Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sumqayıtda Göz Mərkəzinin açılışı oldu

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub.

 “Qafqazinfo” xəbər verir ki, açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva və Göz Mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak ediblər.

Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni Göz Mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron - Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək.

Qeyd olunub ki, Mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub.

Mərkəzdə quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır.

Bununla yanaşı, Mərkəzdə yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb.

Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq.

Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Bildirilib ki, Mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12-si həkim olmaqla, ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək.

Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur.

Yeni Göz Mərkəzinin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxta üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlanmasına geniş imkanlar yaradacaq.

 

2026-04-07 19:34:00
1703 baxış

Digər xəbərlər

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

Oktyabrın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” mövzusunda tədbir keçirilib.Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar, gənclər və media təmsilçiləri iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, tədbir Prezident İlham Əliyevin oktyabrın 11-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında imzaladığı Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar təşkil edilib. Azərbaycanın müstəqillik günü ölkə daxilində olduğu kimi, xaricdə də qeyd edilir. Ötən 25 il ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə böyük nailiyyətlər əldə edib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.Qeyd edilib ki, Azərbaycan xalqı 70 ildən çox müddətdə sovet imperiyasının tərkibində azadlıq, müstəqillik arzusu ilə yaşayıb. Nəhayət XX əsrin sonlarında SSRİ-nin süqutu müstəqilliyin bərpasına tarixi imkan yaradıb. 1988-ci ilin fevralından başlanan meydan hərəkatı Azərbaycan xalqının əzəli arzusu olan dövlət müstəqilliyinə qovuşmaq ideyası ilə geniş vüsət almışdı. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü etiraz olaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki mətbuat konfransında xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verməsi müstəqillik uğrunda mübarizəyə yeni təkan verdi. Azərbaycan bundan sonra daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi. 1991-ci il oktyabrın 18-də Respublika Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Beləliklə, xalqımız uzun illərdən bəri can atdığı azadlığına, müstəqilliyinə qovuşdu. Müstəqillik qazanılsa da, 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı, vətəndaş müharibəsinə zəmin yaranması, müxtəlif bölgələrdə separatçılıq meyillərinin baş qaldırması Azərbaycanı müstəqil bir dövlət kimi parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycanın böyük oğlu Heydər Əliyevin xalqın bu ağır günlərində hakimiyyətə gəlməsi daxili, xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Dövlət strukturlarının yaradılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi Azərbaycanın inkişafına müsbət təsir göstərdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi inkişafına təkan verdi.Diqqətə çatdırılıb ki, müstəqillik dövründə ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Azərbaycanın müdafiə potensialını gücləndirib. Azərbaycan müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaradıb və ordunun döyüş qabiliyyətini artırıb. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən cari ilin aprelində cəbhədə baş verən hadisələrin nəticələri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi.Veteranlarımıza dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Cəlil Xəlilov vurğulayıb ki, hərtərəfli qayğı ilə əhatə olunan veteranlarımız bu gün bütün sosial şəraitlə təmin ediliblər.“Hazırda Azərbaycan Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın sürətlə inkişaf edən qüdrətli, sabit ölkələrindən birinə çevrilib, müxtəlif sahələrdə böyük nailiyyətlər qazanıb. Bu gün müstəqilliyimizi qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirmək hər bir vətəndaşın borcudur. Hər bir Azərbaycan vətəndaşının qarşısında duran əsas vəzifələrdən biri bunu qürur mənbəyinə çevirməkdir”, - deyə Cəlil Xəlilov vurğulayıb.Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova tədbirdə çıxış edərək müstəqillik illərində ölkəmizin böyük nailiyyətlər qazandığını söyləyib. O vurğulayıb ki, bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan ölkəyə çevrilib.F.Hüseynova bildirib ki, dövlət müstəqilliyimizin qorunmasında veteranların da xidmətləri böyükdür. Onlar gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayırlar. Veteranlarımızda olan Vətən sevgisi hər bir azərbaycanlıda olmalıdır.Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini gündən-günə inkişaf edən ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara hər zaman yüksək diqqət və qayğı, hərtərəfli yardım göstərildiyini vurğulayıb.Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının professoru Bəhram Zahidov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, professor Bədirxan Əhmədov məruzə ilə çıxış edərək dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrdən, müstəqil Azərbaycanın davamlı inkişafının təmin edilməsində və dünyada nüfuzunun artmasında həyata keçirilən uğurlu strategiyanın nəticələrindən danışıblar. Sonda ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına və Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə bir qrup şəxsə Respublika Veteranları Təşkilatı Rəyasət Heyətinin təsis etdiyi medallar təqdim edilib.

Hamısını oxu
Dörd Günlük Savaş, Əbədi Qürur: Samid İmanov və Aprel Döyüşləri

 Aprel ayı... Təbiətin oyanışının, baharın nəfəsinin duyulduğu bu ay Azərbaycan tarixində qəhrəmanlığın, qürurun və milli iradənin rəmzinə çevrilmişdir. 2016-cı ilin aprelində cəbhə xəttində baş verən və tarixə “Aprel döyüşləri” kimi düşən hadisələr Azərbaycan xalqının yaddaşında silinməz iz qoydu. Həmin günlərdə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 2 aprel tarixindən 5 aprelədək dörd gün davam edən bu döyüşlər təkcə hərbi qarşıdurma deyil, həm də milli qürurun bərpası idi. Azərbaycan əsgəri sübut etdi ki, o, yalnız səbr etməyi deyil, lazım gəldikdə qətiyyətlə irəliləməyi də bacarır. Döyüşlər nəticəsində Goranboy rayonu və Naftalan şəhəri üçün ciddi təhlükə yaradan Talış kəndi ətrafındakı strateji yüksəkliklər, həmçinin Seysulan yaşayış məntəqəsi düşmən qüvvələrindən tam azad edildi. Eyni zamanda Füzuli rayonu istiqamətində yerləşən, geniş əraziyə nəzarət imkanı verən mühüm strateji mövqe – Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi və burada üçrəngli dövlət bayrağımız ucaldıldı. Döyüşlər zamanı düşmənə ağır zərbələr endirildi, yüzlərlə canlı qüvvə zərərsizləşdirildi, çoxlu sayda texnika sıradan çıxarıldı. Azərbaycan Ordusunun peşəkarlığı, döyüş ruhu və texniki üstünlüyü bir daha öz təsdiqini tapdı. Aprel döyüşlərinin nəticələri qısa müddətdə özünü yalnız hərbi sahədə deyil, sosial həyatda da göstərdi. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verildi. Xüsusilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yeni həyat qazandı. Burada müasir yaşayış məntəqəsi salındı, illərlə doğma yurd həsrəti çəkən insanlar öz evlərinə qayıtdılar. Aprel döyüşləri Azərbaycan dövlətinin və xalqının qəti mövqeyini bir daha ortaya qoydu: ölkə heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Bu döyüşlərdən sonra Ermənistan ordusunda ciddi sarsıntılar baş verdi, hərbi-siyasi rəhbərlikdə dəyişikliklər edildi və bu məğlubiyyət onların daxili vəziyyətinə də təsirsiz ötüşmədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin iştirakçıları ilə görüşdə bu qələbəni yüksək qiymətləndirərək bildirmişdir ki, bu döyüşlər dövlətimizin gücünü, xalqımızın birliyini və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu şanlı tarix qəhrəmanların igidliyi ilə yazıldı. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid Gülağa oğlu İmanovdur. 1981-ci il oktyabrın 14-də Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açan Samid İmanov gənc yaşlarından hərbi peşəni seçmiş, 1998-ci ildə orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olmuş və 2003-cü ildə oranı fərqlənmə ilə başa vurmuşdur. O, xidmət etdiyi illər ərzində yalnız peşəkar zabit kimi deyil, həm də liderlik keyfiyyətləri ilə seçilən bir komandir kimi formalaşmışdır. Samid İmanov müxtəlif beynəlxalq hərbi təlim və kurslarda iştirak etmişdir. Türkiyədə komando hazırlığı, paraşütlə sərbəst atlayış kursları, “Anadolu” təlimləri, Pakistanda “antiterror” kursları, İsveçrədə dağ təlimləri və digər ixtisasartırma proqramları onun hərbi bilik və bacarıqlarını daha da möhkəmləndirmişdir. 2004-cü ildən etibarən xüsusi təyinatlı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edən Samid İmanov qrup komandirindən başlayaraq hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. Xidməti dövründə 6 medalla təltif olunması onun yüksək xidmətinin göstəricisidir. O, 2014-cü ildə düşmənin təxribatının qarşısının alınması zamanı rəhbərlik etdiyi əməliyyat nəticəsində düşmənə ciddi itkilər verdirərək uğurla geri qayıtmışdı. 2016-cı ilin aprel döyüşləri isə onun həyatının son, lakin ən şərəfli səhifəsi oldu. Aprelin 3-dən 4-nə keçən gecə Talış istiqamətində gedən şiddətli döyüşlər zamanı ağır yaralanmasına baxmayaraq, o, döyüş mövqeyini tərk etmədi. Əksinə, əsgərlərinin həyatını özündən üstün tutaraq yaralı döyüş yoldaşının xilas edilməsini əmr etdi. Komandir kimi son əmri də insanlıq və vətənpərvərlik nümunəsi idi. Əsgərləri təhlükəsiz əraziyə uzaqlaşdıqdan sonra o, tək qaldı. Aldığı ağır yaralar nəticəsində qan itirərək şəhid oldu. Samid İmanov 9 aprel 2016-cı ildə Neftçalada Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan əsgəri Vətən uğrunda canını fəda etməyə hər zaman hazırdır. Bu döyüşlərdə igid oğullarımız şəhidlik zirvəsinə ucaldı. Onların hər biri bir tarix, bir qəhrəmanlıq dastanıdır. Onlar son nəfəsində belə “Vətən sağ olsun!” dedilər. Bu sözlər bir xalqın ruhunu, iradəsini və gələcəyə olan inamını ifadə edir. Aprel döyüşləri ilə yazılan tarix sonradan qazanılan Böyük Zəfərin müjdəçisi oldu. Qəhrəmanlar unudulmur. Onlar xalqın yaddaşında, dövlətin tarixində və dalğalanan bayrağımızda əbədi yaşayır.

Hamısını oxu
Polkovnik: Ermənistan Azərbaycanın ərazilərini mina gölünə döndərib

Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz idi. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə “Envoy” jurnalına müsahibəsində söyləyib. Xarici siyasət idarəsinin sözçüsü vurğulayıb ki, beynəlxalq təzyiqdən sonra Ermənistan bəzi xəritələri təqdim etsə də, onlar minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edirdi və yalnız 25 faiz dəqiq idi. Son mina partlayışı hadisələrinin 55 faizdən çoxu bu xəritələrlə əhatə olunmayan ərazilərdə baş verib. Onun sözlərinə görə, Ermənistanın xəritələri Azərbaycan ərazilərində təxminən 400 000 minanın yerləşdirildiyini göstərsə də, faktiki rəqəm 1,5 milyona yaxındır: “Ermənistanın mina təhlükəsinə münasibətdə bu cür davranışı regionda münaqişədən sonrakı dövrdə sülh və etimadın möhkəmləndirilməsi istiqamətində atılan tədbirlərə daha bir geri addımdır. Bu baxımdan, beynəlxalq ictimaiyyətin Ermənistandan gələn mina təhlükəsini pisləmək üçün ardıcıl tədbirlər görməsini son dərəcə vacib hesab edirik və Ermənistanın hələ də Azərbaycana tam təqdim edilməmiş bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsini gözləyirik. Məcburi köçkünlərin təhlükəsiz qayıdışını və zərər çəkmiş regionların bərpasını təmin etmək üçün Ermənistanın bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsi son dərəcə vacibdir”. Qeyd edək ki, “Envoy” BMT-nin nəşr etdiyi jurnaldır.     Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Sherg.az”a bildirib ki, Ermənistanın sülhlə bağlı müsbət qərarı yoxdur:   “Ona görə də bir tərəfdən sülhə hazır olduğunu dilə gətirir, digər yandan isə mina xəritələrini Azərbaycana təhvil vermir. Eyni zamanda Ermənistan sərhəddə tez-tez atəşkəsi pozur, xarici dövlətlərdən silah-sursat tədarükünə davam edir, müqavilələr bağlayır və təlimlər həyata keçirir. Lakin Ermənistan başa düşməlidir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində  göstərdiyi gücü hər an təkrarlamağa hazırdır. Beynəlxalq təşkilatlar da mina xəritələriylə bağlı Ermənistana təzyiq göstərməlidir. Lakin beynəlxalq təşkilatların bəziləri mina təmizləmək üçün  Azərbaycandan daha çox Ermənistana yardım ayırırlar. Xarici dövlətlərə sual verən yoxdur ki, niyə Ermənistanın ərazisində mina basdırılmadığı halda onlara daha çox maliyyə yönləndirilir?”.    Ekspert söyləyib ki,  Ermənistan tərəfindən minalar basdırılan zaman o qədər qurumlar iştirak edib ki, bəlkə də özlərində heç xəritələr yoxdur: “Məsələn, mina basdıran hərbiçilərin çoxu savaşda həlak oldu və bəziləri dəyişdirildi. Həmçinin, Azərbaycana qarşı olan qərəzlərinə görə mina xəritələrini gizlədə və yaxud yandıra da bilərlər. Təbii ki, hər bir halda Ermənistanın ərazisində mina olmadığı halda bu qədər maliyyənin ayrılmasının hansı əsasla yerinə yetirildiyini dair Azərbaycan beynəlxalq təşkilatlar qarşısında tələb qoymalıdır. Ermənistan Azərbaycanın ərazilərini mina gölünə döndərib. Ermənistan torpaqlarında isə heç bir mina basdırılmayıb”.  

Hamısını oxu
“Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərdi”

Nəcəf Novruzov: “Dövlət başçısının gənclərimizə verdiyi qiymət göz önündədir”   Bu gün 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan gəncliyinin bütün dünyaya nümunə olduğunu bildirib:   “Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən bugünə qədər ölkəmizə gənclərə, onların inkişafına böyük diqqət yetirildiyi, gənclərin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu birmənalıdır. Sevindiricidir ki, Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də, hər zaman Azərbaycan gəncliyinin inkişafına mühüm önəm vermiş, onların intellektual səviyyəsinin yüksəldilməsi, özlərini inkişaf etdirməsi, müasir dünya gəncliyinə örnək səviyyədə formalaşması üçün dövlətimizin bütün imkanlarından maksimum istifadə etmişdir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi öz biliyi, dünyagörüşü, milli dəyərlərə bağlılığı, vətən sevgisi, intelelktual və mədəni səviyyəsi ilə dünya gənclərinə nümunə saylıla bilər.   44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Dünya gördü ki, Azərbaycan gəncləri öz vətənlərini müdafiə etmək, dövlətlərinin ərazi bütövlüyünü təmin etmək üçün hər cür fədakarlığa hazırdır. Şuşa döyüşlərində gənclərimizin sıldırım qayaları qalxaraq yalın əl və yüngül atıcı silahlarla düşmənə divan tutması faktı buna nümunədir.   Bu mühüm gündə Gənclər və İdman Nazirliyinin uğurlu fəaliyyətinə də diqqət çəkmək istəyirəm. Çünki Gənclər və İdman Nazirliyi dövlətimizin gənclərlə bağlı siyasətini müvəffəqiyyətlə həyata keçirir, beynəlxalq səviyyəli mühüm layihələrə, böyük nailiyyətlərə imza atır.    Hesab edirəm ki, dövlətimizin gənclər siyasəti, o cümlədən Azərbaycan gəncliyinin mövcud durumu sabaha daha inamla baxmağa əsas verir və əminəm ki, bu gün olduğu kimi sabah da gənclərimiz xalqımızın sevinc və iftixar mənbəyi olaraq qalacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu