Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rəsmi İrəvandan Rusiya və erməni diasporuna gözdağı... – TƏHLİL!

Paşinyan bu addımı ilə sübut etdi ki, Ermənistanda həqiqətən də “qaçqın” yoxdur

Məlum olduğu kimi, Ermənistan Moskvanın Qarabağı könüllü tərk edən ermənilərə humanitar yardımdan imtina edib. Bu barədə açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi İrəvanın sözügedən addımından açıq-aşkar narazılığını dilə gətirib. Zaxarova qeyd edib ki, bu, Ermənistanın Rusiyanı şüuarlardan silmək cəhdindən başqa bir şey deyil:

“Moskva Ermənistan tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib, lakin Ermənistan rəsmiləri cavab verməyə çətinlik çəkiblər. Bütün bunlar Ermənistanda Rusiyanı, ümumiyyətlə, şüurlardan “təmizləmək” cəhdi kimi görünür”.

Hər şeydən öncə qeyd edək ki, Paşinyanın sözügedən addımı Ermənistanın tamamilə yenilənən və Qərbə istiqamətlənən xarici siyasət kursu ilə bağlıdır. Rəsmi İrəvan bu addımı ilə açıq mətnlə Moskvaya bildirdi ki, onun Rusiyanın dəstəyinə ehtiyacı yoxdur və hər hansı yardıma lüzum görmür. Hansı ki, Emənistanın bütün dünyanın gözü qarşısında gerçəkləşdirdiyi bu davranış Rusiyanın sadəcə Ermənistan deyil, bütün Cənubi Qafqazla bağlı siaysətinin iflası deməkdir. Çünki Rusiya hər zaman Ermənistana onsuz keçinə bilməyəcəyi düşüncəsini təlqin edib. Ermənistan vətəndaşlarını inandırmağa çalışıb ki, Rusiyanın “böyük qardaş” kimi dəstəyi olmadan onların xalq və dövlət kimi var olmaları mümkün deyil. Lakin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa qərar verən, Qərbə inteqrasiyasi istiqamətində qəti addımlar atan Ermənistan bu addımı ilə göstərdi ki, onun Rusiyaya ehtiyacı yoxdur.

Əslində bu addım Ermənistanın Rusiyanın sadəcə iqtisadi deyil, həm də psixoloji asılılığından qurtulmaqda olduğunu göstərir.

Ermənistanın Rusiyanın humanitar yardımından imtina etməsi Azərbaycanın maraqları baxımından da mühüm əhəmiyyətə malikdir. Paşinyan Rusiyanın humanitar yardımındna imtina etməklə Ermənistanda qaçqın olmadığını, Qarabağı ermənilərin həqiqətən də könüllü şəkildə, heç bir məcburiyyət olmadan tərk etdiyini rəsmi şəkildə təsdiqlədi.

Rəsmi İrəvanın ortaya qoyduğu bu mövqe Qarabağdan ermənilərin guya məcburi şəkildə çıxarılması, Ermənistana qaçqın axınının olması ilə bağlı erməni diasporunun, eləcə də Rusiyadakı bəzi dairələrin apardığı yalançı təbliğata da tutarlı cavab oldu. Paşinyan bununla sübut etdi ki, Ermənistanda qaçqın yoxdur və olmayan qaçqına hansısa humanitar yardımın ayrılması absurddur.

Artıq əminliklə demək olar ki, İrəvanın Qarabağı könüllü tərk edən ermənilərlə bağlı ortaya qoyduğu bu davranış “qaçqın” terminini ortaya ataraq ortalığı qarışdırmaq istəyən bütün təxribatçı qüvvələrin fəaliyyətini əhəmiyyətli dərəcədə əngəlləyəcək və onları mühüm təbliğat ruporundan məhrum edəcək.

Seymur ƏLİYEV

 

2026-03-16 14:48:00
1822 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rəyasət Heyətinin toplantısı keçirilib. Topantıda bir sıra məsələlərlə yanaşı, Prezident İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir:  “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Uzun illərdir ki, Sizin bilavasitə rəhbərliyiniz və nəzarətiniz altında ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən nəhəng sosial layihələr cəmiyyətimizdə böyük məmnunluqla qarşılanmaqda, həssas kateqoriyaya məxsus insanlarımızın rifahını, mənzil-məişət şəraitini, sosial təminatını əhəmiyətli dərəcədə yüksəltməkdədir. Ardıcıl və sistemli şəkildə həyata keçirilən bu siyasət 44 günlük Vətən müharibəsindən sonra da eyni qətiyyət və uğurla davam etmiş, miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə daxil olmuşdur. İstisnasız olaraq bütün şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təmin edilməsi, dövlət tərəfindən onlara çoxlu sayda xüsusi imtiyazların verilməsi, məlum kateqoriyaya məxsus vətəndaşlarımızın məşğulluq probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılması, müharibədə yaralanan veteranlarımızın müalicəsinin yüksək səviyyədə həyata keçirilməsi, müharibə əlillərinin son nəsil protezlərlə təmin edilməsi və bu qəbildən olan yüzlərlə sosial layihə Sizin vətən müdafiəçilərinə olan sevgi və qayğınızdan xəbər verir. Möhhərəm Prezident! Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli  Qərarı ilə “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi müharibə əlilləri və veteranlara dövlət qayğısının növbəti təzahürüdür. Bu mühüm və humanist addımın daha bir əhəmiyyəti isə dövlətimiz tərəfindən həyata keçirilən sosial dəstək proqramının Birinci Qarabağ müharibəsi əlillərinə də şamil edilməsidir. Sizin bilavasitə qayğınız və diqqətiniz nəticəsində həyata keçirilən sosial dəstək proqramı bir daha vətəninin müdafiəsində müxtəlif tarixi dövrlərdə dayanan, öz sağlamlığını müstəqilliyimizin güclənməsinə, torpaqlarımızın müdafiəsinə qurban verən vətəndaşlarımıza dövlətimiz tərəfindən eyni dərəcədə qayğıkeş münasibətin sərgiləndiyini göstərir. Cənab Prezident! “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi olaraq şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyiniz mütəmadi diqqət və qayğıya görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, veteranlar olaraq hər zaman olduğu kimi bundan sonra da, Sizin siyasətinizi dəstəkləməkdə, dövlətimizin, milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanmaqda davam edəcək, dövlətimizin işıqlı gələcəyi üçün heç bir fədakarlıqdan çəkinməyəcəyik. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Azərbaycan xalqı!”   Dərin hörmət və ehtiramla,   “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından, Sədr Fatma Səttarova

Hamısını oxu
27 sentyabr böyük zəfərin təməlinin qoyulduğu şərəfli tarixdir

2020-ci il 27 sentyabr Azərbaycan tarixinin ən önəmli, ən yaddaqalan günlərindən biridir. Belə ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə məhz 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. 27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfərin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirldi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsıdi ilə anım günü sentyabrın 27-də keçirilir. Həmin Prezident İlham Əliyevin  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. Bu gün biz Azərbaycan xalqı olaraq şəhidlərimizi rəhmətlə anırıq! Allah şəhidlərimizə rəhmət eləsin! Allah dövlətimizi və ordumuzu qorusun! Səmyar Abdullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri  

Hamısını oxu
“8 noyabr Zəfər Bayramı” ilə əlaqədar olaraq müharibə əlil və veteranlarına ziyafət verilib

Tədbir “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib “8 noyabr Zəfər Bayramı” ilə əlaqədar olaraq 70-ə yaxın müharibə əlil və veteranlarına ziyafət verilib. Tədbir “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib. Tədbirdən öncə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri Dayaq təşkilatının sədr müavini Məcid Məmmədov açaraq qeyd etmişdir ki, bu gün biz müstəqil Azərbaycanın ən şanlı, ən qürurlu səhifələrindən birini – 8 Noyabr Zəfər Gününü böyük fəxarət və iftixarla qeyd edirik! Bu gün tariximizin qızıl hərflərlə yazıldığı gündür. Bu gün — xalqımızın 30 illik nisgilinə, işğal acısına son qoyulduğu, torpaqlarımızın azad edildiyi, ədalətin bərpa olunduğu gündür! Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın birliyi, igid oğullarımızın qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandıq. Şuşanın azad olunması ilə bu qələbə zirvəyə çatdı, düşmən ordusu darmadağın edildi, üçrəngli bayrağımız yenidən Qarabağ səmasında ucaldı. Bu zəfər təkcə bir hərbi qələbə deyil. Bu zəfər xalqın birliyinin, dövlətin gücünün, vətən sevgisinin təntənəsidir. Biz bu qələbəni qanı, canı, namusu ilə qoruyan şəhidlərimizin, igid qazilərimizin hesabına qazandıq. Onların hər biri bizim fəxrimiz, qürurumuzdur! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı versin! Bu gün artıq Qarabağda həyat yenidən qaynayır. Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçında yenidən tikinti, quruculuq işləri aparılır. Doğma yurda qayıdan hər bir vətəndaşımızla birlikdə torpaqlarımız yenidən dirçəlir, “Qarabağ Azərbaycandır!” şüarı artıq bütün dünyada gerçəkliyə çevrilib. Bu qələbə bizə həm də böyük məsuliyyət verir. Çünki bu zəfəri qorumaq, onu əbədiləşdirmək hər birimizin borcudur. Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməli, azad Qarabağın sabahını qurmaq üçün çalışmalıyıq. Çünki Zəfər yolu heç vaxt bitmir — o, əbədi inkişaf, güc və birlik yoludur! Zəfər Gününüz mübarək! Qarabağ Azərbaycandır! Tədbirdə çıxış edən Dayaq təşkilatının sədri Qalib Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını ürəkdən təbrik edərək qeyd etdi ki, bu möhtəşəm gün Azərbaycan xalqının şərəf və qürur tarixində ən parlaq səhifələrdən biridir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, igid əsgər və zabitlərimizin rəşadəti, xalqımızın birliyi və sarsılmaz iradəsi nəticəsində 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız azad edildi. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli birliyin, vətənpərvərliyin, milli ruhun təntənəsidir. Bu qələbə hər bir azərbaycanlının ürəyində fəxarət, qürur və sonsuz minnətdarlıq hissi oyadır. Biz bu gün Zəfər Gününü böyük iftixar hissi ilə qeyd edirik, eyni zamanda şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edirik. Onların qanı, igidliyi və fədakarlığı sayəsində bu torpaqlarda sülh, azadlıq və sabitlik bərqərar olub. Qazilərimizə isə minnətdarlığımız sonsuzdur onların hər biri qəhrəmanlıq salnaməmizin canlı nümunəsidir. Bu qürur dolu gün bizə bir daha xatırladır ki, Azərbaycan xalqı bir olduğu müddətcə qarşısında heç bir qüvvə dura bilməz.Qoy üçrəngli bayrağımız daim Qarabağ səmasında dalğalansın, Vətənimiz əbədi azad, xalqımız xoşbəxt olsun! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Polkovnik Cəlil Xəlilov çıxış edərək qeyd etdi ki,  Bu gün biz Azərbaycanın ən şanlı, ən qürurlu günlərindən biri – 8 Noyabr Zəfər Gününü böyük iftixar hissi ilə qeyd edirik! Bu möhtəşəm tarix Azərbaycan xalqının birliyinin, ordumuzun igidliyinin və Ali Baş Komandanımızın müdrik rəhbərliyinin parlaq təntənəsidir. Bu qələbə asan başa gəlməyib. On illərlə həsrətini çəkdiyimiz doğma torpaqlarımızın azadlığı uğrunda yüzlərlə qəhrəman oğul və qızımız canından keçdi. Onların hər biri bu gün azad və müstəqil Azərbaycanın əbədi qəhrəmanlarıdır. Biz şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizə dərin ehtiram və minnətdarlığımızı bildiririk. Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi, öz tarixi ədalətini bərpa etdiyi dövrdür.Həmin günlərdə xalqımız ordusuna dayaq oldu, əsgərimiz Vətən naminə canını fəda etdi və nəticədə düşmən üzərində möhtəşəm Zəfər qazandıq. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, bu xalqın iradəsi sarsılmaz, ordusu məğlubedilməz, torpaqları isə bölünməzdir! Bu ruhu qorumaq, onu gənclərə ötürmək bizim borcumuzdur. Vətən Müharibəsi qazisi Polkovni-leytenant Anar Həsənov və digər qazilərimiz çıxış edərək 44 günlük vətən müharibəsindən danışaraq  8 Noyabr – Zəfər Günü münasibətilə hər kəsi ürəkdən təbrik edərək bu qələbə xalqımızın birliyi, ordumuzun rəşadəti və şəhidlərimizin müqəddəs qanı bahasına qazanıldığını bildirdilər.Biz qazilər olaraq fəxr edirik ki, bu şanlı tarixdə payımız var və Vətən uğrunda mübarizə aparmaq bizə nəsib olub. Qoy bayrağımız daim azad Qarabağ səmasında dalğalansın! Zəfər Günümüz mübarək olsun! Qarabağ Azərbaycandır! Tədbirin sonunda Vətən Müharibəsi Əlilərinə Dayaq təşkilatının hədiyyələri təqdim olundu.  

Hamısını oxu
Şirvanda İcra Hakimiyyətinin başçısı 13 nömrəli tam orta məktəbdə növbəti səyyar qəbul keçirib

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Şəhər İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin İcra Hakmiyyətində keçirdikləri qəbullarla yanaşı, mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsi mütəmadi hal alıb. Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbul 7 aprel 2022-ci il tarixdə 13 nömrəli tam orta məktəbin akt zalında keçirilib. Qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Qəbulda çıxış edən İcra Hakimiyyətinin başçısı İlqar Abbasov pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan nailiyyətlərin xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb. Erməni təxribatına və təcavüzünə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, yaralılara şəfa diləyib. Ölkə başçısının dünya dövlətləri, xarici informasiya agentlikləri ilə keçirdikləri görüşlərdən, diplomatik danışıqlardan, Avropada ilk dəfə respublikamızda keçirilən irimiqyaslı layihələrdən, eyni zamanda Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın zəngin tarixi keşmişimizin, milli-mənəvi dəyərlərimizin dünyada təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. 143 küçənin tam işıqlandırıldığını, ötən il 39 küçənin asfaltlandırıldığını, bu il isə 37 küçənin asfaltlanacağını bildirib. “Azərsu” ASC-nin hazırladığı layihə əsasında şəhər ərazisində su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanıldığnı qeyd edib. Şəhər sakinlərinin və qonaqların səmərəli istirahətini təmin etmək məqsədilə abadlaşan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkından, parkda salınan “Qarabağ” və “Zəfər” xiyabanlarından, Leyla Əliyevanın təşəbbüsü ilə "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllədən söz açıb. "Bizim həyət" layihəsi çərçivəsində 20 Yanvar 4, A L.İbrahimov 4 saylı binaların qarşısında yaradılan sahəsi 1, 5 hektar olan yeni abad məhəllədə görülən işlərdən və İstiqlaliyyət prospekti 7, 3 və 20 Yanvar 1,2 saylı binaların qarşısında abadlaşması nəzərdə tutulan sahəsi 1,2 hektar olan növbəti məhəllədən danışıb. Hazırda vətəndaş müraciətlərinin əksəriyyətinin yaşayış yeri və mənzil olduğunu nəzərə alaraq, sosial evlərin tikintisi ilə əlaqədar MİDA-ya müraciət edildiyini, bu məqsədlə torpaq sahəsinin ayrılması istiqamətində işlərə başlanıldığını bildirib. Millət vəkili İltizam Yusifov Şirvan şəhərinin uzun illər sənaye və energetika şəhəri olduğunu, lakin hazırda 127 sənaye müəssisəsindən 4-nün fəaliyyət göstərdiyini bildirib. Lakin ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, yaxın gələcəkdə bu problemlərin aradan qaldırılcağına, Şirvanın ən inkişaf etmiş və yaraşıqlı şəhərlərdən birinə çevriləcəyinə əmin olduğunu bildirib. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Qəbulda iştirak edən vətəndaşlar ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.  

Hamısını oxu