Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd olunub

24 iyun 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd olunub. Tədbirdə müxtəlif kateqoriyadan olan veteranlar, Müdafiə Nazirliyinin nümayəndələri, Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin  kollektivi, gənclər və s. iştirak edib.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də, dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 26 iyun tarixinin əhəmiyyətindən danışıb, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasında ordumuzun üzərinə düşən şərəfli missiyadan söz açıb:

“Öncə hər kəsi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, ordumuza, onun hər bir nümayəndəsinə xidməti fəaliyyətində uğurlar arzulayıram.

Hörmətli tədbir iştirakçıları, bu gün müstəqil Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın milli birliyinin və ordumuzun yenilməz döyüş ruhunun təcəssümü olan Silahlı Qüvvələr Gününü böyük qürur və iftixar hissi ilə qeyd edirik.

Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti nəticəsində formalaşmış, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək regionun ən qüdrətli ordularından birinə çevrilmişdir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu gün yüksək peşəkarlığa, möhkəm nizam - intizama və müasir hərbi texnologiyalara əsaslanan güclü hərbi qüvvə kimi formalaşmışdır. Ordumuzun şəxsi heyəti vətənpərvərlik ruhu, döyüş hazırlığı və yüksək mənəvi dəyərləri ilə seçilir.

Şanlı Ordumuz Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk olunmuş şərəfli bir tarix yazmışdır. Bu əlamətdar gündə Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə iştirakçılarına və bütün hərbi qulluqçularımıza minnətdarlığımızı bildiririk.

Təşkilatımıza üzvlüyə qəbul olunanlar, sizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Əminik ki, siz veteran təcrübəsinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli həmrəyliyin gücləndirilməsinə töhfə verəcəksiniz”.

Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim olunub, təşkilatın inzibati binasında səliqə-səhmanın qorunmasında, abadlıq işlərinin aparılmasında bizə dəstək verdiklərinə görə Nərimanov rayon Mənzil kommunal təsərrüfat birliyinin bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunublar.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri Vladimir Timoşenko, İmran Əbilov, o cümlədən, 44 günlük Vətən müharibəsi veteranı Ramin Şirinov Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, Azərbaycan Silahlı Qüvvələrinə uğurlar arzulayıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Seymur ƏLİYEV

2026-06-24 12:35:00
834 baxış

Digər xəbərlər

“Bu, Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı, yeni böhtan kampaniyasıdır.docx

“Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda məhkəməsi keçirilən erməni separatçıların guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı açıqlaması gülüncüdür və bu, İrəvanın ölkəmizə qarşı növbəti təxribatıdır”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Paşinyan bu kimi bəyanatlarla məsuliyyətdən yayınmağa çalışır:   “Heç kimə sirr deyil ki, məhkəmə prosesinə cəlb edilən erməni separatçılarının hamısı həm işğal dönəmində, həm də 44 günlük Vətən müharibəsi zamanı xalqımıza qarşı bir-birindən dəhşətli cinayətlərə yol verib, böyük vəhşiliklər törədiblər. Yəni, bu şəxslərin bəd əməlləri, axıtdığı qanlar hər kəsə bəllidir. Bu gün həmin cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi, bu cinayətlərə görə ədalətli cəzanın müəyyənləşdirilməsi prosesi gedir və Azərbaycan bu prosesi bütün dünyanın gözləri önündə, açıq, şəffaf şəkildə həyata keçirir.   Paşinyanın məhkəmədə dindirilən separatçıların guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı səsləndirdiyi fikirlər absurddur və duyduğu qorxu hiki çıxşlarında bu cinayətlərin bir çoxunu məhz İrəvanın – Paşinyanın göstərişi ilə elədiklərini bildirəcəklər. Bununla da, Paşinyanla bağlı yeni ittihamlar, törətdiyi bəd əməllərlə bağlı əlavə sübut və faktlar ortaya çıxacaq. Məhz bu prosesi qabaqlamaq, ictimai rəyi çaşdırmaq üçün Paşinyan bu cür sərsəm bəyanatlar verir. Ancaq o, bilməlidir ki, heç bir halda məsuliyyətdən qaça, Azərbaycanın separatçılarla bağlı keçirdiyi şəffaf məhkəmə prosesinə kölgə sala bilməyəcək. Azərbaycan xalqı qarşısında cinayət törədənlər mütləq şəkildə məsuliyyətə cəlb olunacaq və layiq olduqları cəzanı alacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
“O, həm elm xadimi, həm siyasətçi, həm də millət vəkili kimi böyük uğurlara imza atıb”

Bu gün Azərbaycan xalqının böyük oğlu, filologiya elmləri foktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor Həsən Mirzəyevin vəfatının növbəti ildönümüdür.  Bu münasibətlə Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov Həsən Mirzəyevin Azərbaycan elmindəki tarixi roluna, şəxsiyyət kimi böyüklüyünə diqqət çəkib: “Mən Həsən müəllimi Azərbaycan dilində “fel” monoqrafiyası üzərində işlədiyi dönəmlərdə tanıdım. O zaman Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasına gəlirdi. O vaxt həmin kafedranın müdiri böyük alimimiz rəhmətlik Əlövsət Abdullayev idi. Mən həmin vaxt  aspirant idim və Həsən müəllimlə də həmin dönəmdə tanış oldum. Həsən müəllim çox çevik, milli, təəssübkeş insan idi. O zaman deyirdilər ki, Həsən müəllim feldən yazır, özü də fel kimidir. Yəni çox hərəkətli və çevikdir. Biz sonra Həsən müəllimlə dost olduq, yoldaşlıq, əməkdaşlıq elədik. Həmişə gördüm ki, Həsən müəllim elə hey harasa qaçır, harasa tələsir. Hərəkətlilik onun həyat tərzi, düşüncə tərzi idi. Sonrakı dönəmdə Həsən müəllimin 10 cildlik əsərləri çap edildi”. “O, həm elmdə, həm də siyasətdə yaxşı ad qoydu, gözəl ənənələr yaratdı” Nizami Cəfərov Həsən Mirzəyevin ictimai-siyasi xadim kimi də böyük əməllərə imza atdığını bildirib: “Həsən müəllim ictimai-siyasi işlərdə də çox fəal idi. O, bütün qəlbi ilə Heydər Əliyevi sevir, onun ideyalarını təbliğ edirdi. Həsən müəllim bir alim kimi Azərbaycanın müstəqilliyin keşiyində əzmlə dayanırdı. Onun siyasətçi və millət vəkili kimi də böyük xidmətləri olub. Həsən müəllim həm elmdə, həm də siyasətdə yaxşı ad qoydu, gözəl ənənələr yaratdı. Yadımdadır ki, o zaman Pedaqoji Universitetin bəzi dilçiləri özlərini Həsən müəllimin məktəbinin nümayəndələri hesab edirdilər. Həsən müəllim onlara çox qayğı göstərirdi”. “Onun istedadının miqyası böyük, enerjisi tükənməz idi” Görkəmli akademik Həsən Mirzəyevin tükənməz enerji və yaradıcılıq eşqinə malik olduğunu vurğulayıb:  “Həsən müəllim çoxlu əsərlər yazdı. O, şeir də yazırdı. Onun istedadının miqyası böyük, enerjisi tükənməz idi. O, gözəl insan idi, insanlar arasında xoş, yaxşı münasibətlər yaratmağın tərəfdarı idi. O, həm dilçiliyimizin, həm ədəbiyyatımızın, həm ictimai-siyasi fikrimizin, həm də ziyalılığımız tarixində əsl təəssübkeş kimi qalan böyük şəxsiyyətdir”. “Professor Mahirə Hüseynova Həsən müəllimin yolunu uğurla davam etdirir” Nizami Cəfərov professor Mahirə Hüseynovanın elmi fəaliyyətini də yüksək qiymətləndirib: “Həsən müəllimin yolunu həm dilçi, həm də ictimai-siyasi xadim kimi bacısı qızı Mahirə Hüseynova yüksək səviyyədə davam etdirir. Mahirə xanım Həsən müəlllimin irsini qoruyan, yaşadan, təhlil edən bir ziyalıdır. O, Həsən müəllimin yaratdığı dəyərləri yüksək tutan hörmətli elm xadimidir. Mən Həsən müəllimə rəhmət diləyir, Mahirə xanıma uğurlar arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu
Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər

Suraxanı rayonunda ağacların kəsilərək yerində obyekt tikilməsinə dair məlumatlar yayılıb. Məsələni araşdıran zaman məlum olub ki, həqiqətən də Yeni Günəşli qəsəbəsində bir neçə ağac kəsilərək yerində obyektlər tikilir. COP29 kimi dünya miqyasında mötəbər iqlim tədbirlərinə ev sahibliyi edən Azərbaycanda kiminsə biznes maraqlarına görə ağacların kəsilməsi təəssüf doğurur. Bu illərdir ölkəmizdə aparılan yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və ekoloji təmiz şəhər siyasətinə zidd addımlardır. Bu hadisə Bakıətrafı hansısa yeni tikilən məhəllədə baş versəydi, düşünmək olardı ki, gözdən yayınıb, amma ağacların kəsilərək yerində obyekt tikilməsi Ramiz Cəfərov küçəsində, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin yaxınlığında, yerli icra strukturlarının gözü önündə baş verib. Belə ki, ikinci Qarabağ müharibəsi qazisi olduğunu deyən Elvin Zeynalov ərazidəki ağacları kəsdirərək yerinə dəmir konstruksiyalar ilə quraşdırılmış kiosk yerləşdirib.  Həmin ərazi SOCAR-ın Azneft İstehsalat Birliyinin balansında olduğundan neft sənayesi obyektlərinin təhlükəsizliyini təmin edən “Security Operation Services” özəl mühafizə şirkətinin əməkdaşları torpaq sahəsinin özbaşına zəbt edilərək üzərində qanunsuz obyekt tikilməsinə icazə verməyib. Əməlinin qanuna zidd olması barədə Elvin Zeynalova mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq olunub, lakin o ətrafına topladığı bir neçə müharibə veteranı ilə birlikdə tikintinin dayandırılmasını tələb edən mühafizəçilərə hücum çəkib. Elvin Zeynalov nümayişkəranə şəkildə heç bir sənədinin olmadığını, “Qarabağ qazisi” olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib. Torpaq zəbti barədə Daxili İşlər Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Lakin əraziyə gələn icra hakimiyyətinin əməkdaşları nədənsə qanunsuz torpaq zəbtinə laqeyd münasibət sərgiləyib, hətta obyekt tikintisinə göz yummadıqları üçün mühafizəçilərlə münaqişəyə belə giriblər. İcazəsiz daşı daş üstünə qoymağın mümkün olmadığını bildiyimiz üçün icra hakimiyyətinin işçilərinin qanunsuz tikintiyə olan “isti” münasibəti bizdə bu özbaşına tikilinin hansı dairələrdə “bişməsinə” dair müəyyən təsəvvürlər yaradır. İnternetdə kiçik araşdırma etməklə Elvin Zeynalovun bundan öncə də bir neçə dəfə qanunsuz torpaq zəbti həyata keçirdiyini öyrəndik.(BAX: https://report.az/hadise/qazi-adindan-istifade-ede...) Belə ki, o 2021-ci ildə Sabunçu rayonu ərazisində neft kəmərinin mühafizə zonasında boş torpaq sahəsini zəbt edərək üzərində qanunsuz tikinti işləri həyata keçirib. “Evim yoxdu, illərdir kirayələrdə sürünürəm” deyən Elvin Zeynalovun inşaat işləri sona yaxınlaşdıqca tikilinin ev yox, obyekt olduğu məlum olub. Bir neçə müddət sonra isə Elvinin həmin obyekti məşhur mağazalar şəbəkəsinə icarəyə verdiyinə dair videolar paylaşılıb: Elvin Zeynalov bütün müharibə əlilləri kimi dövlətin tam sosial qayğısı ilə əhatə olunub, hətta əldə etdiyimiz məlumata görə, ona mənzil də verilib. Bununla belə “Qarabağ qazisi” adından istifadə edib qanunsuz işlərinə göz yumulmasını tələb edən Elvinin əməlləri təəssüf doğurur. Və bütün bunlardan sonra insanda sual yaranır, Elvin Zeynalov neçə obyekt sahibi olmalıdır ki, neft sənayesinə aid torpaqları zəbt etməkdən gözü doysun, qanunsuz əməllərindən əl çəksin? azpolitika.info

Hamısını oxu
“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi”

Azərbaycan xalqı bu günlərdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edir. Bu günlər xalqımız üçün sadəcə qələbəni xatırlamaq deyil, həm də milli varlığımızı, hər bir azərbaycanlının ürəyində yaşayan torpaq sevgisini, bütövlük arzusunu yenidən dərk etmək deməkdir. 2020-ci ilin həmin möhtəşəm payız günləri tariximizin ən şərəfli və ən yadda qalan səhifələrindən birinə çevrildi. 44 gün ərzində xalqın iradəsi, dövlətin gücü və ordunun əzmi bir amal ətrafında birləşərək “Dəmir yumruq” kimi sıxıldı və illərlə davam edən işğala son qoydu. Məhz buna görə də həmin günlərin hər dəqiqəsi, hər anı hər bir azərbaycanlının yaddaşında həkk olunmuş müqəddəs xatirədir. Bu xatirə həm də torpağımızın azadlığı uğrunda canından keçən, adını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin and yerinə çevrilmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” əsəri məhz bu tarixi mərhələnin mahiyyətini, dövlət başçısının müstəsna liderliyini və ordumuzun misilsiz qəhrəmanlığını elmi-publisistik şəkildə təhlil edən qiymətli mənbədir. Müəllif faktlara əsaslanaraq göstərir ki, Azərbaycan Ordusunun əldə etdiyi bu möhtəşəm qələbə uzun illər ərzində formalaşan milli iradənin, siyasi məqsədyönlülüyün və ölkənin hərbi-siyasi strategiyasının məntiqi nəticəsi idi. Müharibənin arxasında dayanan əsas güc xalq–dövlət birliyi, məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və ordumuzun yenilməz ruhu olmuşdur. 30 il boyunca gözlənilən ədalətin bərpası bu birliyin sayəsində mümkün oldu və Azərbaycan XXI əsrin hərb tarixində iz qoyan qələbə qazandı. Kitabda müəllif 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı separatçı hərəkatın tarixi köklərini geniş şəkildə araşdırır. Qarabağ münaqişəsi sadəcə iki xalq arasında yaranmış lokal problem deyildi. Bu, Sovet İttifaqının son illərində geosiyasi maraqlarla manipulyasiya edilən, beynəlxalq güclərin müdaxiləsi ilə dərinləşən və Azərbaycan xalqına böyük faciələr yaşadan bir proses idi. Ermənistanın ideoloji əsaslara söykənən işğalçılıq siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsi viran edilmiş, bir milyonadək soydaşımız doğma yurdlarından didərgin salınmışdı. Bakı Xocalının amansız qətliamını, Şuşanın itirilməsini, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Zəngilanın və Qubadlının işğala məruz qalmasını heç vaxt unutmadı. Bu yaralar xalqın yaddaşında silinməz iz buraxmışdı və azadlıq gününü gözləyən hər bir azərbaycanlı həmin tarixi ədalətin bərpasına inanırdı. Müəllif haqlı olaraq 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi kimi qiymətləndirir. O dövrdə ölkədə hökm sürən xaos, ordunun zəifliyi, siyasi parçalanmalar və xarici müdaxilələr gənc dövlətin varlığını təhlükəyə atmışdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sabitlik bərpa olundu, dövlətçilik əsasları möhkəmləndirildi, müasir ordu quruculuğunun təməli qoyuldu və Azərbaycanın milli təhlükəsizlik konsepsiyası formalaşdı. Sonrakı illərdə İlham Əliyevin bu siyasəti yeni mərhələyə yüksəldərək modern ordunun, güclü iqtisadiyyatın və beynəlxalq nüfuzun bünövrəsini yaratdı. Cəlil Xəlilovun vurğuladığı kimi, məhz bu sistemli iş 2020-ci ildə qələbənin əsasını təşkil edirdi. İkinci Qarabağ müharibəsinin başlanması Ermənistanın ardıcıl təxribatlarının nəticəsi idi. Tovuz hadisələri, sərhəd boyunca gərginlik və Azərbaycanın mülki əhalisinə qarşı atəşlərin açılması artıq işğalçı dövlətin məqsədini açıq göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hücumu Azərbaycanın səbr kasasını daşırdı və ordumuz haqq müharibəsinə başladı. Cəmisi bir neçə gün ərzində Azərbaycanın müxtəlif istiqamətlərdə qazandığı uğurlar təkcə hərbi üstünlüyümüzün deyil, həm də ordunun ruh yüksəkliyinin və qələbə amalının parlaq göstəricisi idi. Hər qarış torpağın, hər kənd və qəsəbənin azad edilməsi xalqda möhtəşəm birlik hissi yaratdı və “Dəmir yumruq” Azərbaycan xalqının həmrəyliyinin rəmzinə çevrildi. Kitabda Azərbaycan Ordusunun fəaliyyəti yüksək elmi təhlillə təqdim edilir. Ordumuzun döyüş qabiliyyəti, müasir silah sistemlərindən effektiv istifadə etmə bacarığı, əməliyyatların dəqiqliklə planlaşdırılması və hərbi qulluqçularımızın fədakarlığı dövlətimizin gücünü bir daha nümayiş etdirdi. Bu müharibə yalnız pilotsuz uçuş aparatlarının üstünlüyü ilə deyil, həm də quru qoşunlarının, xüsusi təyinatlıların, artilleriya və tank birləşmələrinin sinxron fəaliyyəti ilə dünyaya nümunə oldu. Azərbaycan əsgəri qarşısında ən çətin relyefi belə aşaraq irəlilədi və qəhrəmanlığı ilə hərb tarixinə düşdü. Şuşanın qayalıqlarından qalxan döyüşçülərimiz yüngül silahlarla, bəzən əlbəyaxa mübarizə ilə şəhəri düşməndən təmizləyərək qəhrəmanlıq salnaməsi yazdılar. Bu əməliyyatın uğuru dünya ekspertləri tərəfindən “XXI əsrin hərb möcüzəsi” kimi qiymətləndirildi. Bu qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı dayanır. Şəhidlərimizin hər biri Azərbaycanın bütövlüyü uğrunda canını fəda etdi və bu torpaqlara əbədiyyət möhürü vurdu. Qazilərimiz isə həyatlarını riskə ataraq döyüş meydanında misilsiz qəhrəmanlıq göstərdilər. Onların bəziləri ayaqlarını, qollarını, bəziləri gözlərini itirsə də, heç biri qələbə amalından dönmədi. Qazilərimizin hər biri bu xalqın canlı qəhrəmanlarıdır və dövlət tərəfindən onlara göstərilən qayğı əsərdə geniş şəkildə qeyd olunur. Müəllif vurğulayır ki, Azərbaycanın igid oğullarının fədakarlığı milli yaddaşımızın ən parlaq səhifələrini təşkil edir və gələcək nəsillər üçün örnəkdir. Müharibənin gedişində təhlükəsizlik orqanlarının fəaliyyəti də kitabda əhatəli şəkildə araşdırılır. Dövlət Təhlükəsizliyi Xidmətinin düşmənin daxili diversiya planlarının qarşısını alması, ölkədə sabitliyi təmin etməsi, əməliyyat məlumatlarının ordunun istifadəsinə çatdırılması qələbənin əldə edilməsində mühüm rol oynadı. 44 gün ərzində bircə dəfə belə daxili sabitliyin pozulmaması, terror aktlarının baş verməməsi Azərbaycanın güclü təhlükəsizlik sisteminə malik olduğunu sübut etdi. Zəfərdən sonra Qarabağda həyata keçirilən quruculuq işləri də əsərin mühüm istiqamətlərindəndir. Müəllif geniş şəkildə göstərir ki, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı işlərə start verildi. Füzuli, Zəngilan və Laçında hava limanlarının tikilməsi, yolların çəkilməsi, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası, məktəblərin, xəstəxanaların, yaşayış məhəllələrinin inşası Azərbaycanın bu torpaqlara həyat qaytarmaq əzmini nümayiş etdirir. Artıq yüzlərlə ailənin doğma yurdlarına qayıtması Zəfərin real nəticəyə çevrildiyini sübut edir. Müəllif sülh prosesini də geniş təhlil edərək qeyd edir ki, İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifidir. Azərbaycanın bölgədə yaratdığı yeni reallıq, Ermənistanla aparılan danışıqlarda tutduğu prinsipial mövqe, region ölkələri ilə əməkdaşlıq təşəbbüsləri ölkəmizin Cənubi Qafqazda aparıcı gücə çevrildiyini göstərir. Bu gün Azərbaycan diktə edən, şərtləri müəyyənləşdirən tərəfdir və bu reallıq sülhün uzunmüddətli olmasını şərtləndirir. Nəticə etibarilə, Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabı müasir Azərbaycan tarixinin ən həlledici mərhələlərini dərindən təhlil edən, ordumuzun şücaətini, şəhid və qazilərimizin qəhrəmanlığını, Prezident İlham Əliyevin liderlik fenomenini əhatəli şəkildə təqdim edən sanballı bir tədqiqat əsəridir. Bu kitab bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsi milli birliyin, dövlətin qüdrətinin və xalqın əzminin təntənəsi idi. Bu Zəfər həm bu günümüzün qürur mənbəyidir, həm də gələcək nəsillərin milli kimliyini formalaşdıran əbədi ideoloji dayaqlardan biri olacaq.  s.e.f.d., dos. Murtəza Həsənoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Siyasi İdarəetmə fakültəsinin dekanı  

Hamısını oxu