Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Sentyabrın 11-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində alman yazıçısı Maren Ernstin “Vierzig Mädchen” (“Qırx qız”) kitabının təqdimatı keçirilib.
Qırğız Respublikasının Avstriyadakı səfirliyinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı şəraitində baş tutan tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, Qırğızıstandan gələn qonaqlar, Avstriyadakı qırğız diasporunun üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında qardaş Qırğızıstana həsr olunmuş kitabın təqdimatına ev sahibliyi etməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, türk dövlətlərinin mədəniyyətinə həsr olunmuş tədbirlər diqqət mərkəzində saxlanılır və bu, Azərbaycan Mədəniyyət Mərkəzində qırğız mədəniyyətinə həsr olunmuş sayca ikinci tədbirdir.


L.Qasımova kitabın adının qırğız xalqının tarixi və mənşəyi ilə bağlı qədim “Qırx qız” rəvayətini xatırlatdığını, beləliklə, artıq kitabın adının özünün müxtəlif mədəni ənənələrin təmas nöqtəsinə çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məhz belə görüşlər ədəbiyyat, incəsənət, tarix və insan taleləri vasitəsilə xalqların bir-birini daha yaxından tanımasına, təkcə fərqləri deyil, həm də birləşdirici cəhətləri kəşf etməsinə imkan yaradan əsl mədəniyyətlərarası dialoqu formalaşdırır.
Azərbaycanın mədəniyyətlərarası dialoqa və xalqlar arasında qarşılıqlı hörmətə həmişə böyük önəm verdiyini vurğulayan L.Qasımova bu il oktyabrda Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini xatırladıb. O, bu mühüm beynəlxalq tədbir ərəfəsində Vyanada alman ədəbiyyatı ilə qırğız mədəni ənənəsinin Azərbaycanın dəstəyi ilə bir araya gəlməsini mədəniyyətlərarası dialoqun kiçik, lakin çox əhəmiyyətli nümunəsi adlandırıb.
Qırğız Respublikasının Avstriyadakı səfiri Nurjan Şayldabekova tədbirin keçirilməsi üçün yaradılan imkana görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Səfir iştirakçılara qırğız xalqının mənşəyi ilə bağlı qədim “Qırx qız” rəvayətindən danışıb.


Tədbirdə bildirilib ki, Maren Ernst 1992-ci ildən Qırğız Respublikasında müxtəlif sahələrdə çalışıb və 2007-ci ildə uşaq evini ziyarət etdikdən sonra o, rəfiqələri ilə birlikdə əsasən Qırğızıstanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara və aztəminatlı ailələrə yardım göstərən “Uplift Aufwind” xeyriyyə təşkilatını təsis edib. Qadın və uşaqları, təhsil və profilaktikanı diqqət mərkəzində saxlayan bu təşkilatın layihələrindən indiyədək Qırğız Respublikası üçün nümunəvi modelə çevrilən bu fəaliyyətdən 25 mindən çox uşaq və onların ailə üzvləri faydalanıb.
Yazıçının ədəbi debütü olan “Qırx qız” romanı onun Qırğızıstandakı həyat və fəaliyyəti ilə bağlı xatirələri əsasında qələmə alınıb. Müəllif kitabda Qırğızıstanın müstəqillik əldə etdiyi vaxtdan bu günədək keçdiyi mürəkkəb yola öz baxışını təqdim edir, qadınların gücündən, iki ölkənin mədəniyyətləri arasındakı qarşılıqlı əlaqələrdən, insanlıqdan və onda dərin iz qoymuş insanlardan bəhs edir. Qırğızıstanın müasir tarixinə dair şəxsi şahidliyi ictimai dəyişikliklər və mədəni kimlik mövzuları ilə birləşdirən roman müxtəlif mədəniyyət və dövrləri bədii şəkildə bir araya gətirir, Qırğızıstanın güclü qadınlarının obrazlarını canlandırır. Əsərdə insanlıq, mətanət və qarşılıqlı yardım ön plana çəkilir. Qırğızıstan burada ekzotik səyahət ölkəsi kimi deyil, real insanların yaşadığı, öz tarixi və aktual problemləri olan bir məkan kimi təqdim olunur.
Müəllif iştirakçılara kitabın yaranma tarixçəsindən və Qırğızıstanla bağlı xatirələrindən danışıb, kitabdan parçalar qiraət edilib, sonra isə qonaqların suallarını cavablandırıb.
Sonda qonaqlara Qırğız Respublikasının Səfirliyinin təşkil etdiyi qırğız milli mətbəxinin nümunələri təqdim olunub.

2026-09-12 16:17:00
428 baxış

Digər xəbərlər

Laçın sərhəd məntəqəsi erməni separatçıları üçün sonun əvvəlidir

Hamısını oxu
İlham Əliyevdən şəhid ailələrinə və müharibə əlillərinə BÖYÜK DƏSTƏK

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür. Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan Fərmanlara əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldı. Prezident İlham Əliyevin daha bir Fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılaraq: I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırıldı. Qeyd edək ki, şəhid ailələri və qeyd edilən əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar. Dövlət başçısının digər Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı. İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsi də Prezidentin diqqətindədir. Dövlət başçısının imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) də təsis olundu. İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 100% artırılaraq 150 manatdan 300 manata çatdırıldı. Eyni zamanda, bir sıra digər kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılmış və artımlar müəyyən edilmişdir. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq ediləcək. Ümumilikdə qəbul olunan yeni normativ hüquqi aktlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsinə, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir.

Hamısını oxu
Daha 109 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi

Bununla bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı işləri ildən-ilə genişlənir. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaxın bir neçə ildə şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan mənzil proqramı başa çatdırılacaq.  Nazir müavini qeyd edib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 539 mənzil verilib, digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8127 mənzil və fərdi ev verilib. V.Nəsirli bildirib ki, Nazirlik müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib.Ümumilikdə isə  Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib. Yeni mənzillə təmin edilən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən hərtərəfli təminatlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.  

Hamısını oxu
DGK əməkdaşları Zəfər Günü öncəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev və “Könüllü gömrükçü”lər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik  Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Zəfər Günü ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovaya ünvanlanan təbrik məktubunu oxuyan gömrük xidməti polkovniki Vüqar Əliyev, bu tarixi günlə bağlı bütün veteranları təbrik edib.   Dövlət Gömrük Komitəsinin rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, bu zəfərin Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, ordumuzun və xalqımızın fədakarlığı sayəsində əldə edildiyini bildirib. “Könüllü gömrükçülər”ə öz tövsiyələrini verən Fatma Səttarova, onları hər zaman vətəni sevməyə, milli maraqlarımızı qətiyyətlə müdafiə etməyə, ölkə başçısının siyasətini dəstəkləməyə səsləyib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da veteranlara gödstərdiyi diqqətə görə Dövlət Gömrük Komitəsinə öz minnətdarlığını bildirib, veteranların bundan sonra da dövlətimizin güclənməsində əlindən gələni əsirgəməyəcəyini bildirib.   Daha sonra “Könüllü gömrüçkülər” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti ilə tanış olub, təşkilat daxilindəki muzeyi, Milli Qəhrəmanların fotoları olan guşəni ziyarət edib, təşkilatın fəaliyyətini özündə əks etdirən stendlərə tamaşa edib.   Tədbirin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına Dövlət Gömrük Komitəsi adından bayram sovqatları təqdim edilib, xatirə şəkli çəkilib.  

Hamısını oxu