İlham Əliyevin Xəzərlə bağlı səsləndirdiyi faktlar bütün dünya üçün həyəcan təbilidir -TƏHLİL!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasındakı çıxışı böyük marağa səbəb olub. Son illər Xəzərin sürətlə dayazlaşdığına diqqət çəkən dövlət başçısı, problemin davam edəcəyi təqdirdə, fəlakətli nəticələrin ortaya çıxacağını bildirib.
Xəzərin dayazlaşma miqyasını iştirakçıların diqqətinə çatdırmaq üçün konkret rəqəmlər səsləndirən dövlət başçısı qeyd edib ki, dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadrat kilometrdən çox azalıb. Prezident vurğulayıb ki, “Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”.
Azərbaycan Prezidentinin səsləndiriyi hər iki fakt Xəzər dənizinin sürətlə dayazlaşdığını, bu prosesin günümüzdə də eyni templə davam etdiyini göstərir. Bu isə Xəzərlə bağlı mövcud ekoloji problemin sürətlə böyüdüyü deməkdir. Hansı ki, böyüyən problemin fəsadlarının da böyük olacağı birmənalıdır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən daha bir nüans Xəzərdə yaşanan ekoloji böhranın digər sahələrə - insanların gündəlik yaşamına, ticarət və nəqliyyata, iqtisadiyyatın bir çox sahəsinə bilavasitə təsir göstərməsi gerçəyidir. Dövlət başçısı vurğulayıb ki, ekosistemin dəyişməsi bir sıra problemlər, xüsusilə də iqtisadiyyat və infrastruktur problmləri ilə yanaşı müşahidə edilir:
“Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük”.
Prezidentin məlum fikirləri ekoloji problemlərin ekoloji problem olaraq qalmadığını, öz növbəsində yeni, zəncirvari problemlər doğurduğunu göstərir. Buna görə də ekoloji problemlərə “lokal”, ekoloji faktorlarla sərhədlənən problem kimi yanaşmaq yanlışdır və bu cür yanaşma məlum problemin nəticələrini yalnız və yalnız ağırlaşdırır. Bu baxımdan Prezident İlham Əliyevin Xəzərlə bağlı səsləndirdiyi faktlar yalnız Xəzərsahili dövlətlər üçün deyil, bütün dünya üçün ciddi həyəcan təbili sayıla bilər. Çünki ekologiya sərhəd tanımır və Xəzərin quruması Azərbaycanı nə qədər narahat edirsə, hansı qitə və coğrafiyada yerləşməsindən asılı olmayaraq, hər bir dövləti eyni dərəcədə narahat etməlidir. Məhz belə yanaşı, eləcə də səmimi birlik, həmrəylik və əməkdaşlıq həyatımıza, yaşam və sağlamlığımıza birbaşa təsir göstərən ekoloji problemlərin etibarlı həllini təmin edə bilər.
Seymur ƏLİYEV