Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Respublikamızın Silahlı Qüvvələri müstəqilliyimizin təminatçısı, onun toxunulmazlığının qarantıdır”

Bu gün Azərbaycanın müstəqilliyinin 28-ci ildönümüdür. Bəs bu müstəqilliyin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində Azərbaycan Silahlı Qüvvələrinin üzərinə hansı vəzifələr düşür?  Müstəqilliyimizin qorunmasında ordumuzun rolu nə dərəcədə həlledicidir? Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu məsələdə ordunun önəminin böyük və birmənalı olduğunu vurğuladı: “Mən öncə müstəqilliyimizin 28-ci ildönümü münasibəti ilə bütün xalqımızı, eləcə də Silahlı Qüvvələrimizi təbrik edirəm. 18 oktyabr bizim üçün tarixi bir gündür. Çünki məhz bu gün xalqımız  növbəti dəfə müstəqilliyinə qovuşmaqla öz taleyinin əsl sahibinə çevrildi. Təbii ki, müstəqilliyimizin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində ordunun müstəsna rolu var. Silahlı Qüvvələrimiz müstəqilliyimizin təminatçısı, onun toxunulmazlığının qarantıdır. Hər bir dövlətin müstəqilliyini onun ordusu, Silahlı Qüvvələri təmin edir. Bu baxımdan ordu nə qədər güclü, nə qədər qüdrətlidirsə, həmin dövlətin müstəqilliyi də bir o qədər güclü və dayanaqlı olur. Sevindiricidir ki, son 28 ildə Azərbaycan ordusunun möhkəmlənməsi, onun döyüş qabiliyyətinin artırılması, müasir hərbi texnika və peşəkar kadrlarla təmin edilməsi istiqamətində çox böyük addımlar atılıb. Silahlı Qüvvələrimizin müstəqilliyimizin qorunmasındakı rolunu əsas götürərək deyə bilərik ki, ordumuzun möhkəmləndirilməsinə yönəlik bu addımlar, həm də ölkəmizin müstəqilliyinin gücləndirilməsinə xidmət edib. Bu məsələdə həm ümummilli lider Heydər Əliyevin, həm də prezident İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Bu gün də Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin gücləndirilməsi prosesi uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünə qəsd olunub. Bu gün torpaqlarımızın bir hissəsi erməni işğalı altındadır. Erməni istilasının aradan qaldırılması, işğal altındakı torpaqlarımızın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi vəzifəsi də məhz ordumuzun üzərinə düşür. Bu gün xalqımızın bütün ümidləri məhz Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan əsgərinədir. Bunun özü xalqımızın həyatında, onun müstəqilliyinin təminatındakı əlahiddə rolundan xəbər verir.  Tarix sübut edir ki, ordunun gücünə və xalqın sevgisinə söykənməyən müstəqilliyin ömrü heç vaxt uzun olmayıb, ola da bilməz. Qürurvericidir ki, bu gün Azərbaycan müstəqilliyinin keşiyində sözün həqiqi mənasında möhtəşəm Silahlı Qüvvələrimiz və böyük xalq sevgisi dayanır. Əminəm ki, işğal edilmiş torpaqlaırmızın azad edilməsi ilə bağlı diplomatik danışıqlar nəticə verməzsə, o zaman Silahlı Qüvvələrimiz qısa zamanda işğal altındakı torpaqlarımızı azad etməklə ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, müstəqil Azərbaycanın üçrəngli bayrağının Qarabağda, Şuşada dalğalanmasına nail olacaq”.   Seymur ƏLİYEV  

2019-10-18 00:00:00
3683 baxış

Digər xəbərlər

Respublika Günü milli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətli bir gündür

28 May - Respublika Günü milli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətli bir gündür. Ölkəmizin tarixində ən əlamətdar günlərdən biridir. 28 May Azərbaycan xalqının tarixi uğurudur. Bu tarixi nailiyyətin qorunmasında, yaşadılmasında və daha da möhkəmlənməsində ən mühüm rolu isə Azərbaycan Ordusu oynayır. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu əlamətdar günlə bağlı respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında ordunun rolundan danışıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Cümhuriyyət dövründə əsası Səmədağa Mehmandarov, Əliağa Şıxlınski və digər generallarımız tərəfindən qoyulan Azərbaycan Ordusu, XX əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev tərəfindən müasir dövrün tələbinə uyğun olaraq yenidən formalaşdırılıb, güclü, nizami orduya çevrilib. Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız regionun deyil, bütün dünyanın ən güclü orduları sırasındadır. Bu isə cümhuriyyət dövrünün generallarının, o dövrün hərbi-siyasi liderlərinin arzusunun reallaşması, onların istəklərinin gerçəkliyə çevrilməsi deməkdir. Təşkilatın sədr müavini bildirib ki, ordu respublikamızın, onun müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır. Məhz ordumuzun səyi, onun qüdrəti sayəsində müstəqilliyimizi qorumaq, ölkəmizə qarşı çoxsaylı təxribatların qarşısını almaq mümkün olub. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz daim möhkəmlənməkdə, döyüş hazırlığını, zərbə gücünü sürətlə artırmaqdadır. Bu gün Silahlı Qüvvələrimiz respublikamıza yönəlik istənilən təxribata layiqli cavab verməyə qadirdir. “Əminəm ki, Azərbaycan Ordusu yaxın gələcəkdə işğal altındakı ərazilərimizi azad edəcək, bununla da Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam təmin edəcək. Bir daha xalqımızı Respublika Günü münasibəti ilə təbrik edir, onun keşiyində dayanan Silahlı Qüvvələrimizə uğurlar arzulayıram”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov vəfat edib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov İsi oğlunun vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Ağdərənin işğalından 27 il ötür

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər.İyulun 7-si Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərənin və ətraf kəndlərin işğalından 27 il ötür. Ağdərə rayonu, Dağlıq Qarabağdakı bir çox ərazilər kimi, Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı qüvvələrinin nəzarəti altına keçib. 1992-ci ildə Azərbaycan Ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Bir il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. 1993-cü il 7 iyul tarixində Ağdərə şəhərini və rayonun bir çox kəndlərini ermənilər yenidən işğal edir. Hal-hazırda Ağdərə rayonunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla, bir çox əraziləri ermənilərin nəzarəti altındadır.Qeyd edək ki, 1989-cu ildə SSRİ tərəfindən aparılmış əhalinin son siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Bu göstərici üzrə Ağdərə azərbaycanlı əhalinin sayına görə, Şuşadan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində, Azərbaycan xalqına məxsus mədəni irs talan edilib və infrastrukturu dağıdılıb. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir. Bu, faktdır ki, Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib.Ağdərə ərazisində olan memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər Alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb.İşğal edilmiş ərazidə 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları, bir qayda olaraq, ABŞ-ın, Kanadanın, İsveçrənin və Fransanın iş adamları tərəfindən talan olunur.Ermənistan və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim, ötən 27 il ərzində, Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməlləri həyata keçirir.Azərbaycanın işğal altında olan torpaqlarının, azad edəcəyi gün yaxındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarına qayıdacaq və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək.Bu gün böyük gücə malik olan Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Qarabağda dalğalandırmağa qadirdir.

Hamısını oxu
“Türkiyədəki meşə yanğınlarına qarşı mübarizədə FHN-nin yanğın-xilasetmə qüvvələri əsl fədakarlıq göstərməkdədir”

  Cəlil Xəlilov: “Bu, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir”   “Türkiyədəki kütləvi meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri əsl fədakarlıq göstərməkdədir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Azərbaycanın ilk andan Türkiyənin yanında yer aldığına diqqət çəkən polkovnik, ölkəmizin sona qədər qardaş ölkəyə dəstək verəcəyini bildirib:   “Bildiyiniz kimi, Türkiyədə meşə yanğınları başlayan andan Azərbaycan hərəkətə keçdi və ölkə prezidentinin göstərişinə əsasən FHN-nin bir qrup əmkdaşı, o cümlədən yanğınsöndürmə texnikası, ambulans və digər nəqliyyat vasitələri qardaş ölkənin köməyinə göndərildi. Iyulun 30-da Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, FHN-nin yanğınsöndürmə qüvvələrinin 100 nəfərlik əməkdaşlarından ibarət ilk qrup Türkiyəyə yola salındı. Onlar qısa zamanda Trükiyənin Marmaris bölgəsində yanğınların söndürülməsi prosesinə cəlb edildi.   Iyulun 31-də FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyə Respublikasına yola düşdü. Hansı ki, həmin yanğın-xilasetmə qrupuna FHN-in 1 ədəd helikopteri, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 1 ədəd tibbi yardım avtomobili, 220 nəfər yanğınsöndürən və xilasedici daxil idi.   Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Marmaris bölgəsində olub, yanğın baş verən ərazidə qüvvələrin işi ilə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib. Bunun ardınca Böhranların İdarə edilməsi Mərkəzində Azərbaycan FHN və yerli qüvvələrin təmsilçilərinin iştirakı ilə müşavirə keçirilib, həmin müşavirədə atılacaq növbəti addımlar müzakirə olunub.   Bundan başqa, Azərbaycan qardaş ölkəyə həm də amfibiya təyyarə göndərib. Qeyd edim ki,  FHN-in arsenalında olan yanğın əlehinə "B-240ÇS" amfibiya təyyarəsi unikal keyfiyyətlərə malikdir. Bu təyyarə hərəkətdə ola-ola su ehtiyatı yığa bilir və sadəcə dənizə eniş etməklə 1 dəqiqə ərzində lazım olan su ehtiyyatını toplayır.   Azərbaycanlı yanğınsöndürənlər yanan evlərin birindən türk bayrağını xilas etdilər ki, bununla bağlı görüntülər həm ölkəmizdə, həm də qardaş Türkiyədə qürurla izləndi.   Azərbaycanın FHN-nin yanğın-xilasetmə qüvvələrinin fəaliyyəti, ümumilikdə dövlətimizin yanğınlara qarşı mübarizədə Türkiyəyə verdiyi dəstək rəsmi Ankara, eləcə də türk xalqı tərəfindən də yüksək qiymətləndirilməkdədir. Bu, Azərbaycan-Türkiyə dostluğunun, Azərbaycan-Türkiyə qardaşlığının daha bir  bariz nümunəsidir. Baş verənlər bir daha göstərir ki, Azərbaycan və Türkiyə dövlətləri hər zaman bir-birinin yanındadır və bütün təhlükələrə, problemlərə birlikdə mübarizə aparmaq, bütün çətinliklərin öhdəsindən birlikdə gəlmək əzminə malikdirlər.   Mən Türkiyədə meşə yanğılnlarına qarşı mübarizə aparan FHN-nin yanğın-xilasetmə qüvvələrinə öz fəaliyyətlərində uğurlar arzulayır, qardaş türk xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.   Seymur ƏLİYEV  

Hamısını oxu