Digər xəbərlər
Yeni Azərbaycan Partiyası (YAP) Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar və Livandan erməni ailələrinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına köçürülməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. AZƏRTAC YAP-ın saytına istinadla müraciətin mətnini təqdim edir. Təxminən otuz ildir ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini - Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal altında saxlamaqdadır. Hərbi təcavüz siyasətinin davamı olaraq, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş mövqeyini ələ keçirmək üçün 2020-ci il iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca artilleriya və minaatanlardan istifadə etməklə silahlı təxribatlar həyata keçirib. Döyüşlər zamanı Ermənistan hərbi qüvvələri Azərbaycanın Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli və Əlibəyli kəndlərini də atəşə tutaraq qəsdən mülki obyektləri hədəf alıb. Nəticədə, aralarında yüksək rütbəli hərbçilər də olmaqla, 12 azərbaycanlı hərbçi, eləcə də 76 yaşlı bir mülki şəxs qətlə yetirilib, çoxsaylı yaralananlar olub, fərdi evlər və xəstəxanalar da daxil olmaqla, mülki obyektlərə ciddi ziyan dəyib. Bu arada, dərin narahatlıqla o da qeyd edilməlidir ki, həmin günlərdə radikal erməni qrupları Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatına etiraz edən xaricdəki Azərbaycan icmalarının üzvlərinə, dinc azərbaycanlı nümayişçilərə, habelə respublikamızın bir neçə xarici ölkədəki diplomatik nümayəndəliklərinə qarşı zorakı əməllər törədiblər. Son erməni təxribatı işğal altındakı Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın ətraf rayonları ilə əlaqəli olmayan ərazidə, Cənub Qaz Dəhlizi də daxil olmaqla strateji regional enerji boru kəmərləri və nəqliyyat infrastrukturunun və Bakı-Tbilisi-Qars dəmir yolunun yaxınlığında törədilib. Ermənistan, həmçinin açıq şəkildə qarşıdurmanın əhatəsini genişləndirməyə və həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsini yeni səviyyəyə qaldırmağa çalışıb. Bu məqsədlə toqquşmalardan dərhal sonra Yerevan üzvü olduğu hərbi-siyasi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. İyulun ortalarındakı gərgin döyüşlərdən sonra Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədindəki vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan ordusu Azərbaycan tərəfinə atəş açmaqda və vəziyyəti ağırlaşdıra biləcək təxribat xarakterli əməllər törətməkdə davam edir. Bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupu Azərbaycanın Goranboy rayonu istiqamətində təxribat törətməyə çalışarkən həmin dəstənin komandiri Azərbaycan Ordusu tərəfindən ələ keçirilib. Yerevan beynəlxalq öhdəliklərini açıq şəkildə pozmaqda davam edir və ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması üçün hər fürsətdən istifadə edir. Ermənistan rəhbərliyi bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün bir fürsət kimi qiymətləndirib. Beləliklə, işğal olunmuş Azərbaycan ərazilərində qurulmuş separatçı rejimin lideri Livandan olan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib və Ermənistanın İctimai Radiosunun yaydığı xəbərə görə, artıq bir neçə livanlı erməni ailəsi bölgədə yerləşdirilib. Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı ATƏT-in faktaraşdırma missiyalarının müvafiq hesabatlarında da əksini tapıb. Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması Ermənistanın “repatriasiya” və “humanitar yardım” adı altında ilhaq siyasətinin bir hissəsidir. Məskunlaşma siyasətinin aparılması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın bu məsuliyyətsiz davranışını qınamağa və bu ölkə rəhbərliyindən dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət göstərərək, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı dörd qətnaməsini icra etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq üçün xoşniyyətli danışıqlar aparmasını tələb etməyə çağırır. Azərbaycan münaqişənin bu çərçivədən kənar heç bir siyasi həll yolunu qəbul etmir və məhz bu anlayışa əsaslanaraq nizamlama prosesində iştirak edir. Buna görə də beynəlxalq ictimaiyyətin Ermənistanı Azərbaycana qarşı təcavüz əməllərinə görə qınaması son dərəcə vacibdir. Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkarlıq və işğal siyasətini qətiyyətlə pisləməyincə və bu ölkənin təhlükəli qanunsuz hərəkətlərinə qarşı sərt tədbirlər görməyincə, bütün bölgə davamlı olaraq dağıdıcı silahlı qarşıdurmalara sürüklənmə riski ilə qarşılaşacaq”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə TƏBİB, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Respublika Pediatriya Mərkəzinin dəstəyi, Yeni Klinikanın təşkilatçılığı ilə “Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib. Layihə çərçivəsində uşaqlar üçün tibbi müayinələr və müxtəlif maarifləndirici sessiyalar təşkil olunub. Tədbirin əsas məqsədi uşaqlarda erkən diaqnostikanın təşviqi, eləcə də valideynlərin tibbi maarifləndirilməsinə dəstək göstərilməsi olub. Bakı Fotoqrafiya Evində keçirilən tədbirdə həkim-mütəxəssislər tərəfindən pediatrik, oftalmoloji və otorinolarinqoloji müayinələr aparılıb, uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib. Eyni zamanda valideynlərə profilaktik tədbirlər və sağlam həyat tərzi ilə bağlı tövsiyələr verilib. Bununla yanaşı, iştirakçılar üçün maarifləndirici sessiyalar təşkil olunaraq uşaq üçün təhlükəsiz ev mühiti, rəqəmsal asılılıq, uşaqlarda sağlam inkişaf, düzgün qidalanma, fiziki aktivlik və digər mövzularda məlumatlar təqdim edilib. 50-yə yaxın uşağın iştirak etdiyi layihə çərçivəsində müxtəlif oyunlar, əyləncəli proqramlar və yaradıcı fəaliyyətlər də təşkil olunub. Balacalar həm də xoş, rəngarəng və yaddaqalan anlar yaşayıb.
Hamısını oxu
“Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir”. Bunu Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində bildirib. “Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik”.
Hamısını oxu
“Rusiya-Ukrayna müharibəsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşlarının DTX tərəfindən məsuliyyətə cəlb olunması, milli qanunvericiliyimizə tam uyğundur”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Burada söhbət, yalnız Azərbaycan vətəndaşlarından gedir. Aydındır ki, həm Rusiyada, həm də Ukraynada kifayət qədər soydaşlarımız yaşayır və onların bir hissəsi həmin ölkələrin pasportunu daşıyırlar. Bu baxımdan, vətəndaşlıqları olanların, Azərbaycanda məsuliyyətə cəlb olunması qeyri-mümkündür. Təbii ki, onların yaşadıqları dövlətlər qarşısında hüquqi öhdəlikləri nəzərə alınır. DTX-nin keçirdiyi əməliyyatlara, bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, döyüş əməliyyatlarında iştirak edənlərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb olunması, Azərbaycan qanunlarının icrası, ikincisi, genofondun qorunması deməkdir. Digər tərəfdən, müharibə ölüb, öldürmək deməkdir. Vuruşmaq üçün motivasiya olmalıdır. 44 günlük müharibədə xalqımız, Vətən torpaqlarının işğaldan azad olunması üçün, vahid yumruq kimi birləşdi. Müqəddəs ideya uğrunda, gənclərimiz ölümə getdi. Rusiya-Ukrayna müharibəsində isə, təsəvvür edin, hər iki tərəfdən azərbaycanlı vuruşur və nəyə görə ölümə getdiyini özü də bilmir. Bunun izahı yoxdur, sadəcə dəhşətdir. Bir məsələni də məxsusi qeyd etmək istərdim. Müharibələrdə, döyüş əməliyyatlarında iştirak etmiş insanların əksəriyyətində müəyyən psixoloji pozğunluqların, bəzilərində isə, psixi problemlərin olduğu hər kəsə məlumdur. Ona görə də, bu kateqoriyalardan olan şəxslərin mülki həyata, cəmiyyətə inteqrasiyasını təmin edən bərpa mərkəzlərində müalicə keçmələri mütləqdir. Müalicə-bərpa kurslarını keçməyən müharibə əlilləri, veteranlar, əlavə problemlərdir. Cəmiyyətin kriminogen durumuna təsir edirlər. DTX-nin keçirdiyi əməliyyatlar, cəmiyyət tərəfindən müsbət qiymətləndirilir və heç şübhəsiz, bu yola getmək istəyənlər üçün düşündürücü, təsirli nümunədir. Hesab edirəm ki, bu istiqamətdə təbliğat xarakterli işlər aparılmalıdır”. Seymur ƏLİYEV
Hamısını oxu