“Qanunvericliyə edilən dəyişikliklər QHT-lərin daha optimal və şəffaf fəaliyyətini təmin edəcək”
Cəlil Xəlilov: “QHT-lər öz fəaliyyətini günün tələblərlərinə uyğunlaşdırmalı, milli maraqların müdafiəsində daha fəal iştirak etməlidir”
“Qanunvericliyə edilən dəyişikliklər QHT-lərin daha optimal və şəffaf fəaliyyətini təmin edəcək”.
Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, son dəyişikliklər QHT-lər qarşısında yeni tələblər qoyur:
“Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilmiş “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklik vətəndaş cəmiyyəti institutları qarşısında yeni tələblər və vəzifələr qoyur. Bu vəzifələrdən ən başlıcası QHT-lərin fəaliyyətinin daha şəffaf və məqsədyönlü şəkildə təminidir.
Məlum olduğu kimi, bu gün bütün dünyada vətəndaş cəmiyyəti institutları ölkələrinin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə qayğı və diqqəti sayəsində ölkəmizdə QHT-lərin fəaliyyəti üçün hər cür şəait yaradılıb. Lakin bu şəraitdən ictimai birliklər düzgün istifadə etməli, öz fəaliyyətlərini qanunvericilyə uyğun şəkildə tənzimləməlidir.
QHT-lərin fəaliyyətində əsas yer tutması gərəkən məqamlardan biri də onların milli maraqlarımızın müdafiəsndə daha yaxından iştirak etməsi, Azərbaycan həqiqətlərinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğində fəal rol oynamasıdır. İctimai birliklər xüsusilə də sülh və təhlükəsizlik məsələsində fəal iştirak etməli, Prezident İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda formalaşan sülhün daha da dərinləşməsinə, sülh ideyasının region xalqlarının şüurunda özünə daha dərindən yer eləməsinə təkan verməlidir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi– Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cənub QHT Platformasının I Baş Assambleyasında çıxışında da QHT-lərin ölkənin ictimai həyatındakı rolundan, onların sülh və təhlükəsizliyə verə biləcəyi töhfədən bəhs etmiş, vətəndaş cəmiyyəti institutlarının regional və qlobal əməkdaşlığının əhəmiyyətinə toxunmuşdur.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, QHT-lərimiz öz fəaliyətlərində qanunvericiliyin tələblərini, dövlətimizin çağırış və gözləntilərini rəhbər tutmalı, öz işlərini dəyişən tələblərə uyğun şəkildə təşkil etməlidirlər.
Vətəndaş cəmiyyəti institutlarına fəaliyyətində uğurlar arzulayır və inanıram ki, onlar qarşıdakı illərdə ölkəmizin və xalqımızın mənafeyinə daha böyük töhfələr verəcək, dövlətimizin gözləntilərini tam şəkildə doğruldacaq”.
Seymur ƏLİYEV