Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı aprel döyüşlərində qazandığımız zəfərin nəticəsidir

Bakı, 27 yanvar, AZƏRTAC Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı ilə məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına əsaslı zəmin yaranıb, məskunlaşma prosesinin reallaşdırılmasına başlanılıb. Bu Sərəncam nəinki hazırda bərpasına başlanılan Cocuq Mərcanlı kəndinin sakinlərində, hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb. Həmçinin Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə, bütün məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdacaqlarına olan əminliyini artırıb. Bu Sərəncam, həmçinin ermənilərə siyasi mesajdır: Azərbaycan Respublikası işğal altında olan torpaqlarını heç zaman güzəştə getməyəcək. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Cəlil Xəlilov bildirib ki, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları sevindirici və qürurverici hadisədir. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial-maddi durumunun yaxşılaşdırılması ilə bağlı çoxlu sərəncamlar verib, onların problemlərini daim diqqət mərkəzində saxlayır. Sonuncu Sərəncam bütün Azərbaycan xalqını, eləcə də biz veteranları sevindirdi. Bu, tarixi torpaqlarımıza qayıdacağımız günün uzaqda olmadığını bir daha göstərdi. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı aprel döyüşlərində qazandığımız zəfərin nəticəsidir. Aprel döyüşlərində qəhrəman Azərbaycan əsgərinin işğaldan azad etdiyi strateji yüksəkliklər cəbhə xəttində ordumuza üstünlük qazandırmaqla yanaşı, bir neçə istiqamətdə yaşayış məntəqələrimizi düşmənin aramsız atəş zərbələrindən qurtardı. Hazırda bu strateji yüksəkliklərin ordumuzun nəzarətində olması həmin ərazilərdəki yaşayış məntəqələrinin yenidən bərpasına, məcburi köçkün həyatı yaşayan insanlarımızın öz doğma torpağına qayıdaraq məskunlaşmasına imkan verib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi belə yaşayış məntəqələrdəndir. Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə ermənilər tərəfindən dağıdılmış kəndin sakinləri buranı tərk etmək məcburiyyətində qalmışdı. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprel döyüşləri zamanı əldə etdikləri qələbədən sonra tarixən kənddə məskunlaşmış dinc əhalinin öz doğma kəndlərinə qayıtmaları üçün lazımi şərait yarandı. Azərbaycanın tam nəzarətinə keçmiş həmin ərazilərdə təhlükəsizliyin təmin olunması əsaslı yenidənqurma işlərinin başlanmasına imkan yaratdı. C.Xəlilov bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün ölkə həyatının bütün sahələrində ardıcıl və məqsədyönlü iş aparılır, islahatlar həyata keçirilir. İnamla davam etdirilən inkişaf və tərəqqi siyasətinin nəticələri göz qabağındadır. Qarşıda duran əsas məsələ, ölkənin başlıca prioriteti məhz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunmasıdır. Bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində aparılan danışıqlar sülhün əldə olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnməyəcəyi təqdirdə Azərbaycan Respublikası BMT Nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq öz suveren hüquqlarından istifadə edə bilər. Təəssüf ki, işğalçı Ermənistanın rəhbərliyi və havadarları bunu başa düşmək, qeyri-konstruktiv mövqelərinə son qoymaq istəmədiyindən münaqişənin həllində hələ də ciddi irəliləyiş əldə edilməyib. Bu yaxınlarda dövlətimizin başçısının bəzi dairələrə münaqişənin həlli ilə bağlı BMT-nin müvafiq qətnamələrini xatırlatması da bununla bağlı idi.

2017-01-27 00:00:00
3383 baxış

Digər xəbərlər

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Miqrasiya Əməkdaşlıq Platformasının təsisçiləri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bir qrup vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərilməsi məqsədilə təsis olunmuş Miqrasiya Əməkdaşlıq Platformasının üzvləri ilə görüşüb.  Vüsal Hüseynov vətəndaş cəmiyyəti institutları ilə dialoqun inkişafına xüsusi önəm verildiyini, miqrasiya sahəsində innovativ metodların tətbiqinin daim gündəmdə saxlanıldığını bildirib. Xidmət rəisi Miqrasiya Əməkdaşlıq Platformasının ölkəmizdə yaşayan əcnəbilərlin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılmasına və maariflənməsinə, cəmiyyətə inteqrasiyasına, eyni zamanda miqrasiya ilə bağlı məsələlərin həllində ümumcəmiyyət yanaşmasının tətbiqinə töhfə verəcəyinə əminliyini ifadə edib. Miqrasiya Əməkdaşlıq Platformasının yaradılması zərurəti barədə danışan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti institutunun təşəbbüsü ilə 2023-cü ilin 18 oktyabr tarixində təsis edilən Platformanın məqsədi miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdir. Bunun üçün Platforma miqrasiya fenomeninin müxtəlif istiqamətlərində büruzə verən aktual məsələləri mövcud reallığa uyğun dəyərləndirir, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvürlər formalaşdırır və həllinə səbəb olacaq təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edir. Görüşdə vurğulanıb ki, koalisiya şəklində fəaliyyət göstərən, şəffaflıq, tərəfdaşlıq, qarşılıqlı hörmət və etimad prinsiplərini əldə rəhbər tutan Platformanın əsas fəaliyyəti onu təsis edən vətəndaş cəmiyyəti institutlarından ibarət Əlaqələndirmə Mərkəzi və onun tərkibində formalaşmış tematik işçi qruplar vasitəsilə həyata keçirilir. Qarşılıqlı və faydalı müzakirə şəraitində keçən görüşdə miqrasiya siyasətinin həyata keçirilməsində birgə səylərin göstərilməsi, xüsusilə də yerli və beynəlxalq müstəvidə təşəbbüslərin irəli sürülməsi və yaxın gələcəkdə inkişaf etdiriləcək əməkdaşlığın siyasi çərçivələri və institusional əsasları ətrafında fikir mübadiləsi aparılıb. Sonda Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri səmimi görüşün keçirilməsinə şərait yaratdığı üçün Xidmət rəisi Vüsal Hüseynova dərin təşəkkürlərini bildiriblər.  

Hamısını oxu
Məzarı Azərbaycan olan şəhid: Kazı Soltanov!

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində olduğu kimi, Birinci Qarabağ müharibəsində də böyük qəhrəmanlıqlar göstərdiyi, öz igidliyi, mübarizliyi, rəşadət və cəsarəti ilə erməni faşizminə ölümcül zərbələr vurduğu şübhəsizdir. Məhz bütün bu qəhrəmanlıqların nəticəsidir ki, dünya gücləri tərəfindən açıq şəkildə dəstəklənən, əsrlər uzunudur ki, mübarizəyə hazırlaşan Ermənistan işağlçılıq müharibəsini sona qədər davam etdirə bilməmiş, 1994-cü ildə Azərbaycanın atəşkəs təklifini dəstəkləməyə məcbur olmuşdur. Birinci Qarabağ müharibəsində öz bənzərsiz igidliyi ilə adını tarixə yazdıran, ölümü ilə əfsanələşən belə qəhrəmanlardan biri də Soltanov Kazım Hacı oğlu olmuşdur. Sadə həyatdan ölümsüzlüyə uzanan yol... Kazım Soltanov 10 iyun 1949-cu ildə Kürdəmirdə anadan olub. Bundan bir il sonra, yəni 1950-ci ildə Kazım Soltanovun ailəsi Bakının Bülbülə qəsəbəsində məskunlaşıb. Əmircandakı 226 saylı məktəbin ilk məzunlarından olan Kazım, Suraxanıdakı 7 saylı peşə məktəbini bitirib. Bundan sonra Dzerjinski adına zavodda əmək fəaliyyətinə başlayıb.  Zavodda çalışdığı dönəmdə həm də öz təhsilini davam etdirməyə qərar verən Kazım, Bakı Maşınqayırma Texnikumuna daxil olur və bu təhsil müəssisisəni müvəffəqiyyətlə bitirir. Bundan sonra Kazım Soltanov sex həmkarlar təşkilatının katibi kimi əmək fəaliyyətini davam etdirir, öz çalışqanlığı, əməksevərliyi ilə rəhbərliyin diqqətini cəlb edir. Kazım Soltanov  peşəkarlığı və zəngin təcrübəsi ilə böyük perspektiv vəd etsə də, o, ötən əsrin 90-cı illərinin əvvəllərində alovlanan Birinci Qarabağ müharibəsinə biganə qala bilmir. Vətənin müdafiə və təhlükəsizliyini şəxsi kariyerasından üstün tutan Kazım Soltanov, könüllü şəkildə orduya qatılmağa qərar verir. Bununla da onun həyatında barıt qoxulu yeni bir dönəm başlayır. Hansı ki, bu dönəm Kazım Soltanovu ölümsüzlüyə qovuşdurur, onun sadə həyatına qəhrəmanlıq möhürü vurur. Atadan oğula miras qalan qəhrəmanlıq ənənəsi... 1991-ci ildə könüllü şəkildə Azərbaycan Milli Ordusuna qoşulan Kazım Soltanov bununla da İkinci Dünya müharibəsi veteranı olan atasının yolunu davam etdirmiş olur. 1991-ci ildə Şuşa, Umudlu, Kosalar və Qarabağın bir çox bölgəsində aktiv hərbi əməliyyatlarda yaxından iştirak edən Kazım Soltanov, öz ağlı, təcrübəsi, cəsarəti ilə burada da döyüşçü yoldaşlarının sevimlisinə çevrilir. Ona hörmət və ehtiram əlaməti olaraq “Qoca” ləqəbi verilir. Kazım Soltanov ağır müdafiə döyüşləri ilə yanaşı, həm də hücum əməliyyatlarında iştirak edir, vətən torpağının erməni işğalından müdafiəsi üçün əlindən gələni əsirgəmir. 1992-ci ilin 25 yanvar tarixində başlayan və 26 yanvar axşam saatlarında başa çatan Daşaltı əməliyyatı Kazım Soltanovun döyüş yolunda sonuncu hərbi əməliyyat olur. Şəhidliklə nəticələnən xilas əməliyyatı... Kəndin erməni işğalından azad edilməsi üçün hazırlanan “Daşaltı əməliyyatı” Qarabağın tacı sayılan, öz strateji əhəmiyyəti və qeyri-adi relyefi ilə fərqlənən Şuşa şəhərinin etibarlı müdafiəsi baxımından da olduqca əhəmiyyətli idi. Buna görə də Azərbaycan Ordusunun komandanlığı bu əməliyyata xüsusi önəm verir, kəndin azad edilməsi üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışırdı. Kəndin azad edilməsində Azərbaycan Ordusunun könüllülərdən ibarət üç bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. “Daşaltı əməliyyatı” xəyanət nəticəsində uğursuzluqla nəticələnsə də, Azərbaycan Ordusu bu döyüşdə düşmənin 80-dən çox hərbçisini, eləcə də bir neçə ağır texnikasını məhv etməyi bacardı. Əməliyyat zamanı Azərbaycan Ordusunun 90 nəfərdən artıq hərbçisi şəhid oldu, 72 əsgər və zabit isə itkin düşdü. “Daşaltı əməliyyatı” Kazım Soltanov üçün də son əməliyyat oldu. Döyüşün gedişində ağır şəkildə yaralanan Kazım Soltanov onu xilas etmək üçün gələn döyüş yoldaşlarının köməyindən imtina etdi. Onun belə bir qərar verməsinin səbəbi isə kifayət qədər sadə idi. Kazım Soltanov yaxşı başa düşürdü ki, əsgər yoldaşlarının qarlı havada, mərmi yağışı altında onu xilas cəhdi döyüş yoldaşlarının özlərinin həlak olması ilə nəticələnə bilər. Məhz buna görə də yoldaşlarının yardım təklifindən imtina edən Kazım, düşmən əlinə sağ keçməmək, eləcə də son nəfəsdə belə bir neçə düşmən əsgərinin həyatına son qoymaq üçün olduqca cəsarətli qərara imza atır. Kazım Soltanov düşmənlər yaxınlaşan zaman əlindəki qumbaranı partladaraq əbədiyyətə qovuşur. Partlayış nəticəsində Kazım Soltanov şəhidlik zirvəsinə yüksəlir, bir neçə düşmən əsgəri isə məhv olur. Ölümü ilə də düşmənləri dəhşətə gətirən məzarsız şəhid İntiharı ilə də düşmənlərə ölüm bəxş edən Kazım Soltanovun son addımı erməni faşistlərini dəhşətə gətirir. Düşmən Kazım Soltanovun timsalında bir daha Azərbaycan əsgərinin yenilməz, məğlubedilməz olduğuna şahid olur. Bu ay Kazım Soltanovun şəhadətinin 34-cü ili tamam olur. 34 ildir ki, şəhid olmasına baxmayaraq, Kazım Soltanovun məzarı yoxdur. Partlatdığı qumbara ilə sadəcə bədənini deyil,  qanını və ruhunu da bu torpağa qarışdıran, məzarı Azərbaycan olan Kazım Soltanovla bağlı ən ağrılı məqam isə onun hələ də heç bir fəxri adla təltif edilməməsidir. Ümid edirik ki, Kazım Soltanovla bağlı bu məqam əlaqədar qurumlar tərəfindən araşdırılacaq və məzarsız şəhidimizin qəhrəmanlığı lazımi səviyyədə qiymətləndiriləcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “Qələbə”saytının müzakirəsi keçirilmişdir

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov, Rəyasət heyətinin üzvləri, ziyalılar, veteranlar “Qələbə”saytının təqdimat mərasimində iştirak etmişdir. Müzakirə mövzusu olan “Qələbə” saytı Azərbaycanda Böyük Vətən Müharibəsində itkin düşmüş və həlak olmuş şəxslərin axtarışı məqsədilə yaxın günlərdə istifadəyə veriləcəkdir. Qeyd edək ki, saytın baş redaktoru və təsisçisi Azərbaycan kinorejissoru, ssenari müəllifi, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri Cəmil Quliyevdir.          Təqdimat mərasimində Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov, sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış etmiş, ölkəmiz üçün yeni olan bu layihənin perspektivlərindən danışmışlar. Böyük Vətən Müharibəsinin azərbaycanlı iştirakçılarının axtarılması, onların adlarının əbədiləşdirilməsi Azərbaycan xalqının öz tarixinə və hər bir vətəndaşına sahib çıxmasının əyani sübütu olduğunu söyləmişlər.          Çıxış edən Cəmil Quliyev tariximizin böyük bir qismini özündə əks etdirəcək saytın tərtibatında orada yer alacaq bölmələr haqqında məlumat vermişdir. Eyni zamanda veteran və ziyalıların təklifləri  dinlənilmişdir.          Qeyd edək ki, ictimaiyyətin ixtiyarına veriləcək sayt gələcəkdə azərbaycanlıların iştirak etdiyi II Dünya müharibəsindən başqa digər müharibələrdə də itkin düşmüş və həlak olmuş şəxslər haqqında məlumatlar zənginləşdiriləcəkdir.          Sonda saytın tərtibatı və informasiya bazasının qurulması haqqında yekun fikrə gəlinmiş, saytın yaxın günlərdə istifadəyə verilməsi üçün Respublika Veteranlar Təşkilatının bu layihəyə yaxından köməklik göstərəcəyi və əməkdaşlıq edəcəyi bildirilmişdir.

Hamısını oxu
“Huner Group” şirkətində şəhid övladları ilə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, “Huner Group” şirkətində şəhid övladları ilə görüş keçirilib. Bu barədə “Huner Group”-un sosial şəbəkədəki hesabında məlumat verilib. Məlumatda deyilir:  “Huner Group “Hilal kursları” ilə əməkdaşlıq edərək Azərbaycanın ən keyfiyyətli və qabaqcıl təhsil mərkəzlərindən biri olan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə hazırlaşan şəhid və qazi övladlarının 1 illik təhsil xərclərini qarşılayıb. Belə ki, yalnız imtahan əsasında qəbul həyata keçirən TDV Bakı Türk Liseyində təhsil almaq istəyən 15 şəhid və 17 qazi övladı “Hilal kursları”nda hazırlaşaraq yüksək nəticələr əldə etmək üçün çalışırlar. Bu səbəbdən kiçik dostlarımız Huner Group-un baş ofisində bizi ziyarət etməyə gəldilər. Olduqca maraqlı keçən görüşdə qəhrəman Vətən oğullarının övladları ofisimizlə tanış oldular. Ofisin istirahət sahəsində yerləşən kinozalda onlar üçün vətənpərvərlik mövzusunda hazırladığımız sənədli filmi izlədilər, komanda şəklində müxtəlif oyunlar oynadılar. Günün sonunda qonaqlarımıza Huner Group adından xatirə hədiyyələrimizi təqdim etdik. Azad və firəvan gələcəyimiz üçün öz həyatlarını qurban verən şəhid və qazilərimizin ailələri, övladları bizim ən dəyərli sərvətimizdir. Onları daim diqqət mərkəzində saxlayıb dəstək olmaq isə mənəvi borcumuzdur”.  

Hamısını oxu