“Böyük perspektivlər vəd edən Azərbaycan-Vyetnam hərbi əməkdaşlığı sülh və təhlükəsizliyə xidmət edir”
Cəlil Xəlilov: “Bu əməkdaşlıq hər iki dövlətin müdafiə qabiliyyətinin daha da güclənməsini təmin edəcək”
“Azərbaycan-Vyetnam hərbi əməkdaşlığı böyük perspektivlər vəd edir”.
Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı” və bu Bəyanatda yer alan müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlıq müddəaları hər iki dövlətin maraqları baxımından mühüm əhəmiyyət kəsb edir:
“Prezident İlham Əliyevin Vyetnama səfəri çərçivəsindəki iki dövlət arasında imzalanan “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı” mühüm əhəmiyyətə malikdir. Birgə Bəyanatda bir sıra sahələrlə yanaşı müdafiə və təhlükəsizlik sahəsində də geniş əməkdaşlıq nəzərdə tutulub ki, bu da hər iki dövlətin milli maraqları baxımından olduqca önəmlidir.
Bildiyiniz kimi, həm Azərbaycan, həm də Vyetnamın hərbi sənaye kompleksi sürətlə inkişaf etməkdədir. Hər iki ölkə dünya bazarına hər il yeni hərbi məhsullar təqdim edir ki, bu məhsullar digər dövlətlər tərəfindən böyük maraqla qarşılanır.
Bundan başqa, hər iki xalqın zəngin döyüş təcrübəsi var və hər iki dövlət vaxtiylə işğal faktorundan əziyyət çəkib. Buna görə də, istər Azərbaycan, istərsə də Vyetnam üçün müdafiə və təhlükəsizik ən prioritet sahədir. Azərbaycan və Vyetnam arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Bura təcrübə mübadiləsi, birgə hərbi istehsal və s. kimi məsələlər də daxildir.
İki dövlət arasında imzalanan Birgə Bəyanat həm Azərbaycana, həm də Vyenama öz müdafiə qabiliyyətini yüksəltməyə, təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək ki, bu da müasir dünyamızda həyati əhəmiyyətə malikdir. Bu əməkdaşlıq regional və qlobal miqyasda sülhün möhkəmlənməsinə, sabitliyin bərqərar olmasına da öz müsbət təsirini göstərəcək.
Onu da qeyd edək ki, Birgə Bəyanatda hüquq-mühafizə orqanları arasında məlumat və təcrübə mübadiləsinin artırılması, mütəşəkkil və transmilli cinayətkarlığın, narkotiklərin qanunsuz dövriyyəsinin, insan alverinin, kibercinayətkarlığın və qarşılıqlı narahatlıq doğuran digər təhlükəsizlik təhdidlərinin və çağırışlarının qarşısının alınması və onlarla mübarizədə əlaqələndirmənin gücləndirilməsi də nəzərdə tutulub ki, bu da iki dövlət arasındakı əməkdaşlığın miqyasından xəbər verir.
Hesab edirəm ki, ölkəmizdə Vyatnam səfirliyinin açılmasından sonra iki dövlət arasında əməkdaşlıq əlaqələrinin intensiv inkişafına, bu əməkdaşlığın ölkələrimizin mənafeyinə böyük töhfələr verdiyinə daha çox şahid olacağıq”.
Seymur ƏLİYEV