“Tarixi onu yazanın yox, yaradanın dilindən eşitmək hər zaman daha önəmli, daha təsirlidir”
Elman Məmmədov: “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu təcrübəsi respublikamızdakı bütün təhsil ocaqlarında tətbiq edilməlidir”
Xəbər verdiyimiz kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov olub. Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində baş tutan görüşdə Zaur Hüseynov şagirdlərə məktəb illəri, gələcək peşə seçimi, hərbi xidmət və döyüş yolu barədə danışıb, həyat təcrübəsini məktəblilərlə bölüşüb, qarşıya qoyulan məqsədlərə çatmaqda təhsilin, intizamın və əzmkarlığın rolundan bəhs edib.
Maraqlıdır, şagirdlərlə Vətən Müharibəsi Qəhrəmanları, müharibə iştirakçıları arasında bu cür görüşlərin keçirilməsi gənc nəslin vətənmpərvərlik ruhunda tərbiyəsinə nə vəd edir?
Veteran.gov.az xəbər verir ki, millət vəkili Elman Məmmədov belə görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib:
“Bu layihə çox dəyərlidir. Biz tariximizi öyrənmək üçün adatən yazarlara, kitablara, keçmişə müraciət edirik. Təbii, bu da lazımdır. Lakin daha dəyərlisi bu tarixi yaradanların özləri ilə görüşmək, baş verənləri onların öz dilindən eşitməkdir. Bu, Vətən müharibəsində baş verənlər haqqında daha dəqiq məlumat almaq baxımından daha önəmli və daha təsirlidir.
Bu cür görüşlər zamanı yeniyetmə və gənclərimiz qəhrəmanları tanıyır. Həmçinin, həqiqətləri vətən uğrunda döyüşən, şücaət göstərən insanların dilindən eşidir. Bu, həm qəhrəmanlarımızın tanıdılması, həm də həqiqətin üzə çıxarılması və təbliğidir. Bu, gənclərimizin vətənpərvərlik tərbiyəsində, onların gələcəkdə əsl mübariz insanlar kimi yetişməsi baxımından çox vacibdir.
Məktəblərə gedən, orada şagirdlərlə görüşən qəhrəmanlarımız yeniyetmə və gənclərin qəlbində, şüurunda dərin iz buraxır. Aydındır ki, onlarla görüşən, təmasda olan yeniyetmələr gələcəkdə özlərni məhz bu qəhrəmanlara oxşatmağa çalışacaqlar. Onun kimi oğul, onun kimi igid olmaq istəyəcəklər”.
Millət vəkili Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu təcrübəsinin digər bölgələrdə də tətbiqinin zəruri olduğunu qeyd edib:
“Hesab edirəm ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu tədbiri alqışlanmalıdır və tək Bakıda yox, respublikamızın bütün ərazisində, bütün təhsil ocaqlarında, kollektivlərdə tətbiq edilməlidir”.
Seymur ƏLİYEV