Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən üçün nur saçan ömür

44 günlük Vətən müharibəsi və bir gün davam edən antiterror tədbirləri ilə tarixə şərəfli səhifələr yazan Qarabağın və Şərqi Zəngəzurun azadlığı heç vaxt unudulmayacaq.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı və siyasi qətiyyəti ilə başlayan qanlı-qadalı döyüşlərin getdiyi günlərdə Vətənin müdafiəsi səngərlərlə sərhədlənmədi. Düşmən ölkədən fərqli olaraq bütün Azərbaycan döyüşürdü. Bu müharibədə hər kəs öz yerində Vətən üçün mübarizə aparırdı. Bir tərəfdə əli silahlı əsgər torpağı işğaldan azad edir, digər tərəfdə əli bıçaqlı həkim yaralı döyüşçünün həyatını və gələcəyini qoruyurdu. Səngərdə açılan atəşlə əməliyyat otağında edilən hər kəsik Vətəni qorumaq və Vətən oğullarını həyata qaytarmaq məqsədi daşıyırdı.

Müharibənin görünən qəhrəmanları qədər görünməyən qəhrəmanları da vardı. Onların döyüş meydanı əməliyyat otaqları, silahları tibbi alətlər, qələbələri isə yaralı əsgərin həyata, işığa və doğma torpağın səmasına qayıtması idi. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, məşhur həkim-cərrah Qurban İsmayılov Vətənin keşiyində cərrah bıçağı ilə dayanmışdı. Qarabağ savaşının adsız qəhrəmanlarından biri kimi onun əlindəki cərrah bıçağı Vətən uğrunda yaralanmış gözlərə həyat və işıq qaytarırdı. Onun üçün əməliyyat otağı adi iş yeri, hər cərrahi müdaxilə sadəcə tibbi prosedur deyildi. Hər əməliyyat bir qazinin həyata, işığa və azad etdiyi Vətənin səmasına yenidən baxmaq ümidinə çevrilirdi.

Saysız-hesabsız qazilərimizin gözlərinin müalicəsində və əməliyyatında iştirak edən Qurban İsmayılov onlara uğrunda qan tökdükləri, azadlığı üçün canlarından keçməyə hazır olduqları Vətəni yenidən görmək səadətini yaşatdı. Onun cərrah bıçağının ucunda bir qazinin taleyi, bir ailənin ümidi, bir Vətən oğlunun sabahı vardı. Gözlərə qayıdan hər işıq əslində, Qarabağın azadlığına açılan bir pəncərə idi.

Bir qazinin gözlərini açıb üçrəngli bayrağa baxması, azad Qarabağın səmasını seyr etməsi, doğma torpağın üzərində dalğalanan mübarək və müqəddəs bayrağın rənglərini görməsi sözlə ifadəsi çətin olan bir duyğudur. O gözlər vaxtilə döyüş meydanında qan görmüşdü, indi isə Ali Baş Komandanın qətiyyəti ilə Zəfəri görürdü. O gözlər Vətənin ağrısını yaşamışdı, indi Vətənin azadlığının sevincini yaşayırdı. Qurban İsmayılovun qaytardığı işıq gözün yaratdığı işıq ilə bitmirdi. Hər əməliyyat bir qazinin həyatına yeni səhər açır, hər uğurlu müdaxilə Qarabağın azadlığı uğrunda verilmiş mübarizənin davamına çevrilirdi. Çünki Vətən uğrunda döyüşən bir Vətən oğluna azad etdiyi torpaqları öz gözləri ilə görmək səadətini bəxş etmək, onun qəhrəmanlığının ən gözəl davamı və həm də fövqəladə qəhrəmanlıqdır!

Bu böyük fədakarlığı bizim sevimli həkimimiz Qurban İsmayılov bacardı. Yüksək təhsili, misilsiz peşəkarlığı və şəfa verən əlləri ilə yaralı gözlərə işıq, qazilərin həyatına ümid, ailələrinə sevinc bəxş etdi. Onun hər əməliyyatı gözə nur qaytarmaqdan çox-çox böyük idi. Qurban İsmayılov hər bir qazinin gözlərini həyata açmaqla əslində, onu azad etdiyi Vətənlə yenidən görüşdürürdü.

Bir vaxtlar döyüş meydanında Qarabağın azadlığı uğrunda qan tökən gözlər indi azad Qarabağın səmasına açılırdı. Şuşanın dağları, Xankəndinin küçələri, üçrəngli bayrağın əzəməti həmin baxışların qarşısında canlanırdı. Həkimin cərrah bıçağı ilə qazinin gözlərinə qaytardığı işıq bir ömrün ən böyük mükafatını, Zəfəri öz gözləri ilə seyr etmək səadətini bəxş etdi. Bir həkim, bir qazi, bir Vətən övladı üçün bundan böyük xoşbəxtlik nə ola bilərdi? Biri şəfa verən əlləri ilə işığı qaytardı, digəri həmin işıqla uğrunda döyüşdüyü Vətənə yenidən baxdı.

Qurban İsmayılovun əlləri ilə qaranlıqdan işığa çıxan hər baxış Qarabağın azadlıq tarixinin canlı şahidinə çevrilirdi. O gözlər bir vaxtlar döyüşün dəhşətini yaşamışdı, indi isə Zəfərin möhtəşəmliyinə şahidlik edirdi. Bir vaxtlar yaralı və ağrılı baxışların yerində indi azad Vətənin səması vardı. Həkimin əlləri ilə qazi gözləri arasında yaranan bu müqəddəs duyğunun adı şəfa qədər Vətən sevgisi idi.

Qurban İsmayılovun qəhrəmanlığı məhz burada ucalırdı. O, Vətən uğrunda yaralanmış gözlərə nur qaytarmaqla qazilərə öz Zəfərlərini seyr etmək səadəti verdi. Onun cərrah bıçağından keçən hər işıq bir qazinin baxışında Qarabağa açılan pəncərə oldu. Həmin pəncərədən azad Vətənin səması görünürdü.

Yorulmadan, usanmadan Vətən eşqi ilə həmin ağrılı günlərdə əməliyyat otaqlarında fasiləsiz çalışan bu alicənab həkimimiz hər dəfə qaranlığa qalib gəldi. O, Azərbaycan əsgəri kimi öz döyüş mövqeyini sonadək qorudu, qarşısındakı hər ağrını səbrlə dəf etdi, hər qazi üçün yeni bir sabaha yol açdı. Döyüşçülər arasında ən yaxşı həkim, həkimlər arasında ən yaxşı döyüşçü kimi Vətənə xidmətin özünəməxsus örnəyini yaratdı. Onun döyüş meydanı əməliyyat otağı, silahı cərrah bıçağı, savaşı isə bir qazinin taleyini xilas etmək idi.

Bu özünəməxsus keyfiyyətlərinə görə oftalmologiya üzrə böyük alimimizin təbliğata da ehtiyacı yoxdur. Çünki peşəkar cəmiyyət üçün təbliğ olunmur, təqdir olunur. Cəmiyyət və tibb üçün nümunə sərgiləyən Qurban İsmayılovun Vətən üçün gördüyü işlər fərəh doğurur. O, zülmətə, qaranlığa qarşı mübarizədə qalibdir. Bütün milli problemlərini həll edərək gələcəyə inamla addımlayan sevimli Azərbaycan kimi!

 V. Əliyev,

yazıçı

2026-09-27 12:17:00
36 baxış

Digər xəbərlər

Mehriban Əliyeva Konstitusiya Günü münasibəti ilə xalqı təbrik edib

Bakı, 12 noyabr, AZƏRTAC  Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir. “Əziz həmvətənlər! Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi! Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun! Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Uca Tanrı sevimli, doğma Azərbaycanımızı qorusun!”.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Xalq şairi Sabir Rüstəmxanlını təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xalq şairi Sabir Rüstəmxanlını doğum günü və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Hörmətli Sabir müəllim! Sizi doğum gününüz və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinizə görə “Şərəf” ordeni ilə təltif edilməyiniz münasibətilə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu şərəfli təltif Sizin ana dilimizin, milli kimliyimizin və vətənpərvərlik ideyalarının təbliğinə həsr etdiyiniz yaradıcılıq yoluna və dövlətçiliyimizə olan sonsuz sədaqətinizə verilən ən yüksək qiymətdir. Veteranlarımız adından Sizə ulu Tanrıdan möhkəm cansağlığı, uzun ömür və Azərbaycan ədəbiyyatının inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq”.  

Hamısını oxu
Sabirabadlı veteranlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasını ziyarət edib

Sabirabadlı müharibə veteranları Şirvan Şəhər Mərkəzi Xəstəxanasını ziyarət edib, tibbi heyətlə görüşüblər. Bu barədə veteran.gov.az-a Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib. Respublika Veteranlar Təşkilatını Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və müavini İslam Aslanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına səfər əsnasında xəstəxananın kollektivinə öz təşəkkürlərini bildirib, onlara şərəfli işlərində yeni-yeni nailiyyətlər arzulayıblar. Qeyd olunub ki, məhz həkimlərin fədakar əməyi nəticəsində 44 günlük Vətən müharibəsində xeyli sayda yaralıya yüksək səviyyəli tibbi yardım göstərilib, nəticə etibari ilə yüzlərlə insan həyata qaytarılıb. Terapeya və Qəbul şöbələrinin tibbi heyətinin, o cümlədən nevropotoloq Sabir həkim, Təranə həkim, tibb bacılarından Aysel xanım, Gülnarə xanım, Nəzrin xanım, Kəmalə xanım, Güllü xanımın əməyi xüsusilə yüksək qiymətləndirilib və təqdir olunub.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Başsağlığı

Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova   Hörmətli Vilayət müəllim!   Əziziniz Çingiz müəllimin vaxtsız vəfatı münasibəti ilə ürəkdən kədərlənir, mərhumun ailəsinə dərin hüzünlə başsağlığı verir və Allahdan rəhmət diləyirik.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri Cəlil Xəlilov, Bəhram Zahidov  

Hamısını oxu