Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin təşkilatçılığı, Göygöl və Daşkəsən Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsən şəhərlərində səyyar kukla tamaşaları təşkil olunub.

Göygöl şəhərində açıq hava şəraitində keçirilən tədbirdə 300 uşaq iştirak edib. Peşəkar yaradıcı teatr heyəti tərəfindən rus yazıçısı Korney Çukovskinin məşhur nağılı əsasında səhnələşdirilmiş “Milçək-Vizilçək” tamaşası nümayiş olunub. Rəngarəng personajlar və maraqlı süjet xətti ilə seçilən tamaşa uşaqlara dostluq, cəsurluq və xeyirxahlıq kimi dəyərləri aşılayıb.

Daşkəsən Rayon Mədəniyyət Mərkəzində təşkil olunan növbəti tamaşada dramaturq Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanmış səhnə əsəri təqdim edilib. 350 uşağın izlədiyi tamaşa sadəlik, təvazökarlıq və qənaətçillik kimi müsbət mənəvi keyfiyyətləri təbliğ edərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirlər çərçivəsində nağıl qəhrəmanlarının iştirakı ilə müxtəlif əyləncəli proqramlar təşkil olunub, uşaqlar üçün interaktiv oyunlar və maraqlı çıxışlar təqdim edilib. Tamaşalarda şəhid ailələrinin övladları, müharibə iştirakçıları və müharibə nəticəsində sağlamlığını itirmiş şəxslərin ailə üzvləri, eləcə də “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi mədənlərin ətrafında yerləşən kəndlərdə yaşayan uşaqlar iştirak ediblər.

“AzerGold” QSC-nin regionlarda həyata keçirdiyi bu mədəni-maarifləndirici təşəbbüs şirkətin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində uşaqların fərdi inkişafına və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş layihələrinin tərkib hissəsidir. Tədbirlərin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların mədəni istirahət imkanlarının artırılması və bayram sevincinin daha yaddaqalan olmasıdır.

2026-06-02 11:51:00
1205 baxış

Digər xəbərlər

Gəncə İdman Liseyində yunan-Roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib

Yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb Veteran.gov.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir ki, cari ilin 8-10 aprel tarixində Gəncə İdman Liseyində U 15 kiçik yaşlı yeniyetmələr arasında yunan-roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib. Birinciliyin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb, yunan-Roma güləşinin inkişafı üçün belə yarışların keçirilməsinin əhəmiyyətini qeyd edib. Məlumat üçün qeyd edək ki, 38 kq, 41 kq, 44 kq, 48 kq , 52 kq, 57 kq , 62 kq , 68 kq , 75 kq, 85 kq çəki dərəcələrində idmançıların mübarizə apardığı yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb. Seymur ƏLİYEV

Hamısını oxu
Zəfərin Səsi - 8 Noyabrın Qəhrəmanları General-leytenant Şahin İsgəndər oğlu Məmmədovun Şərəfli Xidməti

8 Noyabr  - Zəfər Günü Azərbaycan xalqının tarixində əzəmətli qürur və şərəf səhifəsidir. Bu gün biz azadlığımız və suverenliyimiz uğrunda canını, qüvvəsini, biliyini Vətən yoluna sərf etmiş qəhrəman oğullarımızı ehtiramla yad edirik. Zəfərimizin təməlində belə igidlər, vətənpərvər, mərd, dövlətə sədaqətli komandirlər dayanır. Onların sırasında Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanı, general-leytenant Şahin İsgəndər oğlu Məmmədov xüsusi yer tutur. Onun həyat yolu Azərbaycan əsgərinin, zabitinin, sərkərdəsinin necə olmalı olduğunu göstərən parlaq bir nümunədir. Məmmədov Şahin İsgəndər oğlu 10 yanvar 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonunun Zəlimxan kəndi) anadan olmuşdur. 1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov Ali Hərbi Komandanlıq Məktəbini, 1999-cu ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir.1979–1981-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1982–1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbində təhsil almış, 1986–1992-ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, qərargah rəisi vəzifələrində xidmət etmişdir. 1992-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycana dönərək xidmətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində davam etdirmişdir. 1992–1997-ci illərdə əlahiddə tabor komandiri, qərargah rəisi, alay komandiri vəzifələrində, 1998-ci ildən etibarən isə Daxili Qoşunların Baş İdarəsində Qərargah rəisinin müavini, Əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi, Daxili Qoşunların Qərargah rəisinin birinci müavini kimi yüksək vəzifələrdə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli Sərəncamı ilə ona general-mayor, 15 noyabr 2013-cü il tarixli Sərəncamı ilə isə Daxili Qoşunların komandanı vəzifəsi verilmişdir. 11 mart 2015-ci il tarixli Sərəncamla isə general-leytenant hərbi rütbəsinə layiq görülmüşdür. Xidməti fəaliyyətində yüksək peşəkarlıq və vətənə sədaqəti ilə seçilən general Şahin Məmmədov “Azərbaycan Bayrağı” ordeni, “Qarabağ” ordeni, “Hərbi xidmətlərə görə” medalı və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında da fəal iştirak etmiş, 1992-ci ildə Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi ilə yüksəklik düşməndən azad edilmiş, özü isə yaralanmışdır. Bu gün Zəfər Günündə biz bir daha anlayırıq ki, Azərbaycanın qalib ordusu belə sərkərdələrin qətiyyəti, belə zabitlərin fədakarlığı sayəsində formalaşıb. General-leytenant Şahin Məmmədov kimi komandirlər öz həyatlarını dövlətin təhlükəsizliyinə, xalqın rifahına və torpaqlarımızın müdafiəsinə həsr ediblər. Onların xidmət yolu gənclərimiz üçün örnək, vətənə sədaqət məktəbidir. Bu gün Azərbaycan gəncləri bu qəhrəmanlardan ilham alır, onlardan öyrənir. Azərbaycan Veteranlar Təşkilatı adından general-leytenant Şahin İsgəndər oğlu Məmmədovu və onun timsalında bütün vətənpərvər zabit və əsgərlərimizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Sizlərin şərəfli xidmətiniz, fədakarlığınız və dövlətə sədaqətiniz xalqımız üçün qürur mənbəyidir. Qoy Zəfər ruhu daim yaşasın, Vətənimizin səsi hər zaman qalib səslə ucalısın! Yaşasın Azərbaycan əsgəri! Yaşasın qalib Ordumuz! Zəfər Gününüz mübarək!   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.  AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Hörmətli Mehriban Arif qızı.   Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin. Siz öz əzmkarlığınız, peşəkarlığınız və insanlarla işləmək bacarığınız, həssaslıq və xeyirxahlığınızla həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hörmət qazanmısınız. İkitərəfli və beynəlxalq gündəliyin çox məsələlərini müzakirə etdiyimiz, onların həlli üçün ümumi yolları tapdığımız görüş və söhbətlərimizi həmişə xoş duyğularla xatırlayıram. Aramızda yaranmış etimadı çox yüksək dəyərləndirirəm. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizin beynəlxalq münasibətlərin humanistləşdirilməsinə verdiyiniz əhəmiyyətli töhfənizi və bəşəri sosial-mədəni dəyərlərin qorunub saxlanılması və artırılmasında fəal iştirakınızı bilirlər. Sonrakı nəsillərimiz üçün sabit və təhlükəsiz gələcəyin qurulması naminə dünya qadın ictimaiyyətinin həmrəyliyinə yönəlmiş fəaliyyətinizi də yaxşı bilirik və yüksək dəyərləndiririk. Mehriban xanım, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, ruh yüksəkliyi, sülh, xoş günlər və rifah arzulayıram. Qoy, dostlarınızın və həmkarlarınızın hörməti və dəstəyi, doğmalarınızın və yaxınlarınızın səmimiyyəti və sevgisi hər zaman həyatınızın bəzəyi olsun. Sizi Rusiyada görməyə hər zaman şad olaram. Sizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm

Hamısını oxu
Tehran sülh istəmir, amma müharibə aparmağı da bacarmır - TƏHLİL!!

5 mart 2026-cı il tarixində İranın Naxçıvandakı bir sıra mülki obyektləri dron zərbəsinə məruz qoyması yalnız ölkəmizdə deyil, bütün dünyada ciddi etiraz və narahatlığa səbəb olub. ABŞ-İsrail koalisiyasının dağıdıcı zərbələrinə məruz qaldığı, aqibəti tükdən asılı olduğu bir zamanda İranın Azərbaycana heç bir əsas olmadan dron zərbələri endirməsi, rəsmi Tehranın qeyri-dost və qeyri-məntiqi davranışıdnan xəbər verir. Bu gerçək onu deməyə əss verir ki, molla rejimi nə yaxın, nə də uzaq ölkələrlə münasibətdə sülh istəmir və öz mövcudluğunu xaosda, digər dövlətlərlə qarşıdurmalar fonunda tapır. Bununla yanaşı, İranın Naxçıvandakı mülki obyektlərə zərbə endirməsi sübut edir ki, molla rejimi müharibə aparmağı da bacarmır. Çünki istər beynəlxalq hüquq və konvensiyalar, istərsə də əxlaq və mənəviyyat mülki insanları hərbi əməliyyatların hədəfinə çevirməyi yasaqlayır. Lakin İranın bu hüquqi-mənəvi qadağanı nəzərə almaması, öz hərbi gücünü dinc insanları hədəf almaqla isbatlamağa çalışması İranın müharibə mədəniyyətindən məhrum olduğunu göstərir. Bu, eyni zamanda İranın müharibədə belə heç bir əxlaq, heç bir mənəviyyat tanımadığını sübut edir. Təsadüfi deyil ki, 5 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı İranın bu addımını namərdlik kimi qiymələtdirərək deyib: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”. (https://president.az/az/articles/view/71792 ) Daha sonra çıxışı davam etdirən Müzəffər Ali Baş Komandan Tehran rejimini həm də nankorluqda ittiham edib: “Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”. (https://president.az/az/articles/view/71792 ). Məlumat üçün xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri erməni faşizminə qarşı 44 günlük Vətən müharibəsində belə heç bir mülki obyekti, dinc insanı hədəf almayıb, bir nəfər də olsa sadə vətəndaşa xəsarət yetrməyib. Hətta mülki infrstrukturu və dinc insanları qorumaq üçün ordumuz mülki obyektlər içərisində ermənilərin quraşdırdığı artilleriya qurğularına belə atəş açmayıb, yaxud, bu atəş son dərəcə dəqiqliklə endirilib. Azərbaycan Ordusu eyni həssaslığı 2023-cü ilin 19-20 sentyabr tarixlərində reallaşdırılan anti-terror əməliyyatlarında da sərgiləyib. Məhz bunun nəticəsidir ki, anti-terror əməliyyatından sonra  - 1 oktyabr 2023-cü il tarixində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə Qarabağ regionuna səfər edən BMT missiyası hərbi əməliyyat nəticəsində heç bir mülki infrastruktura zərər dəymədiyini bildrib. Bu rəy onların missiya ilə bağlı hesabatında da yer alıb. (https://azerbaijan.un.org/az/248051-bmt-nin-qaraba%C4%9Fa-missiyas%C4%B1-ba%C5%9Fa-%C3%A7at%C4%B1b ). Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, İranın bütün digər məsələlərdə olduğu kimi müharibə mədəniyyəti sahəsində də Azərbaycandan, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən öyrənməli olduğu çox şey var. Lakin molla rejiminin mahiyyətini - sonsuz cılızlığını, sözü ilə əməli arasındakı ənənəvi ziddiyyəti, əxlaq və mənəviyyatdan hədsiz uzaqlığını nəzərə alsaq, əminliklə bir söz demək olar: İran heç vaxt bu ucalğı yüksələ bilməyəcək! Seymur ƏLİYEV  

Hamısını oxu