Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Böyük Vətən müharibəsi veteranları cəbhə bölgəsində olublar

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsində Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri yaxından iştirak edirlər. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə bir qrup Böyük Vətən müharibəsi veteranı cəbhə bölgələrinə səfər edərək şəxsi heyətlə görüşüb, onların xidmət şəraiti ilə tanış olub, problem və qayğıları ilə maraqlanıb, Vətən müdafiəçilərinə ağsaqqal öyüd-nəsihəti verib və işğal edilmiş torpaqlarımızın tezliklə düşmən tapdağından azad edilməsi naminə onlara uğurlar arzulayıb. Veteranlar hərbi hissə komandanlığı tərəfindən səmimiyyətlə qarşılanıb. Onlara hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu, şəhid və qəhrəmanları haqqında ətraflı məlumat verilib. Xalqımızın ümummilli lideri, müasir, mütəşəkkil ordumuzun baş memarı Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbaninin müşayiəti ilə veteranlar Beyləqan rayonunun Birinci Şahsevən kəndinə gedərək Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyini ziyarət edib, 90 yaşlı bacısı ilə görüşüb və onun qəhrəman qardaşı haqqında xatirələrini dinləyiblər. Döyüşçülərlə ilk görüş aprel döyüşləri zamanı düşmən tapdağından azad edilən Lələtəpə zirvəsində reallaşıb. Zabit Rəşad Piriyev dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirən aprel döyüşləri və onun qəhrəmanları haqqında danışıb. Şəhidlərin xatirəsi yad edilib. Bir neçə gün əvvəl irimiqyaslı təlimlər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu zirvəyə gəlişi, döyüşdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırması, döyüşçüləri mübarizəyə səsləyən qətiyyətli çıxışı və düşmənə tutarlı mesajları bir daha xatırlanıb. Döyüşlərdə göstərdiyi şəxsi şücaətə görə hələ aprel ayında Prezidentin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, bir neçə gün öncə isə Prezidentin şəxsi hədiyyəsi ilə mükafatlandırılan əsgər İmran Remixanov hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bildirib. Qeyd edib ki, yaşları 90-ı çoxdan ötmüş veteranları azad etdikləri strateji yüksəkliklərdə görməkdən böyük qürur duyur və aprel döyüşlərindəki Qələbəni hər an təzələməyə qadirdirlər. Veteranlar təşkilatının sədr müavini polkovnik C.Xəlilov hər bir Azərbaycan vətəndaşının, eləcə də hər bir veteranın ordumuzun uğur və nailiyyətlərindən fərəhləndiyini, Azərbaycan əsgərinə həmişə arxa-dayaq olduqlarını diqqətə çatdırıb. Müdafiə Nazirliyinin rəhbərliyinə veteranlara göstərilən diqqət və qayğıya, bu kimi tədbirlərin keçirilməsi üçün yaradılan şəraitə görə respublika veteranlar ordusunun minnətdarlığını bildirib. Xalqımız üçün, o cümlədən Azərbaycan Ordusunun şəxsi heyəti üçün həmişə əziz və dəyərli olan insanların, bəşər üçün ən böyük fəlakət sayılan faşizm taunu ilə üz-üzə dayanıb mübarizə apararaq ölümün caynağından qurtulmuş veteranların keçdikləri şanlı döyüş yolundan söhbət açılıb. 97 yaşlı müharibə veteranı Bəkir Məmmədov, Berlinədək döyüş yolu keçmiş bombardmançı təyyarəçi Daməd Vəliyev çıxış edərək ön səngərdə Azərbaycan əsgəri ilə bir yerdə olduqlarını, Lələtəpə zirvəsinə qalxdıqlarını, həyatlarının ən xoş anı hesab edib və tezliklə Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər yolumuzu gözləyən yurd yerlərimizdə qalib Azərbaycan əsgəri ilə görüşəcəklərinə əminliklərini bildiriblər. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi yubiley medalları təqdim edilib. Çay süfrəsi arxasında səmimi söhbət həm əsgərlərdə, həm də qonaqlarda xoş duyğular oyadıb. Xatirələr veteranları gənclik illərinə qaytarıb, əsgərlərimiz isə babaların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklərinə söz veriblər. Cəbrayıl, Füzuli, Xocavənd, Ağcabədi, Beyləqan rayonları istiqamətində Vətən, xalq və dövlət qarşısında əsgəri borclarını layiqincə yerinə yetirən Vətən müdafiəçiləri ilə biri-birindən maraqlı görüşlər keçirilib. Veteranlar əsgərlərlə bir yerdə nahar edib, eyni yataqxanada gecələyib, onların təlimlərini izləyib, silah və hərbi texnikalarla tanış olub və cəbhə bölgəsindən xoş təəssüratlarla ayrılıblar.  

2016-11-29 00:00:00
3843 baxış

Digər xəbərlər

Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov vəfat edib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov İsi oğlunun vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur

Azərbaycan Prezidenti cənab İlham Əliyevin məhkum edilmiş şəxslərin əfv olunmasına dair imzaladığı Sərəncam  ölkə vətəndaşlarına göstərilən yüksək diqqətin sübutu, humanizmin bariz göstəricisidir.  AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib. C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin indiyədək imzaladığı 34-cü əfv sərəncamı səkkiz min nəfəri əhatə edib. Bu günlərdə Novruz Bayramı münasibəti ilə imzalanan əfv sərəncamı 431 nəfərə şamil  edilib, onlardan 399-u azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub. Eyni zamanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Sərəncam Cinayət Məcəlləsinin demək olar bütün maddələri üzrə məhkum olunan şəxsləri əhatə edib. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar dövlətimizin başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığının təzahürüdür. Təşkilatın sədr müavini Cəlil Xəlilov vurğulayıb ki, bugünkü Sərəncam Azərbaycanın hüquqi demokratik və humanist dəyərlərə sadiq dövlət olduğunu təsdiqlədi. Respublika veteranları imzalanan əhf sərəncamını yüksək qiymətləndirir və inanır ki, əhv olunanlar Azərbaycan cəmiyyətinə layiqincə inteqrasiya olunacaq, dövlətimizin tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcəklər. Respublika Veteranlar Təşkilatı Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir.

Hamısını oxu
Cəlil Xəlilov: “Hərbi sirrin qorunması kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vicdan borcudur”

Hərbi sirrin qorunması kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vicdan borcudur. Bunu saytımıza müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu həqiqəti daim yadda saxlamalı və öz fəaliyyətində rəhbər tutmalıdır: “Hərbi sirrin qorunması, yayılması qanunla qadağan edilən informasiyaların məxfi saxlanılması Azərbaycan Respublikasının müvafiq qanunlarında ehtiva edilən, aydın və izahlı şəkildə əksini tapan məsələlərdir. Bu, o deməkdir ki, hər hansı hərbi məlumatın yayılması ilk öncə qanunun pozulması, onun tələbinin nəzərə alınmamasıdır. Bu isə heç şübhəsiz qanuni pozan şəxsin müvafiq qaydada məsuliyyətə cəlb edilməsini şərtləndirir. Lakin bu məsələdə qanun faktoru məsələnin sadəcə bir tərəfidir. İşin həm də mənəvi-vicdani tərəfi var ki, bu da qanunu amildən heç də az əhəmiyyət kəsb etmir. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun yayılması qanunla qadağan edilən informasiyanı yayması adi qanun pozuntusu deyil. Bu, dövlətin təhlükəsizliyinə zərbə vurmaq, insanların həyatını təhlükəyə atmaq deməkdir. Çünki bu cür informasiyalardan Azərbaycana düşmən olan qüvvələr də bəhrələnir ki, bu da təhlükəsizliyimiz üçün ciddi risk və təhdidlər yaradır. Məncə, heç bir azərbaycanlı istəməz ki, onun ehtiyatsızlığı və ya məsuliyyətsizliyi səbəbi ilə dövlətimizə, xalqımıza zərrə qədər də ziyan dəysin. Buna görə də, hər bir vətəndaş həm mediada, həm də sosial mediada bu məsələlərə son dərəcə ehtiyatlı yanaşmalı, hərbi sirrin yayılmasına yol verməməlidir”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bəzən kimlərsə özünü başqalarından daha məlumatlı şəxs kimi təqdim etməyə çalışır, məhz bu səbəbdən də sahib olduqları informasiyanın mahiyyətini, önəmini dərk etmədən bunu sosial mediada tirajlayırlar: “Bu günədək təcrübə sübut edir ki, media və xüsusilə də sosial mediada yayılması qadağan edilən informasiyaların yer alması bir çox hallarda müəyyən şəxslərin özlərini ətrafdakı adamlara daha informasiyalı şəxs kimi göstərmək istəyi ilə bağlıdır. Yəni bəzi şəxslər belə informasiyaları yaymaqla göstərmək istəyirlər ki, onlar baş verən proseslərdən, onun təfərrüatlarından hər kəsdən daha çox məlumatlıdır və ya onların ciddi mənbələrə çıxışı var. Təəssüflər olsun ki, məhz bu cür yanaşma bəzi hallarda dövlətimizin təhlükəsizliyinə təhdid yaradan informasiyaların yayılmasına səbəb olur. Tövsiyəm ondan ibarətdir ki, hər bir şəxs hansısa məlumatı tirajlamaq istəyərkən öncə atacağı addımın nə dərəcədə qanuni olub-olmadığını, bu addımın dövlətimizin, xalqımızın təhlükəsizliyinə təhdid yaradıb-yaratmayacağını müəyyənləşdirsin. Heç kim unutmasın ki, onun yayacağı hər hansı məlumat dövlətimizin təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilə, düşmən qüvvələr üçün qiymətli kəşfiyyat məlumatına çevrilə bilər”. “Bu məsələdə hərbi yönümlü qeyri-hökumət təşkilatları (QHT) da maarifləndirmə baxımından ciddi iş aparmalı, dövlətə dəstək olmalıdır: “Təbii ki, bu məsələdə QHT-lər, xüsusilə də hərbi yönümlü vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük məsuliyyət düşür. QHT-lərimiz cəmiyyət, xüsusilə də gənclər arasında hüquqi maarifləndirmə haqqında geniş iş aparmalı, yayılması qadağan edilən informasiyaların işıqlandırılmasının hansı fəsadlara səbəb ola biləcəyini ətraflı şəkildə izah etməlidir. Hər kəs anlamalıdır ki, bu dövlət, bu xalq hər birimizin dövləti, hər birimizin xalqıdır və onun təhlükəsizliyinə də hər birimiz cavabdehik”, - deyə sədr müavini vurğulayıb.  

Hamısını oxu
Tariximizin ən xoşbəxt adamı – Heydər Əliyev

Bu gün Heydər Əliyevin anım günüdür. Oxuduğu məktəblərdə, işlədiyi vəzifələrdə, yaşadığı ailədə və cəmiyyətdə həmişə uğurlara imza atmış Heydər Əliyevi xoşbəxt insan hesab etmək olar. Əmək fəaliyyətinə başladığı zamandan həmişə işlərin ən çətinini, məsuliyyətin ən ağırını öz üzərinə götürmüş Heydər Əliyev harada çalışmasından asılı olmayaraq nəticə həmişə eyni olub – QƏLƏBƏ. Böyük entuziazmla başladığı bütün işləri yeganə amalla – ölkəsinə və xalqına fayda vermək arzusu ilə başa çatdırıb uğur qazanmaq H. Əliyevin həyat kredosu idi. Sovet xüsusi xidmət orqanlarında uğurlu fəaliyyəti onu işlədiyi qurumun ən yüksək pilləsinə ucaltdı. Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində ilk milli kadr kimi öz xalqının milli maraqlarını sovet rejiminin repressiyalarından qorumağı bacardı. Yeni vəzifədə qazandığı uğurlu təcrübə onu Azərbaycanın ali siyasi hakimiyyətinə gətirdi. Azərbaycana rəhbərlik etdiyi illər xalqımız üçün ardıcıl qələbələr və davamlı uğurlar silsiləsinə çevrildi. Azərbaycan İttifaq daxilində geridə qalmış aqrar bir ölkədən qabaqcıl sənaye və müasir elmi-texniki nailiyyətlər ölkəsinə çevrildi. Azərbaycanda öz vəzifəsini Qələbə ilə başa vuran Heydər Əliyevə Sovet İttifaqının ali idarəçiliyində ən yüksək vəzifələrdən biri həvalə olundu. Burada da Heydər Əliyev orijinal iş üslubu, xarizmatik lider xüsusiyyətləri ilə milyonların rəğbətini qazandı. Həyatı boyu pillə-pillə yüksəldiyi dövlət qulluğu vəzifələrində ən cəsarətli təşəbbüslərin, ən gözlənilməz həll yollarının və ən riskli siyasi gedişlərin müəllifi kimi yadda qalan Heydər Əliyev Sovetlər İttifaqının ən parlaq siyasi simalarından biri idi. O dünyanın üçdə birini təşkil edən ən böyük ölkəsində milyonların kumirinə çevrilə bilmişdi. 90-cı illər dünya tarixinə böyük dəyişiklər gətirdi. Qlobal miqyaslı dəyişikliklər dünya miqyaslı şəxsiyyətlərin də həyatında öz əksini tapır. Heydər Əliyevin də həyatında ən böyük qələbələri yetişdirəcək yeni tarix - dövlət müstəqilliyi tarixi başladı. Özünün dediyi kimi, “...həyatının qalan hissəsini də öz xalqına xidmətə həsr etdi.” Əvvəlki illərdən daha böyük əzmlə çalışan lider həyatının ən böyük uğurlarına imza atmağı bacardı. Böyük məharətlə ölkəsini vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. Qarabağı işğaldan azad etməyə ömür vəfa etməsə də, o böyük inamla bu azadlığa aparan yolun əsasını qoydu. Qarabağın azadlığına aparan “yol xəritəsi”ni etibarlı əllərə həvalə etdi. Heydər Əliyevin sonuncu möhtəşəm Qələbəsi İlham Əliyev tərəfindən Qarabağın azad olunması ilə təmin edildi. Tarix göstərdi ki, Heydər Əliyev aramızda olmasa da onun siyasəti xalqımıza qələbələr qazandırmaqda davam edir. Həyatı qələbələr salnaməsini xatırladan bu böyük insanın bioqrafiyasına baxanda öz həyatını heç zaman, heç bir şəraitdə özü üçün yaşamadığını görmək olur. Buna baxmayaraq onu tariximizin ən xoşbəxt adamlarından biri hesab etmək olar. Çünki o öz xoşbəxtliyini dövlətinin azadlığında və müstəqilliyində, öz xalqının xoşbəxtliyində görürdü. Bu gün xalqımız dünyanın ən xoşbəxt xalqlarından biridir. Azərbaycanın müstəqilliyi isə Heydər Əliyevin dediyi kimi, “əbədidir, dönməzdir və sarsılmazdır.”

Hamısını oxu