Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Antiterror əməliyyatından bəhs edən “23 saat 43 dəqiqə” kitabı təqdim olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-ci il üçün elan etdiyi orta qrant müsabiqəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun icra etdiyi “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsi çərçivəsində nəşr edilmiş “23 saat 43 dəqiqə” kitabının təqdimat mərasimi keçirilib.

Citypost.az Herbiand.az-a istinadən xəbər verir ki, 30 oktyabr tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında baş tutan tədbirdə ictimaiyyət nümayəndələri, qazilər, media mənsubları, eləcə də 52 antiterror şəhidinin respublikamızın ən müxtəlif guşələrindən gəlmiş ailə üzvləri iştirak ediblər.

Şəhidlərin xatirəsini anmaqla və Azərbaycan himninin sədaları altında başlanan tədbirdə ilk olaraq kitabın baş rəyçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov çıxış edərək günümüzdə Qarabağ zəfərimizlə bağlı olan kitabların aktuallığından, bu işə verilən hər bir töhfənin əhəmiyyətindən danışıb, “23 saat 43 dəqiqə” kitabının bədii-sənədli məziyyətlərindən bəhs edib.

YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Azərbaycan dövlətinin müharibə şəhidləri və qaziləri üçün yaratdığı şəraitdən danışıb, kitabda bu barədə ayrıca qeydlər olduğunu vurğulayıb, dövlətin öz şəhidlərinin, qazilərinin yanında olmasını Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir ölkənin əsas prioriteti olduğunu vurğulayıb.

Kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun baş direktoru Varis bildirib ki, kitabda əməliyyatı zəruri edən səbəblər, əməliyyatın saatbasaat gedişi, Azərbaycan prezidentinin əməliyyatla bağlı çıxışları, müsahibələri, Azərbaycan ordusunun tərkibi, xüsusi təyinatlılar və komandoların misilsiz şücaəti, aparılan hərbi əməliyyatın xarakteri, silah növləri, cəbhələrin təsnifatı, əsas döyüşlər, düşmənin kapitulyasiyası, əldə edilən silah-sursat, düşmənin yeraltı hərbi baza və qərargahlarının təsviri, müharibə canilərinin həbsi, Xankəndiyə üçrəngli bayrağın sancılması, Yevlaxdakı reinteqrasiya görşüşləri, Xankəndi zəfər paradı, əməliyyata dünya siyasətçilərinin, mediasının, hərbi ekspertlərin verdiyi qiymət, əməliyyatdan sonra Qafqazın siyasi düzəninin tam dəyişməsi mənzərəsi öz əksini tapıb, əməliyyatda iştirak edən səhra komandirlərindən tutmuş adi əsgərlərə qədər bir çoxlarının şərhləri, mülahizələri, xatirələri yer alır.

Qeyd edilib ki, 3 fəsildən ibarət kitabı unikal edən antiterror əməliyyatında şəhid olan 52 hərbçimizin ailə üzvlərinin kitabın həmmüəllifi ampluasında öz şəhidinin həyat hekayətini təqdim etməsidir.

Daha sonra antiterror şəhidlərindən Ruslan Lalayevin atası Akif Lalayev, Aqil Əkbərovun atası Fayəddin Əkbərov, Mikayıl Həmidlinin anası Lalə Həmidova, Vüqar Heydərovun həyat yoldaşı Ülkər Vüqarlı, Elxan Nəcəfinin həyat yoldaşı Əsmayə Nəcəfi, Rəşad Hüseynovun qızı Rəşidə Hüseynova çıxış ediblər, bu dəyərli nəşrə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fonduna, müəllifə öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbir iştirakçılarına kitablar hədiyyə edilib.

Xatırladaq ki, “23 saat 43 dəqiqə” kitabının redaktorları Əkbər Qoşalı və İntiqam Yaşar, fəsil şeirlərinin müəllifi Nigar Həsənzadə, naşiri Akif Şahbazovdur.

citypost.az

 

2026-11-02 15:54:00
23 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qəza nəticəsində həlak olanların ailələrinin kədərinə şərik olaraq qərara alıram: 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 dekabr 2024-cü il    

Hamısını oxu
İlham Əliyev Gəncə şəhərində səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib. Dövlətimizin başçısı Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olub, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışında iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoyub. Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verib. Səfərdən geniş materiallar yanvarın 31-də dərc ediləcək.   Mənbə: president.az

Hamısını oxu
“Korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda müzakirələr aparılıb

Yanvarın 15-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" mövzusunda dəyirmi masa keçirilib.   Azərtac xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak ediblər.   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində verdiyi tövsiyələrinin, ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb.   O, korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib və onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. Bildirilib ki, dövlətimizin başçısının ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı tövsiyələri qarşımızda yeni vəzifələr qoyur.   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov ölkəmizdə korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparıldığını diqqətə çatdıraraq, bu məsələdə vətəndaşlarla sıx təmasda işləyən QHT-lərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Deyib ki, ictimai nəzarətlə bağlı sosial institutların və ictimai nəzarət mexanizmlərinin yaradılması çox vacibdir.   "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, müsahibəsində bir çox mühüm məqamlara toxunan dövlətimizin başçısı korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı yeni gündəlik təqdim etdi. Ölkəmizdə ictimai nəzarətin hüquqi əsaslarının və institutların mövcud olduğunu diqqətə çatdıran Ə.Nuriyev bu sahədə fəallığın artırılmasının vacibliyini vurğulayıb və ictimai şuraların fəaliyyətinin mərkəzləşməsinin mühüm məsələ olduğunu qeyd edib.   Korrupsiyaya qarşı mübarizədə medianın və ictimai nəzarətin xüsusi rolunu vurğulayan "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Qarabağda gedən bərpa və quruculuq işlərində tender məsələsinin nəzarətdə saxlanılmasının vacibliyini bildirib.   Digər çıxış edənlər - Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov, “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Samir İsayev, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə və digərləri korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolunu vurğulayıb, onların fəallıqlarının artırlılmasının vacibliyini qeyd ediblər. Onlar QHT-lərin media ilə əlaqəli işləməsinin və dialoq platformasının yaradılmasının vacibliyini diqqətə çatdırıblar.   QHT-lərin korrupsiya ilə mübarizədə fəaliyyətlərinin daha geniş vüsət alması üçün bir sıra təkliflər səsləndirilib.   Tədbirin sonunda QHT təmsilçilərinin iştirakı ilə müzakirələr keçirilib, onların fikirləri və təklifləri öyrənilib.  

Hamısını oxu
İkinci Dünya Müharibəsinin Sonu: Qələbənin və Dağıntının Hekayəsi

Səssiz gecələri qıran top səsləri, yanğınların qızılı işığında əks olunan dağıdılmış şəhərlər, palçığa bulaşmış əsgər çəkmələri, sönmək bilməyən bir ümid... 1944-cü ilin qışında müharibənin nəfəsi artıq daha sərt, daha yaxın hiss olunurdu. Bəşəriyyətin yaddaşına qara hərflərlə yazılmış İkinci Dünya Müharibəsi öz son, lakin ən qanlı mərhələsinə qədəm qoyurdu. Artıq alman işğalı altında inləyən sovet torpaqları bir-birinin ardınca azad edilir, SSRİ-nin sərhədləri bərpa olunurdu. Müharibənin alovu Avropanın dərinliklərinə qədər yayılır, tanklar şəhər küçələrini keçib keçmişi dəyişmək üçün irəliləyirdi. Bu, insanlığın faşizm zülmündən xilasına yönəlmiş ümumbəşəri bir savaş idi. Müttəfiqlər artıq təkcə cəbhələrdə deyil, siyasi masalar arxasında da gələcəyin konturlarını çəkirdilər. Alman faşizminin və Yaponiya militarizminin çöküşü yaxın idi. Amma bu çöküş minlərlə əsgərin canı, milyonlarla insanın göz yaşı bahasına başa gələcəkdi. Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar  1945-ci il sentyabr) Alman faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna,  avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrında SSRİ-nin keçmiş sərhədləri bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı. Sözügedən strateji hərbi əməliyyatlar sırasında 1944-cü ilin iyun-iyul aylarında Vitebsk-Bobruysk-Minsk rayonunda keçirilən döyüşlər çox ibrətamiz idi. Bu döyüşdə almanların 17 diviziyası və 3 briqadası tamamilə məhv edilmiş, 50 diviziyası isə öz heyətinin yarısını itirmişdi. Ümumilikdə hitlerçilər bu döyüşdə yarım milyon adam itirmişdilər. Əsir alınan 60 minə yaxın alman əsgər və zabiti gətirilərək Moskvanın Qırmızı meydanından bayraqlarını ataraq keçirilmişdilər. Bu, Hitlerin hələ 1941-ci ilin 7 noyabrında Qırmızı meydanda faşist ordularının rəsmi keçidini təşkil etmək arzusuna cavab olaraq edilmişdi. Əlverişli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əsgəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi. Beləliklə, Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. İndi Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. Antihitler koalisiyası birlikdə ümumi düşmənə qarşı vuruşmağa başladı. 1944-cü ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. Ölkənin azad edilməsində general de Qollun başçılıq etdiyi "Döyüşən Fransanın" hərbi hissələri də fəal iştirak etmişdilər. Sovet ordularının uğurlu hücumları və ikinci cəbhənin açılması "reyx"in sosial-iqtisadi, siyasi və hərbi vəziyyətini daha da ağırlaşdırdı. Uğursuz olsa da, Fürerə qarşı sui-qəsdlər başladı. Onlardan biri 1944-cü il iyulun 20-də polkovnik Klaus fon Ştaufenberq tərəfindən edilmişdi. 1944-cü ildə Hitler üç müttəfiqindən - Rumıniyadan, Bolqarıstandan, Finlandiyadan, 1945-ci ildə isə Macarıstandan məhrum oldu. Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində milli-azadlıq hərəkatı geniş miqyas aldı. Sovet ordularının sözügedən ölkələrə daxil olması milli-azadlıq və antifaşist hərəkatlara və sovetmeylli qüvvələrin fəallaşmasına yeni vüsət verdi. Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım (Yalta) konfransı (1945-ci il fevralın 4-11-də) toplandı. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Almaniyanın gələcəyi barədə də yekdil qərarlar qəbul olundu. Tərəflər faşizmdən azad olmuş ölkələrdə demokratik prinsiplərə uyğun razılaşdırılmış siyasət yeritməyi özündə əks etdirən Azad Avropa barədə xüsusi Bəyannamə imzaladılar. Konfransda Almaniyanın təslim olmasından 2-3 ay sonra SSRİ-nin Yaponiyaya qarşı müharibəyə girməsi barədə də məxfi saziş imzalandı. Yalta konfransının qərarları Almaniya və Yaponiya üzərində qələbənin tezləşdirilməsində, müharibədən sonra dünyanın yenidən qurulmasında çox mühüm əsas oldu. Üç dövlətin razılığı əsasında 1945-ci il aprelin 25-də Dumbarton-Oks konfransı (1944-cü il 21 avqust  28 sentyabr) qərarlarına müvafiq olaraq San-Fransiskoda  Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi hazırlandı. Nizamnamədə dövlətlərarası münasibətlərin əsas prinsipləri müəyyən olunmuşdu: xalqların suveren bərabərliyi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etməsi, zor işlətməkdən imtina olunması, dövlətlərin daxili işlərinə qarışmamaq, sülhün və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi,  beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi. Ümumi sülhün qorunması və saxlanılmasına xidmət edən Təhlükəsizlik Şurası yaradıldı. SSRİ, ABŞ, İngiltərə, Fransa və Çin onun daimi üzvləri təsdiq olundu. Beləliklə, 1939-cu il sentyabrın 1-də başlayan İkinci Dünya Müharibəsi altı il sonra 1945-ci il sentyabrın 2-də sona çatdı. Dünyanı cənginə alan bu qanlı fırtına milyonlarla insanın həyatına son qoydu, saysız-hesabsız şəhərləri, kəndləri viran qoydu. Lakin bu dəhşətli faciənin içində ümidini itirməyən xalqlar da vardı ki, onlardan biri də Azərbaycan xalqı idi. Bu müharibə yalnız böyük dövlətlərin və generalların savaşı deyildi. Bu, həm də sadə insanların, doğmalarını cəbhəyə yola salan anaların, səhra hospitallarında yaralı əsgərlərə yardım edən tibb bacılarının, hərbi zavodlarda gecə-gündüz çalışan fəhlələrin, torpağa alın təri tökən kəndlilərin döyüşü idi. Azərbaycan xalqı isə bu mübarizənin hər cəbhəsində vardı. 600 mindən çox azərbaycanlı övladı müharibəyə yollandı. Onların çoxu doğma yurda geri dönməmiş, torpağın azadlığı, bəşəriyyətin sabahı uğrunda can vermişdilər. İgid oğullarımız Leninqraddan tutmuş Berlinə qədər hər bir döyüş meydanında rəşadət göstərdilər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən general Həzi Aslanov, partizan hərəkatının siması olmuş Mehdi Hüseynzadə kimi yüzlərlə ad tariximizin şanlı səhifəsinə çevrildi. Arxa cəbhədə isə Azərbaycan nefti savaşın taleyini həll edən əsas silahlardan biri oldu. Bakı neftçiləri, metallurqları, kənd adamları yorulmadan çalışır, cəbhəyə sursat, yanacaq, ərzaq göndərirdi. Qadınlar kişilərin yerini tutdu, zavod və fabriklərdə, tarlalarda, xəstəxanalarda gecəni gündüzə qataraq vətənə xidmət etdilər. Azərbaycan xalqı bu müharibədə həm silahla, həm də zəhmətlə döyüşdü. Onun qəhrəmanlığı təkcə keçmişin deyil, həm də gələcəyin yaddaşına həkk olundu. O günlər göstərdi ki, torpaq uğrunda ölən varsa Vətəndir. Cəlil Xəlilov:  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu