Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Avrora Qrupun beynəlxalq sərgilərdə uğurlu iştirakı Azərbaycan iqtisadiyyatı adına qürurvericidir”

Azərbaycanda qida sektorunda fəaliyyət göstərən elə böyük şirkətlər var ki, onlar mütəmadi olaraq bir sıra beynəlxalq sərgilərdə istehsal etdikləri məhsullarla çıxış edir, dünya bazarında ölkəmiz adına uğurla rəqabət aparırlar. Buna nümunə olaraq Avrora Qrup şirkətinin cari ilin fevral ayında Moskvada öz stendi ilə çıxış edərək “Harika”, “Tanelli”, “Sladena”, “Berg”, “Kreki” və digər məhsullarını nümayiş etdirməsini göstərmək olar. 

Xatırladaq ki, Prodexpo Rusiyada hər il keçirilən və yeni ticarət nişanlarının, brendlərin, innovativ qida məhsullarının təqdim olunduğu ən böyük ərzaq sərgilərindən biridir. Təkcə bir faktı qeyd edək ki, bu il sərgidə 35-dən çox ölkədən təxminən 70 000 ziyarətçi və 2000-ə yaxın iştirakçı şirkət yer alıb.

Son illər artan bu cür hallar ölkəmizdə qida sənayesinin, milli iqtisadiyyatımızın sürətli inkişafının göstəricisi sayıla bilərmi?

Mövzu ilə bağlı saytımıza açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bu kimi addımların mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Azərbaycan brendinin, Azərbaycan məhsullarının tanıdılması iqtisadi siyasətimizin əsas prioritetlərindəndir. Bu istiqamətdə həm sahibkarların dəstəklənməsi, həm də onların istehsal etdikləri məhsulların xaricdə daha geniş auditoriyaya təqdimatı ilə bağlı mühüm işlər aparılır. Bu baxımdan şirkətlərimizin beynəlxalq sərgilərdə iştirak etməsi və öz məhsullarını təqim etməsi birmənalı şəkildə Azərbaycanın ixrac imkanlarının genişləndirilməsinə imkan yaradır. Bu baxında Avrora Qrupun beynəlxalq sərgilərdə uğurlu iştirakı qürurvericidir. Bu, milli iqtisadiyyatımızın inkişafından, şaxələnməsindən, rəqabət qabiliyyətinin artmasından xəbər verir.

Bir məqamı da qeyd edim ki, ənənəvi olmayan bazarlarda belə sərgilərin keçirilməsinə, bu sərgilərdə təmsil olunmağımıza xüsusilə ehtuiyac var. Çünki Azərbaycanın qeyri-neft ixracatının 49%-i, yəni təxminən yarısı cəmi iki ölkənin payına düşür.

Avropa İttifaqı, xüsusilə də körfəz ölkələri ərzaq məhsullarımızın ixracatı baxımından böyük imkanlar vəd edir. Buna görə də bu istiqamətdə təşəbbüslərin dəstəklənməsi və Azərbaycan məhsullarının həmin bazarlara daxil olması üçün həm sərgilərdə iştirak, həm də “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində işlərin daha sistemli şəkildə həyata keçirilməsi vacibdir. Bu, sahibkarlığın inkişafını sitimulaşdırmaqla yanaşı, həm də Azərbaycana daha çox valyutanın daxil olmasına şərait yaradacaq”.

Seymur ƏLİYEV

 

2026-03-24 11:02:00
1719 baxış

Digər xəbərlər

“Prezidentimizin şəhid ailələri və müharibə əlilləri ilə bağlı Sərəncamı vətəndaşlarımıza mütəmadi dövlət qayğısının göstəricisidir”

Prezident İlham Əliyevin Sərəncamına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı 2030-cu ilədək davam etdiriləcək.  Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezidentin məlum Sərəncamının tarixi-mənəvi əhəmiyyətinə diqqət çəkib: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin 2030-cu ilədək davam etdirilməsi dövlətimizin, Prezidentimizin həssas kateqoriyaya mənsub vətəndaşlarımıza olan qayğı və ehtiramının nümunəsidir. Bu Sərəncam bir daha sübut edir ki, şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması dövlətimiz üçün prioritet məsələdir. Dövlətimiz bu istiqamətdə uzun illərdir ki, sistemli, məqsədyönlü siyasət yürüdür ki, bu siyasətin nəticəsi göz önündədir. Bu gün ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə göstərilən qayğı dünyanın ən qabaqcıl ölkələrinə belə nümunə sayıla biləcək səviyyədədir. Prezidentimizin 13 may 2025-ci il tarixli Sərəncamı dövlətimizin şəhid ailələləri və müharibə əlilləri ilə bağlı ənənəvi siyasətini davam etdirməkdə son dərəcə qətiyyətli olduğunu bir daha isbatladı. Sözügedən Sərəncam həssas kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmaqla yanaşı, onların mənəvi ehtiyaclarının qarşılanması baxımından da mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, məhz bu kimi nəcib addımlar sayəsində şəhid ailələri, müharibə əlilləri dövləti daim öz yanlarında hiss edir, dövlətimiz üçün nə qədər önəmli olduqlarını anlayırlar. Məhz bu baxımdan Prezident İlham Əliyevin məlum Sərəncamını həm tarixi, həm də mənəvi baxımdan yüksək qiymətləndirir, buna görə Müzəffər Ali Baş Komandanımıza bütün veteranlar adından dərin təşəkkürümüzü bildiririk. Əminəm ki, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən bu yüksək diqqət gənclərimizin vətənpərvərlik tərbiyəsinə də öz müsbət təsirini göstərəcək, xalq-dövlət birliyini daha da gücləndirəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Qalib xalqın sağlam gəncləri” layihəsi sona çatıb

Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olan “Gənc Velosipedçilər” İctimai Birliyi “Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində Respublika Velotrekində velosiped idman növü üzrə nəzəri və praktiki təlimlər təşkil edib. Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaq, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını təşviq etməkdir.   Layihə Biləsuvar, Zaqatala və Bakı şəhərində 150 nəfərə yaxın gəncləri əhatə etmiş, rayonlarda “Gənclərin inkişaf və karyera mərkəzi”nin velosiped bölməsinin işinin fəallaşması və təkmilləşməsi işinə öz töhfəsini vermişdir. Respublika Velotrekində keçirilən son günün seminarında Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev, Gənclər və İdman nazirliyinin məsul əməkdaşı Elçin Qasımov və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov iştirak etmişdir. Toplantıda ilk öncə Qarabağ Müharibəsi Şəhidlərinin ruhları 1 dəqiqəlik sükutla yad edilmiş, daha sonra layihə haqqında geniş məlumat verilmişdir. Seminar zamanı "Gənc Velosipedçilər" İctimai Birliyininin sədri Nur Axundova, velobloger Nurlan Qədirli və məşqçi müəllim Elçin Qasımov layihə iştirakçılarına velosiped idmanı haqqında və onun sağlamlıqdakı rolu ilə bağlı məlumat vermiş, ikitəkər nəqliyyat vasitəsinin üzərində nəzəri və praktiki təlimlər keçirilmişdir. Daha sonra müxtəlif çap materialları paylanılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib. Tədbirin sonunda fərqlənən iştirakçılar diplomla təltif edilib.  

Hamısını oxu
Nəsimi rayonu 111 sayli tam orta məktəbdə Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 22 fevral 2024-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə baş tutub. Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirdə  Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, əmək veteranı, Xocalı soyqırımının şahidi Taryel Eyvazov, məktəbin direktoru Jalə Hacıyeva, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra Dövlət Himni səslənib. Xocalı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin çıxışlarında Xocalı faciəsini, şəhidləri, vətənimizi tərənnüm edən mahnılar, şerlər dinlənilib. Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Adil Haqverdiyev ilk öncəTəşkilatın sədri Fatma Xanım Səttarovanın və sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb: “Erməni cəlladları Aərbaycan xalqının uşaqlarına, qocalarına, qadınlarına  qarşı işgəncələr verərək qırğınlar törətmişlər. Onların  dinc soydaşlarımıza qarşı  törətdikləri qırğının layiqli  cavabını Azərbaycanın Müzəffər Ordusu  döyüş meydanında verdi.  Artıq Qarabağda quruculuq işləri gedir. Tezliklə Xocalıyada dönüş başlayacaq. Mənim siz şagirdlərə tövsiyəm odur ki, müəllimlərinizin verdiyi tapşırıqları yerinə yetirib ən yüksək  elm ocaqlarında oxuyub, Azərbaycanın daha da uğurla irəliləməsinə  kömək edəsiniz”. Daha sonra Taryel Eyvazov, Nəbi Hacıyev və Validə Vəliyeva çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.                                      

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə veteranlar arasında görüş keçirilib

  Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, bu qəhrəmanlığın 44 günlük Vətən müharibəsində təkrarlandığını, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərə imza atdığını bildirib.   Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik İdarəsinin rəisi, polkovnik Şaiq Məmmədov isə çıxışında bütün veteranlara Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun təbrikini çatdırıb. Özünün də veteran ailəsində böyüdüyünə diqqət çəkən polkovnik Şaiq Məmmədov, Azərbaycan xalqının öz veteranları ilə qürur duyduğunu vurğulayıb. Daha sonra polkovnik Şaiq Məmmədov bir qrup Böyük Vətən müharibəsi iştirakçısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından hədiyyələr təqdim edib.   Veteranlara verdiyi dəstəyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə öz təşəkkürünü bildirən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, gəncləri veteranlardan örnək almağa, vətəni, torpağı bundan sonra da qətiyyətlə müdafiə etməyə səsləyib. Təşkilat sədri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlığını, vətənpərvərliyin inkişafındakı rolunu yüksək qiymətləndirdiyini vurğulayıb, polkovnik Şaiq Məmmədova təşkilat adından hədiyyə təqdim edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu