Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan milli mətbuatı: şərəfli inkişaf salnaməsi

151 illik zəngin ənənəyə malik Azərbaycan milli mətbuatı artıq təkcə ölkədaxili informasiya məkanının deyil, həm də qlobal informasiya mühitində dövlət maraqlarını müdafiə edən mühüm strateji institutlardan birinə çevrilib. 22 iyul Azərbaycan xalqının ictimai fikir tarixində xüsusi yer tutan əlamətdar günlərdəndir. Bu tarix ilk Azərbaycan dilli qəzet olan "Əkinçi"nin nəşrə başladığı gün olmaqla yanaşı, həm də milli özünüdərkimizin, maarifçilik hərəkatımızın, azad fikir ənənələrinin və dövlətçilik ideyalarının mətbuat vasitəsilə cəmiyyətə çatdırılmasının başlanğıcıdır.
Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik." Ulu Öndərin bu fikri milli mətbuatımızın missiyasını ən dolğun şəkildə ifadə edir.
1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən təsis edilən "Əkinçi" qəzeti cəmi iki il fəaliyyət göstərsə də, Azərbaycan xalqının ictimai şüurunun formalaşmasında misilsiz rol oynadı. O, xalqı elmə, maarifə, tərəqqiyə çağırdı, cəhalətə qarşı mübarizə apardı və milli mətbuat məktəbinin əsasını qoydu. Məhz "Əkinçi"nin yaratdığı ənənələr sonralar "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "Açıq söz" və digər nəşrlərdə davam etdirilərək milli oyanış prosesini sürətləndirdi.
Azərbaycan milli mətbuatı tarix boyu xalqın taleyi ilə birgə yol keçib. Çətin sınaqlardan, senzuralardan, təzyiqlərdən keçərək milli ideyanın, dövlətçilik düşüncəsinin və istiqlal arzularının daşıyıcısına çevrilib. Mətbuatımız təkcə xəbərləri çatdırmayıb, həm də cəmiyyətə istiqamət göstərən, milli-mənəvi dəyərləri qoruyan və gələcək nəsilləri maarifləndirən mühüm məktəb olub.
Müstəqilliyin bərpasından sonra isə Azərbaycan mediasının inkişafında tamamilə yeni mərhələ başlandı. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi Azərbaycan mediasının inkişaf tarixində dönüş nöqtəsi oldu. Bu qərar ölkəmizdə azad mətbuatın formalaşmasının əsas hüquqi təminatlarından biri kimi tarixə düşdü.
Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə medianın hüquqi bazası təkmilləşdirilib, Medianın İnkişafı Agentliyi yaradılıb, "Media haqqında" Qanun qəbul edilib, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, güzəştli ipoteka imkanlarının yaradılması, media subyektlərinə vergi güzəştlərinin tətbiqi kimi mühüm qərarlar qəbul olunub. Bütün bunlar Azərbaycan dövlətinin medianı cəmiyyətin strateji institutlarından biri kimi qiymətləndirdiyini açıq şəkildə göstərir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, "Mətbuat qərəzsiz olmalı, çevik, operativ fəaliyyət göstərməli, insanları məlumatlarla tam şəkildə təmin etməlidir." Bu gün Azərbaycan mediası məhz peşəkarlıq, operativlik və milli maraqların müdafiəsi baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub.
Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrin sürətli inkişafı, süni intellekt texnologiyalarının yayılması, saxta xəbərlərin və dezinformasiyanın geniş vüsət alması medianın məsuliyyətini daha da artırır. Bu şəraitdə jurnalistin əsas vəzifəsi təkcə xəbəri ilk çatdırmaq deyil, doğru, dəqiq, obyektiv və yoxlanılmış informasiyanı cəmiyyətə təqdim etməkdir.
44 günlük Vətən müharibəsi və sonrakı dövr Azərbaycan jurnalistikasının peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Media nümayəndələri informasiya cəbhəsində böyük fədakarlıq göstərərək Ermənistanın dezinformasiya kampaniyalarına qarşı mübarizə apardılar, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırdılar. Bir çox jurnalistlərin cəbhə bölgəsində çalışması onların peşəsinə və dövlətinə sədaqətinin bariz nümunəsi oldu.
İşğaldan azad edilən torpaqlara mütəmadi media nümayəndələri dəvət edilir. Şuşa təkcə mədəniyyət paytaxtımız deyil, həm də beynəlxalq media dialoqunun mərkəzlərindən birinə çevrilib. IV Şuşa Qlobal Media Forumunda dünyanın onlarla ölkəsindən media nümayəndələrinin iştirakı Azərbaycanın beynəlxalq informasiya siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Forumda sülhün təşviqi, dezinformasiyaya qarşı mübarizə, media etikası, süni intellekt dövründə məsuliyyətli jurnalistika və informasiya təhlükəsizliyi kimi aktual məsələlərin müzakirə olunması Azərbaycanın qlobal media gündəliyinin formalaşmasında fəal iştirak etdiyini təsdiqləyir.
Milli mətbuatımızın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, yubiley medalının təsis edilməsi, jurnalist əməyinə verilən yüksək qiymət, həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanda medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifə milli maraqları hər zaman üstün tutmaq, dövlətçilik dəyərlərini qorumaq, cəmiyyətdə sağlam informasiya mühiti formalaşdırmaq, gənc nəslin media savadlılığını artırmaq, dezinformasiyaya qarşı prinsipial mövqe nümayiş etdirmək və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə daha güclü çatdırmaqdır.
22 İyul - Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, operatorları, fotojurnalistləri və bu məsuliyyətli peşəyə ömrünü həsr edən hər kəsi səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar, obyektivlik, prinsipiallıq və yeni yaradıcılıq nailiyyətləri arzulayıram.
151 il şərəfli yol keçmiş Azərbaycan milli mətbuatı bundan sonra da dövlətimizin maraqlarının müdafiəsində, cəmiyyətimizin maarifləndirilməsində, milli həmrəyliyin möhkəmləndirilməsində və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsində öz tarixi missiyasını layiqincə davam etdirəcək.

Məşhur Məmmədov
Milli Məclisin deputatı
www.AzadMedia.az

2026-07-21 14:43:00
782 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 02 may 2024, 15:34 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram: 1. 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2,0 (iki) min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1,0 (bir) min manat məbləğində birdəfəlik maddi yardım verilsin. 2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə: 2.1. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılsın; 2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin; 2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 may 2024-cü il

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında İrek Zinnurovla görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin rəhbəri İrek Zinnurovla görüş keçirilib. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilov, Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir İsmayılov iştirak edib.   Görüşdə iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, 2022-ci illə bağlı əməkdaşlıq imkanları təhlil edilib.   Qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi arasında əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq ildən-ilə genişlənməkdədir.  

Hamısını oxu
“Ermənistan 8 kəndi Azərbaycana qaytarmaqdan imtina edərsə...”

Azər Allahverənov: “Azərbaycan hər situasiyada hansı addım atmalı olduğunu yaxşı bilir” “Ermənistana qarşı Azərbaycan-Rusiya ittifaqının formalaşdığı iddiası Qərbin yeni yalanıdır” “İrəvan Azərbaycanı yeni antiterror əməliyyatına sövq etməklə ölkəmizin aqressiv dövlət imicini yaratmağa çalışır” Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın şərti dövlət sərhəddinə canlı qüvvə və ağır texnika cəmləşdirdiyi ilə bağlı rəsmi məlmat yayıb. Məlumatda bölgədə baş verə biləcək mümkün gərginliyə görə bütün məsuliyyətin Ermənistan və onun havadarlarının üzərinə düşdüyü vurğulanır.  Moderator.az olaraq siyasi şərhçi Azər Allahverənovla söhbətimizdə məlum gərginlik fonunda ölkəmizə qarşı aparılan informasiya müharibəsini şərh etməyə çalışdıq. -Azər bəy, son vaxtlar Ermənistanın şərti dövlət sərhəddində canlı qüvvə və ağır texnika toplaması müşahidə edilir. Belə bir dönəmdə Ermənistanın Qərbdəki himayədarlarının ölkəmizə qarşı yürütdüyü informasiya təxribatının daha da genişlənməsi ehtimalı varmı? -Azərbaycana qarşı bütün cəbhələrdə informasiya müahribəsinin aparıldığı birmənalıdır. Yalnız Ermənistan deyil, onun havadarları, bəzi hallarda havadarları olmayan ölkələr belə hansısa formada Cənubi Qafqazda yeni münaqişə ocağının alovlanmasında, xaosun yaranmasında maraqlıdır. Erməni himayədarları bununla Ermənistan üzərindən öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Onlar Rusiyanın forpostu olan Ermənistanı öz təsir dairələrinə daxil etməklə onu öz forpostlarına çevirmək, Ermənistanı siyasi maraqların toqquşduğu poliqona çevirməyə çalışırlar. Bu siyasətin hədəfində isə həm iqtisadi, həm də siyasi cəhətdən güclənən, beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, sözü imzası qədər dəyərli olan Azərbaycan dayanır. -Sizcə bu qüvvələrin hədəf olaraq Azərbaycanı seçməsinə səbəb nədir? -Onlar Azərbaycanın güclənməsində, ölkəmizin beynəlxalq miqyaslı layihələrdə söz sahibi olmasında maraqlı deyillər. Onlara kölə, təsir altında olan Ermənistan və onun kimi dövlətlər lazımdır. Buna görə də onlar bütün resurslardan istifadə etməklə ölkəmizə qarşı informasiya müharibəsi aparmağa çalışırlar. Bəzi hallarda erməni diasporunun  rəğbəyini qazanmaq, bəzi hallarda erməni diasporu tərəfindən maliyyələşən dairələrin dəstəyinə nail olmaq, eləcə də qarşıdan gələn seçkilərdə erməni əsilli seçicilərin səslərini təmin etmək üçün ölkəmizə qarşı informasiya müharibəsində yer almaqdadırlar. Ona görə də informasiya müharibəsinin əsas gücünü məhz Azərbaycan əleyhinə yönəldirlər. Xatırladım ki, Münxen konfransından sonra dünyanın bir çox güc mərkəzinin nümayəndələri cənab İlham Əliyevlə təkbətək görüşmək təkliflərini irəli sürdülər. Qarşı tərəfin təşəbbüsü ilə bu qəbildən çoxsaylı görüşlər keçirildi. Bu, ölkəmizin artan nüfuzundan xəbər verirdi. Bundan sonra Ermənistanda bir növ susqunluq hökm sürdü. Hətta ən yüksək səviyyədə Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanması ilə bağlı pozitiv fikirlər səsləndirməyə başladılar. Bu fikirlər Azərbaycan tərəfindən də təqdirlə qarşılandı. Amma Cənubi Qafqazda xaos yaratmaq məqsədi güdən güclər bununla barışa bilməzdilər. Onlar hələ o zaman maksimum çalışdılar ki, Azərbaycanın aqressiv xarici siyasət yürüdən tərəf kimi təqdim etsinlər. Həmin siyasət bu gün də davam edir. Avropa İttifaqı, ATƏT, AŞPA və s. qurumların təmsilçiləri çıxışlarında Azərbaycanın guya Ermənistana hərbi təcavüz həyata keçirmək niyyətində olduğunu iddia edirlər. Bildirirlər ki, guya şərti dövlət sərhədlərində Azərbaycan canlı qüvvə və ağır texnika cəmləyir. Bunlar feyk məlumatlardır. Azərbaycan bununla bağlı dəfələrlə öz etirazını bildirb. Cənab Prezident çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycanın hər hansı dövlətə, eləcə də Ermənistana qarşı ərazi iddiası yoxdur. Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin mövcudluğunda maraqlıdır. Sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya üzrə işçi qrupunun intensiv fəaliyyəti, kommunukasiyaların açılması və s. kimi amillər ölkəmiz üçün prioritet məslələr hesab olunur. -Sülhün reallaşması üçün Ermənistanın atması gərəkdiyi addımlar hansılardır? -Bunun üçün Ermənistan ilk növbədə ölkəmizə qarşı təxribatlardan və ərazi iddiasından əl çəkməlidir. Ermənistan öz qanunvericiliyindən, müstəqillik haqqında deklarasiyadan ərazi iddiaları ilə bağlı müddəaları çıxarmalıdır. Ancaq hələ ki, bunların heç biri baş vermir. Əksinə, bu gün Ermənistan şərti dövlət sərhəddində hərbi qüvvə toplamağa çalışır. Bu hadisələr fonunda Azərbaycana qarşı Qərbin müxtəlif rıçaqlardan istifadə edərək siyasi-informasiya təxribatları vasitəsilə Azərbaycanı aqressiv tərəf kimi qələmə vermək cəhdləri özünü büruzə verir. 2023-cü ilin sentyabrından sonra biz bu cəhdlərin daha da artmasına şahif olmaqdayıq. Bu təxribatı törədənlər həm də Ermənistan ərazisində fəaliyyət göstərən qeyri-qanuni hərbi birləşmələrdir. Bura VOMA, Yerkrapa, Sasna Tsrer və s kimi hərbi birləşmələr  daxildir. Bu qanunsuz hərbi birləşmələr müxtəlif təxribatlar törətməklə şərti sərhəd bölgəsində Azərbaycanı antiterror əməliyyatı aparmağa sövq etmək istəyirlər. Azərbaycan tərfi isə təbii ki, hər bir amili nəzərə alır və Ermənistan əraazisinə daixl olmadan atəş nöqtələrinin susdurulmasına nail olur. Ölkəmizə qarşı həyata keçirilən siyasi-informasiya müharibəsində bir məqsəd Azərbaycanı aqressiv dövlət kimi qələmə verməkdirsə, digər məqsəd sülhün bərqərar olmasında maraqlı olmayan ölkə kimi təqdim etməkdir. -Azər bəy, nə qədər gülünc olsa da, bəzi Qərb dairələri iddia edir ki, guya Rusiya Ermənistanın ondan üz döndərməsinə cavab olaraq Azərbaycanın əli ilə İrəvanı cəzalandırmağa çalışır və bu məqsədlə də hər iki dövlət Ermənistan əleyhinə birlik formalaşdırıblar. Sizcə bu iddiaların ortaya atılmasında məqsəd nədir? -Qeyd etdiyiniz kimi, Qərb iddia edir ki, guya Azərbaycanla Rusiya arasında Ermənistan əleyhinə bir ittifaq var. Halbuki, bu, absurd bir yanaşmadır. Vətən müharibəsi və ondan sonra atılan addımlar göstərdi ki, Azərbaycan ərazi bütövlüyün təmin edərkən heç kəsdən bunun üçün icazə almır. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirir. Qərb bu kimi iddialarla Azərbaycanla yanaşı, həm də Rusiyanı hədəf seçir, öz aləmində həm də onu “cəzalandırır”. -Azərbayan Ermənistan üzərində tarixi zəfər çalsa da, hələ də 8 kəndimiz düşmən işğalı altındadır. Sizcə Ermənistan bu kəndləri qaytarmaq istəməsə, o zaman proseslər hansı mcərada inkişaf edəcək? -Bu gün Azərbaycanın 8 kəndi işğal altındadır. O kəndlərin 4-ü eksklavdır, 4-ü isə sərhəddə yerləşir. Hətta sərhəddə yerləşən kəndlər birbaşa olaraq Azərbaycanın nəzarətindədir və bu kəndlər qeyri-şərtsiz qaytarılmalıdır. Ermənistan isə bu mövzu ətrafında spekulyasiya apararaq fərqli siyasət yürüdü. Bəyan edirlər ki, bu kəndlər Azərbaycana qaytarılmayacaq. Bu siyasətdə məqsəd Azərbaycanı təxribata çəkməkdir. 5 aprel görüşü öncəsi belə bir bəyanatın Paşinyanın dilindən səsləndirilməsi onu göstərir ki, Ermənistanda mövcud olan siyasi rejim özünün havadarlarının onları dəstəklədiyindən ilhamlanaraq revanşist əhval-ruhiyyəni təbliğ edir. Bu isə əlbəttə ki, yanlış yanaşmadır. Əgər qonşu dövlət olan Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyəti yoxdursa,  ölkəmiz nə etmək lazım gəldiyini yaxşı bilir. Azərbaycan sülh müqaviləsi bağlanmadan belə öz ərazi bütövlüyünü təmin etmək üçün bütün resurslardan istifadə etməyə hazır olan güclü bir dövlətdir. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr lokal antiterror tədbirləri onu göstərdi ki, Azərbaycan beynəlxalq hüququ əldə rəhbər tutaraq  beynəlxalq hüququn bərqərar olması naminə bütün resurslardan bacarıqla istifadə edə bilir. Azərbaycan gələcəkdə də beynəlxalq hüququn təminatçısı qismində çıxış etməyə qadirdir və lazım gələrsə dövlətimiz bu qətiyyəti bir daha sərgiləyəcək. Seymur ƏLİYEV

Hamısını oxu
Şamaxı şəhər Veteranlar Təşkilatının sədri Ağarza Bayramov “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

Şamaxı şəhər Veteranlar Təşkilatının sədri Ağarza Bayramov  veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahibinə təqdim edib. Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirib.

Hamısını oxu