Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycandan Fransa və Rusiyaya mərdlik dərsi - TƏHLİL!

Paris və Moskva bu dərsdən nəticə çıxaracaqmı?

ABŞ-İsrail koalisiyası ilə İran arasında başlayan müharibə dörd gündür ki, davam edir. Bu müddət ərzində yüzlərlə əcnəbi Azərbaycanın Astara sərhəd-keçid məntəqəsindən istifadə edərək müharibə zonasından canlarını qurtararaq dövlətimizə pənah gətirib, buradan isə öz ölkələrinə yola salınıblar. İrandakı müharibə səbəbi ilə Azərbaycana üz tutanlar arasında Fransa və Rusiya vətəndaşları da olub ki, onlara da digər əcnəbilər kimi qayğı ilə yanaşılıb, bu şəxslərin öz vətənlərinə təhlükəsiz şəkildə getmələri üçün hər cür dəstək göstərilib. Məhz bu dəstəyin nəticəsidir ki, Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Fransa vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi təcili və effektiv köməyə görə Azərbaycana minnətdarlığını bildirib. Səfir "X" sosial şəbəkəsindəki payaşımında yazıb:

“Vətəndaşlarımıza göstərdiyi effektiv və operativ köməyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirik”.

Səfir Sofi Laqutun bu paylaşımı Azərbaycanın Fransa vətəndaşlarına, onların həyat və təhlükəsizliklərinə olan qayğıkeş münasibətin rəsmi təsdiqidir. Bu, həm də Azərbaycanın insani-bəşəri dəyərlərə verdiyi önəmi göstərir.

2 mart 2026-cı il tarixli məlumata görə, Azərbaycan sərhədi vasitəsilə İranı 39 Rusiya vətəndaşı tərk edib. Bu barədə Rusiyanın Bakıdakı səfirliyi məlumat verib. Buna görə Rusiyanın Bakıdakı səfirliyi Azərbaycana təşəkkür edib. Teleqram kanalında yer alan tməlumatda deyilir:

“Rusiyanın Azərbaycandakı səfirliyi Astara sərhəd keçid məntəqəsindən İranı tərk edən Rusiya vətəndaşlarına yardım göstərir. Sərhəd keçid icazələrinin tez bir zamanda işlənməsi də daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istərdik”.

3 mart 2026-cı il saat 10-a qədər isə Azərbaycan sərhədi vasitəsilə İranı tərk edən Rusiya vətəndaşlarının sayı 127-ə çatıb. Başqa sözlə desək, bugünə qədər 127 Rusiya vətəndaşı Azərbaycan sayəsində öz təhlükəsizliyini təmin edib.

Azərbaycanın Fransa və Rusiya vətəndaşlarına göstərdiyi həyati yardım istər-istəməz adıçəkilən dövlətlərin ölkəmizə olan münasibətini yada salır. Hansı ki, 44 günlük Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan siyasəti həyata keçirən Fransa, bu gün də Ermənistanı silahlandırmaqda, ölkəmizin ünvanına əsassız ittihamlar səsləndirməkdədir. Rusiya isə 25 dekabr 2025-ci il tarixində öz səmasında vurduğu  “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi ilə bağlı ölkəmizin irəli sürdüyü tələbləri hələ də yerinə yetirmir, təyyarənin vurulması faktını inkar etməyə çalışır.

Xatırladaq ki, AZAL-a məxsus təyyarənin vurulması nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.

Azərbaycan bu gün – İranda raket və mərmilərin dolu kimi yağdığı bir zamanda bütün əcnəbiləri, o cümlədən də Fransa və Rusiya vətəndaşlarını xilas edir ki, bu da dövlətimizin, onun Prezidentinin Paris və Moskvaya verdiyi mərdlik və insanlıq dərsi hesab edilə bilər. Azərbaycan dövləti və Prezidenti bununla sübut etdi ki, əsl güc insan həyatına son qoymaq deyil, insan həyatını xilas etməkdir. Əsl böyüklük, köməyə ehtiyacı olan insanların harayına kar olmaq deyil, onların yardımına qaçmaqdır. Əsl mədəniyyət və kamillik öz şəxsi ambisiyaları naminə digərlərinə çirkab atmaq yox, ümumbəşəri dəyərlər naminə şəxsi  ambisiyalarını arxa plana keçirmək, xırda hislərə əsir olmamaq, hər bir hadisə və prosesə insani prizmadan yanaşmaqdır.

Bəli, Azərbaycan məhz bu prinsipial, həyati məsələlərdə Fransa və Rusiyaya heç vaxt unudulmayan, heç vaxt unudulmaması gərəkən dərs verdi.

İnci isə cavablandırılması gərəkən ən başlıca sual budur: Paris və Moskva bu dərsdən, lazımi nəticə çıxaracaqmı? Bax bunu, zaman göstərəcək.

Seymur ƏLİYEV

 

2026-03-03 14:23:00
1892 baxış

Digər xəbərlər

“Şəhidlərimizə ən böyük abidəni qəlbimizdə ucaltmalıyıq”

Məşhur Məmmədov: “Hamımızın onlara borcu var”   “Arzu edərdim ki, ailə quran gənclərimiz öncə şəhidlərimizin, qəhrəmanlarımızın abidəsini ziyarət etsin”   “Hərbçilərimiz 44 günlük müharibədə bütün dünyaya vətəni necə sevmək və qorumaq gərəkdiyini göstərdi”   Bir müddət bundan öncə 8 Noyabr- Zəfər günü Azərbaycan xalqı tərəfindən sevinc və coşğu ilə qeyd olundu, xalqa bu zəfəri qazandıran şəhidlərimizin ölümsüz xatirəsi respublikamızın hər bir bölgəsində ehtiramla yad edildi.   Veteran.gov.az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə bu tarixi zəfərin önəmini bir kəs daha təhlil etməklə yanaşı, post-müharibə dönəmində qarşıda duran vəzifələrə də nəzər salmağa çalışdıq:   -Məşhur müəllim, noyabrın 8-də Azərbaycan xalqı düşmən üzərindəki tarixi qələbəsinin birinci ildönümünü təntənə ilə qeyd etdi. Bilmək istərdik ki, bu qələbə bizə torpaqlarımızla yanaşı, daha nələri qaytardı?   -8 Noyabr bizim üçün həm Zəfər Günü, həm də qürur günüdür. Bu gün mənliyimizin, qürurumuzun bərpası günüdür. 8 Noyabr şəhid ruhlarının sakitləşdiyi, dinclik tapdığı gündür.   Bu gün bizim üçün başqa bayramlardan fərqlənir. Biz uzun illər torpaqlarımızın işğalda qalması səbəbi ilə böyük narahatlıq, gərginlik keçirmişik. Rayonlarımızın ermənilər tərəfindən işğalı günlərini ağrı və yas içində qeyd etmişik. Indi bu yasdan çıxmalıyıq. İnsanlarımız, gənclərimiz qalib, qürurlu dövlətin vətəndaşları kimi yaşamalıdır. Əgər qürur hissini, qalib xalq düşüncəsini onların ruhuna, qəlbinə yeridə bilsək, biz o zaman çox şey qazanarıq.   Şübhəsiz, qələbə qürurunu yaşamağımız o demək deyil ki, biz keçmişdə baş verənləri unutmalıyıq. Biz baş verənləri unutsaq, bu, gələcəkdə yeni fəlakətlərlə üzləşməyimizə səbəb ola bilər. Biz tariximizi, keçmişimizi öz düşüncəmizdə, yaddaşımızda, ədəbiyyatımızda, dərsliklərimizdə və digər müstəvilərdə yaşatmalıyıq. Tarixini unudanın gələcəyi olmur. Biz keçmişimizi unutmayaraq qalib dövlət, qalib xalq kimi gələcəyə əzmlə, inamla addımlamalıyıq.   -Azərbaycan ordusunun cəmi 44 gün içində düşməni darmdağın edərək ərazi bütövlüyünü təmin etməsi bəzən zəfərin asan qazanıldığı ilə bağlı təəssürat yaradır. Sizcə doğrudanmı hər şey asanlıqla əldə edildi?   -Bu qələbəni qazanmaq bizim üçün asan olmayıb. Ümumiyyətlə, asan müahribə olmur. Biz bu qələbəyə 30 il yol getmişik. Biz Birinci Qarabağ müharibəsində də qalib gələ bilərdik. O zaman bu qalibiyyətə iki amilin yoxluğu mane oldu. Bunlardan biri milli ideologiyanın yetərincə güclü olmaması, digəri isə liderin yoxluğu amili idi. Qələbənin üç amili var: bunlar iqtisadi güc, qüdrətli ordu, bir də sərkərdə amilidir. Qələbələri sərkərdələr qazanır. Ola bilsin ki, ordu da, silah da mövcud olsun. Lakin ağıllı, cəsarətli, bacarıqlı sərkərdə yoxdursa, qələbə qazanmaq çox çətin olur.   Vətən müharibəsində dövlət başçısı sadəcə prezident kimi deyil, həm də Ali Baş Komandan, sərkərdə kimi çıxış etdi. Düşmənlə hərb meydanında olduğu kimi infoirmasiya, diplomatiya müstəvisində də uğurla mübarizə apardı. Ölkə başçısı Vətən müharibəsi dönəmində daxildəki müxalif qüvvələri də ali məqsəd uğrunda mübarizədə birləşdirməyə nail oldu və bu birlik, bu əzm bizi 8 Noyabr zəfərinə gətirib çıxardı. Biz 8 Noyabr zəfəri ilə mümkünsüz kimi görünənin mümkün olduğunu sübut etdik. Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti var, 8 Noyabr zəfəri hər zaman böyük fəxr və qürur hissi ilə qeyd olunacaq, iftixar hissi ilə yad ediləcək.   -Məşhur müəllim, müharibə zamanı hərbi əməliyyatlar payız-qış mövsümünə təsadüf etsə də, həmin vaxt hava şərtləri əvvəlki dönəmlərlə müqayisədə daha mülayim idi. Hansı ki, bu, əks-hücum əməliyyatı həyata keçirən ordumuzun  irəliləməsi üçün əlverişli imkan yaradırdı. Sizcə məlum reallıq müharibə dönəmində təbiətin də haqqın, ədalətin yanında yer alması kimi şərh edilə bilərmi?   -Bu müharibədə Allah da, təbiət də bizim yanımızda idi. Baxın, Vətən müharibəsi pandemiyanın geniş vüsət aldığı, bütün dünyada sərhədlərin bağlandığı, ciddi məhdudiyyətlərin tətbiq edildiyi vaxtda təsadüf etdi. Əgər sərhədlər açıq olsaydı, gediş-gəlişdə heç bir məhdudiyyət olmasaydı, pandemiya ilə mübarizə bunca güc və zaman tələb etməsəydi, o zaman ölkəmizə təzyiqlər də kifayət qədər böyük ola bilərdi.   Pandemiya dönəmində insanların bir araya gəlməsi koronaviruysun yayılması üçün əlverişli zəmin yaratdığı üçün bu cür toplantılar yasaqlanmışdı. Orduda isə bir maşında onlarla əsgər toplanır, kilometrlərlə məsafə qət edirdilər. Lakin o dövrdə heç bir əsgərimiz kronavirusa yoluxmadı.   Bundan başqa, ötən ilki hava şərtləri də builki hava şərtləri ilə müqayisədə daha mülayim idi. Sanki təbiət də hərbçilərimizi qoruyurdu. Biz ədalət uğrunda, öz haqqımız, torpağımız uğrunda mübarizə aparırdıq. Buna görə də Allah da, təbiət də bizim yanımızda oldu. Mən bunu belə izah edərdim.   -Vətən müharibəsindən cəmi bir il ötsə də, artıq respublikamızın bir çox şəhər və rayonlarında şəhidlərimiz, qəhrəmanlarımızla bağlı çoxlu abidələr ucaldılıb, onların adlarının əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Sizcə bu sahədə görülən işlər, atılan addımlar keçmişə hörmət və ehtiram əlaməti olmaqla yanaşı, gələcəyimiz baxımından hansı əhəmiyətə malikdir?   -Biz tariximizi yaddaşımıza köçürməklə yanaşı, həm də qəlbimizdə yaşatmalıyıq. Şəhidlərimizə, qəhrəmanlarımıza ən böyük abidəni hər şeydən öncə qəlbimizdə ucaltmalıyıq. Çünki bizə bu zəfəri şəhidlərimiz, qazilərimiz, qəhrəmanlarımız qazandırıb. Biz şəhidlərimizə, qəhrəmanlarımıza olan sevgimizi onların xatirəsini əbədiləşdirməklə, habelə onların doğmalarının, yaxınlarının yanında olmaq, onlara qayğı göstərməklə bildirməliyik. Hər bir şəhidin xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.   Abidələr sadəcə şəhidlərimizi, qəhrəmanlarımızı xatırlamağa deyil, həm də keçdiyimiz bu yolu unutmamağımıza xidmət etməlidir. Çünki şəhdilərimiz bizə ləyaqətimizi, şərəfimizi, mənliyimizi, qürurumuzu qaytardı. Buna görə də bizim hamımızın onlara borcu var. Bu gün dünyanın heç bir yerində ermənilər bizim xalqın nümayəndələrinin üzünə dik baxa bilmirlər. Bu, bizim əsgərlərimizin, zabitlərimizin şücaəti nəticəsində baş tutub. Buna görə də şəhərlərimizin, kəndlərimizin ən gözəl, ən baxımlı yerlərində onlra abidələr qoyulmalıdır və necə ki, qoyulur. Çünki bu abidələr gələcək nəsillərin tərbiyəsi, onların vətənpərvərlik ruhunda formalaşması baxımından da vacibdir. Biz şəhidlərimizin, qazilərimizin xatirəsini həm də kitablarda, filmlərdə, əsərlərdə yaşatmalıyıq.   Azərbaycan Respublikaısnın Prezidenti öz çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan ordusu digər ordulardan fərqlidir. Müharibə vaxtı Azərbaycan ordusunda bir nəfər də olsun fərari olmayıb. Bunların hamısı bizim insanların vətənini, torpağını necə sevməsinin nümunəsidir.   Mən çox arzu edərdim ki, ailə quran gənclərimiz öncə həmin şəhidlərimizin, qəhrəmanlarımızın abidəsini ziyarət etsinlər, onların önünə gül dəstələri qoysunlar. Bu abidələr önündə şəkillər çəkdirsinlər və bu şəkilləri hər zaman işıqlı bir xatirə kimi qoruyub saxlasınlar.   -Sizcə post-müharibə dönəmində  milli maraqlarımızın müdafiəsi baxımından həm ölkəmizdəki, həm də respublikamızdan kənardakı soydaşlarımızın üzərinə hansı vəzifələr, hansı öhdəliklər düşür?   -Bütün dünya erməni vandalizminin şahididir. Ermənilər təkcə ərazi iddiası ilə çıxış etmirdilər. Onlar sadəcə insanlarımızı evindən, eşiyindən didərgin salmayıblar. Onlar həm də 20 mindən çox insanımızın həyatına qəsd ediblər. Onların  8-9 mini hərbi qulluqçudur. 11-12 min insanın içərisində bir aylıq körpədən tutmuş 90 yaşına qədər insanlar olub. Biz heç vaxt bunu unuda bilmərik.   Ermənilər sadəcə insanlarımıza qarşı qəddarlıq sərgiləməyib. Onlar həm də tariximizə, mədəni irsimizə, təbiətimizə qarşı amansızlıq sərgiləyiblər. Hektarlarla meşələrimizin məhv ediblər. Su hövzələrimizi zəhərləyiblər. Onlar bunu məqsədli və sistemli şəkildə ediblər. Bu faktlar göstərir ki, ermənilər özləri də bu ərazilərdə daimi yaşamayacaqlarını yaxşı biliblər. Daimi yaşamaq istəyənlər barbar ola bilməz. Onlar hər şeyi dağıdıb məhv ediblər. Bu ərazilərdə heç kim yaşamayıb. Hazır tikililəri belə söküb satıblar. Onlar heç vaxt bu torpaqları özlərininki hesab etməyiblər. Bu torpaqları özününkü hesab edən bu torpaqlarda heç vaxt bu miqyasda vəhşilik törətməz.  Biz bu həqiqətləri dünyaya çatdırmaq üçün əlimizdən gələni etməliyik. Bu bizim həm mənəvi, həm də milli borcumuzdur. Biz Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmalıyıq. Hər birimiz bu məsələdə əlimizdən gələni əsirgəməməliyik. Ermənilərin törətdikləri vəhşiliklərə görə beynəlxalq məhkəmələrə cəlb etmək, lazımi təzminat ödəmələrinin təmin olunmasına nail olmaq hər birimizin borcudur.   Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Həm Avropa və ABŞ-da, həm də digər regionlarda azərbaycanlıların yaratdığı cəmiyyətlər, vətəndaş institutları mövcuddur. Bu cəmiyyətlər və institutlar da bu məsələdə aktiv rol oynamalı, ermənilərin hüquqi müstəvidə cəzalandırılması üçün hər bir imkanı dəyərləndirməliyik.   -Məşhur müəllim, müharibə başa çatsa da, zaman-zaman Ermənistan tərəfinin müxtəlif təxribatlara əl atdığına şahid oluruq. Sizcə rəsmi İrəvanın bu kimi təxribatlarla nəyəsə nail olması mümkündürmü?   -Ermənistan ordusu 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ağır məğlubiyətə uğradılıb. Düşmənin hərbi potensialının 80%-i məhv edilib. Ermənistan iqtisadi baxımdan da ağır böhran vəziyyətindədir və regional layihələrin hamısından kənarda qalıb. Buna səbəb rəsmi İrəvanın uzun illər ərzində apardığı işğalçı-təxribatçı siyasət olub.   Azərbaycan Vətən müharibəsi nəticəsində düşməni məğlub edərək işğaldakı torpaqlarını azad edib. Düşmənin başını “dəmir yumruğu” ilə əzib. Lakin görünən odur ki, hələ də Ermənistandakı bəzi revanşist-təxribatçı qüvvələr baş verənlərdən nəicə çıxartmaq istəmirlər.   Əminliklə deyirəm ki, Ermənistan bu kimi təxribatlarla heç nəyə nail ola bilməyəcək. Ölkə başçısının bildirdiyi kimi, “Dəmir yumruq” yerindədir. Vətən müharibəsi də sübut etdi ki, Azərbaycan Ordusu hər cür təhdid və təxribata layiqli cavab verməyə qadirdir və bundan sonra da ərazi bütövlüyümüzü pozmaq istəyən hər kəs bu “Dəmir yumruğun” ölümcül zərbəsini hiss edəcək.   Seymur ƏLİYEV    

Hamısını oxu
Bir ömür qanunun və Vətənin keşiyində...

Qanunlar hər bir dövlətin və cəmiyyətin təməli, məhək daşıdır. Elə buna görə də qanunlar istənilən toplum və siyasi sistemdə müqəddəs hesab edilir. Lakin qanunun da müdafiəyə ehtiyacı var. Bu ali və müqəddəs missiya isə hüquq-mühafizə orqanı əməkdaşlarının üzərinə düşür. Məhz onlar həyatları bahasına olsa da qanunun aliliyini təmin edir, istənilən qanun pozuntusuna cəsarətlə meydan oxuyurlar. Ömrünü qanunun aliliyinin təmininə həsr edən bu cür işıqlı simalardan biri də İlham Qədir oğlu Quliyevdir. Uşaqlıq xəyallarından Polis Akademiyasına uzanan yol... 26 may 1956-cı ildə Kürdəmir rayonunda anadan olan İlham Quliyev orta təhsilini yaşadığı Sığırlı kəndində alır. Məktəb illərində o, özünü bacarıqlı, çalışqan şagird kimi göstərir. Dürüst xarakteri, dərslərinə olan məsuliyyəti, mütaliəyə olan sevgisi onu qısa zamanda şagird-müəllim kollektivinin sevimlisinə çevirir. İlham Quliyev hələ orta məktəbdə oxuyarkən polislik peşəsinə böyük maraq göstərir. Polis orqanlarında işləmək, Vətəni yaşam üçün daha qorxusuz, daha gözəl hala gətirmək onun xəyalına çevrilir. Məhz bu arzu İlham Quliyevin sonrakı addımlarına ciddi yön verir, onun gələcək həyatını müəyyənləşdirir. Orta məktəbi bitirəndən sonra o, Vətən qarşısındakı borcunu ödəmək üçün həqiqi hərbi xidmətə yola düşür. İlham Quliyev Rusiyanın şimalında, Vorkuta şəhərində hərbi xidmət keçir. Xidmət müddətində də orta məktəbdə olduğu kimi, öz nümunəvi davranışı ilə diqqət çəkir. Ən mürəkkəb xidməti tapşırıqların öhdəsindən belə bacarıqla gəlməsi, kritik məqamlarda doğru qərar qəbul etmək səriştəsi ona hərbi komandanlığın rəğbətini qazandırır. Xidmət müddətində komandanlıq tərəfindən bir neçə dəfə təltif edilən İlham Quliyev müsbət xasiyyətnamə ilə həqiqi hərbi xidməti başa vurur. İlham Quliyev hərbi xidmətdən sonra ali təhsil almaq üçün hazırda Polis Akademiyası olan o vaxtkı Milis Məktəbinin qapısını döyür. Milis Məktəbində oxumaqla yanaşı, həm də əmək fəaliyətinə başlayan İlham Quliyev polis sıravisi kimi həyat əhəmiyyətli obyektlərin mühafizəsinə cəlb olunur, nəzəri biliklərini praktiki şəkildə möhkəmləndirir. İlk zabit rütbəsi və komandir kimi uğurları... Milis Məktəbini müvəffəqiyyətlə bitirən İlham Quliyev ilk zabit rütbəsini alaraq işlədiyi Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsində tağım komandiri kimi fəaliyyətini davam etdirir. Nümunəvi xidməti, öz işinə olan məsuliyyəti onu komandir kimi də başqalarından önə çıxarır. Çox keçmir ki, İlham Quliyev Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsinin birinci bölüyünə rəhbər təyin edilir. O, bölük komandiri kimi də öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir. İlham Quliyev tabeçiliyindəki gənc və təcrübəsiz polis əməkdaşlarına polislik peşəsinin sirlərini həvəslə öyrədir, onların bilik və bacarığının artırılması üçün səylə çalışır. Tabeçiliyindəki polis əməkdaşlarına göstərdiyi atalıq qayğısı onu bütün polislərin sevimlisinə çevirir. Çox keçmir ki, digər bölüklərdəki gənc polislər də İlham Quliyevin tabeçiliyində işləməyə təşəbbüs göstərir, hər fürsətdə onunla ünsiyyətə can atırlar. İlham Quliyev bölük komandiri kimi fəaliyyəti yalnız rəhbərlik etdiyi bölükdə deyil, bütün idarədə müsbət mənada canlanmaya yol açır, polis əməkdaşlarının əhval-ruhiyyəsinə, xidmətin keyfiyyətinə müsbət təsir göstərir. Polis zabiti Qarabağ müharibəsində... Birinci Qarabağ müharibəsinin başlaması ilə İlham Quliyevin də həyatında yeni bir dönəm başlayır. Vətənin dar günündə ön xətdə olmağı, erməni faşistləri ilə mübarizə aparmağı bütün digər məsələlərdən daha vacib hesab edən İlham Quliyev polis zabiti kimi Qarabağa yollanır, torpaqlarımzın erməni hücumlarından müdafiəsində iştirak edir. Polis zabiti kimi əldə etdiyi zəngin təcrübə ona ön xətdə də kömək edir. İlham Quliyevlə yanaşı, qardaşı Cavanşir Quliyev də Qarabağdakı hərbi əməliyyatlara qatılır, düşmənə qarşı əzmlə mübarizə aparır. Bir müddət sonra Cavanşir Quliyev Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Bu gün İlham Quliyev polis zabiti kimi təqaüddə olsa da, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsindəki fəaliyyətini davam etdirməkdə, gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasına töhfə verməkdədir. İlham Quliyev xidmət dönəmində, eləcə də təqaüddə olduğu dövrdə dəfələrlə müxtəlif medallar və Fəxri fərmanlarla təltif edilib, müxtəlif dövlət qurumları və veteran təşkilatlarının tədbirlərində iştirak edib. Bu gün 3 övladı, 4 nəvəsi olan İlham Quliyevin mayın 26-da 68 yaşı tamam oldu. Ömrün 68-ci zirvəsində qərar tutan İlham Quliyevi doğum günü münasibətilə təbrik edir, öz həyat və xidməti təcrübəsi ilə gənclərimizin gələcəyinə işıq salan qəhrəmanımıza bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, öz xidməti fəaliyyəti ilə bütöv bir məktəb formalaşdıran İlham Quliyev hələ uzun illər öz təcrübəsini yeniyetmələrlə bölüşməkdə davam edəcək, gənc kadrların yetişdirilməsi prosesinə töhfə verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Под Ростовом открылся народный военно-исторический музей

В Ростовской области открыли народный военно-исторический музей "Самбекские высоты". Он создан по инициативе ветеранов и поисковиков. video 

Hamısını oxu
"Gənclər Şəbəkəsi" Təşəbbüsü İctimai Birliyi 16 yaşdan yuxarı autizmli gənclərlə bağlı tədbir keçirib

"Gənclər Şəbəkəsi" Təşəbbüsü İctimai Birliyi 16 yaşdan yuxarı autizmli gənclərin sosial inteqrasiyasına, yaradıcılıq bacarıqlarının inkişafına və cəmiyyət həyatında fəal iştirakına dəstək məqsədilə növbəti tədbirini reallaşdırıb. Layihə "Inclusive Sport and Health Club" ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub. Tədbir zamanı iştirakçılar müxtəlif rəsm və yaradıcı fəaliyyətlərə cəlb ediliblər. Gənclər üçün öz potensiallarını sərbəst ifadə edə biləcəkləri rahat və inklüziv mühit yaradılıb. Onlar rəngkarlıq materiallarından istifadə edərək öz əl işlərini hazırlayıb, fərdi yaradıcılıq imkanlarını nümayiş etdiriblər. Layihənin əsas məqsədi autizmli gənclərin yalnız xüsusi qayğıya ehtiyacı olan şəxslər kimi deyil, cəmiyyətdə zəngin maraqları, bacarıqları və yaradıcılıq potensialı olan şəxslər kimi daha geniş yer almasına şərait yaratmaqdır. Bu cür tədbirlər gənclərin sosial ünsiyyət imkanlarının genişlənməsinə, yeni bacarıqlar əldə etməsinə və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Tədbir "Inclusive Sport and Health Club" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Klubun inklüziv idman və sağlamlıq istiqamətindəki fəaliyyəti ilə yanaşı, autizmli gənclərin sosial və yaradıcı həyata cəlb olunmasına yönəlmiş birgə təşəbbüslər gələcək üçün geniş imkanlar açır. Gənclərin hazırladıqları rəsmlər isə onların daxili dünyasını, yaradıcı yanaşmalarını və fərdi baxış bucaqlarını əks etdirib. "Gənclər Şəbəkəsi Təşəbbüsü" İB inklüzivliyin inkişaf etdirilməsi, autizmli gənclərin cəmiyyətə inteqrasiyasının artırılması və onların müxtəlif sahələrdə özlərini ifadə etməsi üçün yeni layihələr həyata keçirməyə davam edəcək. Təşkilatçılar gələcəkdə də tərəfdaş qurumlarla birlikdə 16 yaşdan yuxarı autizmli gənclərin sosial, yaradıcı, idman və inkişafyönümlü fəaliyyətlərə cəlb olunmasına xidmət edən silsilə tədbirlər nəzərdə tutur.

Hamısını oxu