq. Özümüzü o qədər xoşbəxt hiss edirik ki, biz öz torpağımıza, Vətənimizə gəlmişik. Beş gündür burada yaşayırıq. Vallah, heç acmırıq, təmiz oksigenlə nəfəs alırıq.

Prezident İlham Əliyev: Hava görün necə gözəldir.

Qadın sakin: Çox sağ olun, şəhidlərimizin canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına, Sizin sayənizdə, siyasətiniz sayəsində torpaqlarımız azad olub, bu gün biz burada yaşayırıq. Özümüzü çox xoşbəxt hiss edirik.

Prezident İlham Əliyev: Çox şadam.

Qadın sakin: Çox sağ olun, Ulu Öndərin vəsiyyətini yerinə yetirmisiniz, Allah ona rəhmət eləsin, Allah Sizi qorusun, övladlarınızı qorusun!

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Bəli, buranın təbiəti çox gözəldir, havası təmizdir.

Kişi sakin: Bura Qarabağdır, cənnətdir.

Prezident İlham Əliyev: Siz işğal dövründə harada məskunlaşmışdınız?

Kişi sakin: Ağcabədidə.

Prezident İlham Əliyev: Ağcabədidə, dövlət tərəfindən verilmiş evdə?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Siz də gəlin.

Birinci xanım Mehriban Əliyeva: Şəkil çəkdirək?

Prezident İlham Əliyev: Bəli, çəkdirək.

Birinci xanım Mehriban Əliyeva: Hamımız yerləşəcəyik?

Prezident İlham Əliyev: Bəli, gəlin.

X X X

Sonra xatirə şəkilləri çəkdirildi.

X X X

Prezident İlham Əliyev: Evlər necədir, yaxşıdır? Qaz var, işıq var, su var.

Sakinlər: Əladır, heç bir problem yoxdur, hər şey var.

Prezident İlham Əliyev: Həyətyanı sahələr də var.

Kişi sakin: Hamısı gözəldir. 15 sot həyətyanı sahə var, bundan artıq nə olmalıdır?

Prezident İlham Əliyev: 15 sot, hər şey əkə bilərsiniz.

Kişi sakin: Bəli, sağ olun. Mənim də adım İlhamdır.

Prezident İlham Əliyev: Eləmi? Çox yaxşı.

Qadın sakin: Amma bizim sakinlər həqiqətən qoçaq camaatdır. Hər bir şərait də yaradacaq, əkin-biçin, camaatımız çox qoçaq camaatdır.

Prezident İlham Əliyev: Bura təbii cənnətdir.

Kişi sakin: Allah Sizi qorusun, əsas məsələ odur ki, irəli gedək, amin!

Prezident İlham Əliyev: Elədir, elə də olacaq, ancaq irəli.

Sakinlər: Allah Prezidentimizi qorusun!

Qadın sakin: Cənab Prezident, neçə illər arzusunda olduğumuz, həsrətini çəkdiyimiz Xocavənd torpağında salamlayıram Sizi. Elimizə-obamıza, dədə-baba yurdumuza xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Qadın sakin: Bu gün biz çox xoşbəxtik, ən xoşbəxt günlərimizi yaşayırıq.

Prezident İlham Əliyev: Elədir, siz layiqsiniz buna. Bu torpaqlar 35 il işğal altında qalıb.

Qadın sakin: Amma ümidlə yaşayırdıq ki, nə vaxtsa qayıdacağıq.

Prezident İlham Əliyev: İnanırdınız.

Qadın sakin: Bəli, inanırdıq.

Kişi sakin: Azərbaycan torpağı nə qədər varsa, Siz də, ailəniz də o torpağın üstündə var olasınız. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik etməsin, amin!

Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra xalqımız sülh içində yaşayacaq, inşallah. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram, xoşbəxt yaşayın.

Sakinlər: Sağ olun.

Kişi sakin: Cənab Prezident, şəkil çəkdirə bilərik?

Prezident İlham Əliyev: Hə, çəkdirək.

Kişi sakin: 35 ildir gözləyirdik.

Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?

Kişi sakin: Şəhər tərəfdə.

Prezident İlham Əliyev: Bakıda?

Kişi sakin: Bakıda. Onun havasından qurtardıq, tıxacdan qurtarmışıq.

Prezident İlham Əliyev: Tıxac, toz-torpaq, külək. Siz harada yaşamısınız işğal dövründə?

Kişi sakin: Ağcabədidə.

Qadın sakin: Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa yaxındır, 50 kilometr, tez qayıtmaq üçün.

Prezident İlham Əliyev: Hə, buradan çıxanda Ağcabədiyə köçdünüz?

Qadın sakin: Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq.

Prezident İlham Əliyev: Orada şərait necə idi?

Qadın sakin: Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq.

Digər qadın sakin: Torpağımızın yerini heç nə vermir.

Prezident İlham Əliyev: Əlbəttə.

Qadın sakin: Dərman atanlar da dərman atmır buraya gələndən.

Prezident İlham Əliyev: Bax, burada hava dərmandır.

Qadın sakin: Həqiqətən elədir. Allah Sizi qorusun, övladlarınızı qorusun!

Prezident İlham Əliyev: Bütün Qarabağ böyük bir kurort zonasıdır.

Qadın sakin: “Dəmir yumruq” həmişə yerində olsun!

Prezident İlham Əliyev: Olacaq!

Sakinlər: Sağ olun, fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.

Prezident İlham Əliyev: Çox sağ olun, sizə cansağlığı arzulayıram, xoşbəxt yaşayın.

Sakinlər: Sağ olun.

Kişi sakin: Yaxşı yol. Mən 59 təvəllüdəm, Siz 62.

Prezident İlham Əliyev: Mən 61-əm.

Qadın sakin: Mən də 61-əm.

Prezident İlham Əliyev: Həm adaşıq, həm yaşıdıq.

Qadın sakin: Nəvəmin də adı İlhamdır. Allah İlhamları qorusun!

Kişi sakin: Allah Sizi qorusun! Yaxşı yol, sağ-salamat.

Prezident İlham Əliyev: Sağ olun.

2026-02-26 12:26:00
1996 baxış

Digər xəbərlər

“Regionda sülhün təminatında maraqlı olmayan qüvvələr var”

Cəlil Xəlilov: “Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması bunu göstərir” “Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması göstərir ki, regionda sülhün təminatında maraqlı olmayan qüvvələr var”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verən hadisə Azərbaycanla Ermənistan arasında sülhün qarşısını almağa hesablanıb: “Erməni təxribatçılarının Laçın nəzarət-buraxılış məntəqəsini atəşə tutması Ermənistandakı bəzi qüvvələrin – separatçıların və rusiyapərəst dairələrin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyindən ciddi narahatlıq keçirdiyini göstərir. Əslində, bu olay iki tərəf arasında gərginliyi artırmaq, sülh prosesinə zərbə vurmağa hesablanıb. Bu cür insidentlərlə Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasının da qarşısını almağa çalışırlar. Baş verən bu hadisədə Rusiyanın da da məsuliyyət payı böyükdür. Çünki həmin ərazilərdə sülhyaratma missiyası 10 noyabr Bəyanatına əsasən rus hərbçiləri tərəfindən həyata keçirilir. Laçındakı nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması faktı göstərir ki, Rusiya tərəfi 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmir və ya yerinə yetirməkdə maraqlı deyil. Artıq məlum faktla bağlı Azərbaycanın müvafiq qurumları tərəfindən cinayət işi qaldırılıb, Laçın nəzarət-buraxılış məntəqəsindən keçid dayandırılıb. Ölkəmiz bu cinayəti törədənlərin tapılması və məsuliyyətə cəlb olunmasında israrlıdır. Odur ki, separatçıların, rusiyapərəst qüvvələrin bütün ciddi-cəhdinə rəğmən həmin şəxslər tapılaraq məsuliyyətə cəlb ediləcək, etdikləri əmələ görə qanun qarşısında cavab verəcəklər”.  

Hamısını oxu
Cəlil Xəlilov: "Azərbaycan ona yönəlik hər təhlükəni və təhdidi aradan qaldırmağa qadirdir"

Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaratdı, eyni zamanda, müharibənin bitməsindən ötən doqquz ayda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə işğaldan azad olunmuş ərazilərimizə səfərlər edib. Bu gün işğaldan azad edilmiş torpaqlarımızın bərpası ilə bağlı verilmiş tapşırıqlar müvəfəqiyyətlə yerinə yetirilir. Quruculuq işləri, infrastruktur layihələrinin icrası sürətlə davam etdirilir.   Azərbaycanın istər beynəlxalq, istər regiondakı uğurları Ermənistanı sözsüz ki, narahat etməyə bilməzdi. Belə ki, “mehriban qonşumuzun” hökumət dairələri təşviş və qorxu içərisindədir. Elə bunun səbəbidir ki, hər yerdən əli üzülən Ermənistan çıxış yolunu təxribatda, xalqını aldatmaqda, Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda görürlər.     Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizin mövqeyi intensiv atəşə tutulub, düşmən cavab atəşi ilə susdurulub. Hadisə baş verən kimi Azərbaycan tərəfi Rusiya sülhməramlılarının komandanlığını və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini erməni təxribatı haqqında məlumatlandırıb, onları zəruri informasiya ilə təmin edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki,  Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidən mövqelərimizin erməni hərbçiləri tərəfindən atəşə tutulması Azərbaycan tərəfini narahat edən, eyni zamanda, rəsmi İrəvanın məkirli niyyətlərindən xəbər verən hadisədir: “Xatırladım ki, erməni hərbçiləri bundan əvvəl də dəfələrlə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, 10 noyabr Bəyanatının şərtlərini kobud şəkildə pozmaqla öz məkrli niyyətlərini ortaya qoyublar. Hesab edirəm ki, baş verən bu təxribatlar bir neçə aspektdən şərh edilə bilər. Bunlardan biri Ermənistanın hələ də 44 günlük Vətən müharibəsindəki rüsvayçı məğlubiyyətindən lazımi dərs çıxarmaması ilə bağlıdır”.   “Cəmi 44 gün ərzində öz hərbi potensialının 80 faizindən məhrum olan Ermənistan yeni təxribatlara əl atmaqla bölgədə gərginliyi artırmağa, sabitliyi pozmağa çalışır” deyən C. Xəlilov Ali Baş Komandanın fikirlərinə diqqət çəkərək bildirib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, “Dəmir yumruq” öz yerindədir və Azərbaycan ona yönəlik hər bir təhlükəni dəf etməyə, hər bir təhdidi aradan qaldırmağa qadirdir.   Məsələnin ikinci tərəfi təxribatların Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə reallaşmasıdır. Halbuki, 2020-ci ilin 10 noyabr Bəyantında açıq şəkildə qeyd olunub ki, Rusiya sülhməramlıları yerləşdikləri ərazidə bu cür təxribatlara yol verməməli, onların qarşısını qətiyyətlə almalıdırlar. Lakin təəssüflər olsun ki, biz hələ də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən ermənilərin mövqelərimizə atəş açmasına, yeni təxribatlara cəhd etməsinə şahid oluruq. Məhz buna görədir ki, bugünlərdə Azərbaycanın müdafiə naziri bu təxribatların  qarşısının qətiyyətlə alınması ilə bağlı göstəriş verdi və sentyabrın 3-də mövqelərimizə hücum edən düşmən hərbçiləri itki verərək geri çəkilməyə məcbur oldu”.   Polkovnik C. Xəlilov söylədi ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də savaşdan sonra erməni təxribatlarının qarşısının qətiyyətlə alınması göstərir ki, Azərbaycan bundan sonra da öz ərazi bütövlüyünü, mülki və hərbi vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək: “ Bu məsələdə hər zaman olduğu kimi ciddi, prinsipiallıq sərgiləyəcək. Başqa sözlə desək, erməni hərbçilərinin həyata keçirməyə çalışdıqları təxribatlar bundan sonra da Ermənistanın özü üçün üzücü və faciəvi sonluqla bitəcək”.   Günel Eyyubova, “İki sahil”  

Hamısını oxu
“Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

Veteran.gov.az 3 mart 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyublar. Daha sonra konfrans iştirakçıları Heydər Əliyev guşəsində təşkil edilən kitab sərgisi ilə tanış olublar. Sərgidə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edilən onlarla kitab sərgilənib. Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Ulu öndərin Azərbaycanın milli təhlükəsizliyinin təmini istiqamətindəki tarixi xidmətlərinə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, Ulu öndər dövlətimizin təhlükəsizliyini təmin etməklə yanaşı, milli təhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanması, milli ideyaların daşıyıcısı olan ziyalıların sovet repressiyasından qorunması istiqamətində də mühüm addımlar atıb. Daha sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov Ümummili liderin ölkə həyatının bütün sahələrində olduğu kimi, milli təhlükəsizlik sahəsində də böyük işlər həyata keçirdiyini vurğulayıb. Əli Pənahov qeyd edib ki, Heydər Əliyevin milli təhlükəsizlik siyasəti xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına ciddi töhfə verib, bu müstəvidə yeni və mütərəqqi ənənələrin formalaşmasına səbəb olub. Hansı ki, bu ənənələr bu gün də yaşadılmaqda, inkişaf etdirilməkdədir. Əli Pənahov qeyd edib ki, Azərbaycan xalqı var olduqca Heydər Əliyev də var olacaq, əbədi yaşayacaqdır. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyanın rəisi v.m.i.e. polkovnik-leytenant Elşad Nəsirov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvü Elşad Həsənov, hüquqşünas Şəmsəddin Əliyev çıxış edib, Ulu öndərin milli təhlükəsizlik sahəsindəki xidmətlərinə diqqət çəkiblər. Tədbirin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxış edib. Təşkilat sədri Heydər Əliyevlə bağlı xatirələrini dilə gətirib, universitet illəri ilə bağlı maraqlı məqamlardan söhbət açıb. Ulu öndərin həyat və fəaliyyətinin hər bir azərbaycanlıya örnək olduğunu qeyd edən Fatma Səttarova, onun irsinin bundan sonra da sevə-sevə tədqiq edilərək öyrəniləcəyini bildirib. Konfransın sonunda xatirə şəkli çəkilib. Veteran.gov.az 3 mart 2023-cü il tarixində ...

Hamısını oxu
Veteranlarımız Milli Qəhrəman Mübariz İbrahimovun atasının hüzr məclisində olub

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri Biləsuvar rayonunun Əliabad kəndinə gedərək Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim Mirelyas oğlu İbrahimovun hüzür məclisində iştirak ediblər. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Cəlilabad ictimaiyyəti və rayon veteranları adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Xatırladaq ki, Milli Qəhrəmanımızın atası Ağakərim kişi 27 yanvar 1956-cı ildə rayonun Əliabad kəndində anadan olmuşdu. O, 18 oktyabr 2024-cü ildə 68 yaşında qəfil ürək tutmasından haqq dünyasına qovuşmuşdur. Allah rəhmət eləsin.

Hamısını oxu