Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ordumuz coğrafi, dilimiz milli-mənəvi toxunulmazlığımızın təminatçısıdır

Bu gün 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan Dili Günüdür. Bu əlamətdar günlə bağlı paylaşım edən Azərbaycanm Respublikasının Prezidenti İlham Əliyev dilimizin və müstəqilliyimizin önəminə diqqət çəkib:

“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti”.

Prezident İlham Əliyevin bu paylaşımı Azrbaycan dilinin on milyonlarla insanın həyatının ayrılmaz tərkib hissəsi olduğunu, ana dilimizin sərhədlərimizdən uzaqlarda da yaşadığını, öz mövcudluğunu qoruyub saxladığını göstərir.

Xatırladaq ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev ana dilinə, bu dilin saflığının, təmizliyinin, zənginliyinin qorunub saxlanılmasına mühüm önəm verib, hər bir vətəndaşı dil faktoruna xüsusi həssaslıqla yanaşma səsləyib. Təsadüfi deyil ki, Ümummilli Lider ana dilini müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvəti adlandırıb, onu qorumağın hər bir azərbaycanlının borcu olduğunu qeyd edib.

Azərbaycan dili hər zaman xalqımızın mövcudluğunun, milli özünəməxsusluğumuzun ən böyük göstəricisi olub. Dilimiz minilliklər ərzində olduğu kimi bu gün də xalqımızın həyatında, onun mənəvi dəyərlər sistemində, mədəniyyətində mühüm rol oynayır. Ana dili bizi kənar mədəni təsir və təzyiqlərdən, qlobal kataklizmlərdən qoruyur, xalqımızın mənəvi-mədəni təhlükəsizliyini təmin edir. Bu mənada ana dilinin önəmini yalnız və yalnız ordumuzun önəmi ilə müqayisə edilə bilər. Ordumuz coğrafi, dilimiz milli-mənəvi toxunulmazlığımızın təminatçısıdır. Bu fakt dilimizin xalqımız, dövlətimiz üçün necə mühüm əhəmiyyət kəsb etdiyini ortaya qoyur.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dilinin qoruyucusu isə müstəqil Azərbaycan dövlətidir. Məhz müstəqillik həm maddi, həm də mənəvi dəyərlərimizin keşikçisi qismində çıxış edir, bizə iqtisadiyyatımız, hərbimiz və s. ilə yanaşı, həm də dilimizi inkişaf etdirməyə imkan verir. Başqa sözlə desək, müstəqilliyimiz maddi-mənəvi diriliyimizin, çoxşaxəli yüksəliş və tərəqqimizin qarantı qismində çıxış edir. Elə buna görə də həm Ümummilli Lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev müstəqilliyimizi xalqımızın ən ali sərvəti, ən böyük milli özünütəsdiqi adlandırıb. Bugünlərdə Almaniyada blogerlərdən birinin iddialarına cavab verən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də müstəqilliyimizin əvəzsizliyini diqqət çəkərək deyib:

“Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi hər şeydən dəyərlidir”.

Bu fakt bir daha sübut edir ki, Azərbaycanın müstəqilliyindən daha ali bir dəyər, daha ali bir məqsəd yoxdur və bundan sonra da olmayacaq. Odur ki, hər birimiz bu müstəqilliyin əbədi olması üçün əlimizdən gələni əsirgəməməli, öz işimiz, əməlimizlə bu böyük dəyərə kiçik də olsa töhfə vermək səadətinə nail olmağa çalışmalıyıq.

Seymur ƏLİYEV

2026-08-01 11:08:00
1095 baxış

Digər xəbərlər

“Polkovnik Cəlil Xəlilov hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib”

Gülşən Əliyeva: “O, daim veteranların müalicəsini, onların sosial problemlərini diqqət mərkəzində saxlayıb”  Avqustun 9-u Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovun ad günüdür.  Bu münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib, onun veteranlara olan qayğıkeş münasibətinə toxunub:  “Polkovnik Cəlil Xəlilov hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib, onların müalicəsi, sosial rifahı, arzu və təkliflərinə xüsusi həssaslıqla yaanşıb. Təkcə bir faktı qeyd edim ki, son iki ayda bir neçə dəfə Müharibə Veteranlarının Respublika Xəstəxanasına səfər edən polkovnik Cəlil Xəlilov xəstəxanada veteranlara yaradılan şəraitlə tanış olub, onların  müalicəsi və istirahəti ilə maraqlanıb. Cəlil müəllim veteranlara xidmət səviyyəsinin daha da yüksəldilməsinə, onların müalicəsinin daha effektiv şəkildə təşkilinə nail olmaq üçün əlaqədar dövlət qurumları qarşısında konkret təkliflərlə çıxış edib. Məhz onun təşəbbüsü və müraciəti ilə bir sıra yetkililər xəstəxanaya səfər edib, mövcud vəziyyətlə yerindəcə tanış olub, problemlərimizlə maraqlanıblar.  Bu səbəbdən də Müharibə Veteranlarının Respublika Xəstəxanası olaraq polkovnik Cəlil Xəlilovun  xidmətlərini yüksək qiymətləndirir, onu ad günü münasibəti ilə ürəkdən təbrik edirik. Əminik ki, veteranların həqiqi dostu, təmənnasız yardımçısı olan polkovnik Cəlil Xəlilov hər zaman olduğu kimi bundan sonra da veteranlara diqqət və qayğı göstərməkdə davam edəcək, veteranların ona olan ümidlərini daim doğruldacaqdır”.  Seymur ƏLİYEV  

Hamısını oxu
Tovuz döyüşlərində beş qəlpə yarası alan qazimizlə VİDEOMÜSAHİBƏ

“Sağ olsun dövlətimiz, mənim yoxluğumda valideynlərimə arxa-dayaq çıxıb”.   Bunu qazi Nurlan Quliyev Baku TV-yə müsahibəsində qeyd edib.  Azərbaycan dövləti daim əsgərinin yanındadır. Ötən ay Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxibat zamanı ağır yaralanan əsgər Nurlan Quliyev də istisna deyil.    O, Tovuzun Ağdam kəndi istiqamətində gedən döyüşlərdə yaralansa da, həkimlərimizin səyi nəticəsində yenidən sağlamlığına qovuşub.  N.Quliyevin müalicə aldığı müddətdə ailəsinə baş çəkən rəsmilər evlərinin əsaslı təmirə ehtiyac olduğunu görüb.

Hamısını oxu
Azərbaycan Prezidenti İlham Əliyevin “Mir” televiziya kanalına müsahibəsi

AZƏRTAC müsahibəni təqdim edir. Aparıcı: İndi Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanalımıza eksklüziv müsahibəsini təqdim edirik. - Hörmətli cənab Prezident, bu müsahibəni almağa imkan yaratdığınıza görə Sizə minnətdarlıq etmək istərdim. Şübhə yoxdur ki, tarixçilər 2020-ci ili koronavirus ili adlandıracaqlar. Sizcə bu necə baş verə bilərdi? Prezident İlham Əliyev: İnsanlarımızın sağlamlığını və həyatını qorumaq məqsədilə biz lap əvvəldən məhdudlaşdırıcı tədbirlər gördük. Hesab edirəm ki, tədbirlər özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə biz xüsusi karantin rejiminin tətbiqinə gəlib çatdıq. Bizim bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq. Yaxın vaxtda hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır. - Azərbaycan pandemiya ilə necə bacarır? - Görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər bir məqsəd daşıyıb – vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq. Aprelin 14-dən başlayaraq Azərbaycanda müsbət dinamika müşahidə edilir. Sağalanların sayı yoluxanların sayından çoxdur. Bunun nəticəsində aprelin 27-dən başlayaraq və sonra mayın 4-də karantin rejimi yumşaldıldı. Karantin rejimi mayın sonunadək qüvvədədir. Beləliklə, biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə də davam etdirəcəyik və əgər görsək ki, yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq. - Bəs Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə Azərbaycanın fəaliyyətini necə qiymətləndirdi? - Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun mart ayının sonunda mənə ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib. İlk növbədə, milli səviyyədə işləməklə biz, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək. Qoşulmama Hərəkatının Təmas Qrupunun Sammitinin keçirilməsi təşəbbüsü Hərəkatda çox müsbət qarşılandı. Sammit göstərdi ki, biz səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Həmçinin Azərbaycan bir neçə ölkəyə zəruri maliyyə və texniki, o cümlədən tibbi preparatlar və qoruyucu vasitələr yardımı edib. Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalandı. Sazişə müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək. - Elə bu vaxt neftin qiyməti təxminən sıfıra endi. Bu, respublikanın iqtisadiyyatına necə təsir etdi? - Birinci rübdə sosial-iqtisadi inkişafın nəticələrinin müsbət olmasına baxmayaraq, gələcəkdə bizim enmə müşahidə etməyimiz istisna deyil. Buna baxmayaraq, biz koronavirusdan daha çox zərər görən sahələrdə işləyən insanlara yardım üçün minimum 2 milyard dollar həcmində mühüm maliyyə resurslarını səfərbər etmişik. Bizdə belə vətəndaşların sayı təqribən 700 mindir. Bu gün həmin insanların işləmək imkanından məhrum olduqları nəzərə alınaraq, onların əməkhaqqının mühüm hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin dövlət sektorunun məcburi məzuniyyətə göndərilən işçiləri əməkhaqqını tam həcmdə alırlar. Bu qəbildən insanların sayı isə bizdə 900 mindən çoxdur. Aşağı gəlirli insanlar kateqoriyasına aid olan 600 min nəfərə, o cümlədən işsizlərə, qeyri-formal sahədə məşğul olanlara da dövlət tərəfindən sosial müavinət ödənilir. İşsizlərin sayının kəskin artmasına yol verməmək məqsədilə bu il haqqı ödənilən 90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul olunub, habelə Azərbaycanda 80 mindən çox ailə ünvanlı sosial yardım alacaq. Bu, sosial-iqtisadi tədbirlərin tam paketi deyil. Biz buraya vergi güzəştlərini, vergi tətillərini, kommunal ödənişlər və bank kreditləri xidmətlərində müəyyən güzəşt şərtlərini də əlavə edə bilərik. Beləliklə, Azərbaycan dövləti məqsədyönlü, sistemli fəaliyyət göstərir. İlk növbədə, bu, insanların sağlamlığı və təhlükəsizliyidir. İkinci növbədə, bu, iqtisadi inkişaf, habelə əhalinin sosial müdafiəsidir. Həmçinin beynəlxalq əməkdaşlıqla bağlı məsələlər, hesab edirəm, Azərbaycan tərəfindən ən məsuliyyətli şəkildə başladıldı. - Biz Sizinlə ümumi bayramımız - Böyük Qələbənin 75 illiyi ərəfəsində söhbət edirik. O müharibədəki qəhrəmanlıqlarına görə respublikadan 400 mindən çox insan döyüş mükafatı alıb. Azərbaycanlıların milli xarakterini necə təsvir edərdiniz? - Azərbaycan oğulları Böyük Vətən müharibəsi meydanlarında ləyaqətlə vuruşublar. Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın müharibədə iştirak etmiş 600 mindən çox nümayəndəsinin yarısı həlak olub. Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Onu demək kifayətdir ki, sovet ordusu üçün mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi və neftin 70 faizi Azərbaycan tərəfindən tədarük edilib. Həmçinin bizim müəssisələrdə gecə-gündüz sovet ordusu üçün çox vacib silah sistemi istehsal edilirdi. Azərbaycanın sənayesi həmişə inkişafda olub. Qısa müddətdə o, hərbi texnika istehsalına tam yönəldilib. - Sizin atanız Heydər Əliyev müharibə veteranlarını millətin qızıl fondu adlandırıb. Bu gün Böyük Vətən müharibəsi veteranlarına hansı kömək göstərilir? - Azərbaycanda bu gün həmişə geniş qeyd olunur. Hərçənd deməliyəm ki, müstəqilliyin ilk illərində bu, belə deyildi. 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramı ləğv edildi və veteranlar mənəvi terrora məruz qaldılar. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik aradan qaldırıldı və həmin vaxtdan 9 May dövlət bayramıdır. Hər il mən həmin gün bir qayda olaraq, veteranlarla görüşürəm, həlak olanların xatirəsini anırıq, məzarları üzərinə əklillər, güllər qoyuruq. Bu il tədbir, əlbəttə, başqa formatda olacaq. Çünki biz veteranlarımızı qorumalıyıq. Hələ ki, karantin rejimi bir yerə kütləvi toplaşmağa, kütləvi tədbirlər keçirilməsinə yol verməsə də, bundan məsələnin mahiyyəti dəyişməyəcək. Hərçənd bayramın qeydedilmə formatı başqa cür olacaq, lakin düşünürəm ki, veteranlar həm bu gündə, həm də sonra Azərbaycan dövlətinin dəstəyini hiss edəcəklər. Veteranlar qayğı ilə əhatə olunub, onların maddi durumu təmin edilir. Onların çoxu dövlət tərəfindən ayrıca yaşayış sahəsi, mənzillə təmin edilib. Biz həmin gün, bir qayda olaraq, onlara Prezident mükafatları təqdim edirik. Beləliklə, bütün bunların hamısı qorunub saxlanılacaq. Ən başlıcası isə Böyük Vətən müharibəsi haqqında həqiqət həmişə üstünlük təşkil etməli, tarixin yenidən yazılması, faşizmin və faşist cinayətkarlarının qəhrəmanlaşdırılması cəhdləri olmamalıdır. Azərbaycanın bu istiqamətdə mövqeyi birmənalıdır. - Siz Rusiya ilə münasibətləri səmərəli adlandırırsınız. Sizin fikrinizcə, daha nə etmək lazımdır ki, bu münasibətlər daha yaxşı olsun? - Əminəm ki, münasibətlərimizin inkişafı üçün ən əlverişli perspektivlər var, çünki Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub. Bu münasibətləri hər iki tərəf strateji tərəfdaşlıq kimi xarakterizə edir. Bu, həqiqətən belədir. Çünki münasibətlərimizin yalnız geniş gündəliyinə nəzər salsaq, biz həyat fəaliyyətinin, demək olar, bütün sahələrini görərik. Bizim qarşılıqlı siyasi əlaqələrimiz çox fəaldır, dövlət başçıları səviyyəsində çoxlu görüşlər olur, görüşlər müntəzəm keçirilir. Son illərdə biz iqtisadi planda əmtəə dövriyyəsinin artımını görürük ki, bu da iqtisadi əməkdaşlığın fəallaşdığına dəlalət edir. Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında Rusiya kapitalı ilə yüzlərlə şirkət çalışır. Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Biz mühüm Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsini birgə reallaşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün infrastruktur layihələri praktiki olaraq həyata keçirilib. Hazırda biz nəqliyyat-logistika istiqamətləri ilə bağlı məsələlər üzərində işləyirik. Məqsəd yük daşımalarını artırmaq və bununla da qonşu ölkələrimizə daha əlverişli şərait yaratmaq, tranzit potensialını möhkəmlətməkdir. Energetika sahəsində kifayət qədər çox layihələr var və Rusiya ilə Azərbaycanın enerji sistemlərinin birləşdirilməsini qeyd etməliyəm. Ya Azərbaycanda, ya da Rusiyada qəza olanda biz dərhal bir-birimizə kömək edir və həmrəylik nümayiş etdiririk. Ona görə də perspektivlər haqqında danışarkən düşünürəm ki, biz əldə edilmiş nəticəyə istiqamətlənəcək, qeyd etdiyim həmin istiqamətlər və gələcəkdə yeni istiqamətlər üzrə də işləyəcəyik. Bu gün biz 7 yol xəritəsinin reallaşdırılması üzrə ikitərəfli formatda işləyirik. Bunlar həyat fəaliyyətinin bütün vacib sahələrini əhatə edən konkret layihələrdir. Hər bir istiqamət üzrə dəqiq plan, zaman müddəti, yol xəritələrinin reallaşdırılması üçün prezidentlərin tapşırıqları var. Bütün bunlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, əməkdaşlıq səviyyəsini, əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artımını möhkəmləndirəcək. Əlbəttə ki, bütün bunlar xalqlarımızın rifahının daha da yaxşılaşmasına gətirib çıxaracaq. - Siz rus dilini çox əla bilirsiniz. Bu gün Azərbaycan mədəniyyətində rus dilinin rolunu necə qiymətləndirirsiniz? - Bizim münasibətlər ən yüksək qiymətə layiqdir. Azərbaycanda rus dilində təhsilin səviyyəsi genişlənir. Artıq Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları mövcuddur. Tədrisin rus dilində aparıldığı məktəblərə gəldikdə isə onların sayı artıq 340-a çatır. Bütün bunlar artıq qazanılmış potensialdır. Əlbəttə, bu il turizm sahəsində böyük tənəzzül olacağı təəssüf doğurur. Çünki ənənəvi olaraq Azərbaycan vətəndaşları Rusiyaya, Rusiya vətəndaşları Azərbaycana səfər ediblər, turist axınının artımı daim yaxşı rəqəmlərdə əksini tapıb. Lakin pandemiya nəzərə alınaraq qarşılıqlı razılıq əsasında ölkələrimiz arasında sərhədlər bağlanıb. Buna görə də yəqin ki, turist axını və turizm sahəsi karantin rejimi prosesindən ən axırda çıxan sahələr olacaq. - Bu il bizim Teleradio şirkətinin 27 yaşı tamam olub. Bizim tamaşaçılara Qələbə günü münasibətilə nə arzulamaq istərdiniz? - Fürsətdən istifadə edərək, bütün veteranlara bu mürəkkəb dövrdə cansağlığı arzulamaq istərdim. Bu gün pandemiya şəraitində hər birimiz yaxınlarımızı, cavabdeh olduğumuz insanları qorumalıyıq. Azərbaycanda pandemiya şəraitində belə şüarlar yaranıb: “Biz birlikdə daha güclüyük”, “Biz birlikdə güclüyük”. Elə bu şüarlarla da müsahibəni bitirmək istərdim. Sağ olun. - Cənab Prezident, bu müsahibəyə görə sizə minnətdaram. Bayramınız mübarək.

Hamısını oxu
Azərbaycanın hərtərəfli inkişafına dəstək olmalıyıq

  Cəlil müəllim, ilk sualımız Təşkilatın qarşıda gözlənilən plenumu ilə əlaqədardır. Bu əvvəlcədən planlaşdırılmışdı, yoxsa hansısa zərurətlə bağlıdır? Bir də sirr deyilsə, gündəliyə hansı məsələlər çıxarılıb? Respublika Veteranlar Təşkilatının plenumları Nizamnaməyə uyğun olaraq ildə bir dəfə, adətən noyabr, yaxud dekabr aylarında keçirilir. Plenumda Təşkilatın il ərzində gördüyü işlər müzakirə edilir, növbəti ildə qarşıda duran vəzifələr müəyyənləşdirilir. Növbəti plenum da bu baxımdan əvvəlkilərdən fərqlənmir. Yaratdığınız imkandan istifadə edərək noyabrın 22-də baş tutacaq həmin tədbirə Sizi də, iştirak etmək istəyən digər media nümayəndələrini də dəvət edirik. 2016-cı ildəki fəaliyyətiniz barədə qısaca nə deyərdiniz? - Respublika Veteranlar Təşkilatının fəaliyyəti illik Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq əsasən bir neçə istiqamət üzrə həyata keçirilir. Əlbəttə, bizim hər il ən başlıca tədbirimiz İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin müharibənin iştirakçıları ilə görüşünün təşkilinə hazırlıq işləri ilə bağlı olur. 9 may 2016-cı ildə faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin İkinci Dünya müharibəsi veteranları ilə görüşü baş tutmuş, dövlət başçısının adından veteranlara böyük ziyafət verilmişdir. Bu görüşə hazırlıqla bağlı cari ildə də ölkənin orta və ali məktəblərində, o cümlədən hərbi yönümlü təhsil ocaqlarında, müxtəlif təşkilatlarda, idarə-müəssisələrdə silsilə tədbirlər keçirilmişdir. Bir qayda olaraq, həmin tədbirlərdə İkinci Dünya, Qarabağ və Əfqanıstan müharibələri veteranları, RVT, rayon veteran təşkilatları, yerli icra orqanları və ictimaiyyətin nümayəndələri, gənclər və ziyalılar iştirak edirlər. Azərbaycanın qəhrəmanlıq tarixinin, ata-babalarımızın şanlı döyüş yolunun təbliği, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların dövlətə və xalqa sədaqət ruhunda yetişmələri məqsədi güdən belə tədbirlər istisnasız olaraq, ölkənin bütün şəhər və rayonlarında keçirilir. Mən C.Naxçıvanski adına Hərbi Liseydə, Kaspi liseyində, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin Akademiyalarında, Milli Qvardiyada, Dövlət İqtisad, Odlar Yurdu, Bakı Slavyan, Qərb universitetlərində, Dövlət Uşaq Filarmoniyasında və Xalça Muzeyində baş tutan tədbirlərimizi xüsusi qeyd etmək istərdim. Əlbəttə, Təşkilatın inzibati binasında keçirilən tədbirlərimiz həm mövzu rəngarəngliyi, həm də əhatə etdiyi auditoriya baxımından daha geniş olmuşdur. Ölkə veteranlarının Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri ilə geniş tərkibdə görüşü, cəbhə xəttində Ermənistan hərbi birləşmələrinin təxribatının qarşısının alınması ilə əlaqədar “Biz Azərbaycan əsgərinə, Ali Baş Komandanımıza və parlaq qələbəmizə inanırıq”, “Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevirilməsi başlıca məqsəddir” mövzusunda Elmi – praktiki Konfrans, Bakı Slavyan Universitetinin tələbələrinin iştirakı ilə Respublika günü münasibətilə “Gənclərdə milli ruhun gücləndirilməsi” mövzusunda ədəbi-bədii gecə, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir”  tədbiri, İkinci Dünya müharibəsində Moldovada həlak olmuş və itkin düşmüş sayılan azərbaycanlı döyüşçülərdən 206 nəfərin taleyinin aydınlaşması münasibətilə Moldovada nəşr edilmiş xatirə kitabının təqdimatı və digər tədbirlərimiz ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Yeri gəlmişkən, Moldova Respublikası ərazisində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlılardan Bakı və Sumqayıt şəhərlərindən orduya göndərilmiş 4 nəfərin qohumları artıq tapılmışdır. Onlardan Sumqayıt şəhəri və Xəzər rayonunda yaşayan 2 nəfər RVT-də 27 oktyabr 2016-cı il tarixdə keçirilən tədbirdə iştirak etmişdir. Xatirə kitabında adları keçən digər döyüşçülərin qohumları tapıldıqca, media məlumatlandırılacaqdır. Təşkilatımız Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi tədbirlərində də fəal iştirak etmiş, bununla əlaqədar “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun yaradılmasında ilk təşəbbüskarlardan olmuşuq.  Veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki fəaliyyətinizi qənaətbəxş saymaq olarmı? Veteranların sosial müdafiəsinin gücləndirilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin şəxsi nəzarəti altında hazırlanan “Veteranlar haqqında” Qanunun 1994-cü ildə qəbulu ilə ölkədə veteran hərəkatının yenidən dirçəldilməsi dövrü başlanmışdır. Hazırda bu siyasət Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başlıca hədəflər və məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi ilə vətənpərvərliyin təşviq olunmasıdır. İnamla deyə bilərik ki, bu zümrəyə aid edilən insanların, problemlərinin vaxtında həlli dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xətdir. Hər il İkinci Dünya Müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin artırılması (2016-cı ildə bu məbləğ 1000 və 500 manat olmuşdur), eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yalnız bu il imzalanmış sərancam və fərmanlar bu qayğının əyani sübutlarıdır. Biz bütün bunları yüksək qiymətləndirir və ona layiqincə cavab vermək üçün fəaliyyətin səmərəliliyini ildən-ilə artırmağa çalışırıq. Bu məqsədlə veteranların yaşayış səviyyəsinin yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan faydalanmaları, asudə vaxtlarının səmərəli təşkili və s. işlər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, digər dövlət orqanları, yerli icra hakimiyyətləri, və bələdiyyələrlə qarşılıqlı əlaqədə həyata keçirilir. Bir faktı qeyd edim ki, bu məsələlərlə bağlı ötən 11 ay ərzində Təşkilata daxil olmuş 100-dən artıq müraciətlə bağlı müvafiq ünvanlara məktublar göndərilmiş, problemlər əsasən həll olunmuş, ərizəçilər görülmüş tədbirlər barəsində vaxtında məlumatlandırılmışlar. Bu il möhtərəm Prezidentin Veteranlar Təşkilatına ayırdığı vəsaitin xeyli hissəsinin yataq xəstəsi olan İkinci Dünya Müharibəsi veteranlarına çatdırılması ilə bağlı RVT Rəyasət Heyətinin qərarı ilə lazımi sənədləşdirmə işləri aparılmışdır.  Artıq Bakı şəhərinin rayonları üzrə ayrılmış müvafiq maddi yardımlar əməkdaşlarımızın və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə veteranlara çatdırılmışdır. Digər rayonlar üzrə bu işlər ilin sonunadək yekunlaşacaqdır. Ölkənin 4 regionunda və Bakı şəhərində şəhid ailələrinə maddi yardımlar da eyni qaydada çatdırılmışdır. Təşkilata hər gün müxtəlif məsələlərlə bağlı neçə veteran müraciət edir. Biz onları məmuniyyətlə dinləyir, problemlərinin həllinə kömək göstərməyə çalışırıq. Qaldırılan problemlərin həlli səlahiyyətlərimiz çərçivəsində olmadığı hallarda belə dövlət orqanları və təşkilatlar bizə imkan daxilində köməklik göstərirlər. Fürsətdən istifadə edib Təşkilat adından onlara minnətdarlığımızı çatdırıram. Veteranların yubileylərinin keçirilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılmış, bir qrup veteran ölkənin sanatoriya-kurort müalicəsi almış, Şahdağa, Qobustana səfərləri təşkil edilmişdir. Veteranların çoxsaylı müraciətlərini nəzərə alaraq, bəzi imtiyazların bərpası barədə müvafiq dövlət orqanlarına müraciət etməyi nəzərdə tuturuq. Zənnimcə, bu məsələnin müsbət həlli veteranların sosial müdafiəsinin daha da gücləndirilməsinə əlavə dəstək olacaqdır. Təşkilatınızın nümayəndələri tez-tez cəbhə xəttində olur, xidməti borcunu şərəflə yerinə yetirən əsgər və zabitlərimizlə görüşürlər. Bu ənənəniz digər ictimai birliklərə də nümunə ola bilər. - Bütün ictimai təşkilatların, dövlət orqanlarının, mən deyərdim hər bir azərbaycanlının ən ümdə borcu bu gün işğal altında olan torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün bacardığını əsirgəməməsidir. Son illər Azərbaycanda güclü ordu qurulması istiqamətində atılan uğurlu addımlar bizim bu vəzifənin öhdəsindən şərəflə gələcəyimizə inamımızı daha da artırıb. Cari il aprel ayının 2-5-də erməni silahlı bölmələrinin təxribatlarının qarşısının alınması zamanı Azərbaycan əsgərinin sarsıdıcı cavab zərbəsi ilə düşmənin darmadağın olunması xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Cənubi Qafqazın ən müasir və güclü ordusu olan Azərbaycan Ordusunun ərazilərimizi düşmən işğalından qurtarmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadir olduğu dünyaya nümayiş etdirildi. Həmin hadisələrlə bağlı yayılan bəyanatda yaşlarının ixtiyar çağlarında olmalarına baxmayaraq, veteranlar düşmənə qarşı vuruşmağa hər an hazır olduqlarını ifadə etmişdilər. Bu qəti mövqe həmin hadisələrdən əvvəl də, sonra birbaşa cəbhə xəttində olan hərbçilərimiz qarşısında dəfələrlə səsləndirilmiş, gənclərimizin döyüş ruhunu daha da artırmışdır. Biz Müdafiə Nazirliyi, Respublika Hərbi Prokurorluğunun müvafiq idarələrinin əməkdaşları ilə birgə cəbhə xəttində və ona yaxın ərazilərdə birgə tədbirlər keçiririk. Bu görüş və tədbirlər sırasında may ayının 19-20-də Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevlə birgə cəbhə bölgəsinə səfərimiz xüsusilə yadda qalan oldu. Biz N saylı hərbi hissənin şəxsi heyəti ilə görüşdük. Görüşdə gənc əsgərlərimizdə döyüş, Qələbə ruhunun necə yüksək olduğunu görmək qəlbimizi dağa döndərdi. Azərbaycan əsgərinin Vətənə, xalqa, torpağa, dövlətinə olan sevgisi bizi valeh etdi. Ötən il Təşkilat nümayəndələri və veteranların Bərdə, Tərtər, Qazax, Horadiz istiqamətində döyüş rayonlarında hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil olunmuşdur. Gənc nəslin orduya hazırlanmasında yaxından iştirakı da bizim ümdə vəzifə borcumuzdur. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Respublika üzrə təşkil etdiyi “Vətənin Müdafiəsinə Hazıram” adlı silsilə tədbirlər çərçivəsində bizim əməkdaşlar Daşkəsən, Qazax, Abşeron, Qaradağ, Suraxanı, Yasamal və digər rayonlarda keçirilən tədbirlərdə fəal iştirak edilmişlər. Biz bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihə çərçivəsində ölkənin 4 regionunda və Bakı şəhərində seminar-müşavirələr keçirdik. Bu tədbirlərin  əsas məqsədi xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət hissi aşılanması, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin, bu istiqamətdə dövlət orqanlarının apardığı işə dəstək verilməsidir. Biz bunlarla yanaşı düşmənin əsl simasının, işğalçılıq siyasətini davam etdirməsinin ifşası, yerli və dünya ictimaiyyətinin bu barədə müntəzəm məlumatlandırılması istiqamətində də ardıcıl iş aparırıq. Belə tədbirlərdən biri cari ilin iyununda Təşkilatın inzibati binasında keçirilmişdir. Həmin tədbirdə II Dünya Müharibəsində alman faşizminə xidmət etmiş ermənilərdən ibarət qisasçı legionun yaradıcıları general Dronun və Qaregin Njdenin MDB məkanında genişmiqyaslı təbliğatına, onların qəhrəman kimi təqdim edilməsinə, barələrində filmlərin çəkilməsinə, Yerevanda abidələrinin qoyulmasına veteranların etirazını əks etdirən müraciət qəbul edilmiş, MDB dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara, veteran təşkilatlarına göndərilmişdir. Müraciətə Rusiya Federasiyası, Ukrayna, Belarus və Qazaxstanın dövlət orqanlarından, ictimai təşkilatlardan ermənilərin həmin hərəkətlərini qınayan cavablar gəlmişdir. Yeri gəlmişkən, Azərbaycan veteranlarının bu, eləcə də Ermənistanın torpaqlarımızı işğal altında saxlamasına etirazların yer aldığı mövqeyi Veteran Təşkilatlarının MDB çərçivəsində baş tutan tədbirlərində də dəfələrlə ifadə edilmişdir. Sonuncu qeydinizə istinadən Təşkilatın beynəlxalq əməkdaşlıq əlaqələri barədə soruşmaq istərdik. Bu əlaqələrin indiki səviyyəsi Sizi qane edirmi? - Respublika Veteranlar Təşkilatının beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədi ilə AR Diasporla iş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi ilə əlaqələrimiz intensivləşmişdir. RVT-nin beynəlxalq əlaqələrinin yeni keyfiyyət səviyyəsinə qaldırılması zərurəti nəzərə alınaraq, bu sahəyə cavabdeh şöbə yaradılmışdır. Hazırda Gürcüstan, Türkiyə, Ukrayna, Moldova, Rusiya Federasiyası və Belarus Veteranlar Təşkilatları ilə qarşılıqlı əlaqələrimiz xüsusilə genişdir. Bu təşkilatların tədbirlərinə daim dəvət alır, həmçinin onları öz tədbirlərimizə dəvət edirik. Hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində MDB dövlətlərin Bakıdakı səfirliklərinin keçirdikləri tdbirlərdə iştirak edirik. Bu ilin mayında Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Ukraynanın faşizm işğalından azad olunmasında iştirak edən azərbaycanlı  döyüşçülərə  xatirə medalları təqdim edildi. Mərasimdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri cənab Aleksandr Mişenko bildirdi  ki, Ukrayna Prezidentinin sərəncamı ilə 316 nəfər azərbaycanlı veteran döyüşçü medallarla təltif olunmuşlar. Eləcə də, digər MDB dövlətlərinin xatirə medalları azərbaycanlı  döyüşçülərə təqdim edilmişdir. Bu, xalqlarımız arasında dostluq əlaqələrinin qorunduğunu göstərir. Ayrı-ayrı tanınmış veteranların yubileyləri ilə əlaqədar qarşılıqlı təbriklərin göndərilməsi də mütəmadi xarakter daşıyır. Əməkdaşlarımız Qələbənin 71 illiyinə həsr olunmuş “Память и Победа” kitabının nəşrində fəal iştirak etmiş və həmin kitab 9 may Qələbə günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunmuşdur. Bu ilin iyun və sentyabr  aylarında Ukrayna veteranları təşkilatının dəvəti ilə Kiyev və Moskva şəhərlərində tədbirlərdə iştirak etmişik. Oktyabr ayında isə Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə nümayəndə heyəti Bakıya səfər etmişdir. Onların Təşkilatın rəhbərliyi, AR Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin rəsmiləri və Müdafiə Nazirliyinin H.Əliyev adına Hərbi Məktəbinin kursantları ilə görüşləri təşkil olunmuş, qonaqlar Bakının tarixi yerləri və ölkənin muzeyləri ilə tanış edilmişlər. Sentyabr ayında Rusiya Federasiyası Silahlı Qüvvələri Veteranları Təşkilatının sədri, ordu generalı Viktor Yermakov RVT-də olmuş, burada yaradılan şəraitdən, veteranlara göstərilən dövlət qayğısından bütün MDB ölkələrinin nümunə götürməli olduğunu bildirmişdir. Hər il 9 may ərəfəsində Avstriyanın paytaxtı Vyanada yerləşən beynəlxalq “Qara Xaç” cəmiyyətinin üzvləri və Almaniyadan gələn qonaqlar Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində İkinci Dünya müharibəsində əsir düşmüş və vəfat etmiş insanların dəfn edildikləri qəbirstanlıqlara ziyarətləri təşkil olunur. Çoxsaylı tədbirləri, eləcə də, fəaliyyətinizin digər istiqamətləri üzrə işləri ölkə ictimiyyətinə lazımınca çatdıra bilirsinizmi? - RVT-nin orqanı olan “Azərbaycan Veteranı” qəzeti tədbirlərimizi, eləcə də, fəaliyyətimizi kifayət qədər işıqlandırır. Bu sahədə ölkə KİV-nin, xüsusilə AzTV, İctimai, Lider, “SPACE”, “Xəzər” televiziyalarının, AzərTAC-ın, digər informasiya agentliklərinin, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Ədalət” və digər qəzetlərin bizə göstərdikləri köməyini minnətdarlıqla qeyd etmək istərdim. Təşkilatın tarixi və azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakı ilə bağlı dərc edilmiş kitab da ictimaiyyətin məlumatlandırılması sahəsində az rol oynamamışdır. Biz digər ölkələrin Bakıda yerləşən daimi müxbir postlarının imkanlarından da təbliğat işinin qurulmasında yararlanmağa çalışırıq. Fəaliyyətimizin səmərəli qurulmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara və Təşkiltımıza göstərdiyi qayğı və diqqətin mühüm rol oynadığını xüsusi vurğulamaq istərdim. - Son vaxtlar bəzi saytların Təşkilatla bağlı hansısa mənbələrə istinadən yaydıqları məlumatlarda bəzi qüvvələrin rəhbərliyin dəyişdirilməsinə cəhd göstərdikləri bildirilir. Bu barədə nə deyərdiniz? - Biz həmin məlumatların yalan və böhtan xarakteri daşıdığını, sədrin səhətinin hazırda normal olduğunu bəyan etməklə, həmin saytları dəqiqləşdirilməmiş informasiyaları tirajlamaqdan uzaq olmağa çağırmışdıq. Ancaq buna baxmayaraq, bəziləri eyni missiyanı nəinki davam etdirdilər, hətta digər İctimai Təşkilatların üzvlərini də öz yalanlarına ortaq etməyə çalışdılar. Biz yenə dözüm nümayiş etdirib həmin saytların təmsilçilərini də ayın 22-də keçiriləcək Plenumumuza dəvət edirik. Qoy onlar şər və böhtan yaymaqdansa, İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələri veteranlarının nə düşündükləri barədə birbaşa onların özlərindən eşitsinlər. Bizsə yalnız onu bir daha vurğulayırıq ki, Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır. - Aldığımız məlumata görə gələn il Respublika Veteranlar Təşkilatının 30 illik yubileyi keçiriləcəkdir. Bununla bağlı qərar varmı? - Əvvəla onu deyim ki, 30 il bundan qabaq fəaliyyətə başlayan Respublika Veteranlar Təşkilatının ilk sədri yaxın günlərdə 95 illik yubileyini keçirdiyimiz general-mayor, sərhədçi Mustafa Nəsirov olmuşdur. Bəli, 30 illiklə bağlı müvafiq tədbirlər planı hazırlanmışdır. Plana əsasən yubiley münasibətilə təşkilat və müəssisələrdə, xüsusilə təhsil ocaqlarında tədbirlərin keçirilməsi, ölkə KİV-ində müvafiq məqalə, veriliş və çıxışların təşkili, Təşkilatın tarixinə aid kitabın yazılıb çap etdiriməsi, sənədli filmin çəkilməsi, mədəni-kütləvi, o cümlədən müxtəlif ölkələrin veteran təşkilatları ilə əlaqələr çərçivəsində birgə tədbirlərin təşkili və s. işlər görüləcəkdir. - Gələcək palanlarınız barədə nə deyərdiniz? - Bu barədə bir neçə gün sonra baş tutacaq tədbirimizdə danışacağıq. Ancaq ümumən onu deyə bilərəm ki, biz fəaliyyətimizin səmərəsini artırmaq, ictimaiyyətin daha geniş təbəqələrini əhatə etmək üçün mövcud iş mexanizmlərini daha da təkmilləşdirməyi nəzərdə tuturuq. Bir milyondan artıq veteranı təmsil edən Təşkilatın fəaliyyəti daim yüksək səviyyədə olmalı, doğma Azərbaycanın hərtərəfli inkişafına töhfə verməlidir.                                                                                                  MEHPARƏ  Əliyeva

Hamısını oxu