Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev çıxışında qlobal mesajlar verdi

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun, urbanizasiya və dayanıqlı inkişaf gündəliyində fəal rolunun növbəti nümayişi oldu. 182 ölkədən 45 mindən çox iştirakçının qatıldığı forum təkcə şəhərsalma məsələlərinin müzakirə edildiyi beynəlxalq platforma deyil, həm də Azərbaycanın müasir inkişaf modelinin təqdimatı baxımından mühüm siyasi və strateji hadisə kimi yadda qalacaq.

Ötən gün Forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı həm məzmun, həm də siyasi mesajları baxımından xüsusi diqqət çəkdi. Dövlət başçısı Azərbaycanın şəhərsalma siyasətini tarixi irsin qorunması, müasir urbanizasiya, postmünaqişə bərpası və ekoloji transformasiya kimi əsas istiqamətlər üzərindən təqdim etdi.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Bakı qədimliklə müasirliyin harmoniyasını özündə birləşdirən nadir şəhərlərdən biridir. Dövlət başçısı İçərişəhərdən başlayaraq Bakı bulvarına, XIX əsr Avropa memarlığına qədər paytaxtın memarlıq müxtəlifliyini Azərbaycanın tarixinin və sivilizasiya kodunun göstəricisi kimi təqdim etdi. Prezidentin “qədimliklə yenilik arasında təbii vəhdət mövcuddur” fikri Azərbaycanın şəhərsalma fəlsəfəsinin əsas tezisi kimi ön plana çıxdı.

Çıxışda diqqət çəkən mühüm məqamlardan biri 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması oldu. Bu qərar dövlətin urbanizasiya siyasətinə strateji səviyyədə yanaşdığını göstərir. Prezident İlham Əliyev forumun Azərbaycanda keçirilməsini ölkəyə beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirdi və UN-Habitat ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladı.

Dövlət başçısının çıxışında Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məsələsi xüsusi yer tutdu. Prezident İlham Əliyev erməni işğalı dövründə Azərbaycan şəhərlərinin tamamilə dağıdıldığını, Ağdamın beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırıldığını xatırlatdı. Prezidentin təqdim etdiyi rəqəmlər həyata keçirilən quruculuq prosesinin miqyasını açıq şəkildə nümayiş etdirdi: son beş ildə 70 kilometr tunel çəkilib, 500 körpünün 435-i inşa olunub, beynəlxalq hava limanları, dəmir yolları, enerji və su infrastrukturu yaradılıb.

Bu hissədə Prezident İlham Əliyevin əsas siyasi mesajlarından biri diqqət çəkdi: “Torpağın həqiqi sahibi yalnız qurur və yaradır”. Dövlət başçısı bununla Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi yanaşmanı – dağıntı deyil, quruculuq və reinteqrasiya siyasətini ön plana çıxardı. Hazırda 85 mindən artıq insanın keçmiş işğal olunmuş ərazilərdə yaşaması Böyük Qayıdış proqramının artıq real nəticələr verdiyini göstərir.

Prezident İlham Əliyev şəhərsalmanı yalnız tikinti və memarlıq məsələsi kimi deyil, sosial rifah və insan həyatının keyfiyyətini müəyyən edən strateji siyasət sahəsi kimi təqdim etdi. Dövlət başçısı vurğuladı ki, insanların rahat yaşayışı üçün məktəblər, xəstəxanalar, sənaye zonaları və məşğulluq imkanları paralel şəkildə yaradılır. Bu yanaşma müasir urbanizasiya konsepsiyasının əsas prinsiplərinə tam uyğun gəlir.

Prezidentin çıxışında Bakının ekoloji transformasiyası da xüsusi yer aldı. Dövlət başçısı qeyd etdi ki, neft sənayesinin uzun illər yaratdığı ekoloji problemlərə baxmayaraq, son 20 ildə paytaxtın böyük hissəsi tamamilə yenilənib. Vaxtilə çirklənmiş sənaye zonası kimi tanınan “Qara şəhər”in bu gün “Ağ şəhər” layihəsinə çevrilməsi Azərbaycanın ekoloji şəhərsalma modelinin ən uğurlu nümunələrindən biri kimi təqdim olundu.
İlham Əliyevin Formula 1 yarışını şəhər idarəçiliyi ilə müqayisə etməsi isə çıxışın ən yadda qalan siyasi-mənəvi mesajlarından biri oldu. Prezident bildirdi ki, şəhər rəhbərləri və qərar qəbul edənlər sürətli inkişafla tarixi irsin qorunması arasında düzgün balans qurmalıdırlar. Dövlət başçısının fikrincə, inkişafda cəsarətli olmaq vacibdir, lakin tarixi irs məsələsində son dərəcə ehtiyatlı davranmaq lazımdır.

Forum çərçivəsində BMT rəhbərliyinin və UN-Habitat nümayəndələrinin çıxışları da Bakının beynəlxalq urbanizasiya gündəliyində mühüm mərkəzə çevrildiyini göstərdi. BMT Baş katibi Antonio Quterreş forumun qlobal şəhərsalma problemlərinin həllinə təkan verəcəyini vurğuladı. UN-Habitat rəhbərliyi isə Azərbaycanın tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi qeyd etdi.

WUF13 forumu bir daha göstərir ki, Azərbaycan artıq yalnız enerji və geosiyasi layihələrlə deyil, həm də müasir şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə bərpası sahəsində öz modelini təqdim edən dövlətlər sırasında yer alır.

Prezident İlham Əliyevin çıxışında səslənən mesajlar Azərbaycanın urbanizasiya siyasətinin əsas prioritetlərini – tarixi irsin qorunması, müasir infrastrukturun qurulması, ekoloji transformasiya və insan amilinə əsaslanan inkişaf modelini aydın şəkildə ortaya qoydu.

Bakıda keçirilən forumun nəticələri göstərir ki, Azərbaycan şəhərsalma sahəsində regional təcrübə mərkəzinə çevrilmək istiqamətində ardıcıl addımlar atır və bu proses dövlət siyasətinin strateji prioritetlərindən biri olaraq qalır.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı

2026-05-19 19:38:00
1281 baxış

Digər xəbərlər

İkinci Dünya müharibəsi veteranı Fətullah Əliməmmədov vəfat edib

Qəbələ rayon Bum kəndində anadan olmuş, 8 mart 1942-ci ildə hərbi xidmətə çağırılmış, 1942-1943-cü illərdə əfsanəvi 416-ci Azərbaycan atıcı diviziyasında  xidmət etmiş, döyüşlərdə sücayətinə görə bir orden, altı medalla təltif olunmuş, Mazdok şəhərində ağır yaralanmış birinci dərəcəli müharibə əlili 100 yaşlı Əliməmmədov Fətullah Səbzəli oğlu 11 yanvar 2026-cı ildə vəfat etmişdir. Fətullah Əliməmmədov Qəbələ rayonunda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində mühüm işlər görmüşdür. Respublika Veteranar Təşkilatının rəhbərliyi və kollektivi Böyük Vətən müharibəsi veteranı Fətullah Əliməmmədovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər. Allah rəhmət eləsin.

Hamısını oxu
Azərbaycan konstruktiv yanaşma sərgiləyir

“Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu təsadüfən Zəngilanda keçirilmədi.Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir və artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Sevindirici haldır ki, heç zaman öz Vətənini görməyən gənc nəsil Zəngilana qayıdıb.Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilib.Bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər.Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.Qısa vaxt keçsə də, Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir. 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etdi. Forum həm də iştirakçı ölkələr arasında olan dostluğun təzahürüdür.Forum iştirakçıları da şahid oldular ki, Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir.Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir.Qloballaşan müasir dünyada Zəngilan mühüm nəqliyyat qovşağıdır. Çünki Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktordur.Bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.Ürəkağrısı ilə qeyd etmək istəyirəm ki, Zəngilan məscidi ermənilər tərəfindən məhv edilib.Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib.Bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar.Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir.Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir. Hətta yaşıl hidrogen ixrac ediləcəkdir. İlkin hesablamalara görə, bizim potensialımız çox böyükdür. Günəş enerjisinə gəldikdə, artıq Cəbrayıl rayonunda 240 meqavat həcmində yeni stansiya tezliklə inşa olunacaq. Bir sözlə, tezliklə Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaq.İndiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik.Çətin günlər arxada qalıb. Azərbaycan siyasi iradəsi və güclü ordusu ilə torpaqlarını işğaldan azad edib. Xankəndi ərazisində son lokal tipli antiterror tədbirləri ilə ərazilərimiz qanunsuz etməni silahlılarından tam təmizlənib. Bütün baş verənlərə rəğmən Azərbaycan konstruktiv yanaşma sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır. Məşhur Məmmədov,Millət vəkili

Hamısını oxu
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib. Görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları, geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd edilib.  

Hamısını oxu
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir:

Hamısını oxu