Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olublar

Veteran.gov.az xəbər verir ki, 6 may 2026-cı il tarixində Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri – Adılbayeva Venera, Altımışova Nurula, Kasımbekova Kamiya Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüblər. Polkovnik Cəlil Xəlilov görüş əsnasında qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Görüşdə  ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdm olunub.

Məlumat üçün qeyd edək ki, Qırğızıstan Veteranlar Təşkilatının üzvləri 2018-ci ildə 7 min metr hündürlükdəki Lenin Pikinə qalxaraq üzərində Ümummilli Lider Heydər Əliyevin rəsmi əks olunan vimpel nümayiş etdiriblər.

Seymur ƏLİYEV

2026-05-08 13:26:00
1004 baxış

Digər xəbərlər

Ölkədə bu ildən Smart qaz sayğaclarının tətbiqinə başlanılacaq

“Azəriqaz” İstehsalat Birliyi bu ildən etibarən “ağıllı” (Smart) sayğaclarının tətbiqinə start verəcək.   Veteran.gov.az xəbər verir ki, bunu Birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.   Onun sözlərinə görə, Azərbaycanda heç vaxt Smart sayğaclar olmayıb, Smart tipli sayğaclar olub.   “Yəni mənim smart sayğacımı mexaniki sayğacla əvəz edə bilərsinizmi deyə bir şey yoxdur. Burda yalnışlıq var. Yəni o sayğaclar da “ağıllı” olmayıb. “Azəriqaz” artıq bu ildən sözün həqiqi mənasında “ağıllı” sayğacların tətbiqinə start verəcək və onda görəcəksiniz ki, “ağıllı” smart sayğaclar nə deməkdir”, - E. Vəliyev əlavə edib.   Mənbə: Apa.az  

Hamısını oxu
Sumqayıtda “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib

6 may 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyi və Vətən müharibəsindəki zəfərin 5 illiyi münasibətilə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib.  Yeni Azərbaycan Partiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutan tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov xalqımızın həm İkinci Dünya müharibəsi, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. Sovet Şükürov qeyd edib ki, şəhidlərimizin və qazilərimizin göstərdiyi qəhrəmanlıqlar heç zaman unudulmayacaq, əsrlər sonra da ehtiram hissi ilə yad ediləcək. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın həlledici rol oynadığını qeyd edən polkovnik Cəlil Xəlilov, 2020-ci ili Vətən müharibəsində bu qəhrəmanlığın təkrarlandığına diqqət çəkib: “İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixində mühüm yer tutan müharibələrdən biridir. Bu müharibədə 700 mindən çox azərbaycanlı iştirak etmiş, onların 300 min nəfəri həlak olmuşdur. 176 min nəfərdən çox azərbaycanlı müharibədə göstərdiyi qəhrəmanlıqlara görə müxtəlif orden və medallarla təltif edilmiş, general Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə və digərlərinin qəhrəmanlığı bütün dünyada dillər əzbəri olmuşdur. Müharibədə Bakı nefti nəhəng sovet hərb maşınının fasiləsiz fəaliyyətini təmin etmiş, qələbəyə misilsiz töhfə vermişdir. Bu baxımdan Bakıya “Qəhrəman şəhər” adının verilməsi vacibdir. Çünki Bakı öz fədakarlığı ilə bu ada layiq olduğunu müharibə dönəmində artıqlaması ilə sübut edib. Bizim üçün qürurvericidir ki, Azərbaycan gəncliyi atalarının, babalarının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində də təkrarlamış, respublikamızın ərazi bütövlüyünü təmin etmişdir. Azərbaycan gəncliyi öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etmişdir ki, o, öz əcdadlarının qəhrəmanlıq ənənəsinə sadiqdir. Biz Vətən müharibəsində olduğu kimi bu gün də dövlət və prezident ətrafında sıx birləşməli, hər bir təhdid və təhlükəyə qarşı mübarizədə həmrəylik sərgiləməliyik. Unutmayaq ki, Ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də öz çıxış və tövsiyyələrində hər zaman ölkə gəncliyini milli-mənəvi dəyərlərə bağlı olmağa səsləyib, yüksək vətənpərvərlik ruhuna malik olmağın vacibliyini vurğulayıb. Biz bütün bu tövsiyyələrini daim diqqət mərkəzində saxlamalı, öz əməli fəaliyyətimizlə dövlətimizə, Prezidentimizə dəstək olmalıyıq. Mən tədbirin təşkilində göstərdiyi köməkliyə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinə, eləcə də Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatına təşəkkür edir, hər birinizə öz minnətdarlığımı bildirirəm”. Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov çıxışında xalqımızın keçdiyi tarixi qəhrəmanlıq yoluna diqqət çəkib, xalq-dövlət həmrəyliyinin vacibliyini vurğulayıb: “Öncə bütün tədbir iştirakçılarının Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun adından salamlayır, sizləri qarşıdan gələn bayramlar münsibətilə təbrik edirəm. Heç kimə sirr deyil ki, Azərbaycan xalqının tarixi böyük qəhrəmanlıqlarla zəngindir. İstər İkinci Dünya müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz qəhrəmanlığı ilə bütün dünyanın diqqətini cəlb etmiş, gənclərimizin döyüş meydanında sərgilədiyi igidliklər hərb tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Məhz bütün bu qəhrəmanlığın nəticəsidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində ərazi übtövlüyümüz və suverenliyimiz təmin olunmuş, respublikamızın inkişafı üçün daha əlverişli zəmin formalaşmışdır. Əminəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycan xalqı, Azərbaycan gəncliyi respublikamızın təhlükəsizliyi və tərəqqisi naminə bundan sonra da böyük uğurlar əldə edəcək, yeni-yeni müvəffəqiyyətlərə imza atacaq”. Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, yazıçı Ağalar İdrisoğlu, əmək veteranı Qorxmaz Tağıyev xalqımızn qəhrəmanlıq tarixi ilə bağlı maraqlı faktlara diqqət çəkib, xalqımızın və dövlətimizin maraqları naminə Prezident İlham Əliyevin hər bir çağırışına hazır olduqlarını vurğulayıblar. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Dörd Günlük Savaş, Əbədi Qürur: Samid İmanov və Aprel Döyüşləri

 Aprel ayı... Təbiətin oyanışının, baharın nəfəsinin duyulduğu bu ay Azərbaycan tarixində qəhrəmanlığın, qürurun və milli iradənin rəmzinə çevrilmişdir. 2016-cı ilin aprelində cəbhə xəttində baş verən və tarixə “Aprel döyüşləri” kimi düşən hadisələr Azərbaycan xalqının yaddaşında silinməz iz qoydu. Həmin günlərdə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 2 aprel tarixindən 5 aprelədək dörd gün davam edən bu döyüşlər təkcə hərbi qarşıdurma deyil, həm də milli qürurun bərpası idi. Azərbaycan əsgəri sübut etdi ki, o, yalnız səbr etməyi deyil, lazım gəldikdə qətiyyətlə irəliləməyi də bacarır. Döyüşlər nəticəsində Goranboy rayonu və Naftalan şəhəri üçün ciddi təhlükə yaradan Talış kəndi ətrafındakı strateji yüksəkliklər, həmçinin Seysulan yaşayış məntəqəsi düşmən qüvvələrindən tam azad edildi. Eyni zamanda Füzuli rayonu istiqamətində yerləşən, geniş əraziyə nəzarət imkanı verən mühüm strateji mövqe – Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi və burada üçrəngli dövlət bayrağımız ucaldıldı. Döyüşlər zamanı düşmənə ağır zərbələr endirildi, yüzlərlə canlı qüvvə zərərsizləşdirildi, çoxlu sayda texnika sıradan çıxarıldı. Azərbaycan Ordusunun peşəkarlığı, döyüş ruhu və texniki üstünlüyü bir daha öz təsdiqini tapdı. Aprel döyüşlərinin nəticələri qısa müddətdə özünü yalnız hərbi sahədə deyil, sosial həyatda da göstərdi. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verildi. Xüsusilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yeni həyat qazandı. Burada müasir yaşayış məntəqəsi salındı, illərlə doğma yurd həsrəti çəkən insanlar öz evlərinə qayıtdılar. Aprel döyüşləri Azərbaycan dövlətinin və xalqının qəti mövqeyini bir daha ortaya qoydu: ölkə heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Bu döyüşlərdən sonra Ermənistan ordusunda ciddi sarsıntılar baş verdi, hərbi-siyasi rəhbərlikdə dəyişikliklər edildi və bu məğlubiyyət onların daxili vəziyyətinə də təsirsiz ötüşmədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin iştirakçıları ilə görüşdə bu qələbəni yüksək qiymətləndirərək bildirmişdir ki, bu döyüşlər dövlətimizin gücünü, xalqımızın birliyini və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu şanlı tarix qəhrəmanların igidliyi ilə yazıldı. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid Gülağa oğlu İmanovdur. 1981-ci il oktyabrın 14-də Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açan Samid İmanov gənc yaşlarından hərbi peşəni seçmiş, 1998-ci ildə orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olmuş və 2003-cü ildə oranı fərqlənmə ilə başa vurmuşdur. O, xidmət etdiyi illər ərzində yalnız peşəkar zabit kimi deyil, həm də liderlik keyfiyyətləri ilə seçilən bir komandir kimi formalaşmışdır. Samid İmanov müxtəlif beynəlxalq hərbi təlim və kurslarda iştirak etmişdir. Türkiyədə komando hazırlığı, paraşütlə sərbəst atlayış kursları, “Anadolu” təlimləri, Pakistanda “antiterror” kursları, İsveçrədə dağ təlimləri və digər ixtisasartırma proqramları onun hərbi bilik və bacarıqlarını daha da möhkəmləndirmişdir. 2004-cü ildən etibarən xüsusi təyinatlı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edən Samid İmanov qrup komandirindən başlayaraq hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. Xidməti dövründə 6 medalla təltif olunması onun yüksək xidmətinin göstəricisidir. O, 2014-cü ildə düşmənin təxribatının qarşısının alınması zamanı rəhbərlik etdiyi əməliyyat nəticəsində düşmənə ciddi itkilər verdirərək uğurla geri qayıtmışdı. 2016-cı ilin aprel döyüşləri isə onun həyatının son, lakin ən şərəfli səhifəsi oldu. Aprelin 3-dən 4-nə keçən gecə Talış istiqamətində gedən şiddətli döyüşlər zamanı ağır yaralanmasına baxmayaraq, o, döyüş mövqeyini tərk etmədi. Əksinə, əsgərlərinin həyatını özündən üstün tutaraq yaralı döyüş yoldaşının xilas edilməsini əmr etdi. Komandir kimi son əmri də insanlıq və vətənpərvərlik nümunəsi idi. Əsgərləri təhlükəsiz əraziyə uzaqlaşdıqdan sonra o, tək qaldı. Aldığı ağır yaralar nəticəsində qan itirərək şəhid oldu. Samid İmanov 9 aprel 2016-cı ildə Neftçalada Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan əsgəri Vətən uğrunda canını fəda etməyə hər zaman hazırdır. Bu döyüşlərdə igid oğullarımız şəhidlik zirvəsinə ucaldı. Onların hər biri bir tarix, bir qəhrəmanlıq dastanıdır. Onlar son nəfəsində belə “Vətən sağ olsun!” dedilər. Bu sözlər bir xalqın ruhunu, iradəsini və gələcəyə olan inamını ifadə edir. Aprel döyüşləri ilə yazılan tarix sonradan qazanılan Böyük Zəfərin müjdəçisi oldu. Qəhrəmanlar unudulmur. Onlar xalqın yaddaşında, dövlətin tarixində və dalğalanan bayrağımızda əbədi yaşayır.

Hamısını oxu
Cəfərov Elyəddin Zöhrab oğlu

Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərən Elyəddin 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü şəkildə işlədiyi müəssisədən müvəqqəti möhlət alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön cəbhəyə yollanmışdır. Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək ŞƏHİDLİK zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ŞƏHİD Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.   Dərin hörmətlə anırıq! Ruhun şad olsun!

Hamısını oxu