Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycana milləti təmsil edə biləcək vəkillər lazımdır

Hazırda bütün ölkənin diqqəti bir neçə gün sonra baş tutacaq mühüm siyasi hadisəyə - 9 fevral 2020-ci ilə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə erkən seçkilərə yönəlib. Bu seçkilərdə iştirak üçün deputatlığa namizədliyi qeydə alınmış şəxslərlə bağlı yayılan informasiyalar düzlüyündən, yaxud səhvliyindən asılı olmayaraq ictimaiyyət tərəfindən maraqla qarşılanır. Hər namizədin özünü daha şanslı və layiqli sayması iddiasından tutmuş, seçicilərə verilən müxtəlif səpkili, hətta fantastik vədlərə qədər hər şey diqqət mərkəzindədir. Başqa bir maraqlı məqam əksəriyyətin nəinki şüarlarının, hətta platformalarının da aşağı-yuxarı eyni olmasıdır. Özlərini ölkədə başlanmış dəyişikliklərin aparıcı qüvvəsi kimi təqdim edən bəzilərinin bunu hansı potensialla, yaxud təcrübə ilə həyata keçirəcəkləri sualının əsasən cavabsız qalması da digər oxşar cəhətdir. Bu kontekstdə seçki kampaniyası ölkə mediasından daha çox sosial şəbəkələrdə birtərəfli “debatlar” və monoloqlar şəklində çoxdan qaynamaqda və getdikcə artan hərarəti ilə qazanın qapağını böyük təzyiqlə yuxarıya sıxmaqdadır.  Ancaq bir məsələdə rəylər yekdildir: parlamentin dəyişilməsi həqiqətən keyfiyyət xarakterli olmalıdır. Xalqın, dövlətin hazırkı seçkilərdən gözlədikləri də məhz budur. Təbii ki, çoxsaylı namizədlər arasında həqiqətən layiqli, fəaliyyətləri və keçdikləri həyat yolu ilə Azərbaycan cəmiyyətində kifayət qədər tanınanlar, hörmət, nüfuz sahibi olanlar da var. Yaxşı ki, var. Həm də nə yaxşı ki, onların fiziki səsləri bir çox hallarda hazırkı ümumi hay-küy fonunda zəif eşidilsə də, xalqın qəlbində, yaddaşında artıq iz salan əməlləri uca səslə danışmaq qüdrətindədir və danışır. Əslində, onların tanınmaq üçün xüsusi təqdimata, təşviqat xarakterli materiallara ehtiyacları yoxdur desək, yanılmarıq. Təqdimatsız da yaxşı bələd olduğunuz tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərov kimi. Bu ad Azərbaycan tarixi ilə bağlı araşdırma aparanlara, tarixçi alimlərə ötən əsrin 80-ci illərindən tanışdır. Ancaq Anar İsgəndərovu elmi ictimaiyyətin diqqət mərkəzinə gətirən və bütün ölkədə tanıdan Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bir il əvvəl, 1990-cı ildən etibarən apardığı elmi tədqiqat işləri və bunların nəticəsi kimi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı ardıcıl dərc edilən elmi məqalələri, 2 monoqrafiyası və kitablarıdır. Bunların arasında tarixşünaslığımızda ilk dəfə tədqiq olunaraq geniş Azərbaycan ictimaiyyətinə çatdırılan 1917–1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlar tarixinə dair əsəri xüsusi qeyd etmək olar. Alimin həmin tədqiqatların əsasında yazdığı “Azərbaycanda 1917–1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” adlı monoqrafiyası (doktorluq dissertasiyası) 2006-cı ildə çap edilmişdir. Yüksək elmi dəyəri olan bu əsər mövzunun sonrakı tədqiqatları üçün mənbə bazası olması ilə diqqətəlayiqdir. Monoqrafiyanın digər mühüm məziyyəti XX əsrin başlanğıcı və ikinci onilliyinin sonlarında guya soyqırıma məruz qalmış ermənilərin yalanlarını ifşa etməklə qalmayaraq, bu iddiaların tamamilə əksinin sübuta yetirilməsi baxımından həm Azərbaycan, həm də Türkiyə üçün əsaslı tutarqa olmasıdır. Anar müəllim türk-müsəlman soyqırımı problemləri sahəsində hazırda Türk dünyasının bir çox görkəmli tarixçiləri və Amerika tarixçisi Castin Makkarti ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticələrindən biri Yusif Axundovun tərcüməsində işıq üzü görmüş “Realities of Azerbaijan 1917–1920” (Foreword by Justin McCarthy) kitabıdır.   Anar İsgəndərov Cümhuriyyət tarixinin bir çox mövzularının işlənməsində ilkə imza atanlardandır. Əksər araşdırmalarının və elmi yaradıcılığının aparıcı mövzusunun Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlılığı hər bir tədqiqatçı, eləcə də Anar müəllim üçün qürurverici olduğu qədər də məsuliyyətlidir. Aylarla müxtəlif arxivlərdə işləməli, mənbələri dəqiqləşdirməli, hər bir detalı dönə-dönə yoxlamalı, müqayisə etməli olursan. Məhz buna görədir ki, onun qələmindən çıxan elmi məqalələrin hər biri mübaliğəsiz olaraq Azərbaycan tarixşünaslığının uğuru, fikir tariximizə verilmiş sanballı töhfə olur. “Elm və təhsil” nəşriyyatında 2012-ci ildə çapdan çıxmış “Azərbaycan həqiqətləri” kitabı bu mənada növbəti addım sayıla bilər. Onun barəsində artıq seçicilərinə yaxşı məlum olan digər məlumatları təkrarlamaq istəmirəm. Nə əslən Masallı rayonunun Böyük Kolatan kəndində olmasını, nə 1984-cü ildən pedaqoq kimi çalışdığı Bakı Dövlət Universitetində 1999-cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri seçilməsini, nə də digərlərini. Ancaq onun əməyinə verilmiş yüksək qiymət kimi Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə 3-cü dərəcəli  "Vətənə xidmətə görə" ordeni, “Tərəqqi” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–1920)” medallarını mütləq qeyd etməliyəm. Çünki bunlar Anar İsgəndərova bir alim və vətəndaş kimi dövlətin verdiyi dəyərdir və bununla qürur duymağa tam haqqı çatır. Xüsusilə əlamətdardır ki, adı çəkilən ordenlə o, təltif barədə təqdimatda qeyd edildiyi kimi, "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə" layiq görülüb.  Əlbəttə, professor A.İsgəndərovun 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin Baş naziri adından qol saatı və «Altun» medalı, 2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasında xidmətlərimə görə «Qızıl döş nişanı» ilə təltif olunması da qürurvericidir. Bu mükafatlar 200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın müəllifi olan bir insanın şəxsində Azərbaycan elminə qardaş ölkənin verdiyi yüksək qiymətdir. Elmi konfranslarda uğurlu iştirakına görə, o, çoxlu belə təltiflərə layiq görülüb. Anar İsgəndərovun seçicilərin problemlərinə özününkü kimi yanaşacağını qeyd etməyə də xüsusi lüzum yoxdur, çünki kənd yerində, sadə ailədə böyümüş bir insan kimi bu qayğılar, əhalinin iş, güzəran problemləri, arzu və istəkləri ona yaxşı tanışdır. Ancaq o, bir ziyalı kimi gözəl anlayır və əmindir ki, ayrılıqda götürülmüş kənd, şəhər, hətta region səviyyəsində problemlərin hərtərəfli həlli iqtisadi baxımdan daha güclü Azərbaycandan keçir. Hazırda ölkədə bütün sahələrdə başlanmış dəyişikliklərin də məqsədi əslində budur və bu ümumi işə parlament səviyyəsində töhfə verilməsi üçün onun kimi xalqını, Vətənini sevməklə kifayətlənməyib, onu inkişaf etdirməyi bacaracaq insanların Milli Məclisə seçilməsi lazımdır. Milli Məclis ölkə həyatının bütün sahələrini əhatə etdiyindən burada əsl peşəkarlar təmsil olunmalıdırlar. İqtisadi, sosial, yaxud elm-təhsil olsun, yalnız peşəkarlar həmin sahənin inkişafına töhfə verə bilərlər. Bəlağətli səslənsə də, danılmaz həqiqətdir ki, millət, Vətən fədakar, ancaq öz işini kamil bilən insanların çiynində ucalır, tanınır (bizim halda həm də tanıdılır). Yalnız belə insanlar xalqın, Vətənin haqqını müdafiə etməyi bacarırlar. Dünən də, bu gün də doğma Azərbaycanımızın bu cür bilik və təcrübə sahiblərinə ehtiyacı olub və olacaq. Ölkə ərazisinin 20 faizinin Ermənistan Respublikasının işğalı altında olduğu, ermənilər və digər düşmən qüvvələr tərəfindən torpaqlarımızda törədilmiş bir çox faciələrin, soyqırımların hələ də beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin qanunvericilik orqanları tərəfindən hüquqi baxımdan icrası məcburi olan sənədlər səviyyədə qəbul edilmədiyi bir vaxtda Azərbaycan dövlətinə dəstək məqsədi ilə sözünü istənilən səviyyədə deməyi və başlıcası qəbul etdirməyi bacaran şəxslərə böyük ehtiyacımız var. Ona görə də bizlər yüksək zəka, nüfuz sahibi, mükəmməl mütəxəssis olan, Azərbaycanı, onun xalqını və dövlətini bütün səviyyələrdə təmsil etməyi bacaran insanlarımızı millət vəkilləri seçməliyik. Deputatlığa namizədliyi 71 saylı Masallı kənd seçki dairəsindən qeydə alınmış Anar İsgəndərovun seçiciləri belə bir millət vəkili seçmək imkanına malikdirlər. İnanıram ki, onların doğru seçimi Anar Camal oğlu İsgəndərova Milli Məclisin deputatı mandatını qazandırmaqla, layiqli namizədə Azərbaycan naminə xidmətdə yeni imkan yaradacaqdır. Lətif Şüküroğlu, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalıstlər birliklərinin üzvü. Veteranlar da 71 saylı Masallı kənd seçki dairəsindən namizədliyi qeydə alınmış Anar İsgəndərovun  Azəarbaycan Respublikası Milli Məclisinin deputatı ceçilməsini dəstəkləyirlər.

2020-02-03 00:00:00
4443 baxış

Digər xəbərlər

Bu şəxslərə aylıq 2000 manat təqaüd veriləcək - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb. Publika.az xəbər verir ki, fərmanda bildirilir: Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə bir sıra şəxslər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşlər. Fərmana əsasən, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği 2000 (iki min) manat müəyyən olunub. Müəyyən edilib ki, təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir: - dul arvadına (ərinə), valideynlərinə; - 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; - birinci növbədən digər qohumları olmayan baba və nənələrinə; - dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2021-ci il yanvarın 1-dən qüvvəyə minir

Hamısını oxu
Slovakiya səfirliyində görüş keçirilib.

28 iyul 2026-cı il tarixində Təşkilatımızın sədri polkovnik Cəlil Xəlilovun başçılıq etdiyi  nümayəndə heyəti Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəvəti ilə  Səfirliyin müşaviri cənab Vladimir Jezek  və hərbi attaşe polkovnik Juraj Beskid ilə görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə veteran təşkilatları arasında əlaqələrin qurulması və möhkəmləndirilməsi məsələsi müzakirə olundu. Müzakirə zamanı polkovnik Cəlil Xəlilov Təşkilatımızın Slovakiyanın müvafiq veteran təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında və inkişaf etdirilməsində maraqlı olmasını diqqətə çatdırdı, qarşılıqlı səfərlərin, işgüzar görüşlərin və birgə tədbirlərin təşkili ölkələrimiz arasında humanitar və tarixi əməkdaşlığın genişlənməsinə, eləcə də veteran hərəkatı sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verəcəyinə əminliyini bildirildi. Bu məqsədlə, gələcəkdə qarşılıqlı görüşlərin keçirilməsinə və əməkdaşlıq istiqamətlərinin müzakirəsini məqsədəuyğunluğu vurğulandı, eyni zamanda, İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərbi qulluqçuların taleyinin araşdırılması və tarixi irsimizin qorunması istiqamətində Slovakiya Respublikasının arxivlərində mövcud olan müvafiq sənəd və məlumatların bizim Təşkilata təqdim olunması və ya bu məlumatların əldə edilməsinə dəstək göstərilməsi xahiş edildi. Bu materialların tarixi həqiqətlərin öyrənilməsi və soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük elmi və mənəvi əhəmiyyət daşımasınası qeyd etdi. Görüşün sonunda polkovnik Cəlil Xəlilov Slovakiya Səfirliyinin rəhbər heyətinə görüşün təşkilinə görə təşəkkür etdi və əməkdaşlığımızın  gələcəkdə  ikitərəfli ələqələrə töhfə verəcəyinə əminlik bildiridi.

Hamısını oxu
Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib.  Tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən təşkil edilən iftar süfrəsindən öncə dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra müqəddəs Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib. Tədbirdə çıxış edən natiqlər şəhid ailələri və qazilərin daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirib, dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbirdə tanınmış incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, iştirakçılara xoş ovqat bəxş edilib. Tədbirdə çıxış edən şəhid ailələrinin nümayəndələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə iş adamı Səfər Əlirzayevə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, bu cür tədbirlər şəhid ailələri və qazilərə diqqət nümunəsi olmaqla yanaşı, cəmiyyətdə birlik və  həmrəyliyin möhkəmlənməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, məşhur iş adamı Səfər Əlirzayev əvvəlki illərdə də şəhid ailələri və qazilər üçün iftar süfrələri təşkil edib, həssas kateqoriyadan olan vətəndaşlara bayram sovqatları çatdırıb. Seymur ƏLİYEV    

Hamısını oxu
“Müasir Ermənistan Fransa hərb sənayesinin nəhəng deposuna bənzəyir”

Cəlil Xəlilov: “Rəsmi Paris Ermənistanın silahlandırılmasını özünün əsas xarici siyasət kursu elan edib”   “Müasir Ermənistan Fransa hərb sənayesinin nəhəng deposuna bənzəyir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən pokovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Fransa tərəfindən Ermənistanın ölümcül silahlarla təchiz edilməsi ancaq və ancaq Cənubi Qafqazda mövcud vəziyyəti gərginləşdirməyə xidmət edir:   “44 günlük Vətən müharibəsindən sonra Fransa Ermənistanı silahlandırma kursu götürüb ki, bu siyasət günümüzdə də davam etməkdədir. Bugünlərdə mətbuatda yer alan məlumatlarda vurğulandı ki, Fransa Ukraynada istehsal etdiyi hərbi sənaye məhsullarının 30%-ə qədərini Ermənistan üçün ayırır. Bu, olduqca böyük rəqəmdir və Fransanın Ermənistanı silahlandırmaq tempini durmadan artırdığını göstərir. Həmçinin, bütün bunlar göstərir ki, rəsmi Paris Ukraynada olduğu kimi, dünyanın digər bölgələrində də qaynar nöqtələrin yaradılmasında maraqlıdır.   Fransanın Ermənistanı silahlandırması, onu müasir hərbi-sənaye məhsulları ilə təmin etməsi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə, hərbi qarşıdurma ehtimalını artırmaqdadır. Əgər bölgədə hər hansı qarşıdurma baş verərsə, bunun məsuliyyəti İrəvanla yanaşı, həm də rəsmi Parisin üzərinə düşəcək”.   Cəlil Xəlilov qeyd edib ki, Fransa Ermənistanı silahlandırmaq siyasətindən imtina etməli, sülh  prosesinə zərər vurmaqdan əl çəkməlidir:   “10 noyabr 2020-ci il Bəyanatından bir neçə il ötsə də, Ermənistan sülh müqaviləsi imzalamaq istəmir, bundan müxtəlif vasitələrlə yayınmağa çalışır. Rəsmi İrəvanı sülhdən çəkindirən, onu təxribat və avantüralara həvəsləndirən əsas amillərədn biri isə Fransanın ona göstərdiyi hərbi-siyasi yardımdır. Məhz bu kimi yardımlar Ermənistanda revanşizm əhval-ruhiyyəsinin alovlanmasına təkan verir, yeni qarşıdurma riskini yüksəldir. Buna görə də, Fransa bu məsələdə öz məsuliyyətini dərk etməli, sülh və təhlükəsizliyə xələl gətirən silahlandırma siyasətindən imtina etməlidir. Əks təqdirdə, bu, Fransa tərəfindən yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa və bəşəriyyətə qarşı cinayət demək olacar”.

Hamısını oxu