Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ordunu hədəf almaq, düşmən dəyirmanına su tökməkdir

“Orduya qarşı aparılan qarayaxma kampaniyası əsassızdır və kimlərinsə şəxsi maraqlarına xidmət edir”    Bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.   Təhlükəsizliyimizin məhz Azərbaycan ordusu hesabına təmin edildiyinə diqqət çəkən C.Xəlilov, ordu haqqında böhtan və yersiz ittihamlar səsləndirməyin hər şeydən öncə mənəvi baxımdan yolverilməz olduğunu bildirib:   “Azərbaycanın təhlükəsizliyi, sərhədlərimizin toxunulmazlığı məhz ordumuzun, Silahlı Qüvvələrimizin hesabına təmin edilir. Əsgərlərimiz qışın soyuğunda, yayın istisində əldə silah ayıq-sayıq şəkildə ona görə xidmət aparırlar ki, heç bir məkirli düşmən xalqımızın rahatlığını, dövlətimizin riufahını pozmasın. Belə olan halda ordunu hədəf almaq, onu hansısa xırda məqsədlərə alət etməyə çalışmaq heç şübhəsiz ki, hər şeydən əvvəl bu kampaniyanın arxasında dayanan qüvvələrin mənəvi cılızlığından və səbatsızlığından xəbər verir. Kimsə onu öz həyatı bahasına qoruyan orduya ləkə yaxırsa, onun nüfuzunu kölgə salmağa çalışırsa, bu, hər şeydən əvvə onların mənəvi faciəsi və tənəzzülüdür. Çünki ordunu hədəf almaq, mahiyyət etibari ilə düşmən dəyirmanına su tökməkdir”.   Bu cür böhtan və qarayaxmaların nəticə verməyəcəyinə, xalqın orduya olan sevgi və inamını azaltmayacağını bildirən polkovnik, Azərbaycan cəmiyyətində orduya olan məhəbbət və inamın tam olduğunu vurğuladı:   “Son vaxtlar ordu haqqında irəli sürülən ittihamlar təəssüf doğursa da, bu kampaniyanın iştirakçısı və sifarişçisi olan qüvvələr bilməlidir ki, onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin orduya olan sevgi və məhəbbəti, inam və etibarı tamdır. Heç bir qüvvə bu inam və sevginin üzərinə kölgə sala bilməz. Buna ümid edən kəslərin məyus olacağı, öz əməllərinin acı nəticəsi ilə üzləşəcəyi gün uzaqda deyil”.    Seymur ƏLİYEV

2020-01-16 00:00:00
4550 baxış

Digər xəbərlər

Alovlar əhatəsindəki sabitlik adası: Azərbaycan mümkünsüz olanı necə bacarıb?

“Global Terrorism Index 2025” (GTI) hesabatında dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib. Təqdimatda Azərbaycan 2025-ci ilin ən təhlükəsiz ölkələr sırasında yer alıb. Dövlətimiz antiterror reytinqində Norveç, Finlandiya, Yaponiya, Cənubi Koreya, Latviya, Litva və s. kimi ölkələri də qabaqlayaraq Prezident İlham Əliyevin “Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır” ifadəsinin əsassız olmadığını təsdiqləyib. Azərbaycanın Global Terrorism Index 2025 antiterror reytinqində ən təhlükəsiz ölkələr sırasına yüksəlməsi qürur doğurmaqla yanaşı, həm də maraqlı bir sualı aktual edir: Geosiyasi baxımdan mürəkkəb coğrafiyada yerləşən, zaman-zaman böyük dövlətlərin təzyiq və təxribatı ilə üzləşən, müstəqillik dönəmində ard-arda iki müharibə görən Azərbaycan bu uğura necə nail olub? Şimal qonşumuz Rusiyanın Ukrayna ilə uzunmüddətli müharibə içərisində olduğu, Ermənistanla sülh sazişinin hələ də imzalanmadığı, dini-ekstremist qruplaşmaların vaxt-bivaxt müxtəlif terror aktlarına cəhd etdiyi Azərbaycan ən təhlükəsiz ölkələr sırasında qərarlaşmağı necə bacarıb? Şübhəsiz, Azərbaycanın Global Terrorism Index 2025 antiterror reytinqində ən təhlükəsiz ölkələr sırasına yüksəlməsinə səbəb ilk növbədə Prezident İlham Əliyevin faktoru və bu faktora bağlı uğurlu siyasətdir. Vətən müharibəsinə qədər və eləcə də post-müharibə dönəmində baş verən hərbi-siyasi proseslər sübut etdi ki, ölkəmiz “qaynar qazan” hesab edilən Cənubi Qafqazda nəinki öz təhlkəsizliyini təmin edə bilib, həm də bütün regionda, eləcə də beynəlxalq müstəvidə əsas söz sahibinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatlarımızın sərgilədiyi siyasi səriştə, uğurlu manevr və qeyri-adi çeviklik dövlətimizin təhlkəsizliyini təmin edən etibarlı vasitəyə çevrilib. Azərbaycanı ən təhlükəsiz ölkələr sırasına yüksəlməsinin ikinci mühüm səbəbi isə xüsusi xidmət orqanlarımızın peşəkarlığı, onların istənilən təhdid və təhlükəni elə planlama mərhələsindəcə neytrallaşdırmasıdır. Təsadüfi deyildir ki, son illər ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizdə onlarla terror cəhdinin qarşısını qətiyyətlə alaraq, xalqımızın təhlükəsizliyini təmin edib. 2023-cü ilin lokal antiterror əməliyyatı zamanı, habelə bu əməliyyatdan sonra Qarabağda gizlənən erməni separatçılarının DTX tərəfindən ələ keçirilərək istintaqa cəlb edilməsi, onların Bakıda məhkəmə qarşısına çıxarılması təhlükəsizliyimizi təmin edən  mühüm tədbirlər olmuş, bütün bölgədə sabitliyin bərqərar olunmasına böyük töhfələr vermişdir. Dövlətimizin beynəlxalq antiterror siyahısında yüksəlməsinin digər bir səbəbi isə heç şübhəsiz Azərbaycan Silahlı Qüvvələridir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində şanlı qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri, 30 illik işğal problemini qəti olaraq həll etmiş, erməni militarizminə ölümcül zərbə vurmuşdur. Məhz bundan sonra Cənubi Qafqazda böyük ölçüdə sülh və sabitlik təmin edilmiş, ədalət və hququn tələbi yerinə yetirilmişdir. Onu da qeyd edək ki, Azərbaycan Ordusu bu gün də bütün regionda sülh və təhlkəsizliyin əsas qarantı rolunda çıxış edir. Bu gün Azərbaycan dünayda baş verən müharibə və qarşıdurmalar fonunda alovlar əhatəsindəki sabitlik adasına bənzəyir. “Bu adanı” bundan sonra da belə firavan və təhlükəsiz görmək istəyiriksə, dövlətimizə dəstək olmaqda davam etməli, anti-Azərbaycan qüvvələrinə qarşı mübarizədə hər bir fərd olaraq əsl fədakarlıq sərgiləməliyik. Yalnız belə olarsa, “bu ada” dünyadakı bütün təhlükələrə meydan oxumaqda davam edəcək, hər zaman gücündən əmin şəkildə gülümsəyəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
İmişli Rayon Veteranlar Təşkilatına yeni sədr seçilib

5 mart 2026-cı il tarixində İmişli Rayon İcra Hakimiyyətində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İmişli Rayon Təşkilatının hesabat tədbiri keçirilib. Tədbirdə  “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin  sədr müavini ədliyyə polkovniki İmran Əhmədov, İmişli Rayon İcra Hakimiyyəti başçısının birnci müavini Mirzə Quliyev, rayon ziyalıları, müxtəlif kateqoriyadan olan veteranlar iştirak ediblər. Tədbirdən öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısından bəhs edib, bu münasibətin hər bir vətəndaş üçün nümunə olduğunu bildirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov müasir dövrdə veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub. Sədr müavini qeyd edib ki, veteranlar müharibə zamanında olduğu kimi, post-müharibə dönəmində də Müzəffər Ali Baş Komandanın hər bir çağırışına çevik şəkildə cavab verməli, dövlətimizin ətrafında sıx birləşməkdə davam etməlidirlər. Daha sonra əmək veteranı Rahim Zaidovun İmişli Rayon Veteranlar Təşkilatının sədrliyinə namizədliyi irəli sürülüb və Rahim Zaidov yekdilliklə rayon təşkilatının sədri seçilib.  Ədliyyə polkovniki İmran Əhmədov Rahim Zaidova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.  

Hamısını oxu
Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı aprel döyüşlərində qazandığımız zəfərin nəticəsidir

Bakı, 27 yanvar, AZƏRTAC Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı ilə məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına əsaslı zəmin yaranıb, məskunlaşma prosesinin reallaşdırılmasına başlanılıb. Bu Sərəncam nəinki hazırda bərpasına başlanılan Cocuq Mərcanlı kəndinin sakinlərində, hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb. Həmçinin Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə, bütün məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdacaqlarına olan əminliyini artırıb. Bu Sərəncam, həmçinin ermənilərə siyasi mesajdır: Azərbaycan Respublikası işğal altında olan torpaqlarını heç zaman güzəştə getməyəcək. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Cəlil Xəlilov bildirib ki, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları sevindirici və qürurverici hadisədir. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial-maddi durumunun yaxşılaşdırılması ilə bağlı çoxlu sərəncamlar verib, onların problemlərini daim diqqət mərkəzində saxlayır. Sonuncu Sərəncam bütün Azərbaycan xalqını, eləcə də biz veteranları sevindirdi. Bu, tarixi torpaqlarımıza qayıdacağımız günün uzaqda olmadığını bir daha göstərdi. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı aprel döyüşlərində qazandığımız zəfərin nəticəsidir. Aprel döyüşlərində qəhrəman Azərbaycan əsgərinin işğaldan azad etdiyi strateji yüksəkliklər cəbhə xəttində ordumuza üstünlük qazandırmaqla yanaşı, bir neçə istiqamətdə yaşayış məntəqələrimizi düşmənin aramsız atəş zərbələrindən qurtardı. Hazırda bu strateji yüksəkliklərin ordumuzun nəzarətində olması həmin ərazilərdəki yaşayış məntəqələrinin yenidən bərpasına, məcburi köçkün həyatı yaşayan insanlarımızın öz doğma torpağına qayıdaraq məskunlaşmasına imkan verib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi belə yaşayış məntəqələrdəndir. Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə ermənilər tərəfindən dağıdılmış kəndin sakinləri buranı tərk etmək məcburiyyətində qalmışdı. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprel döyüşləri zamanı əldə etdikləri qələbədən sonra tarixən kənddə məskunlaşmış dinc əhalinin öz doğma kəndlərinə qayıtmaları üçün lazımi şərait yarandı. Azərbaycanın tam nəzarətinə keçmiş həmin ərazilərdə təhlükəsizliyin təmin olunması əsaslı yenidənqurma işlərinin başlanmasına imkan yaratdı. C.Xəlilov bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün ölkə həyatının bütün sahələrində ardıcıl və məqsədyönlü iş aparılır, islahatlar həyata keçirilir. İnamla davam etdirilən inkişaf və tərəqqi siyasətinin nəticələri göz qabağındadır. Qarşıda duran əsas məsələ, ölkənin başlıca prioriteti məhz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunmasıdır. Bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində aparılan danışıqlar sülhün əldə olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnməyəcəyi təqdirdə Azərbaycan Respublikası BMT Nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq öz suveren hüquqlarından istifadə edə bilər. Təəssüf ki, işğalçı Ermənistanın rəhbərliyi və havadarları bunu başa düşmək, qeyri-konstruktiv mövqelərinə son qoymaq istəmədiyindən münaqişənin həllində hələ də ciddi irəliləyiş əldə edilməyib. Bu yaxınlarda dövlətimizin başçısının bəzi dairələrə münaqişənin həlli ilə bağlı BMT-nin müvafiq qətnamələrini xatırlatması da bununla bağlı idi.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Həmid Əliyev – Xalqın və Dövlətin Şərəfli Övladı

Tarixin sınağından alnıaçıq keçən xalq varsa, o da Azərbaycan xalqıdır. 1941–1945-ci illərin qanlı-qadalı Böyük Vətən müharibəsi bu xalqın hünər salnaməsinə çevrildi. O illər xalqımızın həm ön, həm də arxa cəbhədə misilsiz şücaət göstərdiyi, torpağın, vətənin naminə can verdiyi illər idi.Mayın 8-dən 9-na keçən gecə imzalanan təslim aktı ilə faşist Almaniyasının diz çökdürülməsi təkcə silahın gücü ilə deyil, həm də zəhmətin, sədaqətin və fədakarlığın gücü ilə mümkün oldu. O qələbənin qazanılmasında rol oynayan xalqlar içərisində azərbaycanlılar da vardı. 700 min vətən övladı cəbhəyə yollandı onların çoxu geri dönmədi. Amma adları tarixə yazıldı. İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Həzi Aslanovun və onlarla qəhrəmanın igidliyi bu xalqın iradəsinin, döyüş ruhunun təcəssümüdür. Onlar bir millətin qürur rəmzinə çevrildilər. Qafqazdan Berlinə qədər uzanan döyüş yolu ilə keçən Azərbaycan diviziyaları, şəhər və kəndlərdə yaradılan minlərlə özünümüdafiə dəstəsi göstərdi ki, bu xalqın zəfərə inamı sonsuzdur. Azərbaycan xalqı bu müharibədə təkcə silahla deyil, həm də ürəyi, ruhu və varlığı ilə döyüşdü. Bu gün həmin tarixi yadda saxlamaq, qəhrəmanlarımızın xatirəsini uca tutmaq bizim borcumuzdur. Qələbənin 80 illiyini qeyd etdiyimiz bu günlərdə Azərbaycanın Böyük Vətən müharibəsində göstərdiyi misilsiz xidmətləri bir daha xatırlamaq, gələcək nəsillərə çatdırmaq ən ali vəzifələrimizdən biridir. Bu çətin illərdə Azərbaycanın yetirdiyi fədakar oğullardan biri də Əliyev Həmid Həsən oğludu. O, 1913-cü il iyunun 20-də Qazax şəhərində anadan olmuşdu. Həyat yoluna baxdıqda, Əliyev Həmidin ömrünün sadəcə illər silsiləsi deyil, tarixin içində yazılmış əzmkarlıq və fədakarlıq dastanı olduğu aydın görünür. Həyatın ağır sınaqları ilə hələ altı yaşında atasını itirərək üzləşdi. Həmid Əliyevin həyat yolu sadəcə bir şəxsin karyerası deyil, bütöv bir xalqın mübarizə və zəfər tarixinin aynasıdır. Gənc yaşlarından komsomol sıralarına daxil olmuş və burada böyük fəallıq göstərmişdir. 1933-cü ildə cəmi 20 yaşında ikən Goranboy rayon komsomol komitəsinin ümumi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ardınca isə 1935-ci ildə Gəncə şəhəri Cinayət Axtarış İdarəsində fəaliyyət göstərmişdir.1935-ci ildən Naxçıvanda sərhəd qoşunları sistemində xidmət edən Əliyev burada həm hərbi, həm də inzibati bacarıqlarını artırdı. 1935-1936-cı illərdə Naxçıvan şəhərində baş müfəttişlərin ibtidai hazırlığı məktəbində kursant olmuşdur. 1936-1938-ci illərdə Naxçıvanda sərhəd qoşunlarının komandiri vəzifəsində çalışmışdır. 1938-1939-cu illərdə Bakı hüquq fakültəsində təhsil alaraq hüquqi biliklərini təkmilləşdirdi və Gəncə şəhərinin hakimi vəzifəsinə qədər yüksəlmişdir. 1935-ci ildə cəsurluğa görə “Voroşilov atıcısı” döş nişanı ilə təltif olunması onun döyüş ruhunun erkən sübutudur. Lakin qarşıda onu daha çətin sınaq gözləyirdi - Böyük Vətən Müharibəsi. Böyük Vətən Müharibəsi başlandıqda Həmid Əliyev artıq təcrübəli zabit idi. Kapitan rütbəsində döyüş meydanlarına atıldı.  28 oktyabr 1943-cü ildə Xarkov diviziyasının kapitanı Həmid Əliyev döyüşlər zamanı güllə yarası almış və hərbi xəstəxanaya yatırılmışdır. Sağaldıqdan sonra isə yenidən cəbhəyə yollanmışdır. 1944-cü ilin iyulunda 416-cı atıcı diviziyasının 3-cü Ukrayna Cəbhəsindəki 1374-cü alayın partiya təşkilatçısı kimi hərbi vəzifəsini yerinə yetirmişdir. Hərbi xidmətlərinə görə və Böyük Vətən Müharibəsində iştirakı ilə əlaqədar olaraq “Almaniya üzərində Qələbəyə görə” 2-ci dərəcəli Böyük Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir. Eyni zamanda o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 1 may tarixli Fərmanı ilə 1944-cü ilin dekabrında “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir. Müharibədən sonra o, Moskva şəhərində hərbi-siyasi məktəbdə təhsil almış və Hərbi Şuranın 25 iyul 1946-cı il tarixli əmri ilə Vladivostoka komendant təyin edilmişdi. Sovet İttifaqının ən strateji nöqtələrindən biri olan bu şəhərdə ona asayişin bərpası kimi mühüm və məsuliyyətli vəzifə məhz Həmid Əliyevə həvalə olunmuşdu. O illərdə Vladivostokda asayişi qoruyan yeganə azərbaycanlı olması da onun müstəsna xidmətinin və dövlətə sədaqətinin göstəricisidir.1949-cu ildə doğma Azərbaycanına dönən Həmid Əliyev Bərdə, Füzuli və  Beyləqan rayonlarında xalq hakimi kimi fəaliyyət göstərmişdir. Onun sadəliyi, ədalətə sədaqəti və yüksək təşkilatçılıq bacarığı ona həm dövlətin, həm də xalqın hörmətini qazandırdı. Bu, sərhədçilərin səsi ilə xalq hakimi seçilməsi ilə də təsdiqlənir. Təəssüf ki, bu fədakar həyat 1951-ci ilin mart ayında cəmi 37 yaşında qəfil sona çatdı. Həmid Əliyev və həyat yoldaşı Qazax-Bakı marşrutu üzrə səfərdə olarkən avtomobil qəzasında həlak oldular. Onlar Qazaxda dəfn olundu. Ardında isə üç azyaşlı uşaq və dövlətə sədaqətlə xidmət etmiş bir ömür qaldı. Onun həyat yoluna, fəaliyyətinə və dövlət tərəfindən verilən dəyərlərə nəzər saldıqda Həmid Əliyev şəxsiyyəti bu gün üçün örnəyə çevrilir. O, dövlətinə sədaqətlə xidmət edən, xalqın rifahı üçün çalışan, müharibədə və sülhdə özünü qurban verən “səssiz qəhrəmanlar” nəslinin parlaq simalarından biri idi. Onun həyat yolu bizə bir daha göstərir ki, dövlətin gücü yalnız siyasətdə deyil, belə insanlara verdiyi dəyərdədir. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu