Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər.

Abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov dövlətimizin başçısına və birinci xanıma abidə barədə məlumat verdi.

Qeyd edək ki, bu il Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur.

Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalayıb.

Abidə kompleksi böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb.

Müəllifləri Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov olan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, ümumilikdə abidənin hündürlüyü isə 385 santimetrdir. Heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Orta əsrlər Azərbaycan memarlığının inkişafında mühüm rol oynayan memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilk növbədə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihənin icrası, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub. Hazırda isə onun 900 illiyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi bütövlükdə çoxəsrlik mədəni zənginliklərimizin beynəlxalq səviyyədə daha geniş təbliğində vacib rol oynayır.

President.az

 

 

2026-08-12 11:00:00
707 baxış

Digər xəbərlər

Bahadur Məmmədqulu oğlu Hüseynov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, İkinci Dünya Müharibəsi və Silahlı Qüvvələr veteranı, general-mayor Bahadur Məmmədqulu oğlu Hüseynov uzun sürən xəstəlikdən sonar 96 yaşında vəfat etmişdir. Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə 1924-cü ildə ailəsi Naxçıvandan Gəncəyə köçməli olmuşdur. 1934-cü ildə yeddiillik təhsilini başa vuran Bahadur Gəncə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Həmin vaxtlar Xarkov şəhərində təhsil alan böyük qardaşı Əhməd Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırı. Təhsilini davam etdirmək və ürəyinə daha çox yatan işlə məşğul olmaq istəyən Bahadur Hüseynov bu istəklə 1939-cu ilin mayında Xarkov şəhərinə gedir və burada Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olur. Həmin şöbəni bitirdikdən sonra təhsilini çoxdan arzusunda olduğu F.E.Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etdirir. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar Bahadur da təhsilini vaxtından əvvəl başa vuraraq, kiçik leytenant rütbəsində, tağım komandiri kimi cəbhəyə yollanır. Onun ilk döyüşü 1941-ci ildə Smolensk istiqamətində vuruşan 246-cı diviziyanın 908-ci alayının tərkibində olur. Düşmənlə amansız ölüm-dirim savaşında kiçik leytenant B.Hüseynov üç dəfə ağır yaralanır. Qorki şəhərində bir müddət müalicə olunduqdan sonar, yenidən cəbhəyə yola düşmək üçün Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilir. Ancaq Bahadur Hüseynovun Sərhəd Məktəbini bitirdiyini bilən briqada komandanlığı onun cəbhəyə getmə xahişini qəbul etmir və Gürcüstanda — Sərhəd qoşunlarında xidmətə yollayır. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi Gürcüstanın müxtəlif bölgələrində tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. 1960-cı ildə polkovnik-leytenant rütbəsi alır və az sonra xidmət etdiyi hissənin rəis müavini təyin edilir. Elə həmin dövrdə, 1961-ci ildə xidmətdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olur və 1967-ci ildə universiteti ali təhsilli hüquqşünas ixtisası almaqla bitirir. Polkovnik-leytenant Bahadur Hüseynovun biliyi, intizamlılığı, bacarığı nəzərə alınıb, onun xidmətini Dövlət Təhlükəsizlik orqanlarında davam etdirməsi tövsiyə olunur. 1963-cü ildə baş tutan bu təyinatda həmin vaxt Təhlükəsizlik orqanlarında rəhbər vəzifədə çalışan ulu öndər Heydər Əliyevin rolu olmuşdur. B.Hüseynov az sonra məhz Heydər Əliyevin təqdimatı ilə Dövlət Təhlükəsizlik Komitəsində bölmə müdiri vəzifəsinə təyin edilir. Xüsusi xidmət orqanlarında vəzifə pillələrində inamla irəliləyən Bahadur Hüseynov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin olunur. B.Hüseynov bu məsuliyyətli vəzifədə 7 il şərəflə, ləyaqətlə xidmət edir. 1976-cı ildə Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyevin təklifi və təqdimatı ilə polkovnik Bahadur Hüseynov Azərbaycan DTK-sına sədr müavini təyin edilir. Həmin vaxt o, rəhbər vəzifəli şəxs, təvazökar və sadə insan kimi artıq respublikada kifayət qədər tanınırdı. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini Bahadur Hüseynovun xidmətləri nəzərə alınaraq, ona 1978-ci ildə general-mayor rütbəsi verilmişdir. 1986-cı ildə təhlükəsizlik orqanlarından ehtiyata buraxılan Bahadur Hüseynov yenə də ölkənin ictimai-siyasi həyatından kənarda qalmır, Azərbaycan naminə bütün bilik və bacarığını sərf edirdi. Həqiqi vətənpərvər insan və ictimai xadim kimi xidmətləri yüksək qiymətləndirilərək, Bahadur Hüseynov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məsul katibi, sədrin müavini vəzifələrinə seçilmiş, 1992-ci ildən 2001-ci ilə kimi isə Təşkilatın sədri vəzifəsində seçilmşdir. O, 1987-ci ildə fəaliyyətə başlayan bu Respublika Veteranlar Təşkilatının yaradıcılarından biri olmuşdur. Təşkilatın sədri olduğu müddətdə də Bahadur Hüseynovun bütün fəaliyyəti Azərbaycanın tərqqisi, gənclərin Vətənə, xalqa layiq insanlar kimi yetişmələrinə həsr edilmişdir. O, sədr olduğu dövrdə Azərbaycan Veteranlar Təşkilatının xarici əlaqələri xeyli genişlənmişdir. Məhz Bahadur Hüseynovun təşəbbüsü ilə Azərbaycan Veteranlar Təşkilatı Ümumdünya Veteranlar Federasiyasının tərkibinə daxil olmuş və həm də o, bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilmiş ilk azərbaycanlı olmuşdur. Bahadur Hüseynov ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə, dəfələrlə Cəlilabad rayon Zəhmətkeş Deputatları Sovetinə, Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçilmişdir. O, Azərbaycan KP-nin qurultaylarının nümayəndəsi, Bakı şəhər Partiya Komitəsinin üzvü seçilmişdir. Onu ölkədən kənarda, xüsusilə MDB məkanında yaxşı tanıyır, peşəkarlığına, bacarığına hörmətlə yanaşır, xidmətlərini nəzərə alırdılar. Bahadur Hüseynov 1991-2001-ci illərdə MDB ölkələri veteranlar təşkilatının Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü olmuşdur. Bahadur Hüseynovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. İki dəfə Qırmızı Əmək Bayrağı, I və II dərəcəli Vətən müharibəsi ordenlərinə, həmçinin 30-a yaxın medala layiq görülmüşdür. Müharibə veteranları arasında fəal beynəlmiləlçi fəaliyyətinə görə, Bahadur Hüseynov MDB ölkələrinin və Monqolustan Xalq Respublikasının də mükafatları ilə də təltif edilmişdir. Bahadur Hüseynov Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, keçmiş SSRİ-nin fəxri çekisti idi. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xidməti fəaliyyətində əldə etdiyi nəticələrə görə, iki dəfə Azərbaycan Respublikasının, üç dəfə Naxçıvan MR-nin fəxri fərmanları ilə təltif edilmiş, SSRİ və Azərbaycan DTK-nın qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. Bahadur Hüseynovun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov və Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 12 sentyabr 2024-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət ediblər. Bütün şəhidlərimiz kimi Elxan Nəcəfinin də heç vaxt unudulmayacağına, Azərbaycan xalqının qəlbində, eləcə də qəhrəmanlıq tariximizdə hər zaman yaşayacağını bildirən polkovnik Cəlil Xəlilov, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Cəlil Xəlilov qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər bir şəhid ailəsinin, hər bir veteranın yanındadır və bu kateqoriyadan olan vətəndaşlara Təşkilatın imkanları daxilində hər cür dəstəyi verməyə hazırdır. Zərifə Quliyeva da şəhid Elxan Nəcəfinin anası Afət Nəcəfinin arzu və istəkləri ilə maraqlanıb, əldə etdiyimiz şanlı qələbəyə görə xalq olaraq ilk növbədə şəhidlərimizə minnətdar olduğumuzu xatırladıb. Şəhidin anası Afət Nəcəfi ona göstərdikləri diqqətə görə Cəlil Xəlilov və Zərifə Quliyevaya təşəkkür edib. O, şəhid ailəsi olaraq hər zaman dövlətin diqqət və qayğısını üzərində hiss etdiyini söyləyib, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xatırladaq ki, Elxan Şükür oğlu Nəcəfi 1986-cı il aprelin 14-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixli lokal antiterror tədbirlərində iştirak edib. Elxan Nəcəfi 2023-cü il sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində gedən döyüşlərdə şəhid olub, İkinci Fəxri Xiyabanda dəfn edilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Ordumuz tezliklə xalqımıza qələbə sevinci yaşadacaq - Əhliyyət Mehdiyev

“Dünəndən başlayaraq ehtiyatda olan hərbi vəzifəlilər təlim və hərbi yoxlama üçün xüsusi toplanışlara çağırılırlar. Bu, hər bir azərbaycanlı kimi bizi də sevindirir və vətənpərvər gənclərimizlə qürur duyuruq”. Bu fikirləri Publika.az-a danışan Aprel döyüşlərinin iştirakçısı, Qarabağ müharibəsi əlili Əhliyyət Mehdiyev deyib. O qeyd edib ki, vətəndaşlarımız dövlət-ordu-xalq vəhdətini həm Aprel döyüşlərində, həm Tovuz hadisələrində, həm də hazırkı vaxtda ən yüksək səviyyədə nümayiş etdirir: “Bu, hər bir azərbaycanlı kimi bizi də sevindirir. Son illərdə, xüsusilə Aprel döyüşlərindən sonra və Tovuz hadisələrində gördük ki, yüz minlərlə Azərbaycan gənci Ali Baş Komandana, ordumuza, dövlətimizə dəstək nümayişlərinə qatıldı və əsgərlərimizin yanında olduqlarını bildirdilər. Bu gənclər bu gün də Səfərbərlik Xidmətinə, Müdafiə Nazirliyinə müraciət edirlər. Minlərlə gənc döyüş bölgələrinə yollandı və döyüşməyə hazır olduğunu bildirdi. Biz bu gün öz gəncliyimizlə, vətəndaşlarımızla qürur duyuruq, mütəmadi olaraq gənclərlə görüş keçiririk, onlardan özümüz də müsbət enerji alırıq. Hər bir auditoriyada görürük ki, yüzlərlə yeni Poladlar, Mübarizlər, Raquflar, Samidlər və neçə-neçə igidlər yetişir. Bu, bizi qürurlandırır. Bir daha əmin oluruq ki, sabahımız etibarlı əllərdədir. İnanıram ki, tezliklə ordumuz qələbə sevincini xalqımıza yaşadacaq. Xalqımız qələbəyə layiqdir və bu, tezliklə olacaq. Hər şey göz önündədir. Gəncliyimizlə, vətənpərvər gənclərimizlə, vətəndaşlarımızla qürur duyuruq”. Akqabay Mıradov

Hamısını oxu
Terrorçuluqda təqsirləndirilən “Muxtar” Azərbaycana ekstradisiya olundu

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də beynəlxalq terrorçuluqla mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir. Lent.az DTX-nin saytına istinadən xəbər verir ki, xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır. Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, “Muxtar” ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib. Mehdi Şükürov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1,279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib. Mehdi Şükürovun Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş, o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılıb və 2020-ci il iyulun 28-də Azərbaycan Respublikasına ekstradisiya olunub. Hazırda cinayət işi üzrə araşdırma davam edir.

Hamısını oxu