Polkovnik Cəlil Xəlilov İsmayıllıda çağırışçılar qarşısında çıxış edib
Təşkilat sədri: “Azərbaycan Silahlı Qüvvələrində xidmət hər bir şəxs üçün qürur mənbəyidir!”
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteraları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 2 iyul 2026-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İsmayıllı Rayon Şöbəsindən əsgərliyə yola salınan çağırışçılar qarşısında çıxış edib. Gənclərə hərbi xidmətdə uğurlar arzulayan polkovnik, Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyin hər bir şəxs üçün böyük qürur və iftixar mənbəyi olduğunu bildirib:
“Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək, vətənin müdafiəsinə qatılmaq, onun təhlükəsizliyində yer almaq hər bir şəxs üçün qürur mənbəyidir. Çünki ordu xalqımızın və dövlətimizin təhlükəsizliyinin qarantı, onun qüdrətinin göstəricisidir. Bu gün siz qalib bir ordunun sıralarında xidmətə yola salınırsınız. Düz 6 il bundan öncə erməni faşizmini darmadağın edərək işğaldakı torpaqları azad edən bu ordu, hazırda bütün dünyanın 50 ən güclü orduları sırasındadır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar, düşmənə qarşı mübarizədə tətbiq etdiyi taktikalar Rusiya, Çin, ABŞ kimi böyük dövlətlər tərəfindən belə böyük diqqətlə tədqiq edilməkdə, öyrənilməkdədir. Siz məhz belə bir orduda xidmət edəcək - əldə silah vətənin müdafiəsində yer almaqla şərəfli bir missiyada iştirak etmiş olacaqsınız. İnanıram ki, hər biriniz sizə olan etimadı doğruldacaq, öz nümunəvi xidmətinizlə ailənizlə yanaşı, xalqımız və dövlətimiz üçün də qürur mənbəyinə çevriləcəksiniz”.
Polkovnik Cəlil Xəlilov son illər SHXÇDX-də həyata keçirilən islahatlara toxunub, çağırış sistemində əldə olunan böyük nailiyyətlərə diqqət çəkib:
“Bizim üçün sevindiricidir ki, dövlət başçısının diqqəti və qayğısı sayəsində SHXÇDX-nin fəaliyyətində son illər çox ciddi dəyişikliklər baş verib, önəmli nailiyyətlər əldə olunub. SHXÇDX-də işin çevik, müasir tələblər səviyyəsində təşkili, hər bir addımda vətəndaş məmnunluğunun nəzərə alınması, elektron xidmətlərin genişləndirilməsi və s. cəmiyyət tərəfindən də məmnunluqla qarşılanmaqdadır. Mən bütün bu uğurlara görə SHXÇDX-nin hər bir əməkdaşını, xüsusilə də Xidmət rəisi general-mayor Mürsəl İbrahimovu təbrik edir, onlara öz fəaliyyətində uğurlarlar arzulayıram.
Bu gün burada – SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsində şahid olduqlarımdan sonra bir daha əmin oldum ki, SHXÇDX öz tarixi inkişafı yolunda sözün həqiqi mənasında keyfiyyətcə yeni bir mərhələyə daxil olub və bu yolda sürətlə irəliləməkdədir. Mən çağırışçılarla işi yüksək səviyyədə quruğuna, onlara, eləcə də çağırışçıların valideynlərinə münasibətdə xüsusi həssaslıq göstərdiyinə, rayonda vətənpərvərlik tərbiəsinin təbliği sahəsində geniş iş apardığına, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsinin rəisi pokovnik Xaqani Fərzəliyevə də xüsusi təşəkkürümü bildirirəm”.
Çağırışçılar qarşısında çıxış edən SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsinin rəisi polkovnik Xaqani Fərzəliyev çağırışçılara hərbi xidmətdə uğrular arzulayıb, onların vətənə ləyaqətlə xidmət edəcəyinə inamını ifadə edib. Daha sonra polkovnik Xaqani Fərzəliyev hər bir çağırışçı ilə vidalaşaraq onları avtobusa qədər müşayiət edib.
Seymur ƏLİYEV