Digər xəbərlər
Yeni əsrin başlanğıcında Azərbaycan xalqı taleyüklü seçim qarşısında idi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyi ilə hakimiyyətə gələn İlham Əliyev qısa müddətdə özünü uzaqgörən, prinsipial və qətiyyətli lider kimi təsdiq etdi. Bu seçim təsadüfi deyil, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursa sadiqliyin, dövlətçilik ənənələrinə inamın və gələcəyə hesablanmış strateji baxışın təntənəsi idi. Aradan keçən iyirmi ildən artıq müddət göstərdi ki, Azərbaycan xalqı öz seçimində yanılmayıb. Prezident, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yalnız regionun deyil, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevrildi. Bu illər ərzində Azərbaycan həm siyasi sabitlik, həm iqtisadi inkişaf, həm də hərbi güc baxımından mühüm və davamlı nailiyyətlər əldə etdi. Dövlət müstəqilliyimiz daha da möhkəmləndi, milli maraqlarımız qətiyyətlə qorundu, xalq–iqtidar birliyi isə sarsılmaz dayağa çevrildi. Ulu Öndərin ideyalarının işığında Azərbaycan sanki əsrə bərabər yol keçdi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi ilə əsası qoyulan enerji strategiyası bu gün də uğurla davam etdirilir. Bu strateji kurs nəticəsində Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi qlobal əhəmiyyətli layihələr həyata keçirilmiş, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng enerji arteriyaları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamışdır. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi tanınmaqdadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi ölkəmizi beynəlxalq logistika mərkəzinə çevirmişdir. Bu gün Azərbaycan coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirərək qlobal ticarət xəritəsində strateji mövqe tutur. Azərbaycanın inkişafı yalnız iqtisadi sahə ilə məhdudlaşmadı. Ölkəmiz kosmik sənayedə də mühüm addımlar ataraq “kosmik dövlətlər” klubuna daxil oldu. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərinin orbitə buraxılması Azərbaycanın elmi-texnoloji potensialının göstəricisinə çevrildi. Prezident İlham Əliyevin, həm də Ali Baş Komandan kimi həyata keçirdiyi müstəqil və çoxşaxəli siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiqliyini qoruyaraq, suverenlik və ərazi bütövlüyü məsələsində qəti mövqe nümayiş etdirdi. Məhz bu prinsipial siyasətin nəticəsi olaraq ölkəmiz BMT Təhlükəsizlik Şurası kimi mötəbər platformada təmsil olundu, Qoşulmama Hərəkatı çərçivəsində uğurlu sədrliyə imza atdı. Lakin Azərbaycanın müasir tarixində ən parlaq səhifə heç şübhəsiz ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi ədaləti bərpa etdi, işğal altında olan torpaqlarımız azad edildi. Ali Baş Komandanın qətiyyətli iradəsi, düzgün müəyyənləşdirilmiş hərbi strategiyası və yüksək idarəetmə bacarığı bu möhtəşəm Qələbənin əsasını təşkil etdi. Bu zəfər yalnız hərbi gücün deyil, həm də diplomatik ustalığın, strateji düşüncənin və milli birliyin nəticəsi idi. Bu şanlı zəfərin davamı kimi 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam təmin olundu. Dövlətimizin gücü və siyasi iradəsi sayəsində Qarabağ münaqişəsi tarixə qovuşdu, regionda yeni reallıqlar formalaşdı. Bu gün Prezident İlham Əliyev yalnız qalib sərkərdə deyil, həm də qurucu lider kimi tarix yazmağa davam edir. Onun Ali Baş Komandan kimi rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhərlər və kəndlər yenidən dirçəlir, Böyük Qayıdış proqramı uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, doğma torpaqlara qayıdan insanların sevincində dövlətin gücü, liderin iradəsi və xalqın birliyi təcəssüm edir. Azərbaycanın müasir hərb tarixində xüsusi yer tutan 2016-cı ilin Aprel döyüşləri isə bu böyük Zəfərə aparan yolun başlanğıcı kimi qiymətləndirilir. Aprelin 2-dən 5-dək davam edən bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını qətiyyətlə aldı və əks-hücum əməliyyatları ilə mühüm strateji mövqeləri azad etdi. Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan yaşayış məntəqəsi, Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi və digər ərazilər düşməndən təmizləndi. Aprel döyüşləri Azərbaycan əsgərinin yüksək döyüş hazırlığını, Vətənə bağlılığını və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə eyni zamanda illərlə “keçilməz sədd” kimi təqdim edilən müdafiə xətlərinin mif olduğunu sübut etdi. Ordumuz göstərdi ki, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Bu zəfərin mühüm nəticələrindən biri də Lələtəpə yüksəkliyinin azad olunmasından sonra Cocuq Mərcanlı kəndində həyatın bərpa olunması oldu. Bu, Böyük Qayıdışın ilk rəmzi addımı kimi tarixə düşdü və xalqın qələbəyə olan inamını daha da gücləndirdi. Aprel döyüşləri sonrakı hərbi uğurların əsasını qoydu. 2018-ci ildə Naxçıvan istiqamətində əldə olunan nailiyyətlər, 2020-ci ilin Tovuz döyüşlərində nümayiş etdirilən qətiyyət və nəhayət, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu yolun məntiqli davamı oldu. Bu zəfərlərin hər birində Ali Baş Komandan amili həlledici rol oynadı. Bu gün Aprel zəfəri yalnız keçmişin bir hadisəsi deyil, xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur mənbəyi və gələcək uğurların ideoloji əsaslarından biri kimi qiymətləndirilir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aprel döyüşlərinin qəhrəmanlarını dərin ehtiramla yad edir, onların şücaətini böyük qürur hissi ilə xatırlayırlar. Döyüş meydanında igidlik göstərmiş hər bir əsgər və zabit xalqımızın fəxridir. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi isə daim qəlbimizdə yaşayır və milli yaddaşımızın ayrılmaz hissəsini təşkil edir. Aprel zəfəri güclü dövlətin, qətiyyətli liderliyin, Ali Baş Komandan iradəsinin və sarsılmaz xalq birliyinin təntənəsidir. Bu birlik və bu ruh Azərbaycanın gələcək zəfərlərinin də əsas təminatıdır. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
“Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda məhkəməsi keçirilən erməni separatçıların guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı açıqlaması gülüncüdür və bu, İrəvanın ölkəmizə qarşı növbəti təxribatıdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Paşinyan bu kimi bəyanatlarla məsuliyyətdən yayınmağa çalışır: “Heç kimə sirr deyil ki, məhkəmə prosesinə cəlb edilən erməni separatçılarının hamısı həm işğal dönəmində, həm də 44 günlük Vətən müharibəsi zamanı xalqımıza qarşı bir-birindən dəhşətli cinayətlərə yol verib, böyük vəhşiliklər törədiblər. Yəni, bu şəxslərin bəd əməlləri, axıtdığı qanlar hər kəsə bəllidir. Bu gün həmin cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi, bu cinayətlərə görə ədalətli cəzanın müəyyənləşdirilməsi prosesi gedir və Azərbaycan bu prosesi bütün dünyanın gözləri önündə, açıq, şəffaf şəkildə həyata keçirir. Paşinyanın məhkəmədə dindirilən separatçıların guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı səsləndirdiyi fikirlər absurddur və duyduğu qorxu hiki çıxşlarında bu cinayətlərin bir çoxunu məhz İrəvanın – Paşinyanın göstərişi ilə elədiklərini bildirəcəklər. Bununla da, Paşinyanla bağlı yeni ittihamlar, törətdiyi bəd əməllərlə bağlı əlavə sübut və faktlar ortaya çıxacaq. Məhz bu prosesi qabaqlamaq, ictimai rəyi çaşdırmaq üçün Paşinyan bu cür sərsəm bəyanatlar verir. Ancaq o, bilməlidir ki, heç bir halda məsuliyyətdən qaça, Azərbaycanın separatçılarla bağlı keçirdiyi şəffaf məhkəmə prosesinə kölgə sala bilməyəcək. Azərbaycan xalqı qarşısında cinayət törədənlər mütləq şəkildə məsuliyyətə cəlb olunacaq və layiq olduqları cəzanı alacaqdır”. Seymur ƏLİYEV
Hamısını oxu
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Hamısını oxu
MİRİİB sədri Zamin Zeynal: Sosial şəbəkələrdə İnformasiya mədəniyyətinin təbliğ edilməsi ilə yanaşı İCTİMAİ QINAĞIN olması da vacibdir. İnformasiya mədəniyyəti nədir? İnformasiya mədəniyyəti informasiyanın məqsədyönlü işlənilməsi və onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter texnologiyasından, çağdaş texniki vasitə və metodlardan istifadə edilməsi bacarığının olmasını nəzərdə tutur. Bir sözlə, insanın informasiya mədəniyyətinin əsas göstəriciləri aşağıdakılardır: – Telefondan tutmuş fərdi kompüterlərə və kompüter şəbəkələrinədək müxtəlif texniki qurğulardan istifadə etmək vərdişləri; -İnformasiya texnologiyalarını mənimsəmək bacarığı (məsələn: ofis proqramlarını, qrafik redaktorları və s.-ni bilmək); -İstər dövri mətbuatdan, istərsə də elektron vasitələrin köməyi ilə informasiya almaq bacarığı (məsələn: hər hansı qəzet, yaxud jurnalın saytını açıb oxumaq); -İnformasiyanın anlaşıqlı şəkildə təqdimatı və ondan səmərəli istifadə etmək bacarığı; -İnformasiyanın emalının müxtəlif üsullarını bilmək; – Müxtəlif növ informasiya ilə işləmək bacarığı. Ölkəmizdə informasiya mədəniyyətinin ən vacib göstəricilərindən biri də insanların ingilis dilini necə bilmələridir.Bu gün informasiya texnologiyalarını müəyyən edən proqram məhsullarının, demək olar ki, hamısı ingilis dilində təqdim olunur. Qlobal informasiya resurslarından istifadə interfeysləri bu dildə yaradılır. Elmin, texnologiyaların və biznesin əksər sahələrində də ingilis dili hakim mövqe tutur.Qeyd olunduğu kimi, informasiya cəmiyyətinin hər bir üzvü kompüter vərdişlərinə, onun köməyi ilə müxtəlif sənədlər yaratmaq bacarığına, proqramların əsas sinifləri haqqında təsəvvürlərə və çalışdığı sahədə dərin biliklərə malik olmalıdır. Belə bilik və vərdişlərə bəzən kompüter savadlılığı deyilir. Başqa insanlarla əlaqə qurmaq üçün kommunikasiya vasitələrindən lazımi səviyyədə istifadə edə bilmək vacib keyfiyyət hesab olunur. Bura elektron yazışma vasitələrindən istifadə, informasiya sistemlərində lazım olan məlumatları əldə etmək, hüquqi və etik normaları (qaydaları) bilmək və onlara əməl etmək aiddir. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq hər gün əhəmiyyətli dərəcədə artmaqdadır. Ümumiyyətlə “sosial şəbəkə” nədir, hansı zərurətdən yaranıb? Sosial şəbəkələr – sosial qarşılıqlı əlaqələr, sosial obyektlər (insanlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur. “Sosial şəbəkə” termininin 1954-cü ildə ortaya çıxdığı düşünülür. “Sosial şəbəkə” anlayışı sosioloq Ceyms Barnes tərəfindən təqdim edilib. İnternetin yaranması (1969) ilə Ceyms Barnesin elmi konsepsiyası məşhurlaşmağa başlayıb. İlk müasir sosial media isə 1997-ci ildə yaradılan “Six Degrees” olub. Müasir dövrün bəzi məşhur sosial şəbəkələri, onların əsas fərqləndirici xüsusiyyətləri və istifadə imkanları ilə gəlin birlikdə tanış olaq: “Facebook” – ən iri sosial şəbəkə olmaqla, insanların yoldaşlarıyla ünsiyyət qurması və məlumat almaq məqsədi ilə yaradılan bir ictimai veb saytıdır; “YouTube” – istifadəçilərə videoların saxlanması, çatdırılması və göstərilməsi xidmətlərini təqdim edir; “WhatsApp” – mobil və digər platformalar üçün ismarışların ani mübadilə sistemi olmaqla, mətn ismarışları, şəkil, video və audio göndərməyə imkan verir; “Instagram” – şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkədir; “TikTok” – musiqili qısa videolar, canlı yayımlar yaratmağa və ismarışlar yollamağa imkan verən sosial şəbəkədir; “Twitter” – onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən saytdır. Onun vasitəsi ilə istifadəçilər 140 işarəlik “tvit” adlandırılan mətn sms-ləri göndərə bilirlər; “LinkedIn” – işgüzar əlaqələrin qurulması və professional peşələrin insanları üçün sosial şəbəkə saytıdır; “Skype” – səsli və görüntülü danışmağa imkan verən kompüter proqramıdır; “Pinterest” – hər növ şəkillərin paylaşıldığı və panorama sistemi vasitəsi ilə çalışan internet vebsaytıdır; “Viber” – ağıllı telefonlar və digər əlaqə vasitələri tərifindən 3G və ya Wi-Fi şəbəkəsi üzərindən mesajlaşma və səsli görüşmə imkanı təqdim edən əlaqə vasitəsidir; “Odnoklassniki” – Azərbaycan dilində mənası “sinif yoldaşları” olmaqla, Rusdilli internetin ən populyar sosial şəbəkələrindən biridir; “WeChat” – mətn və səs ismarışlarının ötürülməsi üçün mobil kommunikasiya sistemidir. Bu gün bəzi insanlar üçün sosial şəbəkələr gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisidir. Əgər bir neçə il öncə sosial şəbəkələr gənclərin əyləncə, vaxt keçirmə yeri sayılırdısa, son zamanlar bu münasibət tamamilə dəyişmişdir. Hazırda sosial şəbəkələr həm ünsiyyət və müxtəlif sosial əlaqələrin qurulması, həm də maariflənmək və öyrənmə prosesində iştirak üçün bir platforma rolunu oynayır. Belə ki, sosial şəbəkələrdən ünsiyyət vasitəsi kimi dünyanın hər yerindən olan insanlarla virtual ünsiyyət yaratmaq, dostlarla görüşmək və ya köhnə dostları tapmaq, iş axtarışı, tanışlıqlar, ictimai həyatda baş verən aktual məsələlər barədə fikir bildirmək, qarşılıqlı fikir mübadiləsi aparmaq məqsədilə istifadə olunur. Təhsil, təlim-tədris və digər maarifləndirmə proseslərində isə canlı yayım vasitəsilə müxtəlif iclaslar, müzakirələr keçirmək, onlayn rejimdə keçirilən müxtəlif forumlarda iştirak etmək, marketinq və ya biznes işi qurmaq, dil öyrənmək, müxtəlif sorğular təşkil etmək, elmi yeniliklərlə bağlı məlumat əldə etmək və digər məqsədlər üçün sosial şəbəkələr olduqca əhəmiyyətli rola malikdir. Lakin sosial şəbəkələrdən istifadənin müsbət tərəfləri ilə yanaşı, istifadəçilər üçün mənfi təsirləri də var. Belə ki, sosial şəbəkələrdən çox istifadə bir müddətdən sonra asılılıq yaradır. Bu asılılıq “hypertext” (gündə minimum 120 mesajın yazılması) və “hypernetworking”ə (gündə üç saatdan çox sosial mediadan istifadə) gətirib çıxarır ki, bu da sağlamlığa ziyanlıdır. Araşdırmalara görə, sosial şəbəkələrdən bu cür asılılıq psixoloji problemlərin artmasına – yorğunluq, yuxu məhrumiyyəti, depressiya, təhsildə gerilik, tənbəllik, aqressivlik və hətta intihara səbəb göstərilə bilər. Buna görə də, sosial şəbəkə istifadəçilərini bu cür mənfi təsirlərdən qorumaq üçün sosial şəbəkələrdən düzgün istifadənin təbliği üzrə maarifləndirmə işlərinin aparılması olduqca vacibdir. Bununla yanaşı sosial şəbəkələrdən mənfi məqsədlərə xidmət edən, şəxsi maraqlar naminə etik qaydaları pozan sosial şəbəkə iştirakçılarına hüquqi müstəvidə cəzaların tətbiqi ilə yanaşı bu prosesin müsbət həllinə döğru ictimai qınaq vasitələrindən istifadə edilməsinin də böyük təsiri ola bilər.Yaxşı olar ki, valideynlər uşaqlarını virtual dünyanın mənfi təsirlərindən qorumaq üçün onların sosial şəbəkələrdən istifadəsini izləyərək diqqətli olsunlar. Zamin ZeynalMüasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri
Hamısını oxu