Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi”

Azərbaycan xalqı bu günlərdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edir. Bu günlər xalqımız üçün sadəcə qələbəni xatırlamaq deyil, həm də milli varlığımızı, hər bir azərbaycanlının ürəyində yaşayan torpaq sevgisini, bütövlük arzusunu yenidən dərk etmək deməkdir. 2020-ci ilin həmin möhtəşəm payız günləri tariximizin ən şərəfli və ən yadda qalan səhifələrindən birinə çevrildi. 44 gün ərzində xalqın iradəsi, dövlətin gücü və ordunun əzmi bir amal ətrafında birləşərək “Dəmir yumruq” kimi sıxıldı və illərlə davam edən işğala son qoydu. Məhz buna görə də həmin günlərin hər dəqiqəsi, hər anı hər bir azərbaycanlının yaddaşında həkk olunmuş müqəddəs xatirədir. Bu xatirə həm də torpağımızın azadlığı uğrunda canından keçən, adını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin and yerinə çevrilmişdir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” əsəri məhz bu tarixi mərhələnin mahiyyətini, dövlət başçısının müstəsna liderliyini və ordumuzun misilsiz qəhrəmanlığını elmi-publisistik şəkildə təhlil edən qiymətli mənbədir. Müəllif faktlara əsaslanaraq göstərir ki, Azərbaycan Ordusunun əldə etdiyi bu möhtəşəm qələbə uzun illər ərzində formalaşan milli iradənin, siyasi məqsədyönlülüyün və ölkənin hərbi-siyasi strategiyasının məntiqi nəticəsi idi.

Müharibənin arxasında dayanan əsas güc xalq–dövlət birliyi, məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və ordumuzun yenilməz ruhu olmuşdur. 30 il boyunca gözlənilən ədalətin bərpası bu birliyin sayəsində mümkün oldu və Azərbaycan XXI əsrin hərb tarixində iz qoyan qələbə qazandı.

Kitabda müəllif 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı separatçı hərəkatın tarixi köklərini geniş şəkildə araşdırır. Qarabağ münaqişəsi sadəcə iki xalq arasında yaranmış lokal problem deyildi. Bu, Sovet İttifaqının son illərində geosiyasi maraqlarla manipulyasiya edilən, beynəlxalq güclərin müdaxiləsi ilə dərinləşən və Azərbaycan xalqına böyük faciələr yaşadan bir proses idi. Ermənistanın ideoloji əsaslara söykənən işğalçılıq siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsi viran edilmiş, bir milyonadək soydaşımız doğma yurdlarından didərgin salınmışdı. Bakı Xocalının amansız qətliamını, Şuşanın itirilməsini, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Zəngilanın və Qubadlının işğala məruz qalmasını heç vaxt unutmadı. Bu yaralar xalqın yaddaşında silinməz iz buraxmışdı və azadlıq gününü gözləyən hər bir azərbaycanlı həmin tarixi ədalətin bərpasına inanırdı.

Müəllif haqlı olaraq 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi kimi qiymətləndirir. O dövrdə ölkədə hökm sürən xaos, ordunun zəifliyi, siyasi parçalanmalar və xarici müdaxilələr gənc dövlətin varlığını təhlükəyə atmışdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sabitlik bərpa olundu, dövlətçilik əsasları möhkəmləndirildi, müasir ordu quruculuğunun təməli qoyuldu və Azərbaycanın milli təhlükəsizlik konsepsiyası formalaşdı. Sonrakı illərdə İlham Əliyevin bu siyasəti yeni mərhələyə yüksəldərək modern ordunun, güclü iqtisadiyyatın və beynəlxalq nüfuzun bünövrəsini yaratdı. Cəlil Xəlilovun vurğuladığı kimi, məhz bu sistemli iş 2020-ci ildə qələbənin əsasını təşkil edirdi.

İkinci Qarabağ müharibəsinin başlanması Ermənistanın ardıcıl təxribatlarının nəticəsi idi. Tovuz hadisələri, sərhəd boyunca gərginlik və Azərbaycanın mülki əhalisinə qarşı atəşlərin açılması artıq işğalçı dövlətin məqsədini açıq göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hücumu Azərbaycanın səbr kasasını daşırdı və ordumuz haqq müharibəsinə başladı. Cəmisi bir neçə gün ərzində Azərbaycanın müxtəlif istiqamətlərdə qazandığı uğurlar təkcə hərbi üstünlüyümüzün deyil, həm də ordunun ruh yüksəkliyinin və qələbə amalının parlaq göstəricisi idi. Hər qarış torpağın, hər kənd və qəsəbənin azad edilməsi xalqda möhtəşəm birlik hissi yaratdı və “Dəmir yumruq” Azərbaycan xalqının həmrəyliyinin rəmzinə çevrildi.

Kitabda Azərbaycan Ordusunun fəaliyyəti yüksək elmi təhlillə təqdim edilir. Ordumuzun döyüş qabiliyyəti, müasir silah sistemlərindən effektiv istifadə etmə bacarığı, əməliyyatların dəqiqliklə planlaşdırılması və hərbi qulluqçularımızın fədakarlığı dövlətimizin gücünü bir daha nümayiş etdirdi. Bu müharibə yalnız pilotsuz uçuş aparatlarının üstünlüyü ilə deyil, həm də quru qoşunlarının, xüsusi təyinatlıların, artilleriya və tank birləşmələrinin sinxron fəaliyyəti ilə dünyaya nümunə oldu. Azərbaycan əsgəri qarşısında ən çətin relyefi belə aşaraq irəlilədi və qəhrəmanlığı ilə hərb tarixinə düşdü. Şuşanın qayalıqlarından qalxan döyüşçülərimiz yüngül silahlarla, bəzən əlbəyaxa mübarizə ilə şəhəri düşməndən təmizləyərək qəhrəmanlıq salnaməsi yazdılar. Bu əməliyyatın uğuru dünya ekspertləri tərəfindən “XXI əsrin hərb möcüzəsi” kimi qiymətləndirildi.

Bu qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı dayanır. Şəhidlərimizin hər biri Azərbaycanın bütövlüyü uğrunda canını fəda etdi və bu torpaqlara əbədiyyət möhürü vurdu. Qazilərimiz isə həyatlarını riskə ataraq döyüş meydanında misilsiz qəhrəmanlıq göstərdilər. Onların bəziləri ayaqlarını, qollarını, bəziləri gözlərini itirsə də, heç biri qələbə amalından dönmədi. Qazilərimizin hər biri bu xalqın canlı qəhrəmanlarıdır və dövlət tərəfindən onlara göstərilən qayğı əsərdə geniş şəkildə qeyd olunur. Müəllif vurğulayır ki, Azərbaycanın igid oğullarının fədakarlığı milli yaddaşımızın ən parlaq səhifələrini təşkil edir və gələcək nəsillər üçün örnəkdir.

Müharibənin gedişində təhlükəsizlik orqanlarının fəaliyyəti də kitabda əhatəli şəkildə araşdırılır. Dövlət Təhlükəsizliyi Xidmətinin düşmənin daxili diversiya planlarının qarşısını alması, ölkədə sabitliyi təmin etməsi, əməliyyat məlumatlarının ordunun istifadəsinə çatdırılması qələbənin əldə edilməsində mühüm rol oynadı. 44 gün ərzində bircə dəfə belə daxili sabitliyin pozulmaması, terror aktlarının baş verməməsi Azərbaycanın güclü təhlükəsizlik sisteminə malik olduğunu sübut etdi.

Zəfərdən sonra Qarabağda həyata keçirilən quruculuq işləri də əsərin mühüm istiqamətlərindəndir. Müəllif geniş şəkildə göstərir ki, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı işlərə start verildi. Füzuli, Zəngilan və Laçında hava limanlarının tikilməsi, yolların çəkilməsi, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası, məktəblərin, xəstəxanaların, yaşayış məhəllələrinin inşası Azərbaycanın bu torpaqlara həyat qaytarmaq əzmini nümayiş etdirir. Artıq yüzlərlə ailənin doğma yurdlarına qayıtması Zəfərin real nəticəyə çevrildiyini sübut edir.

Müəllif sülh prosesini də geniş təhlil edərək qeyd edir ki, İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifidir. Azərbaycanın bölgədə yaratdığı yeni reallıq, Ermənistanla aparılan danışıqlarda tutduğu prinsipial mövqe, region ölkələri ilə əməkdaşlıq təşəbbüsləri ölkəmizin Cənubi Qafqazda aparıcı gücə çevrildiyini göstərir. Bu gün Azərbaycan diktə edən, şərtləri müəyyənləşdirən tərəfdir və bu reallıq sülhün uzunmüddətli olmasını şərtləndirir.

Nəticə etibarilə, Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabı müasir Azərbaycan tarixinin ən həlledici mərhələlərini dərindən təhlil edən, ordumuzun şücaətini, şəhid və qazilərimizin qəhrəmanlığını, Prezident İlham Əliyevin liderlik fenomenini əhatəli şəkildə təqdim edən sanballı bir tədqiqat əsəridir. Bu kitab bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsi milli birliyin, dövlətin qüdrətinin və xalqın əzminin təntənəsi idi. Bu Zəfər həm bu günümüzün qürur mənbəyidir, həm də gələcək nəsillərin milli kimliyini formalaşdıran əbədi ideoloji dayaqlardan biri olacaq.

 s.e.f.d., dos. Murtəza Həsənoğlu,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,

Siyasi İdarəetmə fakültəsinin dekanı

 

2025-12-02 12:58:00
2614 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov veteran qadınları 8 Mart münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Mart münasibətilə veteran qadınları təbrik edib, onlara ən xoş arzularını bildirib: “8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə başda Təşkilatımızın sədri Fatma xanım Səttarova olmaqla, bütün veteran qadınlarımızı ürəkdən təbrik edir, onlara uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayıram. Veteran qadınlarımız xalqımızın qəhrəmanlığının, fədakarlığının, mübarizə ruhunun rəmzidir. Onlar müharibə vaxtı həm ön cəbhədə, həm də arxa cəbhədə xarüqələr yaratmış, öz cəsarətləri, zəhmətkeşlikləri ilə nümunə olmuşdular. Onlar gənc nəslin mill-mənəvi dəyərlərə bağlı şəkildə formalaşmasında da mühüm rol oynamış, yeniyetmə və gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etmişdilər. Əminəm ki, hər zaman olduğu kimi bundan sonra da cəmiyyətimiz bütün qadınlarımıza, eləcə də veteran qadınlara diqqət və qayğı göstərəcək, onlara xüsusi hörmət və ehtiramla yanaşacaq. Bir daha veteran qadınlarımızı bayram münasibətilə təbrik edir, bütün arzularının ən qısa zamanda reallaşmasını diləyirəm”.  

Hamısını oxu
YAP hər zaman etimadı doğruldur

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Masallı rayonu, Viləş və Şıxlar kəndlərinin seçiciləri ilə görüşü keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.Görüşü giriş sözü ilə açan YAP Masallı rayon seçki qərargahının üzvü Cəlal Əliyev bildirib ki, postmüharibə dövründə zamanın tələbinə uyğun olaraq inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi yeni reallıqlardan doğan zərurətdir.Seçki hüququ olan hər bir vətəndaşı seçkilərdə fəal iştiraka çağıran C.Əliyev YAP-ın hər zaman verdiyi sözlərə əməl etməsi ilə etimadı doğruldaraq xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov budəfəki parlament seçkilərinin müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsini tarixi və əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, bu uğurların kökündə YAP-ın və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi müdrik siyasət dayanır.M.Məmmədov hazırkı reallıqların fonunda YAP-ın qarşısında duran hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, regionların sosial-iqtisadi inkişafından, Masallı rayonunun istər Vətən müharibəsi dövründə, istərsə də hazırda dövlətin rifahı naminə hər zaman fəallıq göstərdiyini diqqətə çatdırıb. M.Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.Görüşdə çıxış edən seçicilər Bayram Əsgərov, Allahverdi Ağayev, Əlisa Qədiyev, Tahir Əzizov, Subhan Babayev və Miryəhya Bədirov Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara xidmət edən çoxşaxəli islahatların bəhrəsini gördüklərini, YAP-ın hər zaman etimadlarını doğrultduğunu bildiriblər.  

Hamısını oxu
İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahibinə təqdim edib. Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirib.

Hamısını oxu
“Hərbi-texnoloji sahədə dərinləşən əməkdaşlıq Slovakiya-Azərbaycan dostluğunun bariz nümunəsidir”

“Hərbi-texnoloji sahədə dərinləşən əməkdaşlıq Slovakiya-Azərbaycan dostluğunun bariz nümunəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın ölkəmizə səfəri və səfər əsnasında əldə edilən razılaşmalar Azərbaycan-Slovakiya dostluğuna töhfə verəcək: “Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın ölkəmizə səfəri, səfər əsnasında verdiyi açıqlamalar Azərbaycan-Slovakiya əlaqələrinin sürətlə inkişaf etdiyini, iki dövlət arasındakı dostluq münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir. Səfər zamanı Robert Kalinak mətbuata açıqlamasında Azərbaycanın malik olduğu hərbi texnologiya, eləcə də PUA-ların ölkəsi üçün ciddi maraq kəsb etdiyini bildirdi. Həmçinin vurğuladı ki, birgə hərbi istehsalın genişlənməsi, bəzi müasir hərbi texnologiya nümunələrinin bütün elementlərinin Azərbaycanda istehsalı əsas planlardan biridir. Slovakiyanın müdafiə naziri onu da vurğuladı ki, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin edilməsi üçün bilik və texnologiya müstəvisində təcrübə mübadiləsini zəruri hesab edir”. Polkovnik qeyd edib ki,  Robert Kalinakın açıqlamasında diqqət çəkən məqamlardan biri də Slovakiyanın müdafiə nazirinin 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlığa diqqət çəkməsi, dövlətimizi bütün dünya üçün nümunə göstərməsidir: “Slovakiyanın müdafiə nazirinin açıqlamasında qürur doğuran məqamlardan biri də onun Azərbaycanın 44 günlük Vətən müharibəsində apardığı mübarizəyə diqqət çəkməsi, ölkəmizin öz ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı bu mübarizəni digər ölkələr üçün nümunə hesab etməsidir. Robert Kalinak qeyd etdi ki, “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib”. Slovakiyanın müdafiə nazirinin bu sözləri bir daha Vətən müharibəsindəki qalibiyyətimizin bütün dünya tərəfindən tanındığını, onun nəticələrinin ciddi şəkildə təhlil edildiyini göstərir. Ümumiyyətlə, Azərbaycan-Slovakiya münasibətlərinin dinamik inkişafı, iki dövlət arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasətinin çoxsaylı nümunələrindən biridir. Bu fakt sübut edir ki, Azərbaycan milli və qlobal təhlükəsizliyin etibarlı təmini üçün yeni müttəfiqlər tapmaqda, öz hərbi sənayesini sürətlə inkişaf etdirməkdə davam edir və bu proses bundan sonra da qətiyyətli şəkildə davam etdiriləcək”. Seymur ƏLİYEV

Hamısını oxu